Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-876/2023 13.10.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı2, Cavabdeh iştirakı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “Pul tələbi”nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1600 manat məbləğində pulun alınıb onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımı məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçı1 iddianı onunla əsaslandırmışdır ki, o, Neftçala rayonu, Yuxarı Qaramanlı kənd sakini olaraq, İ qrup əlil kimi ağır sosial şəraitdə, yataq şəraitində yaşayır. Həyat yoldaşı ona baxdığına görə heç bir yerdə işləmir. Atasının vaxtilə çox sayda heyvan-qarası olmuşdur. O, vəfat etdikdən sonra heyvanlara baxan olmadığından onlar da heyvanları satıb, pulunu bölmüşlər. Ondan kiçik qardaşı da İ qrup əlildir. Cavabdeh sinif yoldaşı olub, həm qonşu, həm də onunla dost olmuşlar. Cavabdeh “Kamaz” markalı avtomobili var. O, Neftçala rayonuna həmin maşınla ot daşımaqla qazanc əldə edir. Cavabdeh 1600 manat pulu 2-3 il olar ki, ondan hissə-hissə almış və bildirmişdir ki, otu nisyə satmışdır, pulunu yığa bilmir. Odur ki, Neftçala Rayon Məhkəməsindən xahiş edir ki, onun birinci qrup əlil, yataq xəstəsi olduğunu və ailə vəziyyətini nəzərə alıb, Neftçala rayon Yuxarı Qaramanlı kənd sakini Cavabdeh verdiyi 1600 manat pulunun alınıb ona (onlara) verilməsinə köməklik göstərilsin. İddiaçı2 işin məhkəmə baxışı zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək və iddianı müdafiə edərək bildirmişdir ki, əri olan İddiaçı1 birinci qrup əlil olmaqla xəstədir. Ona özü baxır. Cavabdeh 3000 manat hissə-hissə borc vermişlər. O həmin pul məbləğini hissə-hissə ödəmiş, 1600 manat qalmışdır. 2-3 ildir ki, 1600 manat borcdan heç bir ödəniş etmir. Ona görə də iddiaçılar məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. O, göstərilənləri nəzərə alaraq iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh işin məhkəmə baxışı zamanı iddianı qəbul etməyərək bildirmişdir ki, 10 il bundan əvvəl İddiaçı1 Abdulla oğlundan 700 manat borcu hər ay 10 faiz üstünə gəlməklə almışdır. Həmin məbləği aldığı vaxtdan hər ay 50-60 manat ödəmişdir. Əsas məbləğdən 300 manat ödəmiş, sonra isə faizini ödəmişdir. Son iki ildə ödəniş edə bilməmişdir. Lakin aldığı pulu hər ay ödəyə bilmədiyi üçün Yadullaya bu barədə məlumat vermiş, faizi saxlamasını, ona əsas borcdan ödəniş edəcəyini bildirmişdir. Bir il ərzində borc aldığı məbləği artıqlaması ilə Yadullaya ödəmişdir. Onlar hazırda verə bilmədiyi faizi hesablayıb ondan 1600 manat pul tələb edirlər. O, 700 manat məbləğində pulu Yadulladan almışdır. Onun həyat yoldaşı İddiaçı2 borc pulu alanda onların yanında olmamışdır. Yadulla da ona bildirmişdir ki, pulu ona qaytarar. İddiaçı1 Abdulla oğlu iddia ərizəsində göstərir ki, 2-3 il olar ondan 700 manat pulu hissə-hissə almışdır. O, düzgün danışmır. O, Yadulladan pulu bütöv şəkildə almışdır. İddiaçı1 ondan 10 il keçdikdən sonra ümumi iddia müddətini ötürməklə pul tələb edir. İddiaçı2 isə iddiaçı qismində ondan pul tələb etməsi əsassızdır. Cavabdeh göstərilənləri nəzərə alaraq iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. İş materiallarına 164326 nömrəli vəsiqənin və 568 nömrəli arayışın surətləri əlavə olunur. Vəsiqənin, eyni zamanda arayışın surətindən surətindən görünür ki, İddiaçı1 Abdulla oğlu İ qrup əlildir. O, Neftçala rayonu, Yuxarı Qaramanlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Arvadı İddiaçı2, övladları X2 və X1r. Bununla yanaşı, cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim etmiş və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsini nəzərə alaraq iddiaçıların ona qarşı olan iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Mübahisəyə hüquqi qiymət verərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən «Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər». Beləliklə, şəxsin məhkəmə müdafiəsindən istifadə etmək hüququ o, halda yaranır ki, onun qanunla qorunan hüquq və azadlıqları, eləcə də maraqları pozulmuş olsun. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə görə “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz». Yuxarıda göstərilənləri və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı mübahisəli pul məbləği ilə bağlı tələb irəli sürərkən ilk növbədə həmin məbləğə münasibətdə qanuna əsaslanan maraqlarının olduğunu, o cümlədən pulun ona aid olduğunu, yəni mübahisələndirdiyi məbləğə münasibətdə subyektiv hüquqa malik olduğunu sübuta yetirməlidir (iddiaçı bu halların müəyyən edilməsi üzrə sübutetmə vəzifəsinin daşıyıcısıdır). Bu hallar sübuta yetirilməcəyi təqdirdə isə iddia cavabdeh tərəfin dəlillərinin məzmunundan aslı olmayaraq rədd edilməlidir. İstər İddiaçı2, istərsə də cavabdeh tərəf bildirir ki, müvafiq pul məbləği, yəni 1600 manat və ya cavabdehin bildirdiyi kimi 700 manat İddiaçı2 deyil, İddiaçı1 Abdulla oğluna məxsus olub. Yəni işdə iştirak edən iddiaçı tərəfin elə özünün gətirdiyi dəlillərdən görünür ki, pulun sahibi İddiaçı2 deyil, İddiaçı1 Abdulla oğludur (tərəflər, o cümlədən İddiaçı1 Abdulla oğlu bu məbləğin ona məxsus olduğunu və pulların atasından qalma heyvanların satışından əldə olunduğunu bildirir). Bununla yanaşı, işdə iştirak edən iddiaçı digər iddiaçı olan əri İddiaçı1 tərəfindən ona vaxtilə etibarnamə verildiyini bildirsə də, məhkəməyə bu halı təsdiq edə biləcək heç bir mötəbər sübut (etibarnamənin surəti və s.) təqdim etməmişdir. Həmçinin hətta belə bir etibarnamənin həqiqətən də vaxtilə verildiyi həqiqət kimi qəbul olunsa belə, bu etibarnamənin hazırda da qüvvədə olduğu heç bir sübutla müəyyən edilmir. Göründüyü kimi hazırkı vəziyyətdə İddiaçı1 məhkəmə iclasında iştirak etmədiyindən, gəlməməsinin səbəbləri barədə məlumat vermədiyindən və nümayəndəsini göndərmədiyindən digər İddiaçı2 Cavabdeh heç vaxt özünə məxsus olmamış və hazırda da məxsus olmayan pul məbləğini aidiyyəti şəxsi (pulun sahibini) təmsil etmək hüququ olmadan tələb edir. Beləliklə, işdə iştirak edən iddiaçı mübahisəli pul məbləğinə münasibətdə qanuna əsaslanan maraqlarının olduğunu, o cümlədən pulun ona aid olduğunu, yəni mübahisələndirdiyi məbləğə münasibətdə subyektiv hüquqa malik olduğunu sübuta yetirə bilməmişdir. Belə olan halda o, cavabdehdən bu pul məbləğini və onunla əlaqədar yaranmış digər məbləğləri (xərcləri) tələb edə bilməz. Göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “Pul tələbi”nə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-876/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-876/2023
13.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver