Məhkəmə qərarları › İş №2(053)-87/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-87/2025

30.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-87/2025 30.05.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “Pul tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 250 (iki yüz əlli) manat məbləğində pulun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, 30 ildən çox müddətdir ki, ünvan 1 ünvanında ailə mülkiyyətlərində olan evdə yaşayırlar. Hələ də maddi imkanlarının zəif olması səbəbindən təmir işlərini başa çatdıra bilmirlər. Son bir neçə ay bundan öncə material və usta xərclərini qarşılamaq məqsədilə bankdan kredit götürmüşlər. Qonşusu Əliəkbər adlı şəxs tərəfindən ona taxta ustası tövsiyyə edilmişdir. Əliəkbər tövsiyyə etdiyi usta Habil adlı şəxslə mobil danışıq aparmış və o, evin polunun vurulmağı, yonulmağı və rənglənməsi üçün hər kvadratmetrə görə 9 (doqquz) AZN manat usta xərci olduğunu bildirmişdir. Usta Habilin mobil telefon nömrəsini qonşusu Əliəkbərdən almış və onunla xx.xx.2024-cü il tarixdə, saat 21:30 radələrində telefonla əlaqə saxlamış və işə başlaması üçün evə dəvət etmişdir. xx.xx.2024-cü il tarixdə usta Habil evə gəlib işə başlaması üçün oğlu X2 300 manat pul istəmişdir. Həmin gün Habilnən axşam saatlarında Neftçala şəhərində yerləşən Xatimə şadlıq sarayının qarşısında görüşüb ona 300 manat əlbəəl pul vermişdir. xx.xx.2024-cü il tarixində Habil özündən başqa iki nəfər şəxs gətirərək işə başlamış və həmin gün ondan toya gedəcəklərini bildirərək 200 manat təkrar pul almışdır. xx.xx.2024-cü il tarixdə Habil yenə ondan pul istəmişdir. O isə cavabında verdiyi ümumilikdə 500 manat dəyərində iş görülüb qurtardıqdan sonra təkrar pul verəcəyini Habilə bildirmişdir. Habil 60 kvadrat metrə yaxın pol vurduğunu bildirərək ona həlǝ 40 manat borcunun olduğunu bildirmiş və evində səs tonunu qaldıraraq gərginlik yaratmışdır. Daha sonra Habil ona “sənin evində günü qırx manata işləmək fikrimin” olmadığını və hər gün 100 manat pul qazandığını bildirərək ləvazimatlarını yığışdırıb işini yarımçıq qoyub getmişdir. Ustaların əlavə vaxt itkisinə və xərcə düşməmələrini nəzərə alaraq onlara qonaqpərvərlik nümayiş etdirib hər gün nahar yeməklərinə qədər qarşılanmışdır. Qeyd etmək istəyir ki, Neftçala rayonunda təkcə polun vurulmağı (yonulub rənglənmədən) ortalama qiyməti hər kvadratmetr üçün 5 manat təşkil edir. Habilin dələduzluq yolu ilə aldadıb pul aldıqdan sonra işini yarımçıq qoyduğu ev sahibi tək onlar deyil. Oğlu və özü Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, müharibə veterani statusu almış və müxtəlif orden və medallarla təltif edilmişlər. Lakin hərbi xidmətdə belə olmayan Habil dələduzluq edərək pulunu mənimsəmiş və evində səs tonunu qaldıraraq güc tətbiq etməyə cəhd etmişdir. O Neftçala rayon Polis şöbəsinə müraciət edərək Cavabdeh barəsində tədbir görülməsini və ödədiyi pulun geri qaytarılmasını xahiş etmişdir. Lakin Neftçala rayon Polis şöbəsindən bildirmişlər ki, bu məsələ mülki xarakterlidir. Odur ki, mülki qaydada məhkəməyə müraciət etməlidir. Baş vermiş prosesi məhkəmə qaydasında mübahisələndirmək üçün maddi imkanı olmadığından vəkil tuta bilməmiş və Azərbaycan Respublikasının qanunlarına, məhkəmənin ədalətinə güvənərək özü müraciət etmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobil AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər rüsumdan azaddırlar. Qeyd edir ki, o 500 manat pulu evinin təmiri üçün cavabdehə ödəmişdir. Lakin usta işini yarımçıq qoyub getmişdir. Cavabdeh aralarında olan razılaşmanı pozaraq öhdəliklərinə əməl etməyib, buna görə də ödədiyi 500 manatın 250 manatını geri qaytarmalıdır. İşin məhkəmə baxışı zamanı İddiaçı bildirmişdir ki, o cavabdehdən pulunu istəyir. Heç olmasa tələb etdiyi məbləğdən cavabdeh könüllü olaraq 200 manat qaytarsın. Əks halda iddia tələbinin tam təmin edilməsini istəyir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İşin 16 may 2025-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasında Cavabdeh 100 manatdan artıq pulunun olmadığını, himayəsində 2 iki nəfər şəkər xəstəsinin olduğunu, başqa gəliri olmadığını bildirmişdir. İşin məhkəmə baxışı iclası zamanı mütəxəssis qismində dəvət edilmiş X1 rayon Xıllı qəsəbəsində ailəsi ilə birlikdə yaşadığını bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, “Neftçala peşə məktəbi” PHŞ-də müəllim, ilk peşə-ixtisas təhsili sistemi texniki, əmək müqaviləsi üzrə - istehsalat təlimi ustasıdır. Qeyd edir ki, rayon yerində 1 kvadratmetr dolğusuz, laksız polun vurulması 4-5 manat civarındadır. Hazır polun üstündə pol vurulmuşdur. Dolğu həmin qiymətə aid deyildir. 4-5 manat onun real qiymətidir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunmasına baxmayaraq gəlmədiyini, iddiaçının isə işə qiyabi icraat qaydasında baxılmasına etiraz etdiyini nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Azərbaycan Respublikası mülki-prosessual qanunvericiliyinin yuxarıda istinad olunan tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələblərinin əsası kimi istinad olunan hallar iddiaçı tərəfindən, iddiaya qarşı etirazın əsası kimi istinad olunan hallar isə cavabdeh tərəfindən sübuta yetirilməlidir. İş materiallarına əlavə edilmiş 11 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Neftçala RPİ-nin TB-nin təhqiqatçısı X4 icraatında olan İddiaçı və X3 müraciəti əsasında araşdırma aparılmış və müəyyən edilmişdir ki, İddiaçı və onun oğlunun etdiyi şikayətə əsasən hər hansı cinayət və inzibati hüquq pozuntusunun tərkibi yoxdur. Eyni zamanda Cavabdeh təhqiqat zamanı izahatında Neftçala şəhəri, M.Ə.Sabir küçəsində ailəsi ilə birlikdə yaşadığını, uzun müddətdir ki, taxta materialları ustası (dülgər) kimi fəaliyyət göstərdiyini bildirmişdir. Qeyd etmişdir ki, konkret olaraq iş yeri yoxdur, lakin sifarişlə evlərə gedərək vətəndaşların işlərini usta kimi gördükdən sonra zəhmət haqqısını alır. Neftçala şəhər sakini İddiaçı və onun oğlu Rəşad Soltanovu əvvəllər tanımamışdır. xx.xx.2024-cü il tarixdə Neftçala şəhər sakini tanışı Ələkbər adlı şəxs ona zəng edərək onun qonşuluğunda yaşayan İddiaçı yaşadığı ünvanda evinin təmiri ilə bağlı döşəmənin hissəsini vurmağını istəmişdir. Həmin vaxt telefonda danışan zaman Nəriman da onun yanında oluşdur. Çünki Ələkbərlə telefonda danıdığı zaman vuracağı polun 1 kvadratmetrini 9 manata işləyəcəyini bildirmişdir. Həmin vaxt ona polun yonulması, rənglənməsinə söz verməmiş, razılaşmamışdır. Təkcə polun vurulmasının qiyməti barədə danışmışlar. Onlarda onunla razılığa gələrək gəlib evə baxmasını istədikləri üçün xx.xx.2024-cü il tarixdə yanında iki nəfər tanış köməkçi ilə İddiaçı yaşadığı ünvana gedərək işlə tanış olmuşdır. Elə həmin gün X6 şəhəri, M.Əsədov küçəsində yerləşən “Xatimə” şadlıq sarayının yaxınlığında görüşərək beh olaraq ondan 300 manat pul almışdır. xx.xx.2024-cü il tarixə işə başlamış işləyəcəyi evin pol hissəsi 100 kv-metr olduğu üçün işlədikcə pulunu hissə-hissə almaq qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixə kimi qeyd olunan ünvanda döşəmənin pol hissəsinin 60 kv-metr hissəsini vurmuşdur. Həmin gün Nərman Soltanovdan əlavə olaraq 200 manat pul almışdır. Ümumilikdə xx.xx.2024-cü il tarixə kimi gördüyü işin qarşılığında Rəşad və atası Nərimandan 500 manat pul almışdır. xx.xx.2024-cü il tarixdə İddiaçı toya gedəcəyi üçün pul lazım olduğunu bildirib 200 manat pul istəmişdir. Ona işini təhvil verdikdən sonra pulunun tam verəcəyini bildirmişlər. Onun üçündə aralarında narazılıq yaranmışdır. Həmin vaxt ona bir günlük işi qaldığını bildirdikdə ondan polun yonulmasını boyanmasını kim edəcəyini soruşmuşlar. Onlara polun yonulması və boyanmasının onluq olmadığını, sadəcə olaraq hörmət edərək dolğusunu vuracağını bildirmişdir. Həmin vaxt Nərimanla anlaşa bilməyəcəklərini görüb usta alətlərini götürərək oradan uzaqlaşmışdır. Nərmana heç bir borcu qalmamış, gördüyü işin kvadratmetrə görə pulunu almışdır. Neftçala Rayon Məhkəməsinin 2(053)-87/2025 nömrəli iş üzrə 27 fevral 2025-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, mülki iş rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş və iş üzrə icraat dayandırılmışdır. 02 may 2025-ci il tarixdə 2(053)-87/2025 nömrəli mülki iş üzrə 14 aprel 2025-ci il tarixli qərardadın icra edilməsindən imtina məktubu məhkəməyə daxil olmuşdur. Məktubun məzmununda qeyd edilir ki, “qiymətləndirmə fəaliyyəti məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən 2(053)-87/2025 nömrəli mülki iş üzrə xx.xx.2025-ci il tarixli qərardad icra edilmədən Sizə qaytarılır”. Neftçala Rayon Məhkəməsinin 2(053)-87/2025 nömrəli iş üzrə 02 may 2025-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Məhkəmədə müəyyən olundu ki, ünvan 1ndə yaşayan İddiaçı yaşadığı evin döşəməsinin pol hissəsini yenisi ilə əvəz etdirməsi üçün qonşusu Ələkbər adlı şəxsin ona tövsiyyə etdiyi Neftçala şəhər sakini taxta dülgəri Cavabdeh ilə xx.xx.2024-cü il tarixdə aralarında olan şifahi razılaşmaya əsasən sonuncu İddiaçı yaşadığı evin döşəməsinin 100 kvadrat metr pol hissəsinin xx.xx.2024-cü il tarixdən, xx.xx.2024-cü il tarixə kimi 60 kv-metr hissəsin vurmuş, qarşılığında isə 300 manat İddiaçı oğlu Rəşad Soltanovdan, 200 manat isə İddiaçı alaraq ümumilikdə onlardan usta pulu olaraq 500 manat pul almışdır. Sonradan isə aralarında olan razılaşma pozulduğu üçün döşəmə polunun qalan 40 kv-metr hissəsini vurmayaraq işi tamamlamamış, verdiyi sözə əməl etməmişdir. Cavabdeh olanları tam olaraq təsdiqləmişdir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən “Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir”. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1, 739.2 və 740.1-ci maddələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır», «Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən 200 manat məbləğində pulu tələb etmək hüququna malikdir. Göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş vəsiqənin surəti ilə müəyyən edilir ki, iddiaçı müharibə veteranı oluğu üçün iddia ərizəsinin verilməsi ilə bağlı dövlət rüsumundan azaddır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 200 (iki yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar