Məhkəmə qərarları › İş №2(054)-129/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-129/2023

08.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-129/2023 08.06.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X15 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin torpaq sahəsindən və qeyri-yaşayış tikilisindən (tövlə) çıxarılması, torpaq sahəsinin və tikilinin ona təhvil verilməsi tələbinə dair mülki işə məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı Oğuz rayonu Kərimli kəndində keçmiş “Alma bağı” adlanan ərazidə yerləşən fərdi yaşayış evinin və tikililərin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Oğuz Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə 08 iyun 2023-cü il tarixdə məhkəməyə elektron qaydada daxil olmuş ərizələri ilə işə iştirakı olmadan baxılmasını, dəqiqləşdirilmiş iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçı X2 Cavabdeh qarşı Oğuz rayonu Kərimli kəndində keçmiş “Alma bağı”adlanan ərazidə yerləşən, cavabdehlə birgə nikah dövründə inşa etdirdikləri iki otaq, bir mətbəx, bir hamam, bir naves, həyət hasarı, mal tövləsi, qarajdan ibarət tikililərin inşa edilməsinə sərf olunmuş inşaat materialları və həyətdə olan 3000 ədəd mişar daşı da daxil olmaqla onların əldə edilməsinə xərclənmiş 50000 manat vəsaitin yarısının, yəni 25000 manat vəsaitin, 0,50 ha torpaq sahəsində olan 50-60 topa fındıq ağaclarının əkilib-becərilməsinə xərclənmiş 15000 manat vəsaitin yarısının, yəni 7500 manat vəsaitin, cəmi 32500 manat vəsaitin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırki iş üzrə İddiaçı sözügedən iş üzrə məhkəmə iclasında izahat verərkən mübahisə predmeti barədə məlumat almışdır. Məsələnin mahiyyəti ondadır ki, Mətanət xanımın iddiasında qeyd edilən tikililər Talib Rüstəmov və ailə üzvlərinə məxsus torpaq sahəsində yerləşir. Belə ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 68 saylı qərarı ilə 1,40 ha pay torpaq sahəsi JN 710 kod 40504018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə iddiaçının və ailə üzvlərinin mülkiyyətindədir. Təxminən 2001-2002-ci illərdə Cavabdeh atası X13 iddiaçıya həmin torpaq sahəsində övladı üçün müvəqqəti yaşayış evi tikmək istədiyini bildirmiş, iddiaçı isə tikililərə çəkilmiş xərcin gələcəkdə ona tam şəkildə ödəniləcəyini bildirmişdir. Qeyd edilən, yəni iki otaq, bir mətbəx, bir hamam, bir naves, həyət hasarı, mal tövləsi, qarajdan ibarət tikililər başa çatdıqdan sonra Sahib Cəfərov həmin tikililəri oğlu Cavabdeh və ailəsinə vermişdir. Mətanət Rəhimlinin iddiasından sonra İddiaçı torpaq sahəsinin və üzərində yerləşən həmin tikililərin boşaldılaraq ona verilməsi barədə iddia qaldırmaq qərarına gəlmişdir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə 08 iyun 2023-cü il tarixdə məhkəməyə elektron qaydada daxil olmuş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə bildirmişdir ki, 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinə baxış keçirilmiş, həmin torpaq sahəsinin 0,5106 ha olduğu müəyyənləşdirilmişdir.Yeni tərtib edilmiş X4 X11 (TEKUİS) məlumatlarına əsasən iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan 1,40 ha torpaq sahəsindən 0,08 ha hissəsinin Cavabdeh istifadəsində olan torpaq sahəsindən 0,08 ha hissəsi ilə üst-üstə düşdüyü, həmin hissədə qeyri-yaşayış tikilisinin, yəni tövlənin olduğu müəyyən edilmişdir. Bundan sonra iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun olaraq Cavabdeh Oğuz rayonu Kərimli kəndində keçmiş “Alma bağı” adlanan ərazidə yerləşən, Torpağa mülkiyyət hüququna dair JN 710 kod 40504018 saylı Dövlət aktının 710 nömrəli planşetində göstərilmiş 0,08 ha torpaq sahəsindən və üzərində tikilmiş qeyriyaşayış tikilisindən (tövlədən) çıxarılması, torpaq sahəsi və tikilinin İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh ilkin iddia tələbini qəbul etmiş, iddiaçının izahatını təsdiq edərək bildirmişdir ki, hazırda istifadəsində olan torpaq sahəsi həyətyanı torpaq sahəsi deyil, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olub, iddiaçı və ailə üzvlərinin mülkiyyətindədir. X20 həmin torpaq sahəsini şifahi razılaşma yolu ilə özünə məxsus torpaq sahəsini verməklə iddiaçıdan götürmüşdür. 2001-2002-ci illərdə atası həmin torpaq sahəsində fərdi yaşayış evi və digər yardımçı tikililər inşa edib onun ailəsi ilə yaşaması üçün vermişdir. Keçmiş həyat yoldaşı olmuş Mətanət Rəhimli 2019-cu ildə nikahları pozulduqdan sonra torpaq sahəsində olan tikililərə kğçürülməsi barədə iddia qaldırsa da, iddiası rədd edilmişdir, çünki torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olduğundan həmin torpaqda inşa edilmiş tikililərin qeydə alınması mümkün deyil. daha sonra o, tikililərin dəyərinin yarısının ona verilməsi barədə iddia qaldırmışdır. Əslində həmin torpaq sahəsi İddiaçı olduğundan üzərində olan tikililərlə birlikdə əsl sahibinə qaytarılmalıdır. İddianın təmin edilməsini xahiş etmişdir. Hazırki məhkəmə iclasında Cavabdeh mütəxəssis rəyi ilə müəyyən edilmiş hallara etiraz etmədi, bildirdi ki, indiyədək istifadəsindəki torpaq sahəsində olan bütün tikililərin iddiaçının mülkiyyətindəki torpaq sahəsində yerləşdiyini zənn etdiyindən mübahisəli həmin tikililərin də iddiaçıya verilməli olduğunu qəbul etmişdir. Hazırki vəziyyətdə isə 0,08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində olan tövlə tikilisi ilə birgə iddiaçıya verilməsinə etiraz etmir. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə Oğuz rayonu Kərimli kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayonu Kərimli kəndidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarının surətindən görünür ki, Cavabdeh xx.xx.1973-cü il tarixdə Oğuz rayonu Kərimli kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayonu Kərimli kəndidir. İşə əlavə edilmiş torpağa mülkiyyət hüququna dair JN 710 (kod ********) saylı Dövlət aktının surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 68 saylı qərarı ilə İddiaçı, X1, X8, X3 və X9 Oğuz rayonu Kərimli kəndində 1,40 ha (planşet 710-816,90 kv.m, planşet 710C-13222,00 kv.m) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, dövlət aktının bir nüsxəsi İddiaçı verilmiş, 2-ci nüsxə xx.xx.1999-cu il tarixdə qeydiyyat kitabında 7703 nömrə ilə qeydiyyata alınmış və DTXK Oğuz rayon şöbəsində saxlanılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-42/2-2596/2023 saylı məktubu ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və işə əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, işin araşdırılması məqsədi ilə DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri xx.xx.2023-cü il tarixdə Oğuz rayon Kərimli kəndində yerləşən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsilə ölçü işləri aparmışlar. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, Oğuz rayonu Kərimli kəndində yerləşən, Cavabdeh istifadəsində olan faktiki naturada ölçülmüş mübahisəli torpaq sahəsi 0,5106 ha-dır. Yeni tərtib edilmiş X6 X7 (TEKUİS) məlumatlarına əsasən İddiaçı və ailə üzvlərinin adına tərtib edilmiş JN 710 (kod ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının 0,08 ha cizgisində göstərilən torpaq sahəsi ilə Cavabdeh istifadəsində olan torpaq sahəsi 0,08 ha hissədə (tam olaraq) üst-üstə düşür. İddiaçının və ailə üzvlərinin adına tərtib edilmiş JN 710 (kod ********) nömrəli Dövlət aktının 0,08 ha cizgisində göstərilən torpaq sahəsi ilə cavabdehin istifadəsində olan faktiki naturada ölçülmüş mübahisəli torpaq sahəsinin üst-üstə düşən hissəsində qeyri-yaşayış tikilisi (tövlə) mövcuddur. (sxem 3) Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Yenə həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Yenə həmin maddənin 3-cü hissəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “İnsan Hüquqlarının və X5 Haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Yenə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçının mülkiyyətində olan 1,40 ha torpaq sahəsinin 0,08 ha (JN 710 kod ******* saylı Dövlət aktının 710 nömrəli planşeti) hissəsi cavabdehin istifadəsində olan 0,5106 ha torpaq sahəsinin 0,08 ha hissəsi ilə üst-üstə düşür. Bu, məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində öz əksini tapmışdır. Mütəxəssis rəyi ilə həmçinin bildirilmişdir ki, həmin torpaq sahəsində qeyri-yaşayış tikilisi, yəni tövlə yerləşir. Qeyd edilənlər rəyə əlavə edilmiş 3 nömrəli sxemdə öz əksini tapmışdır. Beləliklə bütün bu sübutların məcmuyuna qiymət verən və qanunun yuxarıda göstərilən tələbini əldə rəhbər tutan məhkəmə hesab edir ki, hazırda qüvvədə olan və iddiaçı tərəfindən təqdim edilmiş Dövlət aktı, eləcə də mütəxəssis rəyi sübut kimi qəbul edilməklə, habelə cavabdehin etirazının olmaması nəzərə alınmaqla iddia tələbi təmin edilməli, Cavabdeh iddiaçının və ailə üzvlərinin adına tərtib edilmiş JN 710 (kod ********) nömrəli Dövlət aktının 0,08 ha cizgisində göstərilən torpaq sahəsindən və həmin torpaqda yerləşən qeyri-yaşayış tikilisindən (tövlə) çıxarılmalı, həmin əmlak iddiaçıya təhvil verilməlidır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilsə də iddiaçı tələb etmədiyindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh Oğuz rayonu Kərimli kəndində keçmiş “Alma bağı” adlanan ərazidə yerləşən, Torpağa mülkiyyət hüququna dair JN 710 kod 40504018 saylı Dövlət aktının 710 nömrəli planşetində göstərilmiş 0,08 ha torpaq sahəsindən və üzərində tikilmiş qeyri-yaşayış tikilisindən (tövlədən) çıxarılsın, torpaq sahəsi və tikili İddiaçı təhvil verilsin. (mütəxəssis rəyinə əlavə edilmiş 3 nömrəli sxem) Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar