Məhkəmə qərarları › İş №2(053)-75/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-75/2023

17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-75/2023 17.10.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək cavabdehdən 1.778 manat məbləğində pulun tutularaq "xxxx" MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə mahiyyəti üzrə baxılmış və 28 mart 2023-cü il tarixli qiyabi qətnamə ilə iddia təmin edilərək, Cavabdeh 1.778 (min yeddi yüz yetmiş səkkiz) manat, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu və bank xidmət haqqı kimi ödənilmiş 38 (otuz səkkiz) manat 18 (on səkkiz) qəpik məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi qət olunmuşdur. Cavabdeh həmin qiyabi qətnamənin ləğvinə dair ərizə vermişdir. Neftçala Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli qərardadı ilə Cavabdeh ərizəsi təmin edilərək, Neftçala Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı MMC-nin hesabının açılmasında və hesab işlərinin nizama salınmasında köməklik göstərməsi üçün Cavabdeh İddiaçı MMC-yə dəvət olunmuşdur. Cavabdeh bu işləri həyata keçirərkən Cəmiyyətin «asan imza»sından istifadə etdiyi üçün artıq «asan imza»nın şifrə və parolundan məlumatlı olmuşdur. 05 fevral 2020ci il tarixdə cavabdeh Cəmiyyətə məxsus hesabdan 1.550 manat, 06 mart 2020-ci il tarixdə isə 1.709 manat məbləğində pul vəsaitini Cəmiyyətlə hər hansı bir əlaqəsi olmayan "xxxx" MMC-nin hesabına köçürmüşdür. Bu vəsaitin isə hara xərclənməsi barədə hər hansı bir məlumat yoxdur. Cavabdeh 14 aprel 2020-ci il tarixdə həmin məbləğdən 1.481 manatını Cəmiyyətin hesabına qaytarmış, 1.778 manat məbləğində qalıq pul vəsaitini isə geri qaytaracağına vəd versə də, bu günədək qaytarmamışdır. Bununla bağlı Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət ərizəsi ilə müraciət edilmişdir. Şikayət aidiyyəti üzrə Xətai RPİ-nin 36-cı PB-nə göndərilmiş və təhqiqatçı X1 icraatına verilmişdir. 06 mart 2021-ci il tarixdə Xətai RPİ-nin 36-cı PB-nin təhqiqatçısı Məftun Şirinov tərəfindən «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Həmin qərardan Xətai Rayon Prokurorluğuna şikayət edilmişdir. 29 iyul 2021-ci il tarixdə Xətai Rayon Prokurorluğu tərəfindən «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar ləğv edilmiş, toplanmış rədd materialı üzrə əlavə araşdırılmanın aparılması üçün Xətai RPİ 36-cı PB-nə qaytarılmışdır. Xətai Rayon Prokurorluğu qərarı ləğv edərkən bildirmişdir ki, material üzrə AR CPM-nin 8.0.3-ci maddəsinin tələbləri pozularaq hərtərəfli və tam obyektiv araşdırma aparılmamışdır. Əsas olaraq Cavabdeh təhqiqata cəlb edilməklə izahatının alınmaması, onun analoji üsullarla digər şəxsləri aldatmasının müəyyən edilməsi istiqamətində araşdırmanın aparılmaması, hadisənin şahidi ola biləcək şəxslərin izahatlarının alınmaması və sair hallar göstərilmişdir. Material Xətai RPİ 36-cı PB-nə qaytarıldıqdan sonra təhqiqatçı Vüqar Həsənovun icraatına verilmişdir. 19 avqust 2021-ci il tarixdə Xətai RPİ-nin 36-cı PB-nin təhqiqatçısı Vüqar Həsənov tərəfindən yenidən heç bir araşdırma aparılmadan, Cavabdeh təhqiqata cəlb olunmadan və izahatı alınmadan, ümumiyyətlə Xətai Rayon Prokurorluğunun qeydlərinə və əvvəlki qərarı ləğv etmə əsaslarına laqeyd yanaşaraq, onlara əhəmiyyət vermədən «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. O, Cavabdeh axtarışında heç maraqlı da olmamış, icraatında olan materialı tez bir zamanda yekunlaşdırmağa çalışmış və işin mülki xarakterli olmasını əsas götürərək özünün «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarını qəbul etmişdir. Beləliklə hesab edilmişdir ki, Cavabdeh 1.778 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməlidir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş İddiaçı MMC məhkəməyə nümayəndəsini göndərməmişdir. Həmçinin qeyd olunur ki, əvvəlki məhkəmə iclaslarında MMC-nin nümayəndəsi qismində X2 iştirak edib. O, hazırkı məhkəmə iclasına da gəlmiş, lakin müəyyən edilmişdir ki, X2 hazırda İddiaçı MMC-nin rəsmi işçisi olmadığından (pensiya yaşına çatması ilə əlaqədar işdən çıxmışdır) onun iddiaçını Azərbaycan Respublikası MPM-nin 69.2-ci maddəsində nəzərdə tutulmuş formada təmsil etmək səlahiyyəti artıq mövcud deyil. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh gəlməmiş, nümayəndəsini göndərməmiş, bunun səbəbləri barədə məlumat verməmiş, habelə işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən «Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir». Məhkəmə, cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunduğuna baxmayaraq gəlmədiyini üzrsüz saymış və işə Azərbaycan Respublikası MPM-nin 185.5 və 185.6-cı maddələrinə əsasən cavabdehin və iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, aşağıda göstərilən səbəblərə görə iddia təmin edilməlidir. İş materiallarında olan çıxarışlardan görünür ki, İddiaçı MMC-nin "xxxx" QSC-də olan hesabından "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına 05 fevral 2020-ci il tarixdə 1.550 manat, 06 mart 2020-ci il tarixdə isə 1.709 manat məbləğində pul vəsaiti köçürülmüş və qeyd olunan məbləğdə pul vəsaitləri müvafiq olaraq 05 fevral 2020-ci il və 10 mart 2020-ci il tarixlərində "xxxx" MMC tərəfindən nağdlaşdırılaraq məxaric olunmuşdur. İş materialları ilə həmçinin müəyyən olunur ki, Cavabdeh İddiaçı MMC-yə ümumilikdə borclu olduğu 3.259 manat pul vəsaitindən 1.481 manatını 14 aprel 2020-ci il tarixdə ödəmiş, 1.778 manat məbləğində borclu qalmışdır. Azərbaycan Respublikası MM-nin 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən «Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın», «Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür», «Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən iddia ərizəsində göstərilən məbləğdə pulu tələb etmək hüququna malikdir. İddiaçı məhkəməyə müraciət edərkən 38,18 manat məbləğində dövlət rüsumu və bank xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». Qanunvericiliyin yuxarıda göstərilən normalarını və iddianın tam təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş 38,18 manat məbləğində dövlət rüsumunun və bank xidmət haqqının əvəzi cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Azərbaycan Respublikası MPM-nin 251-ci maddəsinə əsasən “Qiyabi məhkəmə qətnaməsini ləğv edərkən hakim işə mahiyyəti üzrə baxılmasını təzələyir. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh gəlmədikdə, işə yenidən baxılarkən çıxarılan məhkəmə qətnaməsi qiyabi qətnamə hesab edilmir. Cavabdehin qiyabi icraat qaydasında bu qətnaməyə yenidən baxılması üçün təkrar ərizə vermək hüququ yoxdur”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1.778 (min yeddi yüz yetmiş səkkiz) manat, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu və bank xidmət haqqı kimi ödənilmiş 38 (otuz səkkiz) manat 18 (on səkkiz) qəpik tutularaq İddiaçınə ödənilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar