Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-877/2023 01.12.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı2, Cavabdeh iştirakı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1600 manat məbləğində pulun alınıb onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımı məlumat verilməsinə baxmayaraq gəlməmiş, nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçı1 iddianı onunla əsaslandırmışdır ki, o, Neftçala rayonu Yuxarı Qaramanlı kəndində İ qrup əlil kimi ağır sosial şəraitdə, yataq şəraitində yaşayır. Həmkəndlisi icarəyə kafe işlədən Cavabdeh, həyətində saxladıqları 1600 manat dəyərində olan quzuları alıb kafedə satıb indi isə onun pulunu qaytarmır. Bəhanəsi də budur ki, “Qazel” markalı avtomaşını var, gedib meyvəli bazarına qarpız daşımağa, köməkçisi isə quzuları bişirib müştərilərə satıb pulunu ona verməmişdir. Cavabdeh özü 15 hektara yaxın bələdiyyə torpağı əkib becərir. Özünə məxsus “Qazel” markalı avtomaşınla da meyvə tərəvəz daşıyır. İki-üç ildir gözləsələr də pullarını ondan ala bilməmişlər. Odur ki, Neftçala Rayon Məhkəməsindən xahiş edir ki, onun birinci qrup əlil, yataq xəstəsi olduğunu və ailə vəziyyətini nəzərə alıb, Neftçala rayon Pirəbbə kənd sakini Cavabdeh onlardan müxtəlif vaxtlarda aldığı 1600 manat pulun geri qaytarılması və onlara verilməsinə köməklik göstərilsin. İddiaçı2 işin məhkəmə baxışı zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək və iddianı müdafiə edərək bildirmişdir ki, əri olan İddiaçı1 birinci qrup əlil olmaqla xəstədir. Ona özü baxır. Cavabdeh onlarla qonşuluqda yaşayır. Cavabdehə 7 ədəd quzu vermişdir. Lakin onun pulunu ala bilmir. İki üç ildir ki, 1600 manat borcdan heç bir ödəniş etmir. Ona görə də iddiaçılar məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. İddiaçı2 məhkəmə baxışı iclasında iddia ərizəsinə dəqiqləşmə haqqında ərizə təqdim edərək Cavabdeh qarşı ailə münaqişələri olduğuna görə əsəbləşərək ondan 7 baş qoyunun dəyəri olan 1600 manat pulun tutulmalı olduğunu qeyd etmiş, hazırda isə bir baş quzunun dəyəri olan 160 manat məbləğində pulun tutulması bərədə qətnamə çıxarılmasını xahiş etməklə həmin bir baş quzunun cavabdehə oğlu X4 tərəfindən verildiyini qeyd etmişdir. O, göstərilənləri nəzərə alaraq iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh işin məhkəmə baxışı zamanı iddianı qəbul etməyərək bildirmişdir ki, bir aralar pandemiya ilə bağlı qazanc əldə etmək üçün qəssablıq etmiş, o iddiaçıların həyətinə getməmişdir. İddiaçı2 oğlu 10 gündən bir qəssabxanaya quzu gətirib vermiş, pulu da həmin vaxt ödənilmişdir. Sonuncu bir heyvanın pulu qalmışdı. İbadulla Məhərrəmov hər dəfə özü heyvanı kəsib pulunu da almışdır. Onlar 2019-cu ildə bir baş quzuya görə Neftçala RPŞ-yə şikayət etmişdilər. O hazırkı iddiaçılardan heyvan almamışdır. Üç il bundan əvvəl bir quzu İbadulla Məhərrəmov tərəfindən kafedə işləyən Hüseyn Salahova verilib, Hüseyn isə üç ay orada işləmişdir. Quzu kafeyə verilib, onun bu quzudan xəbəri yoxdur. Cavabdeh göstərilənləri nəzərə alaraq iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. İş materiallarına 164326 nömrəli vəsiqənin və 568 nömrəli arayışın surətləri əlavə olunur. Vəsiqənin eyni zamanda arayışın surətindən surətindən görünür ki, İddiaçı1 Abdulla oğlu İ qrup əlildir. O, Neftçala rayonu yuxarı Qaramanlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Arvadı İddiaçı2, övladları X5 və X1r. Həmçinin iş materiallarına xx.xx.2023-cü il tarixli izahat və şəxsiyyət vəsiqəsinin surəti əlavə olunmuşdur. İzahatın məzmunundan görünür ki, ünvan 1 ünvanladığı izahatında Cavabdeh kafesində qulluqçu işlədiyi müddətdə cavabdehin İddiaçı1 və və onun arvadı Ruhəngizdən müxtəlif vaxtlarda 7 quzu alıb kafeyə gətirmiş, quzuları kəsib bir hissəsini ona vermiş ki, bişirib müştərillərə versin, qalanlarını isə özü ilə aparmışdır. O da bişirdiyi heyvanların pulu ona qəpiyinə kimi ödəmişdir. İddiaçı2 tərəfindən xx.xx.2023-cü il tarixdə təqdim edilmiş iddia ərizəsinə dəqiqləşdirmə haqqında ərizədən görünür ki, cavabdehə qarşı ilkin tələb ailələr arası münaqişə səbəbindən əsəb və gərginlik halında yazıldığından həqiqiəti əks etdirməmiş, əslində isə cavabdehə dəyəri 160 manat olan bir baş quzu iddiaçıların oğlu X4 tərəfindən verilmişdir. Bununla yanaşı, cavabdeh iddiaçıların ona qarşı olan iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Mübahisəyə hüquqi qiymət verərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən «Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər». Beləliklə, şəxsin məhkəmə müdafiəsindən istifadə etmək hüququ o, halda yaranır ki, onun qanunla qorunan hüquq və azadlıqları, eləcə də maraqları pozulmuş olsun. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə görə “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz». Yuxarıda göstərilənləri və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçılar mübahisəli pul məbləği ilə bağlı tələb irəli sürərkən ilk növbədə həmin məbləğə münasibətdə qanuna əsaslanan maraqlarının olduğunu, o cümlədən pulun onlara aid olduğunu, yəni mübahisələndirdikləri məbləğə münasibətdə subyektiv hüquqa malik olduğunu sübuta yetirməlidir (iddiaçı bu halların müəyyən edilməsi üzrə sübutetmə vəzifəsinin daşıyıcısıdır). Bu hallar sübuta yetirilməcəyi təqdirdə isə iddia cavabdeh tərəfin dəlillərinin məzmunundan aslı olmayaraq rədd edilməlidir. İstər İddiaçı2, istərsə də cavabdeh tərəf bildirir ki, müvafiq pul məbləği, yəni 160 manat iddiaçılar İddiaçı1 və İddiaçı2 deyil, X2 məxsus olub. Yəni işdə iştirak edən iddiaçı tərəfin elə özünün gətirdiyi dəlillərdən görünür ki, pulun sahibi iddiaçılar İddiaçı1 Abdulla oğlu və İddiaçı2 deyil, X3r. Göründüyü kimi hazırkı vəziyyətdə İddiaçı1 və İddiaçı2 Cavabdeh onlara məxsus olmamış və hazırda da məxsus olmayan pul məbləğini aidiyyəti şəxsi (pulun sahibini) təmsil etmək hüququ olmadan tələb edir. Beləliklə, işdə iştirak edən iddiaçı mübahisəli pul məbləğinə münasibətdə qanuna əsaslanan maraqlarının olduğunu, o cümlədən pulun ona aid olduğunu, yəni mübahisələndirdiyi məbləğə münasibətdə subyektiv hüquqa malik olduğunu sübuta yetirə bilməmişdir. Belə olan halda o, cavabdehdən bu pul məbləğini və onunla əlaqədar yaranmış digər məbləğləri (xərcləri) tələb edə bilməz. Göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-877/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-877/2023
01.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver