Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-84/2025 20.05.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona borc olaraq verdiyi 13.000 (on üç min) manat məbləğində pulun alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, Cavabdeh onun qaynanasıdır. 2023-cü ilin may ayında arvadının bacısı, yəni baldızı Solmaz Fərziyevanın toy mərasimi ərəfəsində cavabdeh baldızı üçün cehiz almağa pulunun olmadığını dedikdə, o, cehizin alınması üçün borc pul tapıb ona verə biləcəyini bildirmişdir. Cavabdeh də onunla razılaşaraq minnətdarlığını bildirmiş və söz vermişdir ki, toy mərasimindən sonra ona olan borcunu qaytaracaq. Hətta əlavə olaraq da qeyd etmişdir ki, əgər toy mərasimindən lazımi pulu əldə edə bilməsə, öz evini satıb ona pulunu geri qaytaracaq. Beləliklə də o, cehiz və mebel dəsti üçün 10.000 manat, digər lazımi əmlaklar üçün isə 3.000 manat olmaqla, ümumilikdə cavabdehə 13.000 manat məbləğində pul vermişdir. Lakin toy mərasimindən sonra cavabdeh toydan pul yığılmadığını əsas gətirərək borcunu geri qaytarmamışdır. Daha sonra onu sakitləşdirmək üçün evini ona satacağını vəd etmişdir. Bütün bunların sadəcə onu sakitləşdirmək üçün verilən vədlər olduğunu, cavabdehin əvvəlcədən düşünülmüş şəkildə ondan pul almaq üçün bunları təşkil etdiyini, dostlarından aldığı pulu qaytarmaq üçün bankdan kredit götürdüyünü və bu vaxta kimi krediti ödəmədiyini gözə alaraq heç olmasa pulun 10.000 manat məbləğini qaytarması xahişi ilə 12 yanvar 2024-cü il tarixdə cavabdehə xəbərdarlıq məktubu ilə müraciət etmişdir. Lakin cavabdeh onun müraciətinə heç bir cavab verməmiş, buna görə də 8 ay sonra, yəni 10 sentyabr 2024-cü il tarixdə Neftçala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. 21 sentyabr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda göstərilmişdir ki, pul tələbi ilə bağlı mülki mühakimə qaydasında məhkəməyə müraciət edə bilər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı 27 fevral 2025-ci il tarixli məhkəmə iclasında verdiyi izahatında, həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, cavabdeh baldızı üçün cehiz almaq məqsədilə evi ona satmaq istəyirdi. O da öz növbəsində evi 30.000 manata alacağı barədə razılaşmış, əlində pulu olmadığı üçün ilk olaraq 10.000 manat, qalan 20.000 manatı isə 3 ay müddətində ona verəcəyini bildirmişdir. O, cavabdehə 10.000 manat məbləğində pul vermiş, 3 aydan sonra da qalan pulu düzəldərək cavabdehin yanına gəlmiş və ona alğı-satqıya getməyi təklif etmişdir. Lakin cavabdeh onunla razılaşmayaraq evi ucuz qiymətə satdığını, 30.000 manata yox, 35.000 manata satacağını bildirmişdir. O, isə məbləğlə razılaşmamış və evi almaqdan imtina etmişdir. Cavabdeh daha sonra evi başqasına satacağını və ona olan borcunu qaytaracağını bildirmişdir. Lakin sonradan Rusiyadan cavabdehin qaynı gəlmiş və evin satılmasına icazə verməmişdir. Artıq 2 ildən çox müddətdir ki, cavabdeh ona olan borcunu qaytarmır. O, mebelin alınması üçün öz adına kredit götürmüş və həmin kreditə görə də 3.000 manat məbləğində faiz borcu ödəmişdir. Cavabdeh keçən iclaslarda 10.000 manatı etiraf etdiyindən o, da cavabdehlə qohumluq əlaqələrini nəzərə alıb bu məbləğlə razılaşmışdır. Lakin hal-hazırda cavabdeh həmin məbləğlə də razılaşmır. O, həmçinin dostunun adına da bankdan kredit götürüb cavabdehə kömək etmişdir. Əgər həmin məbləğləri də hesablasa, tələb etdiyi 13.000 manatdan daha çox məbləğ yaranar. Cavabdehə dostunun adına götürdüyü 3.000 manat məbləğində krediti ödəməyi təklif etsə də, cavabdeh onu da ödəməmişdir. Bundan başqa cavabdehin məhkəməyə təqdim etdiyi siyahıda göstərilənlər də tam deyil. Belə ki, o, cavabdehin evinin təmirinə də pul vermiş, lakin cavabdeh onu qeyd etməmişdir. Cavabdehin əvvəlki iclaslarda 10.000 manat məbləğində pul vəsaitini etiraf etməsini nəzərə alaraq həmin məbləğin cavabdehdən tutulmasını məhkəmədən xahiş edir. Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, həqiqətən də qızının toy mərasimi olduğundan ona cehiz almaq üçün pul lazım olmuş və evini satmaq fikrinə düşmüşdür. Lakin iddiaçının onun evinin alğı-satqısı ilə bağlı aralarında razılaşma olması barədə dedikləri hamısı yalandır. İddiaçı cehizlərin hamısını kreditlə götürmüş və cehizlərin heç birinə nağd pul verməmişdir. Həmçinin iddiaçı ilə aralarında ev alğı-satqısı ilə bağlı razılaşma olmamış, sadəcə cehizlər alındıqdan sonra iddiaçı 10.000 manat məbləğində pulu tələb etdikdə, o da iddiaçıya onun evini almasını təklif etmişdir. İddiaçı evi 25.000 manata almağı təklif etsə də, o, bu təkliflə razılaşmamış, evi 35.000 manata satacağını bildirmiş, cavabdeh isə bu təkliflə razılaşmamışdır. Qızına cehizi Cəlilabad rayonundan almaq istəsə də, Əlqulu mebelin Cəlilabad rayonundan yox, Salyan rayonundan alınmalı olduğunu demiş, mebeli kreditlə alaraq pulunu özü ödəmişdir. Qeyd edir ki, iddiaçıya evinin yerləşdiyi torpaq sahəsində təmənnasız 60 kv.m sahə vermiş və iddiaçı həmin torpaq sahəsində mağaza inşa etmişdir. Sonradan isə həmin mağazanı başqa şəxsə satmışdır. Hal-hazırda onun evinin yerləşdiyi torpaqda başqasına aid mağaza olduğu üçün evini sata bilmir. İddiaçıdan nağd olaraq pul almamış, iddiaçı sadəcə olaraq alınmış mebelin pulunu ödəmişdir. Hazırda iddiaçıya olan borcu 13.000 manat deyil, 10.000 manat məbləğindədir. Pulu olmadığı səbəbindən borcunu bu vaxta kimi qaytara bilməyib. Lakin pulu olan kimi iddiaçıya olan 10.000 manat borcunu geri qaytaracaq. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Neftçala Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısının 21 sentyabr 2024-cü il tarixli qərarının surətindən görünür ki, iddiaçının müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Qərarın məzmunundan görünür ki, cavabdeh iddiaçıya borclu olması halını müvafiq material üzrə araşdırma dövründə etiraf etmiş, lakin iddia ərizəsindən fərqli olaraq 13.000 manat deyil, 9.700 manat məbləğində borcu olduğunu bildirmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 12 yanvar 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun qaytarılması ilə bağlı xəbərdarlıq olunmuşdur. Cavabdeh tərəfindən təqdim olunmuş Azərbaycan Respublikası "xxxx" QSC ilə X1 arasında 16 iyun 2023-cü ildə bağlanmış NF0195966-2023 nömrəli çərçivə kredit və girov müqaviləsinə əsasən sonuncuya 6 ay müddətinə 2.521 manat məbləğində kredit verilib. Cavabdeh tərəfindən təqdim olunmuş qəbzlərdən görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası "xxxx" QSC ilə X1 arasında bağlanmış NF0195966-2023 nömrəli çərçivə kredit və girov müqaviləsi üçün ümumilikdə 735 manat məbləğində ödəniş edilib. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsini və s. aidiyyəti müddəalarını rəhbər tutaraq hesab edir ki, iddiaçı tərəfin tələblərinin əsası kimi istinad olunan hallar iddiaçı tərəfindən cavabdeh tərəfin iddiaya qarşı etirazının əsası kimi istinad olunan hallar isə cavabdeh tərəfindən sübuta yetirilməlidir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən “Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir”. Qeyd olunur ki, hazırkı iş üzrə bütün məhkəmə iclaslarının fasiləsiz audio-video yazısı aparılıb. Cavabdeh məhkəmə iclaslarında iddiaçının onun qızı üçün cehiz əşyaları aldığını və bunun müqabilində 13.000 manat deyil, 10.000 manat məbləğində pul vəsaiti xərclədiyini etiraf etmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş 21 sentyabr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda cavabdehin verdiyi izahatın məzmunundan da bu faktın cavabdeh tərəfindən etiraf edilməsi halı görünür. Göstərilənlərə əsasən iddiaçının cavabdehin qızı, yəni baldızı üçün cehiz əşyaları alması və buna görə 10.000 manat miqdarında pul verməsi halı sübuta yetirilmiş sayılmalıdır. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur...». Qanunvericiliyin yuxarıda istinad olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 10.000 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. İddiaçı məhkəməyə müraciət etmək üçün 210 manat məbləğində dövlət rüsumu ödəyib. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». İddiaçı məhkəməyə müraciət etməsi üçün 129 manat məbləğində dövlət rüsumu ödəməli olduğu halda, 210 manat məbləğində dövlət rüsumu ödəyib. Göstərilənləri, həmçinin iddianın qismən təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 129 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Eyni zamanda iddiaçıya izah olunur ki, artıq ödədiyi 81 manatın geri qaytarılması üçün Azərbaycan Respublikası MPM-nin 114-cü maddəsinə və digər aidiyyəti müddəalarına uyğun olaraq məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 10.000 (on min) manat, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödənilmiş 129 (yüz iyirmi doqquz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-84/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-84/2025
20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver