Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-76/2025 04.03.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 01 iyul 1979-cu ildən 07 aprel 1980-ci ilədək Neftçala rayonu, M.Müşfiq adına sovxozda işləməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi işin 24 fevral 2025-ci il tarixli məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək 1979-cu ilin iyul ayının 1-dən Neftçala rayonunun M.Müşfiq adına sovxozuna fəhlə işinə qəbul edildiyini bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, bu barədə əmək kitabçasında qeyd edilməmişdir. M.Müşfiq adına sovxozda işlədiyi barədə arayış almaq üçün Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Neftçala rayon Dövlət Arxivinə müraciət etmişdir. Neftçala rayon Dövlət Arxivindən verilmiş 30 sentyabr 2024-cü il tarixli, 3-48- 35RA/2-136/2024 saylı arayışında qeyd edilir ki, M.Müşfiq adına sovxozun əmr kitablarında vətəndaş Ərizəçi işə girməsi əmri aşkar edilməmişdir. M.Müşfiq adına sovxozun 1978,1979,1980-ci illərin əmək haqqı cədvəlləri Neftçala rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün Ərizəçi iş fəaliyyəti haqqında cavab vermək imkan xaricindədir. 07 aprel 1980-ci il tarixli, 34 nömrəli əmrə əsasən Ərizəçi işdən azad edilib. (Fond №74 siyahı № 1 sax.vah. № 3, vǝrǝq sayı 13). Neftçala rayon Dövlət Arxivinin arayışından da göründüyü kimi M.Müşfiq adına sovxozda 01 iyul 1979-cu il tarixindən 07 aprel 1980-ci il tarixinə kimi işləməsi barədə əmək kitabçasında yazılmadığına və işə girmək əmrinin Dövlət Arxivində aşkar edilmədiyinə görə bu hüquqi əhəmiyəti olan 01 iyul 1979-cu il tarixindən 07 aprel 1980-ci il tarixinə kimi Neftçala rayonu, M.Müşfiq adına sovxozda işləməyi barədə faktın məhkəmə qaydasında təsdiq edilməsinə zərurət vardır. Bu hüquqi əhəmiyyəti olan faktı həmin dövrdə onunla birgə sovxozda işləmiş X2 və X3 təsdiq edir. Bu faktı başqa formada təsdiq edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəməyə ərizə təqdim edərək işi ilə əlaqədar 04 mart 2025-ci il tarixə təyin edilmiş məhkəmə baxışı iclasında iştirak edə bilməyəcəyini, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə işin məhkəmə baxışı zamanı mülki iş üzrə tərəfindən məhkəməyə təqdim edilmiş etirazın məzmununa uygun izahat verərək Ərizəçi 01 iyul 1979-cu il tarixdən 07 aprel 1980-ci il tarixədək Neftçala rayonu, M.Müşfiq adına sovxozda işlədiyini iddia etdiyini bildirmişdir. Qeyd edir ki, ərizəçi ərizəsində 01 iyul 1979-cu il tarixdən 07 aprel 1980-ci il tarixədək Neftçala rayonu, M.Müşfiq adına sovxozda fəhlə kimi çalışdığını, lakin bu barədə əmək kitabçasında qeyd aparılmadığını bildirmişdir. Ərizəçi 01 iyul 1979-cu ildən 07 aprel 1980ci il tarixədək olan dövrdə əmək fəaliyyəti ilə bağlı qeyd aparılmamasına dair üzrlü bir səbəb göstərə bilməmişdir. O, Neftçala rayon Dövlət Arxivinə müraciət etsə də, orada həmin faktı təsdiq edə biləcək hər hansı bir sənəd olmadığını,habelə həmin sovxozun 1978-1980-ci illərin əmək haqqı cədvəllərinin arxivə təhvil verilmədiyini əsas gətirərək heç bir sübut təqdim edə bilməmişdir. Lakin arxiv arayışına əsasən şəxsin 07 aprel 1980-ci il tarixli, 34 nömrəli əmrə əsasən işdən azad edildiyi müəyyən olunur. Bu səbəbdən o, xx.xx.1979-cu ildən xx.xx.1980-ci il tarixədək Neftçala rayonu, M.Müşfiq adına sovxozda fəhlə kimi işləməsi faktını təsdiqləmək üçün məhkəməyə müraciət etmişdir. Göründüyü kimi ərizəçinin pensiya yaşı 17 fevral 2028-ci il tarixdə tamamlanacaqdır. Yəni, onun təsdiqlənməsi üçün müraciət etdiyi illər (9 ay 6 gün) iş stajına əlavə edilsə belə pensiya hüququnun yaranması üçün kifayət etməyəcək və hər hansı hüquqi nəticə doğurmayacaqdır. Eyni zamanda Ərizəçi əmək fəaliyyəti ilə bağlı məlumatların Neftçala rayonunun M.Müşfiq adına sovxozda və Neftçala rayon Dövlət Arxivində mövcud olmadığını göstərmişdir. Ərizəçinin ərizəsində qeyd olunan tələb qanunvericiliyin tələblərinə uyğun olmadığından ərizə təmin olunmamalıdır. Odur ki, qeyd etdiklərinin nəzərə alınmasını xahiş edir. İşin 09 yanvar 2025-ci il tarixə təyin olunmuş məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X4 və X2 ərizəçinin bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. X4 və X2 müvafiq dövrdə ərizəçi ilə birlikdə M.Müşfiq adına sovxozda işlədiklərini bildirirlər. Məhkəmə ərizəçini, maraqlı şəxsin nümayəndəsini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Ərizəçinin şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx xxxxxx 1963-cü ildə Neftçala rayonunun Seyidlər kəndində doğulub və hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Neftçala rayon Dövlət Arxivinin 30 sentyabr 2024-cü il tarixli arxiv arayışından görünür ki, Neftçala rayon Dövlət Arxivində mühafizə olunan M.Müşfiq adına sovxozun əmr kitablarında vətəndaş Ərizəçi işə giriş əmri aşkar edilməmişdir. M.Müşfiq adına sovxozun 1978, 1979 və 1980-ci illərin əmək haqqı cədvəlləri Neftçala rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün Ərizəçi iş fəaliyyəti haqqında cavab vermək imkan xaricindədir. xx.xx.1980-ci il tarixli, 34 №-li əmrə əsasən Ərizəçi işdən azad edilib. Fond № 74 siyahı № 1 sax.vah №3 vərəq sayı 13) İş materiallarına Ərizəçi əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surəti əlavə olunmuşdur. İş materiallarına şahid X4 və X1 müvafiq yerdə işlədiyini təsdiq edən əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətləri əlavə olunur. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmayan hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə baxır. MPM-nin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». İşin mahiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, ərizəçi müvafiq faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 233, 307, 308, 311, 357 – 367-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. Ərizəçi 01 iyul 1979-cu ildən 07 aprel 1980-ci ilədək Neftçala rayonu, M.Müşfiq adına sovxozda işləməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetlə Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-76/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-76/2025
04.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver