Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-978/2024 19.11.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək cavabdehdən ona vurduğu maddi ziyanın əvəzi olaraq 35.317 manat məbləğində pul tutulmasına, habelə onun (iddiaçının) şərəf və ləyaqətini alçaltmaqla vurduğu mənəvi ziyanın təzminatının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, Neftçala rayonu, Kürqarabucaq kəndindən olan Cavabdeh ilə 2015-ci ilin noyabr ayında tanış olub. Cavabdeh onun yaşadığı ünvanda kirayədə qalırdı. Tanış olduqdan bir müddət sonra cavabdeh onunla ailə qurmaq istədiyini bildirmiş, Yaşarın ailə vəziyyəti ilə maraqlandıqda o, arvadının psixi xəstə olduğunu, bu səbəbdən uzun illərdir ki, onunla ər-arvad münasibətlərində olmadığını, yalnız uşaqlarına görə arabir ailəsinə baş çəkdiyini demişdir. İddiaçı həmçinin qeyd edir ki, o, 2006-cı ildə əri ilə boşanmış və azyaşlı oğlu ilə tək yaşamağa başlamışdır. Tək qadın kimi uşaq saxlamaq, işləmək və eyni zamanda uzun illər ərzində kirayədə yaşamaq onu mənəvi cəhətdən çox sıxdığı üçün ona maddi və mənəvi dəstək olmasını istəyərək cavabdehin səmimiliyinə inanmışdır. Beləliklə, onlar rəsmi nikah olmadan, yalnız dini nikahla, həmçinin hər iki tərəfin qohumlarının məlumatı və razılığı əsasında birgə yaşamağa başlamışlar. Birgə yaşadıqları dövrdə o, cavabdehə ailə başçısı kimi hörmət etmiş və onun uşaqları ilə əlaqə saxlamasına mane olmamışdır. Bu müddət ərzində öz oğlu artıq böyümüş və o, ana kimi onun gələcəyi barədə düşünməyə, narahat olmağa başlamışdır. Bundan istifadə edən Cavabdeh ona tanıdığı bir adamın müəyyən miqdar pul qarşılığında oğlunun C.Naxçıvanski adına hərbi liseyə qəbul olunmasına kömək edə biləcəyini bildirmişdir. Daha sonra, yəni 2019-cu ilin təxminən may ayında cavabdeh ona bildirdi ki, 24 iyun 2004-cü il təvəllüdlü oğlu Mirqabil Həmidovun C.Naxçıvanski adına hərbi liseyə qəbul olunması üçün 16.500 manat pul lazımdır. O, da cavabdehə inanmış, az müddət sonra qardaşının arvadı Günel Hüseynovadan 3.000 manat, iş yoldaşı Canəli Qəzənfərovdan 5.000 manat borc almış, bu pulun üstünü oğlu üçün ödənilmiş, lakin xərcləmədiyi 8.500 manat miqdarında aliment pulu ilə düzəldərək, 2019-cu ilin iyun ayında yaşadıqları evdə gəlini X1 yanında cavabdehə ümumilikdə 16.500 manat miqdarında pul vermişdir. Pulu cavabdehə verərkən ona inandığını, bu səbəbdən borc altına girdiyini, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Təlim Mərkəzində kargüzar işlədiyini və cüzi əməkhaqqı aldığını, bu işdə dələduzluq ola biləcəyini, əgər iş alınmazsa və pullar batarsa az əməkhaqqı ilə borcu ödəyə bilməyəcəyini və işdən çıxarıla biləcəyi ilə bağlı narahatlığını bildirmişdir. Cavabdeh isə ona bu barədə narahat olmamasını, işi dostunun düzəltdiyini, onun çox tanınmış və hörmətli bir adam olduğunu, puluna da özü cavabdeh olduğunu söyləmişdir. Bundan sonra o, cavabdehə inanmış, onu və oğlunu çətin vəziyyətdə qoymayacağını düşünmüşdür. Lakin o, Cavabdeh tərəfindən aldadılıb. Belə ki, cavabdeh onun 16.500 manat məbləğində pulunu mənimsəmiş, oğlu Mirqabil Həmidovu C.Naxçıvanski adına hərbi liseyə düzəltməmişdir. O, aldadıldığını başa düşdükdən sonra pulunu tələb etməyə başlamış, lakin cavabdeh hər dəfə ona bildirmişdir ki, verdiyi pulu geri ala bilmir. Daha sonra məlum olmuşdur ki, cavabdeh onu aldadaraq aldığı 16.500 manat məbləğində pulun bir hissəsi ilə Ceyhun adlı şəxsin adına “Kamaz” markalı 99XE452 dövlət qeydiyyat nişanlı yük maşını almış, qalan hissəsi ilə isə öz borclarını ödəmişdir. İddiaçı öz ərizəsində həmçinin qeyd edir ki, 2018-ci ildə cavabdeh ona “Kamaz” markalı maşın almaq istədiyini, bunun üçün ona pul lazım olduğunu, əgər bu maşını alarsa, işləyəcəyini və maddi durumlarının yaxşı olacağını bildirmiş, lakin rəsmi iş yeri olmadığı üçün kredit götürə bilmədiyini, buna görə də ondan bankdan kredit götürməsini xahiş etmişdir. O, 12 yanvar 2018-ci ildə "xxxx"dan 5.500 manat məbləğində kredit götürərək cavabdehə vermiş, lakin cavabdeh iş yerinin olmamasını bəhanə edərək kredit borcunu ödəməmişdir. Beləliklə, kredit borcu hər ay onun əmək haqqından tutulmuş və nəticədə banka ümumilikdə 9.329 manat pul ödəmişdir. O, cavabdehin bu hərəkətləri barədə 2020-ci ilin fevral ayında Nərimanov Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmiş, araşdırma zamanı Cavabdeh onun (iddiaçının) dediklərini tam olaraq etiraf etmiş və təhqiqatçıya aldığı pulları tez bir zamanda qaytaracağını bildirmişdir. Ona da şikayət etməməsi ilə bağlı yalvarmış, pulların hamısını qaytaracağına dair söz vermişdir. O, bu dəfə də cavabdehin dediklərinə inanmış və ona pullarını qaytarması üçün şans vermişdir. Bir neçə gün sonra cavabdeh onun yanına gələrək ona narahat olmamasını, hər şeyin yaxşı olacağını, yeni iş qurduğunu, söyləmiş və yenidən birlikdə yaşamağa başlamalarını xahiş etmişdir. Daha sonra ona 10.000 manat borc pul lazım olduğunu, lakin rəsmi işi olmadığı üçün kredit götürə bilmədiyini, bu səbəbdən krediti onun (iddiaçının) adına götürməsini və pulunu da özünün ödəyəcəyini bildirmişdir. O, yenə cavabdehin sözlərinə inanaraq oğlunun iştirakı ilə "xxxx"dan 4 il müddətinə 6.600 manat kredit götürmüş və pulu Cavabdeh vermişdir. Pulu verərkən yenə bildirmişdir ki, birdən pulu ödəməsə ona problem yaradar və onu işdən çıxararlar. Cavabdeh də ona həm indiki pulu, həm də əvvəlki aldığı pulları qaytaracağına dair söz vermişdir. Lakin cavabdeh yenə də onu aldadaraq onun adına kredit götürdüyü pulların bir qismini arvadının müalicəsi üçün xərcləmiş, köhnə “Kamaz” markalı maşınını təmir etdirmiş, həmin maşını sataraq 77FK419 dövlət qeydiyyat nişanlı “Toyota Corolla” minik markalı maşın almış, həmçinin ailəsi ilə birlikdə Nərimanov rayonu ərazisində kirayədə yaşamağa başlamışdır. Nəticədə ona olan əvvəlki borclarını da, kredit borcunu da ödəməmişdir. Kredit borcu onun adına sənədləşdirildiyi üçün 6.600 manat əsas borc, 2.888,26 manat faiz borcu olmaqla, cəmi 9.488,26 manat pulu banka özü ödəyib. Ümumilikdə Cavabdeh onun bu günə kimi 35.317 manat pulunu mənimsəyib. Bunun nəticəsində cavabdeh ona həm maddi, həm də mənəvi ziyan vurub. O, cavabdehin bu hərəkətlərindən çox böyük sarsıntı keçirmiş, müxtəlif xəstəliklərdən əzab çəkməyə başlamışdır. Hal-hazırda da şəkər xəstəsidir. O, məcburiyyət qarşısında qalaraq Nərimanov Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmiş, lakin aparılmış araşdırmanın nəticəsində müstəntiq tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və qərarda bu məsələnin mülki məsələ olduğu, bu səbəbdən də məhkəməyə müraciət etməli olduğu qeyd edilmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıbdır. İddiaçı işin məhkəmə baxışı zamanı verdiyi izahatında, habelə ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, yuxarıda göstərilən 16.500 manat məbləğində pulu cavabdehə bütöv şəkildə oğlu Mirqabil Həmidovu C.Naxçıvanski adına hərbi liseyə qəbul etdirmək üçün qardaşının arvadı X1 yanında verib. İddiaçı işin məhkəmə baxışı zamanı həmçinin bildirmişdir ki, özünə məxsus olan və çəkisi 20 qram təşkil edən qızıllarını lombarda girov qoyub oradan 500 manat götürərək həmin pulu cavabdehə vermiş, lakin cavabdeh bu pulu da mənimsəyərək qaytarmamışdır. Lakin bu məbləği cavabdehdən tələb etmir. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh iddianı qəbul etməyərək işin məhkəmə baxışı zamanı bildirmişdir ki, iddiaçının göstərdikləri həqiqətə uyğun deyil. Qeyd edir ki, həqiqətən də İddiaçı ilə 2015-ci ildə tanış olmuş və qeyri-rəsmi ailə münasibətləri yaranmışdır. Lakin onun iddiaçıya bir manat belə borcu yoxdur və iddiaçıdan heç vaxt sonuncunun bildirdiyi məbləğlərdə pul almayıb. Əksinə o, birlikdə yaşadıqları dövrdə iddiaçının evinin inşasına və təmirinə xeyli miqdarda vəsait xərcləyib. Cavabdeh həmçinin qeyd edir ki, özünün həmişə “Kamaz” markalı yük maşını olmuş, həmişə işləmiş və pul qazanmışdır. Ona görə də iddiaçıdan hər hansı məbləğdə borc almağa ehtiyacı olmayıb. Lakin iddiaçı ilə qeyri-rəsmi ailə münasibətləri pozulduqdan sonra sonuncu ona qarşı aqressiv davranmağa başlamış, polisə əsassız şikayətlərlə müraciət etmişdir. Göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X2 bildirmişdir ki, İddiaçı onun baldızıdır. 2019-cu ildə iddiaçı ona zəng edərək 3.000 manat məbləğində pul lazım olduğunu bildirmiş, o, da həmin məbləğdə pulu gətirib iddiaçının evində ona təqdim etmişdir. Həmin vaxt iddiaçı bildirmişdir ki, bu pulu uşağını məktəbə düzəltmək üçün cavabdehə verəcək. Beləliklə, iddiaçı 3.000 manat məbləğində pulu ondan götürmüş və məhz həmin məbləği cavabdehə vermişdir. İddiaçının cavabdehə 3.000 manat miqdarında pulu verdiyini şəxsən görüb. Qeyd olunur ki, pulun iddiaçı tərəfindən cavabdehə verilməsi məsələsi ilə bağlı şahid ziddiyyətli ifadə verib. Belə ki, o, sərbəst izahat verərkən iddiaçının cavabdehə məhz 3.000 manat məbləğində pul verdiyini bildirdiyinə baxmayaraq, sonradan verilmiş sualların cavabında qeyd etmişdir ki, iddiaçının cavabdehə pul verdiyini şəxsən görmüş, lakin cavabdehə verilən pulun konkret olaraq hansı miqdarda olduğunu bilmir. Məhkəmə tərəfləri və şahidi dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia rədd olunmalıdır. İş materiallarından görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında 12 yanvar 2018-ci ildə bağlanmış 109GTKR180120501nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 48 ay müddətinə illik 28,84 faiz dərəcəsi ilə 5.500 manat məbləğində kredit verilib. Ödəniş cədvəlinə əsasən kredit müddətinin sonuna iddiaçı tərəfindən əsas borc və faiz daxil olmaqla banka ümumilikdə 9.329,63 manat miqdarında ödəniş edilməlidir. 13 sentyabr 2018-ci il tarixli girov biletinin surətindən görünür ki, İddiaçı çəkisi 20 qram olan 2 üzük və 1 qolbağı X4 adlı şəxs qarşısında girov qoymuş və bunun müqabilində 500 manat pul almışdır. İş materiallarından həmçinin görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında 12 yanvar 2021-ci ildə bağlanmış GTKR3337282A218 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 35 ay müddətinə illik 26 faiz dərəcəsi ilə 6.600 manat məbləğində kredit verilib. Ödəniş cədvəlinə əsasən kredit müddətinin sonuna iddiaçı tərəfindən əsas borc və faiz daxil olmaqla banka ümumilikdə 9.448,26 manat miqdarında ödəniş edilməlidir. Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqinin 21 mart 2024-cü il tarixli qərarının surətindən görünür ki, iddiaçının müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. İddia ərizəsində göstərilənlərdən fərqli olaraq qərarın məzmunundan görünür ki, cavabdeh iddiaçıya borclu olması halını müvafiq material üzrə araşdırma dövründə də etiraf etməyib. İddiaçı ilə cavabdeh məhkəməyə kompakt diskdə və fleşkartda audioyazılar və fotoşəkillər təqdim ediblər. Məhkəmə həmin kompakt disk və fleşkarta hər iki tərəfin iştirakı ilə məhkəmə iclasında baxış keçirmiş, oradakı səs yazılarının və fotoşəkillərin hazırkı iddia tələbi üzrə sübut əhəmiyyətinə malik olmadıqlarını müəyyən etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələblərinin əsası kimi istinad olunan hallar iddiaçının özü tərəfindən sübuta yetirilməlidir. İddiaçının, cavabdehi və şahidi dinləyib, iş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddiaçı üzərinə düşən sübutetmə vəzifəsini icra etməmişdir. Bununla əlaqədar ilk növbədə qeyd olunur ki, iddiaçı bildirdiyi pul məbləğlərini cavabdehə verdiyini təsdiq edə biləcək heç bir mötəbər sübut təqdim etməyib (iddiaçının bankdan kredit götürməsi və ya girov müqabilində pul alması halları da onun sonradan həmin pul məbləğlərini cavabdehə verməsi halını təsdiq etmirlər). Cavabdeh də iddiaçı tərəfindən ona pul verilməsi halını etiraf etmir. Göstərilənlərlə yanaşı məhkəmə hesab edir ki, iddiaçının öz tələblərinin əsası kimi bildirdiyi dəlillər də ziddiyyətlidir. Məsələn, iddiaçı öz ərizəsində qeyd edir ki, 2018-ci ildə cavabdeh ona “Kamaz” markalı maşın almaq istədiyini bildirmiş, buna görə də o (iddiaçı), 12 yanvar 2018-ci ildə "xxxx" ASC-dən 5.500 manat məbləğində kredit götürərək cavabdehə vermişdir. Lakin cavabdeh həmin pulu qaytarmadığına görə o (iddiaçı), 2020-ci ilin fevral ayında Nərimanov Rayon Polis İdarəsinə ərizə ilə müraciət edib (iddiaçı məhkəməyə həmin müraciətinin nəticəsinə dair hər hansı sənəd təqdim etməyib (Nərimanov Rayon Polis İdarəsinin müstəntiqinin iş materiallarına əlavə edilmiş qərarı iddiaçının 09 fevral 2024-cü il tarixli müraciəti ilə bağlıdır)). İddiaçı ərizəsində həmçinin qeyd edir ki, o, daha sonra "xxxx" ASC-dən 6.600 manat kredit götürmüş və cavabdehə vermişdir (iş materiallarından görünür ki, "xxxx" ASC ilə iddiaçının arasında bağlanmış kredit müqaviləsinə əsasən sonuncuya 35 ay müddətinə 6.600 manat miqdarında kredit verilib). Bununla yanaşı, iddiaçı qızılları girov qoyması hesabına əldə etdiyi 500 manat miqdarında pulu cavabdehə verdiyini bildirir (iddiaçı həmin məbləği hazırda tələb etmir). Həmçinin, iddiaçı oğlunun C.Naxçıvanski adına liseyə qəbul olunması üçün cavabdehə 2019-cu ilin iyun ayında 16.500 manat miqdarında pul verdiyini, lakin cavabdehin öz vədini yerinə yetirmədiyini bildirir (cavabdeh həmin məbləğin 3.000 manatlıq hissəsini qardaşı arvadı Günel Hüseynovadan, 5.000 manatını isə iş yoldaşı Canəli Qəzənfərovdan aldığını bildirir). Sual yaranır. Əgər iddiaçı cavabdehə 2018-ci ilin yanvar ayında verdiyi 5.500 manat, eyni ilin sentyabr ayında verdiyi 500 manat məbləğlərində pulları geri ala bilməyibsə, məsələ ilə bağlı hətta 2020-ci ilin fevral ayında polisə belə müraciət edibsə, nəyə görə o, 2019-cu ilin iyun ayında qardaşı arvadından və iş yoldaşından borc alaraq, cavabdehə pul veribdir? Bununla yanaşı, əgər cavabdeh iddiaçıdan götürdüyü 16.500 manat pulla bağlı verdiyi vədə əməl etməmişdirsə, hansı səbəbdən iddiaçı 2021-ci ilin yanvar ayında bankdan kredit götürərək cavabdehə daha 6.600 manat məbləğində pul veribdir? Qeyd olunur ki, məhkəmə iddiaçının yuxarıda göstərilən suallarla bağlı verdiyi izahları inandırıcı və ağlabatan saymır. Qeyd olunmalıdır ki, iddiaçının məhkəməyə verdiyi izahatla Nərimanov Rayon Polis İdarəsinə verdiyi izahat arasında da ziddiyyətlər var. Məsələn, iddiaçı Nərimanov Rayon Polis İdarəsində cavabdehə oğlunu C.Naxçıvanski adına hərbi liseyə qəbul etdirmək məqsədilə 16.000 manat verdiyini bildirdiyinə baxmayaraq, məhkəmədə bu məbləği 16.500 manat olmaqla göstərib. Məhkəmə hesab edir ki, şahid X1 ifadəsi də iddiaçının istinad etdiyi halları təsdiq edə biləcək sübut kimi qiymətləndirilə bilməz. Məsələ ilə bağlı məhkəmə ilk növbədə iddiaçı ilə şahidin qohum olduqlarını nəzərə alır. Bununla yanaşı, iddiaçı ilə şahidin ifadələri arasında ziddiyyət mövcuddur. Belə ki, iddiaçı cavabdehə 16.500 manat məbləğində pulu şahid X1 yanında bütöv şəkildə verdiyini bildirir. Şahid isə məhkəməyə verdiyi sərbəst ifadəsində iddiaçının cavabdehə onun iştirakı ilə 3.000 manat məbləğində pul verdiyini bildirmişdir. Müvafiq sual-cavab zamanı şahid məsələ ilə bağlı bildirdiklərinin iddiaçının bildirdiklərindən fərqli olduğunu başa düşüb ifadəsini dəyişərək məhkəməyə bildirmişdir ki, pul onun yanında verildiyinə baxmayaraq iddiaçının cavabdehə konkret olaraq hansı məbləğdə, yəni 16.500 və 3.000 manat verdiyini dəqiq bilmir. Beləliklə, məhkəmə işin faktik hallarını araşdıraraq belə qənaətə gəlir ki, pul tələbinə dair iddia heç bir mötəbər sübutla təsdiqlənmədiyindən rədd olunmalıdır. Pul tələbinin rədd olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, mənəvi zərərin əvəzinin ödənilməsi tələbi də rədd olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın rədd olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə xərcləri, o cümlədən ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddia ilə məhkəməyə müraciət olunması üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-978/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-978/2024
19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver