Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-90/2024 16.01.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “uşaqların ananın yanında saxlanılmalarının müəyyən olunması və aliment” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından doğulmuş hazırda himayəsində qalan uşaqları 25 yanvar 2006-cı il təvəllüdlü Zəhra və 11 mart 2007-ci il təvəllüdlü Hüseyn adlı uşaqların yetkinlik yaşlarına çatanadək onun yanında saxlanılmalarının müəyyən edilməsi və uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün cavabdehdən hər ay sabit pul məbləğində 400 manat alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 25 avqust 2003-cü il tarixdə Neftçala rayon Qeydiyyat Şöbəsində rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuş, birgə nikahlarından 23 avqust 2004-cü il tarixdə Fatimə, 25 yanvar 2006-cı il tarixdə Zəhra və 11 mart 2007-ci ildə isə Hüseyn adlı uşaqları doğulmuşdur. Uşaqlardan biri - böyük qızları Fatimə artıq yetkinlik yaşına çatmışdır. 2003-cü ildə Cavabdehla ümumi tanışlıqlarından sonra onu evlənmək məqsədilə yaşadıqları Haqverdili kəndindəki atası evinə qaçırmış və toy mərasimlərindən sonra həmin evdə yaşamışlar. Birgə yaşadıqları dövrdə Cavabdehla elə ilk əvvəldən xasiyyətləri uyğun gəlməmiş, onun yersiz və nalayiq davranışına görə ailədə normal münasibət qura bilməmişlər. Cavabdeh müntəzəm olaraq evə içkili vəziyyətdə gələrək hər dəfə dava-dalaş salıb onları incidərək narahat etmiş, heç kimi eşidib saya salmayaraq yalnız öz bildiyini etmişdir. Hətta, bu səbəbdən onun şikayəti ilə əlaqədar dəfələrlə polisə də düşmüş, buna baxmayaraq yenə düzəlməyərək əvvəlki vəziyyətini davam etdirmişdir. O, uşaqların xətirinə nə qədər dözüb qalsa da, bu əhəmiyyətsiz olmuş, sonda məcbur olub 2017-ci ilin yanvar ayından cavabdehdən faktiki ayrılaraq uşaqlarını da götürüb birdəfəlik atası evinə qayıdaraq hal-hazıra kimi də uşaqları ilə orada yaşayır. Hər ikisinin valideynləri çoxdandır ki, vəfat etmişlər. O, 2017-ci ilin sonunda Cavabdeh boşanmaq üçün məhkəməyə müraciət etmiş, onlara verilmiş möhlət bitdikdən sonra barışmadıqları üçün Neftçala Rayon Məhkəməsinin 12 aprel 2018-ci il tarixli qətnaməsinə əsasən, nikahları pozulmuş və həmin vaxt o müəyyən səbəblərdən cavabdehdən aliment istəməmişdir. Hazırda isə uşaqları saxlamaqda çox çətinlik çəkdiyinə görə aliment kəsdirməyə məcburdur. Çünki, ikinci qızları Zəhra peşə məktəbində, sonuncu övladları Hüseyn isə tam orta məktəbin 10-cu sinifində oxuyurlar. Onların dərs-məktəb ləvazimatları, geyimləri, tibbi və çoxsaylı maddi təminatları hazırki çətin iqtisadi şəraitdə xeyli vəsait tələb edir ki, bütün bu təminatları da o təkbaşına ödəyə bilmir. Özü işləmir, heç bir ünvanlı sosial yardım almır və daşınar-daşınmaz qiymətli əmlakları da yoxdur. Onda olan məlumata görə Cavabdeh da hazırda işləmir, amma düşdükləri vəziyyətə görə cavabdehdən aliment tələb etməyə məcburdur. Bütün bunları nəzərə alaraq himayəsində qalan Zəhra və Hüseyn adlı uşaqlarının onun yanında saxlanılmasının müyyən edilməsi və cavabdehdən hər iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay 400 manat sabit pul məbləğində alimentin tutulub onun xeyrinə ödənilməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd edir ki, o əvvəl mövcüd Qanunvericiliyə əsasən müvafiq Mediasiya Mərkəzinə müraciət etmiş və İlkin Mediasiya sessiyasında iştirak etməklə tələb olunan İMS xərcini-rüsumunu ödəmiş, lakin cavabdeh Mediasiya sessiyasında iştirak etmədiyi üçün bu barədə ona müvafiq arayış verilmiş və o hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uygun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə, cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar edildiyinə baxmayaraq gəlmədiyini üzrsüz saymış və bunu nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, sənədləri və işin faktiki hallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan səbəblərə görə iddia qismən təmin edilməlidir. «Doğum haqqında» şəhadətnamənin təstiq olunmuş surətlərindən görünür ki, tərəflərin birgə nikahından 25 yanvar 2006-cı il tarixdə X5 və 11 mart 2007-ci il tarixdə X6 adlı uşaqları anadan olmuşdur. Neftçala Rayon Məhkəməsinin 12 aprel 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X3 ilə Cavabdeh arasında Neftçala Rayon VVADQ şöbəsi tərəfindən 25 avqust 2003-cü il tarixli nikahın bağlanması haqqında 241 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. «Nikahın pozulması haqqında» şəhadətnamənin təstiq olunmuş surətindən görünür ki, tərəflər arasındakı nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 16 sentyabr 2019-cü il tarixdə 87 nömrə ilə qeyd edilmişdir. «İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə» arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. İddiaçının məhkəməyə bildirdiklərindən görünür ki, 23 avqust 2004-cü il təvəllüdlü X4 da daxil olmaqla, 25 yanvar 2006-cı il təvəllüdlü X5 və 11 mart 2007-ci il təvəllüdlü X6 hazırda İddiaçı yanında qalır. Beləliklə, işin məhkəmə baxışı zamanı müəyyən olunur ki, tərəflər arasındakı nikah xeyli müddətdir ki, pozulduğu, habelə 25 yanvar 2006-cı il təvəllüdlü X5 və 11 mart 2007-ci il təvəllüdlü X6 iddiaçı anası ilə birgə yaşadığı halda uşaqların valideynlərdən hansının yanında qalması halının müəyyən edilməməsi onun üçün əngəllər yaratmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1 və 22.2.1-ci maddələrinə əsasən «Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər» və «Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, habelə bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir». Neftçala Rayon Məhkəməsinin 12 aprel 2018-ci il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında həmin tarixdə yalnız iddia tələbi üzrə nikah pozulmuş, uşaqların valideynlərdən hansının yanında qalması müəyyən edilməmişdir. Məhkəmə uşaqların yetkinlik yaşına çatmayan olduqlarını, faktik olaraq iddiaçının yanında qaldıqlarını, bu vəziyyətə uyğunlaşdıqlarını, ana qayğısına daha çox ehtiyaclarının olduğunu, iddiaçının uşaqların bundan sonra da onun yanında qalmasında təkid etdiyini nəzərə alır və hesab edir ki, iddia müvafiq hissədə təmin olunmaqla 25 yanvar 2006-cı il təvəllüdlü X5 və 11 mart 2007-ci il təvəllüdlü X6 İddiaçı yanında qalması müəyyən edilməlidir. Alimentin sabit pul məbləğində tutulması ilə bağlı iddia tələbinə münasibət bildirərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1 və 78.2-ci maddələrinə əsasən “Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər”, “Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir”. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alır və alimentin hər ay ödənilməli olan sabit pul məbləğində tutulmasını mümkün sayır. Məhkəmə eyni zamanda tərəflərin maddi və ailə vəziyyətini, həmçinin diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia müvafiq hissədə qismən təmin olunmalı, 25 yanvar 2006-cı il təvəllüdlü X1 və 11 mart 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay, hər bir uşağa görə 130 manat olmaqla sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən “Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur”. İddia ərizəsi məhkəməyə 03 noyabr 2023-cü il tarixdə daxil olmuşdur. Beləliklə, alimentin hesablanması və ödənilməsi iddia ilə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 03 noyabr 2023-cü il tarixdən həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir...”. Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”, “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən “Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər”. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən “iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir”. Buna görə də Cavabdeh 01 (bir) il müddətində tutulacaq alimentin miqdarı 3120 manat təşkil etdiyinə görə, cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğun olaraq 51,20 manat alınıb dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. 25 yanvar 2006-cı il təvəllüdlü X1 və 11 mart 2007-ci il təvəllüdlü X2 İddiaçı yanında qalmaları müəyyən edilsin. Cavabdeh 25 yanvar 2006-cı il təvəllüdlü X1 və 11 mart 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay, hər bir uşağa görə 130 (yüz otuz) manat olmaqla, ümumikdə 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. Alimentin hesablanması və ödənilməsi 03 noyabr 2023-cü il tarixdən etibarən həyata keçirilsin. Cavabdeh 51,20 (əlli bir manat iyirmi qəpik) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentlə bağlı hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-90/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-90/2024
16.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver