Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-906/2024 28.10.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh X1 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X1 qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3.000 manat pulun alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək bildirmişdir ki, o, Neftçala rayonu Bankə qəsəbəsi, S. Paşin küçəsində kommunal mənzildə yaşayır. Ondan əvvəl həmin evdə Xannənə və onun həyat yoldaşı Ələkbər birlikdə yaşamışlar. Onların övladı olmamışdır. Onu öz övladları kimi qəbul edərək, onlar vəfat edən günə kimi qulluğunu o, tutmuşdur. Onların vəfatından sonra həmin mənzildə o, ailəsi ilə birlikdə yaşamışdır. Mənzilin sahibləri vəfat etdikdən az sonra Bankǝ qəsəbəsi kommunal idarənin müdüri Gülmayə onları mənzildən çıxartmaq istəmişdir. Ona çox təsirlərdən sonra Gülmayə bildirmişdir ki, 3.000 manat pul ver, sənə bu mənzilin qanuni sənədlərini düzəltdirim. O da ona bildirmişdir ki, ondan çox pul istəyir. Cavabdeh Gülmayə də bildirmişdir ki, kağızın biri 50 manatdır. Onunla razlaşmağa məcbur olmuşdur. Gülmayə demişdir ki, pulu ona idarədə verməsin, gətirib evdə versin. O da cavabdehin sözünə görə 3.000 manat pulu evdə, ailə üzvlərinin yanında cavabdehə vermişdir. Pulu ona verdikdən sonra qızı demişdir ki, “ana, ona sən bir şey verməyəcəksən?” Gülmayə də demişdir ki, qızı xəstədir başı ona qarışıb, İran İslam Respublikasına müalicəyə aparacaqdır. Ona pulu verdikdən xeyli müddən keçdikdən sonra mənzilin sənədlərinin hazır olub-olmaması ilə bağlı Gülmayədən məlumat öyrənmək üçün onun iş yerinə getmişdir. Cavabdeh onu görən kimi qışqırıb-bağrırmış, imkan verməmişdir ki, sözünü ona desin. Dəfələrlə onun yanına gedəndə, bələdiyyədə işləyən Ağaliyə zəng edərək guya ondan məsləhət almış, sonra ona bildirmişdir ki, Ağali də deyirdi ki, düzələcək. Bu yolla o, onu inandırmışdır. X3 3.000 manat pulu tələb edir. Bundan əvvəl polis şöbəsinə şifahi müraciət etmiş, orada ona bildirilmişdir ki, məhkəməyə müraciət etsin. Pulu oğlu ilə birlikdə cavabdehə vermişdir. Oğlu müharibə iştirakçısı olmuş, sonra da vəfat etmişdir. Bu səbəbdən şahidi və hər hansı sübutu yoxdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiasının təmin olunmasını xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh X2 gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunmasına baxmayaraq gəlmədiyini, iddiaçının isə işə qiyabi icraat qaydasında baxılmasına etiraz etdiyini nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İşin 03 oktyabr 2024-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasında cavabdeh X2 iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı ondan rayon prokurorluğuna və digər aidiyyəti orqanlara müraciətlər etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, iddiaçı ilə qonşudur. Bir vaxtlar iddiaçının mərhum oğlu Əli onun yanına gəlmişdir. İddia tələbində qeyd olunan ev Ələkbər Əliyevin və arvadı Xannənənin evi olub. O şəxslərin də uşaqları olmamışdır. Həmin evlər 1928-ci ildə inşa edilib. İddiaçı ona 3.000 manat pul verməyib. Həmin ərəfədə o, iddiaçıdan pul almayib. İddiaçının bildirdikləri ona qarşı şər və böhtandır. Bu səbəbdən iddia tələbini qəbul etmir. İddiaçı yaşadığı kənddə isə ona 300 manat pul verdiyini demişdir. Məhkəmədə isə ondan 3000 manat pul tələb edir. Rayon prokurorluğunda izahatlar verdiyini bildirmişdir. Göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib, işin məhkəmə baxışı zamanı araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. Neftçala Rayon Məhkəməsinin sorğusu əsasında 08 oktyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 30 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Neftçala rayonu, Bankə qəsəbəsində yaşayan İddiaçı şikayəti əsasında 106-C/23 №-li material toplanmış, şikayətdə Bankə qəsəbə sakini Gülmayə Əsədullayevanın 2009-cu ildə İddiaçı yaşadığı evin sənədlərini sonuncunun adına özəlləşdirəcəyi vədi ilə ondan hal-hazırkı məzənnə ilə 600 manat məbləğində pul alması və indiyədək həmin sənədləri düzəltməməsi barədə müraciəti araşdırılmış, tərəflərdən izahatlar alınmış və müəyyən edilmişdir ki, Neftçala rayonu, Bankə qəsəbə sakini Gülmayə Əsədullayevanın 2009-cu ildə İddiaçı sonuncunun yaşadığı evin sənədlərinin onun adına özəlləşdirəcəyi barədə vəd verərək indiki məzənnə ilə 600 manat pul alması mötəbər sübutlarla təsdiq olunmamışdır. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən Gülmayə Əsədullayeva barəsində cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir”. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, iddia tələblərinin əsası kimi istinad olunan hallar iddiaçının özü tərəfindən sübuta yetirilməlidirlər. Qeyd olunur ki, cavabdeh həm prokurorluqda izahat verərəkən həm də məhkəmə hazırlıq iclası zamanı iddiaçı bu məzmunda vəd vermədiyini, ondan evin sənədləşməsi ilə bağlı pul almadığını, qeyd edilənlərin şər və böhtan xarakterli olduğunu bildirmişdir. Göstərilənləri cavabdehlə yanaşı cinayət işinin başlanmasının rədd edillməsi haqqında qərardan da başa düşmək olur. Belə ki, iddiaçı iddia tələbində cavabdehə 3.000 manat pul verdiyini qeyd etsə də Neftçala rayon prokurorluğuna etdiyi şikayətində pu məbləğinin 600 manat olduğunu qeyd etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçıya öz şahidlərini və mövcuddursa digər sübutlarını təqdim etməsi təklif olunmuş, bu məqsədlə işin məhkəmə iclasları təxirə salınmış, lakin iddiaçı heç bir mötəbər sübut təqdim etməmiş, onun istinad etdiyi halları təsdiq edə biləcək şahidlərin dindirilməsinə dair vəsatət verməmişdir. İddiaçı isə ərinin vəfat etdiyini, oğlu ilə birllikdə pul verdiyini, oğlunun müharibə iştirakçısı olduğunu, sonradan vəfat etdiyini bildirmişdir. Bununla yanaşı iddiaçıya təklif olunduğuna baxmayaraq o, əlavə sübut və şahidlərinin olmadığını bildirmişdir. Göstərilənləri məcmu şəkildə nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı öz tələbini sübuta yetirə bilməmişdir. Ona görə də iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh X1 qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-906/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-906/2024
28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver