Məhkəmə qərarları › İş №2(054)-114/2025

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-114/2025

09.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-114/2025 09.04.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ X19 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili İsmayılov İsmayıl Mayıl oğlunun iştirakı ilə, Ərizəçi qohumluq faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 09 aprel 2025-ci il tarixdə Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi (ərizəçi) ərizə ilə məhkəməyə müraciət edərək, mərhum Bəkirova (Yusubova) Şakalat Mirzə qızı ilə qohumluq münasibətində, yəni bacı-qardaş olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında Ərizəçi izahat verərək bildirdi ki, 1944-cü ildə Oğuz rayon Bayan kəndində anadan olub, hazırda qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. X2 xx.xx.1936-cı il tarixdə anadan olmuşdur. Bacısının və onun doğum haqqında şəhadətnaməsi olmamışdır. Bacısı əvvəlcə Dağıstanda ərdə olub. Sonra boşanıb evə qayıtmışdır. Bacısı xx.xx.1971-ci ildə rəsmi nikahla Yevlax rayon sakini X15 ərə getmişdir. Bacısının hər iki nikahdan uşaqları doğulmamışdır. Əri öldükdən sonra bacısı Oğuz rayonuna geri qayıtmışdır. Bacısı xx.xx.2006-cı ildə ölmüşdür. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 65 saylı qərarı ilə ona, həyat yoldaşı Nəzakətə, qızı Reyhana və bacısı Şakalata 0,26 ha həyətyanı torpaq sahəsi verilmişdir. Hazırda həmin torpaq sahəsinin üzərində olan tikililərlə birgə qeydə alınması zərurəti yaranmışdır. Onun və bacısının doğum şəhadətnamələri olmadığından hazırda sənədləşmənin həyata keçirilməsi mümkün deyil. Doğum qeydiyyatlarının olub-olmaması və əldə edilməsi ilə bağlı Oğuz rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Şöbədən ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Qohumluq faktının müəyyən edilməsi, bacısı Şakalatla onun doğma bacı-qardaş olması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizəçinin izahatını təsdiq etdi, əlavə olaraq bildirdi ki, Şakalat 1968-1971-ci illərdə Oğuz rayonunda qardaşının yanında yaşayıb, 1971-ci ildə Yevlax rayonuna ərə getmişdir. Torpaq islahatı keçirilərkən Şakalat Oğuz rayon Bayan kəndində qardaşının şəxsi təsərrüfatında ailə üzvü kimi qeydiyyatda olmuşdur. Məhz həmin vaxt ona da digər ailə üzvləri ilə birlikdə torpaq sahəsi verilmişdir. Şakalat Yusifova 2006-cı ildə vəfat edənədək qardaşı Ərizəçi yanında yaşamışdır. Vərəsəliklə bağlı sənədlərin hazırlanması üçün qohumluq faktının müəyyən edilməsi vacibdir. Ərizəçi ilə mərhumun həqiqətən bacı-qardaş olmasını şahidlər də təsdiq edə bilərlər. Ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X4 izahat verərək bildirdi ki, ərizəçi əridir. Şəki rayonu Oraban kəndindən Oğuz rayonu Bayan kəndinə gəlin gəlib. Qaynatasının adı Mirzə, qaynanasının adı Kəklik olub. Yusifin Söyün, Seyidxan, Ərzuman adlı qardaşları, Şakalat adlı bacısı olub. Şakalatın doğum tarixini bilmir. Şakalat əvvəlcə Dağıstanda ərdə idi. Uşağı olmadığından boşanıb evə qayıtdı. Bir neçə il sonra Yevlax rayonu Ərəbbəsrə kəndinə ərə getsə də, xəstələnib ciyərindən əməliyyat olduğundan onu istəməmişlər.Ona görə də əri öldükdən sonra qayıdıb Oğuza gəlmişdir. Şakalatın əri vəfat etsə də ailə ilə get-gəlləri olub, yenə də var. Şakalat gələndən sonra 1-2 il onlarla birgə yaşayıb, sonra vəfat edib. Ölüm ili yadında deyil. Təsdiq etdi ki, həqiqtən Şakalat Yusifova onun baldızı, ərizəçinin doğma bacısıdır. Məhkəmə iclasında şahid X8 izahat verərək bildirdi ki, ərizəçi əmisidir. Qardaşların ən böyüyü atası Hüseyndir. Ərzuman kiçik əmisi olub. Seyidxan və Yusif ortancıl qardaşlardır. Yusif istisna olmaqla digər qardaşlar dünyasını dəyişib. Qardaşların Şakalat adlı bir bacısı olub. Şakalat bibisi rəhmətə gedib. Ölüm vaxtı yadında deyil. Ərizəçila mərhum Şakalat Yusifovanın doğma bacıqardaş olduqlarını təsdiq etdi. Məhkəmə ərizəçinin, onun nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək, habelə işdə toplanmış sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 1944-cü ildə Azərbaycan Respublikası Vartaşen rayonu, Bayan kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayonu, Bayan kəndidir. Oğuz rayon Qeydiyyat şöbəsinin Ərizəçi ünvanlnmış. işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/11-332/2024 saylı arayışından görünür ki, xx.xx.1936-cı il tarixdə anadan olmuş və xx.xx.2006-cı il tarixdə vəfat etmiş bacısı X9 və xx.xx.1944-cü il tarixdə anadan olması barədə özünə doğum haqqında şəhadətnamənin alınması üçün verdiyi xx.xx.2024-cü il tarixli ərizəsinə cavab olaraq ərizəçinin və bacısının adına Qeydiyyat şöbəsinin arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində doğum haqqında akt qeydinin aşkar olunmadığı bildirilmiş, doğumun qeydə alınması yalnız həkim tərəfindən verilmiş doğum haqqında tibbi şəhadətnaməyə və ya məhkəmə qətnaməsinə əsasən aparılmalı olduğundan ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Oğuz rayon Qeydiyyat şöbəsinin işə əlavə edilmiş nikah haqqında xx.xx.2024-cü il tarixli, 95/12 saylı arayışından görünür ki, X17 və X6 nikahı haqqında Oğuz rayon Qeydiyyat şöbəsində xx.xx.1971-ci il tarixdə 06 nömrəli akt qeydi tərtib olunmuş, nikah bağlandıqdan sonra ər-arvada Bəkirova soyadı verilmişdir. Oğuz rayon Qeydiyyat şöbəsinin işə əlavə edilmiş ölüm haqqında xx.xx.2024-cü il tarixli, 59/12 saylı arayışından görünür ki, X13 xx.xx.2006-cı ildə ölmüş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində xx.xx.2006-cı il tarixdə 41 nömrəli akt qeydi tərtib olunmuşdur. İşə əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN 198F kod 40501028 saylı şəhadətnamənin surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 65 saylı qərarı ilə Oğuz rayon Bayan kənd sakinləri Ərizəçi, X3, X11 və X10 0,26 ha həyətyanı torpaq sahəsi verilmişdir. Oğuz rayon Dövlət Arxivinin işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 3-48-36RA2-6/2025 saylı məktubundan və ona əlavə edilmiş təsərrüfatbaşına kitabdan çıxarışlardan görünür ki, Oğuz rayon Bayan kənd icra nümayəndəliyinin Bayan kəndi üzrə 1998-2000 və 2004-2005-ci illər üzrə təsərrüfatbaşına kitabında ailə başçısı Ərizəçi olmuş, ailə üzvləri arvadı X1, qızı X7 və bacısı X5 ibarət olmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən də qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Bu Məcəllənin 307.2.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə şəxslərin qohumluq münasibətlərinin olması faktını da müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ilk öncə bildirir ki, arxiv sənədlərində və ərizəçi tərəfindən ərizəyə əlavə edilmiş və məhkəmə iclaslarında təqdim edilmiş sənədlərdəki adların və soyadların fərqli yazılışı məhkəmə icraatı zamanı mübahisə mövzusu olmamışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi 1944-cü ildə Oğuz rayon Bayan kəndində anadan olmuşdur. Onun üç qardaşı və 1936-cı il təvəllüdlü Şakalat adlı bacısı olmuşdur. Şakalat xx.xx.1971-ci ildə rəsmi nikahla Yevlax rayon sakininə ərə getmiş, uşağı olmadığındqn əri öldükdən sonra ata evinə qayıtmış, qardaşı Ərizəçila birlikdə yaşamışdır. 1998-ci ildə ərizəçiyə, onun arvadı və qızına, habelə bacısı Şakalata 0,26 ha həyətyanı torpaq sahəsi verilmişdir.Şakalat xx.xx.2006-cı ildə ölmüşdür. Hazırda onunla bağlı vərəsəliyə dair sənədlərin hazırlanması üçün ərizəçi ilə bacısı arasında qohumluğun müəyyən olunması tələb olumur. Ərizəçi və bacısının isə doğum haqqında şəhadətnamələri yoxdur və arxivdə onların doğumunun qeyd edilməsinə dair məlumat aşkar edilməmişdir. Buna görə də ərizəçi qohumluq faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə icraatı zamanı şahidlərin izahatları, həmçinin işə əlavə edilmiş sənədlərlə də həqiqətən Yusifova (Bəkirova) Şakalat (Şakalad) Mirzə qızı ilə ərizəçinin doğma bacı-qardaş olduğu təkzibedilməz sübutlarla təsdiq edildiyindən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi 1944-cü ildə anadan olmuş Ərizəçi ilə 1936-cı ildə anadan olmuş, xx.xx.2006-cı il tarixdə ölmüş Yusifova (Bəkirova) Şakalat (Şakalad) Mirzə qızının doğma bacı-qardaş olmaqla onların qohumluq münasibətində olması faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar