Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-96/2024 08.02.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı, Cavabdeh, cavabdehin nümayəndəsi (əri) X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək cavabdehdən «7.100 (yeddi min yüz) manat aldığı qızılın əvəzi, 1.500 (min beş yüz) manat geyim və qabqacağın əvəzi ümumilikdə 8.600 (səkkiz min altı yüz) manat» məbləğində pulun, habelə iddia ilə məhkəməyə müraciət etməsi üçün ödədiyi 120 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək bildirmişdir ki, ticarətlə məşğul olur. Cavabdeh uzun müddətdir ki, tanıyır. Qeyd edir ki, Səbiyyə əvvəllər onunla alış-veriş etmiş və əvvəlki vaxtlarda aldığı malların dəyərini vaxtlı-vaxtında ödəmişdir. Sonuncu dəfə isə cavabdeh ondan 7.100 manat dəyərində qızıl-zinət əşyaları habelə 1.500 manat dəyərində geyim və qab-qacaq alıb. Aldığı həmin əşyaların dəyərinin 400 manatlıq hissəsini cavabdeh ona ödəmiş, qalan hissəsini isə bu günədək ödəməmişdir. Beləliklə, cavabdehin ona olan real pul borcu iddia ərizəsində göstərildiyi kimi 8.600 manat deyil, 8.200 manat təşkil edir. Bundan sonrakı dövrdə Cavabdeh ondan borc kimi 3.500 manat miqdarında pul alıb. Daha sonra isə cavabdeh qaynı “Məmmədin” uşağının əməliyyat olunacağını bildirmiş və bu adla ondan 3.500 manat miqdarında borc pul istəmişdir. Cavabdehə inanıb həmin 3.500 manat miqdarında pulu 2023-cü ilin əvvəllərində cavabdehin “Məmməd” kimi təqdim etdiyi şəxsə vermişdir. Lakin cavabdeh sonradan borclu olduğu pul məbləğlərini qaytarmaqdan imtina etmiş, bu səbəbdən o, məcburiyyət qarşısında qalaraq Neftçala Rayon Polis Şöbəsinə şikayətlə müraciət etmişdir. Neftçala Rayon Polis Şöbəsində araşdırma aparılarkən məlum olmuşdur ki, cavabdehin “Məmməd” dediyi adam əslində X3r və onunla cavabdeh arasında hər hansı qohumluq münasibəti yoxdur. Zöhrab Kərimov polis şöbəsində verdiyi izahatında bildirmişdir ki, özünü Məmməd kimi təqdim etməsini cavabdeh ondan xahiş edib. İddiaçı qeyd edir ki, Zöhrab Kərimova verdiyi 3.500 manat miqdarında pulun 3.000 manatı ona qaytarılsa da, qalan 500 manat bu günə qədər qaytarılmayıb. Neftçala Rayon Polis Şöbəsində aparılmış araşdırmanın nəticəsi olaraq 15 avqust 2023-cü ildə «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul edilmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. İddiasının təmin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı dövründə iddiaçıya verilmiş suallar və iddiaçının bunlara cavabları ilə bağlı məsələlər aşağıda qeyd olunacaq. Cavabdeh iddianı qəbul etməyərək işin məhkəmə baxışı zamanı bildirmişdir ki, əvvəllər gözəllik salonu işlədib. Vaxtilə iddiaçıdan bir iki dəfə fen və s. bu kimi əşya almış, dəyərini tam və vaxtlı-vaxtında ödəmişdir. Bundan başqa iddiaçı ilə heç bir alış-verişi olmayıb, ondan qızıl-zinət əşyaları, qab-qacaq, paltar və s. almayıb. Doğrudur, iddiaçı biriki dəfə ona baxıb alması üçün geyim əşyaları göndərmiş, lakin o, özü habelə onunla birlikdə gözəllik salonunda işləyənlər həmin paltarları bəyənməyib geri qaytarmışlar. Cavabdeh yuxarıda qeyd olunanlarla yanaşı bildirir ki, iddiaçı adamlara “sələmə” (faizlə) pul verməklə məşğul olur. İddiaçının bildirdiyi X6 adlı şəxs taksi sürücüsü olmaqla Neftçala – Bakı marşrutu üzrə işləyir. X1 Zöhrabla yaxşı münasibəti var və nəqliyyata ehtiyacları olanda bir qayda olaraq sonuncunun xidmətindən istifadə edirlər. Qızı Bakı şəhərində tələbədir. Bir dəfə o, qızı və Zöhrabın bacısı Zöhrabın avtomobili ilə Bakı şəhərinə gedərkən Zöhrab problemlərinin olduğunu bildirmiş və onların həlli üçün pula ehtiyacı olduğunu demişdir. Bununla əlaqədar Zöhraba bildirmişdir ki, Məlahət adlı bir qadın “sələmə” (faizlə) pul verməklə məşğul olur və əgər istəsə həmin qadınla danışıb onun üçün pul ala bilər. Zöhrab razılaşdığına görə Məlahətlə danışmışdır. Məlahət hər ay 15 faiz ödənilməsi şərtilə 3.500 manat pul verəcəyini bildirmişdir. O, Məlahətin şərtini Zöhraba demiş və Zöhrab bununla razılaşmışdır. Razılıq əldə olunduqdan sonra Məlahət ona Akif adlı şəxs vasitəsilə 3.000 manat civarında pul göndərmişdir ki, o, da öz növbəsində Zöhraba çatdırsın. İddiaçının razılaşdıqları 3.500 manat əvəzinə daha az məbləğdə pul göndərməsinin səbəbi isə bu idi ki, cavabdeh ilk ayın faiz məbləğini əvvəlcədən çıxmışdır. Beləliklə, o, iddiaçının göndərdiyi 3.000 manat civarında pulu Zöhraba vermişdir. Sonradan faizləri Zöhrab ödəyib. Lakin daha sonra Zöhrab pulu ödəyə bilmədiyindən Məlahət onu (cavabdehi) narahat etməyə başlamış və onun bu işdə vasitəçilik etdiyini əsas gətirərək pulu ondan tələb etmişdir. Cavabdeh bildirir ki, onunla Məlahətin və Zöhrabın yuxarıda göstərilən münasibətləri barədə ilk əvvəl əri Vidadinin məlumatı olmayıb. İddiaçı isə qalmaqallı adamdır. Ona görə də söhbətin ərinə çatacağından ehtiyatlanıb, evində söz-söhbət yaranmasın deyə, məcburiyyət qarşısında qalaraq Məlahətə faiz ödəməyə başlamışdır. Lakin sonradan Məlahətin tələb etdiyi pul məbləğlərini ödəmək imkanı olmadığından bu söhbətlər açılmış və o, ərinə hadisələrin necə baş verdiyini danışmışdır. Nəhayət 03 iyun 2023-cü ildə Zöhrab Vidadinin iştirakı ilə Məlahətə 3.000 manat pul verərək, bununla bağlı sonuncudan qəbz almışlar. Lakin Məlahət bununla da kifayətlənməmiş, faizlərin tam ödənilmədiyini əsas gətirərək ondan (cavabdehdən) pul tələb etməkdə davam etmişdir. Bir dəfə vəziyyət hətta o, həddə çatmışdır ki, Məlahət onun yaşadığı evə gəlmiş, qalmaqal salmış, küçədə onun ünvanına küçə sözləri ilə söyüşlər söymüş və ona xəsarət yetirmişdir. Bununla əlaqədar Neftçala Rayon Polis Şöbəsinə müraciət etmişlər. Lakin müstəntiqin 15 avqust 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd olunub. Cavabdeh bildirir ki, iddiaçı ilə yuxarıda qeyd olunanlardan başqa heç bir münasibəti olmayıb. Qeyd olunan pul məbləği isə iddiaçıya artıqlaması ilə ödənilib. Belə ki, iddiaçı verdiyi 3.000 manatın qarşılığında ondan 8.000 manatdan çox pul alıb. Məlahət aylıq faiz məbləğləri gecikdiyi hallarda ona hər gün üçün əlavə 10 manat cərimə hesablayırdı. İddiaçıdan Zöhrab üçün faizlə borc pul almasını əvvəlcə əri Vidadiyə bildirməmiş, bundan istifadə edən iddiaçı yuxarıda göstərilən hadisədən də əvvəl dəfələrlə yaşadıqları evə gələrək ona müxtəlif formalarda hədə-qorxu gəlmiş, onu təhqir etmiş, habelə «uşaqlarının başına oyun açacağam» deyərək qorxutmuşdur. İddiaçının hədələrindən qorxduğuna görə Bakı şəhərində təhsil alan qızının oxuduğu universitetə gedib, təhsil müəssisəsinin mühafizəçisindən qızını görmək üçün gələ biləcək hər hansı bir şəxsə onunla görüşməsinə imkan verməməsini, belə bir hal baş verərsə, dərhal ona zəng etməsini xahiş etmişdir. İddiaçının təhdidləri səbəbindən hətta bir dəfə intihara cəhd edib. İddiaçıdan qızıl-zinət və ya geyim əşyaları, habelə qab-qacaq ümumiyyətlə almayıb və ona heç bir pul borcu yoxdur. Əksinə iddiaçıdan şəxsən özü üçün heç bir pul məbləği almadığı bir halda ona 8.000 manat civarında faiz vermişdir. İddia ərizəsində göstərilən digər 3.500 manat miqdarını isə ümumiyyətlə iddiaçıdan heç vaxt almayıb. İddiaçının ona qarşı hədə-qorxu gəlməsi, polisə və məhkəməyə müraciətlər etməsi yalnız qanunsuz gəlir əldə etmək məqsədi güdür, iddia ərizəsində göstərilənlər isə ümumiyyətlə həqiqətə uyğun deyil. Göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsi (əri) X5 da işin məhkəmə baxışı zamanı iddianı qəbul etməyərək cavabdehin bildirdiklərinə uyğun məzmunlu izahat vermişdir. İddianın rədd olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X4 bildirmişdir ki, İddiaçı, həmçinin Cavabdeh tanıyır. Belə ki, iddiaçının sahibi olduğu və «Oba marketlər» şəbəkəsinə icarəyə verdiyi mağazada bir müddət satıcı işləyib. İddiaçı bir dəfə ona 2 ədəd çanta verib xahiş etmişdir ki, Səbiyyə xanıma versin. O, da həmin çantaları cavabdehə vermişdir. Çantaların içərisində nə olduğunu bilmir. Şahid həmçinin qeyd edir ki, cavabdeh ona bir dəfə iddiaçıya çatdırması üçün pul vermiş, o, da pulu iddiaçıya çatdırmışdır. İddiaçının cavabdehlə mübahisəsi barədə hər hansı başqa məlumatı yoxdur. Məhkəmə tərəfləri və şahidi dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia rədd olunmalıdır. Neftçala Rayon Polis Şöbəsinin istintaq qrupunun müstəntiqinin 15 avqust 2023-cü il tarixli qərarının surətindən görünür ki, tərəflərin qarşılıqlı şikayəti ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. İş materiallarına İddiaçı, cavabdehin nümayəndəsi Vidadi Axundov və Zöhrab Kərimov tərəfindən imzalanmış qəbz əlavə olunub. Həmin qəbzdən görünür ki, İddiaçı Zöhrab Kərimova Cavabdeh vasitəsilə verdiyi 3.000 manat məbləğində pulu 03 iyun 2023cü ildə alıb. Cavabdeh tərəf məhkəməyə iddiaçının səs yazısı və videogörüntüsü olan kompakt disk təqdim edib. Diskdə 2 fayl var. Həmin fayllardan biri cavabdehin iddiaçıya ünvanladığı səsli «WhatsApp» mesajıdır. Bu mesajdan iddiaçının birtərəfli formada cavabdehə maya 3.000 manat, iki ay üçün hər ayı 500 manat olmaqla 1.000 manat, növbəti ayın on səkkiz günü də bütöv ay kimi qiymətləndirilərək 500 manat aylıq faiz borcu, həmçinin birinci ayın ödənişinin gecikməsinə görə 200 manat, habelə cavabdehdə bir müddət qalan 1.200 manat pula görə 150 manat olmaqla ümumilikdə 5.000 manata yaxın məbləğdə borc hesabladığını bildirməsi müəyyən olunur. Digər fayl videogörüntüdən ibarətdir. Həmin videogörüntü əsasən iddiaçı tərəfindən cavabdehə ünvanlanmış «mənə on min atmısan, pullarımı niyə vermirsən?» kimi ifadələrdən və nalayiq məzmunlu təhqirlərdən ibarətdir. Qeyd olunur ki, iddiaçı yuxarıda göstərilən qəbzdə yazılanların, habelə kompakt diskdəki səs və video yazılarının həqiqiliyini işin məhkəmə baxışı zamanı mübahisələndirməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələblərinin əsası kimi istinad olunan hallar iddiaçının özü tərəfindən sübuta yetirilməlidir. İş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddiaçı üzərinə düşən sübutetmə vəzifəsini icra etməyib. İddiaçı cavabdehin ondan 7.100 manat dəyərində qızıl, habelə 1.500 manat dəyərində geyim əşyaları və qab-qacaq aldığını bildirir. Məsələ ilə bağlı ilk növbədə qeyd olunur ki, iddiaçı qızıl-zinət əşyalarının ümumi dəyərini göstərdiyinə baxmayaraq, onların sayı, çeşidi, çəkisi, əyarı və s. əlamətlərini göstərməmiş və məhkəməyə bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda iddiada geyim və qab-qacaq əşyalarının sayı, növü, çeşidi, ayrı-ayrılıqda qiymətləri və s. əlamətləri barədə də məlumat yoxdur. İddiaçı işin məhkəmə baxışı dövründə də yuxarıda göstərilənlərlə bağlı məlumat verməyib. Bununla bağlı suallara cavab olaraq iddiaçı işin məhkəmə baxışı zamanı bildirmişdir ki, cavabdehə satdığı əşyaları dəftərdə qeyd etmiş, lakin sonradan həmin dəftəri itirmişdir. Məhkəmə işin faktik hallarını məcmu şəkildə qiymətləndirərək iddiaçının bu dəlilini inandırıcı saymır. İddiaçının təqdim etdiyi şahidin ifadəsi də müvafiq halın sübuta yetirilməsi üçün kifayətedici və mötəbər sayıla bilməz. Belə ki, şahid X4 iddiaçıdan cavabdehə təhvil verməsi üçün aldığı çantaların içərisində nə olduğunu görməyib. Cavabdeh isə bildirir ki, bu çantalar ona çatdırıldığına baxmayaraq, içərisindəki əşyaları istər o, istərsə də onunla birlikdə gözəllik salonunda işləyənlər bəyənməmiş və geri qaytarmışlar. Bunlarla yanaşı, iddiaçı bildirir ki, cavabdeh ondan əvvəl ümumilikdə 8.600 manat dəyərində qızıl-zinət, geyim əşyaları və qab-qacaq almış, sonra 3.500 manat məbləğində, daha sonra isə qaynı kimi təqdim etdiyi Məmməd adlı şəxs üçün 3.500 manat məbləğində borc pul almışdır. Sual yaranır. Əgər cavabdeh iddiaçıya borclu olduğu 8.600 manat məbləğində pulu uzun müddət ərzində ödəməyibsə, hansı səbəbdən iddiaçı ona yenidən 3.500 manat, sonra isə daha 3.500 manat məbləğində borc verib. İddiaçı bu sualı işin məhkəmə baxışı dövründə inandırıcı dəlillə cavablandıra bilməmişdir. Beləliklə, iddiaçı müvafiq əşyaların ayrı-ayrılıqda dəyərini və s. fərdi xüsusiyyətlərini bildirməməklə yanaşı, ümumilikdə 8.600 manat dəyərində əşyaları cavabdehə verməsi halını da məhkəmədə sübuta yetirə bilməmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı bildirmişdir ki, cavabdehdən yalnız qızıl-zinət, geyim və qab-qacağın pulunu tələb edir, iddia ərizəsində göstərilən 3.500 manat məbləğləri ilə bağlı isə cavabdehə qarşı heç bir tələbi yoxdur. Məhkəmə işin faktik hallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia heç bir mötəbər sübutla təsdiqlənmədiyindən rədd olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın rədd olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə xərcləri, o cümlədən ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddia ilə məhkəməyə müraciət olunması üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-96/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-96/2024
08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver