Məhkəmə qərarları › İş №2(053)-929/2023

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-929/2023

31.08.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-929/2023 31.08.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu, İddiaçı Cavabdeh qarşı 3 hektar zəbt olunmuş pay torpağının geri qaytarılması, 9 il müddətində həmin torpaqdan götürülən qazanc və 50.000 manat dəymiş ziyan tələbinə dair iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən zəbt edilmiş özünə və mərhum atasına məxsus pay torpağının zəbtdən çıxarılaraq geri qaytarılması və 9 il müddətində onlara dəymiş 50.000 manat miqdarında ziyanın, habelə 9 ilin taxıl və pambıq məhsulunun dəyərinin hesablanaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində «iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları)» göstərilməlidir. Həmin Məcəllənin 150.1-ci maddəsinə əsasən iddia ərizəsinə «dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd» əlavə edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Qeyd olunur ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədlər qanunvericiliyin yuxarıda göstərilən tələblərinə ziddir. Belə ki, iddia ərizəsində cavabdehin ünvanı kimi «Neftçala rayonu, Mürsəqulu kəndi» göstərilib. «AZEMİS» Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatdan görünür ki, cavabdeh «Neftçala rayonu, Dördlər kəndi» ünvanı üzrə qeydiyyatdadır. Beləliklə, iddia ərizəsində göstərilən «Neftçala rayonu, Mürsəqulu kəndi» ünvanı cavabdehə aid deyil. Bundan əlavə təqdim edilmiş sənədlərdən görünür ki, iddia ərizəsinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd də əlavə edilməyib. Bununla bağlı qeyd olunur ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən iddia tələbinin həcminə uyğun olaraq iddiaçı tərəfindən 240 manat miqdarında dövlət rüsumu ödənilməli olduğu halda, cəmi 70 manat miqdarında dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1 və 152.1.5-ci maddələrinə əsasən «iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə», «müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə» hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni Məcəllənin 152.2-ci maddəsinə əsasən «iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır». Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən «İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur». Yuxarıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264-cü və 266 – 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı 3 hektar zəbt olunmuş pay torpağının geri qaytarılması, 9 il müddətində həmin torpaqdan götürülən qazanc və 50.000 manat dəymiş ziyan tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar