Məhkəmə qərarları › İş №2(054)-13/2022

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-13/2022

15.02.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-13/2022 15.02.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Salamov Tural Fərman oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən, 26.07.2013-cü il tarixli ********** (RX 0183524) nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən xüsusi mülkiyyətində olan 0,12 hektar həyətyanı torpaq sahəsinin zəbt olunmuş 0,018 hektardan ibarət hissəsindən cavabdehlərin çıxarılmaları, həmin torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən, 0,12 hektar həyətyanı torpaq sahəsinə dair onun mülkiyyət hüquqları qeydiyyata alınaraq ona 26.07.2013-cü il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi verilmişdir. Bundan sonra o, həmin torpaq sahəsinin kənarlarını bağlamış və torpaq sahəsində abadlaşdırma işlərini yerinə yetirmişdir. Bu yaxınlarda isə ona məlum olmuşdur ki, mülkiyyətində olan 0,12 hektar həyətyanı torpaq sahəsinin 0,02 hektara yaxın hissəsi cavabdehlərin zəbtində qalmışdır. Onun həyətyanı torpaq sahəsi ilə cavabdehlərin həyətyanı torpaq sahəsinin sərhədinə hasar çəkilən zaman cavabdehlər onun orada olmamasından istifadə edərək hasar çəkən şəxslərə hasarın 5-6 metr onun torpaq sahəsinə tərəf çəkilməli olduğunu bildirmişlər. Torpaq sahəsinin planı və ölçüsü sənədindən də göründüyü kimi, cavabdehlərin evi ilə onun mülkiyyətində olan 0,12 hektar həyətyanı torpaq sahəsinin sərhədi arasında Oğuz şəhəri Nizami küçəsi istiqamətində 4,6 metr, digər tərəfdən isə 3,8 metr məsafə vardır. Cavabdehlər isə hasar çəkən şəxslərə sərhədi öz evlərindən, təxminən, 10 metr məsafədən göstərmişlər. O, mülkiyyətində olan 0,12 hektar həyətyanı torpaq sahəsinin 0,02 hektara yaxın hissəsinin cavabdehlərin zəbtində qaldığını bildikdən sonra həmin torpaq sahəsinin qaytarılmasını Cavabdeh1 təklif etmiş, lakin o, həmin təkliflə razılaşmayaraq həmin torpaq sahəsinin Cavabdeh2 adına qeydiyyata alındığını bildirmişdir. Ona görə də o, xüsusi mülkiyyətində olan torpaq sahəsinin zəbt olunmuş hissəsinin cavabdehlərdən alınaraq ona qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclaslarına gəlməmiş, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil işə iddiaçının iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə baxışı iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, iddiaçı 0,12 hektar həyətyanı torpaq sahəsini Oğuz rayon Notariat Kontorunda bağlanmış 19.10.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən hazırki iş üzrə cavabdehlərdən satın almışdır. Alqı-satqı müqaviləsi bağlanmazdan əvvəl özgəninkiləşdiriləcək torpaq sahəsinə dair tərəflər arasında olan razılaşma əsasında mütəxəssis tərəfindən bölgü planı tərtib edilmiş və tərəflər həmin bölgü planını imzalamışlar. Lakin iddiaçıya satılan torpaq sahəsi sənəd üzrə tam şəkildə ona təhvil verilməmiş və iddiaçı bunu yalnız bu yaxınlarda bilmişdir. İddiaçı cavabdehlərdən onun xüsusi mülkiyyətində olan torpaq sahəsini boşaltmalarını dəfələrlə xahiş etmişdir. Lakin hazırda da cavabdehlər iddiaçıya məxsus torpaq sahəsinin zəbt olunmuş hissəsinin özlərinə məxsus olduğunu iddia edərək qeyd olunan torpaq sahəsindən qeyri-qanuni istifadə edirlər. Hazırki vəziyyətdə də cavabdehlərin həmin torpaq sahəsinin bir hissəsini zəbt etmələri nəticəsində iddiaçı öz mülkiyyətində olan əmlakdan sərbəst və tam şəkildə istifadə edə bilmir. Qeyd etdiklərinə nəzərə alınmaqla, iddiaçının xüsusi mülkiyyətində olan 0,12 hektar həyətyanı torpaq sahəsinin 0,018 hektardan ibarət hissəsindən cavabdehlərin çıxarılmaları, həmin torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, iddia tələbi üzrə mübahisə predmetinə aid olan ərazidə yerləşən 0,30 hektar həyətyanı torpaq sahəsi islahat zamanı onun arvadı Cavabdeh2 mülkiyyətinə verilmiş torpaq sahəsi olmaqla onun adına rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsi onların ailə üzvlərinin istifadəsində olmuş, 2012-ci ildə onlar həmin torpaq sahəsinin 0,12 hektardan ibarət hissəsini hazırki iş üzrə iddiaçıya satmışlar. 0,12 hektar torpaq sahəsi onlar tərəfindən iddiaçının istifadəsinə verilmişdir və hazırda iddiaçının faktiki istifadəsində 0,12 hektardan daha artıq torpaq sahəsi vardır. Hazırda onlara qarşı olan iddia tələbi üzrə mübahisə predmetinə aid olan və iddiaçının boşaldılmasını tələb etdiyi 0,018 hektar torpaq onların özünə məxsusdur və onlar özlərinin xüsusi mülkiyyətində olan torpaq sahəsindən istifadə edirlər. Hesab edir ki, o və digər cavabdeh iddiaçıya məxsus olan hər hansı miqdarda torpaq sahəsini zəbt etməmişdir. Ona görə də iddiaçının iddia tələbini əsassız hesab edir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh2 da iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında Cavabdeh1 izahatının məzmununa uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etməklə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş bölgü planının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, 26.09.2012-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən Cavabdeh2 məxsus olmuş cəmi 0,30 hektar həyətyanı torpaq sahəsinin 0,12 hektardan ibarət hissəsinə dair özgəninkiləşdirilən torpaq sahəsi kimi daşınmaz əmlakın Dövlət reyestri xidməti tərəfindən bölgü planı tərtib edilmiş, Cavabdeh2 torpaq sahəsini satan şəxs kimi, hazırki iş üzrə iddiaçı isə bögünü qəbul edən şəxs kimi həmin bölgü planını imzalamışlar. İş materiallarına əlavə edilmiş, Cavabdeh2 məxsus olmuş cəmi 0,30 hektar həyətyanı torpaq sahəsinə dair tərtib edilmiş bölgü planının verilməsi üçün əsas olmuş sənədlərin surətlərindən görünür ki, Cavabdeh2 26.09.2012-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən özünə məxsus olmuş cəmi 0,30 hektar həyətyanı torpaq sahəsinin 0,12 hektardan ibarət hissəsini Oğuz rayon Notariat Kontorunda bağlanmış 19.10.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən hazırki iş üzrə iddiaçıya satmışdır. İş materiallarına əlavə edilmiş 26.07.2013-cü il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinin, həmin tarixli AA 016635 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətlərindən görünür ki, ünvan 1 ünvanında yerləşən, 0,12 hektar həyətyanı torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir və qeyd edilən torpaq sahəsinə dair onun adına hüquqmüəyyənedici sənədlər tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş 28.11.2013-cü il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinin və Daşınmaz əmlakın Texniki pasportunun surətlərindən görünür ki, Cavabdeh2 məxsus olmuş cəmi 0,30 hektar həyətyanı torpaq sahəsinin özgəninkiləşdirilmədən sonra qalan 0,18 hektardan ibarət hissəsinə dair onun adına hüquqmüəyyənedici sənədlər tərtib edilmişdir. Mülki işin məhkəmə araşdırılması ilə əlaqədar iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin (və ya bir hissəsinin) cavabdehlər və ya digər şəxslər tərəfindən zəbt edilibedilməməsini müəyyən etmək üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə sorğu göndərilmişdir. Həmin orqandan verilmiş 06.01.2022-ci il tarixli sorğuya cavab məktubu, mütəxəssis rəyi və ona əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planı ilə müəyyən edilmişdir ki, iddiaçının adına tərtib edilmiş 26.07.2013-cü il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi, həmin tarixli AA 016635 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0,12 hektar həyətyanı torpaq sahəsinin sənəd üzrə koordinatları ilə torpaq sahəsinin mülkiyyətçisinin naturada istifadə etdiyi torpaq sahəsinin koordinatları qismən üst-üstə düşür. İddiaçı faktiki olaraq cəmi 0,128 hektar torpaq sahəsindən istifadə edir və onun istifadəsində 0,096 hektar sənəd üzrə, 0,032 hektar zəbt edilmiş torpaq sahəsi vardır. Cavabdeh2 adına tərtib edilmiş 28.11.2013-cü il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində göstərilən 0,18 hektar həyətyanı torpaq sahəsinin sənəd üzrə koordinatları ilə torpaq sahəsinin mülkiyyətçisinin naturada istifadə etdiyi torpaq sahəsinin koordinatları üst-üstə düşür, lakin onun faktiki istifadəsində əlavə zəbt olunmuş torpaq sahəsi mövcuddur. Cavabdeh2 öz adına tərtib edilmiş sənəddə göstərilən 0,18 hektar həyətyanı torpaq sahəsinin 0,0312 hektardan ibarət hissəsini də sonradan digər şəxsə satdıqdan sonra onun istifadəsində sənəd üzrə 0,1488 hektar torpaq sahəsi qalmışdır. Hazırda isə Cavabdeh2 faktiki istifadəsində 0,202 hektar torpaq sahəsi vardır. İddiaçının adına tərtib edilmiş sənədlərdə göstərilən 0,12 hektar həyətyanı torpaq sahəsinin 0,024 hektardan ibarət hissəsi (zəbt edilmiş hissə iddiaçı və cavabdehlərə məxsus həyətyanı torpaq sahələrinin arasında yerləşir) cavabdehlər tərəfindən zəbt olunmuşdur. (Aparılmış müayinə və tədqiqatın dəyəri 95,00 manat təşkil edir). Mülki işin məhkəmə araşdırması ilə əlaqədar mübahisə predmetinə aid olan əraziyə tərəflərin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin mütəxəssisi X1 iştirakı ilə yerində müayinə keçirilmişdir. Yerində müayinə zamanı müəyyən edilmişdir ki, iddiaçının xüsusi mülkiyyətində olan 0,12 hektar həyətyanı torpaq sahəsi cavabdehlərə məxsus həyətyanı torpaq sahəsinin şimal tərəfində yerləşir və həmin torpaq sahələri həmsərhəddir. İddiaçı ilə cavabdehlərin torpaq sahələrinin sərhəd hasarı bölgü planına əsasən cavabdehlərə məxsus yaşayış evindən bir tərəfdən 3,8 metr, digər tərəfdən isə 4,4 metr məsafədə yerləşməli olduğu halda, faktiki vəziyyətdə sərhəd hasarı qeyd olunan evdən, təxminən 8-10 metr məsafədə yerləşir. İddiaçı tərəfindən boşaldılması tələb edilən torpaq sahəsinin faktiki olaraq cavabdehlərin istifadəsində olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 14.02.2022-ci il tarixli məlumatdan görünür ki, mülkiyyət hüququnu tanıyan sənədlər əsasında hazırki vəziyyətdə iddiaçıya məxsus olan 0,12 hektar və Cavabdeh2 məxsus olan 0,18 hektar həyətyanı torpaq sahələrinin döngə nöqtələrinin koordinatları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin mütəxəssisi tərəfindən müasir ölçmə avadanlıqları ilə naturada müəyyən edilərək həmin torpaq sahələri bölgü planına və yerquruluşu planına, həmçinin, mütəxəssis rəyinə uyğun şəkildə tərəflərə yerində tanıdılmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını, mütəxəssisin şərhini dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iş materialları, işdə iştirak edən şəxslərin izahatları və mütəxəssisin şərhi ilə müəyyən edildi ki, iddiaçının xüsusi mülkiyyətində ünvan 1 ünvanında yerləşən, 0,12 hektar həyətyanı torpaq sahəsi vardır və qeyd edilən torpaq sahəsinə dair onun adına mülkiyyət hüququnu tanıyan sənədlər tərtib edilmişdir. İddiaçının xüsusi mülkiyyətində olan, 26.07.2013-cü il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində göstərilən 0,12 hektar həyətyanı torpaq sahəsinin 0,024 hektardan ibarət hissəsi cavabdehlər tərəfindən zəbt olunmuşdur. Hazırda iddiaçı özünün xüsusi mülkiyyətində olan 0,12 hektar həyətyanı torpaq sahəsinin 0,018 hektardan ibarət hissəsindən cavabdehlərin çıxarılmaları, həmin torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələbinin əsası olaraq qeyd olunan torpaq sahəsinə dair onun adına tərtib edilmiş hüquqmüəyyənedici sənədlərə, bölgü planına, eyni zamanda, mütəxəssis rəyinə və rəyə əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planına istinad edir. Cavabdehlər iddia tələbini qəbul etmirlər, iddiaçıya məxsus torpaq sahəsini və ya həmin torpaq sahəsinin bir hissəsini zəbt etmədiklərini bildirərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edirlər. Cavabdehlər iddia tələbinə etirazlarının əsası olaraq iddiaçının istifadəsində 0,12 hektardan daha artıq torpaq sahəsinin olduğunu bildirirlər. Cavabdehlər özlərinə məxsus torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin müvafiq qaydada təsdiq edilməmiş surətlərini məhkəməyə təqdim etmiş, lakin iddia tələbinə etirazlarının əsası olaraq məhkəməyə digər hər hansı sübut təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə cavabdehlərin iddia tələbinə etiraz olaraq izahatlarında göstərdikləri, iddiaçının istifadəsində 0,12 hektardan daha artıq torpaq sahəsinin olduğu barədə dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının faktiki istifadəsində 0,128 hektar torpaq sahəsi olsa da, həmin torpaq sahəsinin 0,096 hektar hissəsi sənəd üzrə istifadə olunan, 0,032 hektar hissəsi isə zəbt edilmiş torpaq sahəsidir. İddiaçının faktiki istifadəsində digər şəxslərə məxsus (xüsusi, dövlət və ya bələdiyyə mülkiyyətinə aid) torpaq sahəsinin olması onun rəsmi alqı-satqı müqaviləsi əsasında cavabdehlərdən satın aldığı, sənəd üzrə və bölgü planına əsasən ona təhvil verilməli olan torpaq sahəsinin əskik miqdarda verilməsinə əsas deyildir. İddiaçının faktiki istifadəsində olan, zəbt edilmiş torpaq sahəsinin əvvəllər cavabdehlərin istifadəsində olması və iddiaçının faktiki istifadəsinə onlar tərəfindən verilməsi də cavabdehləri müqavilədə göstərilən miqdarda və sənəd üzrə bölgü edilən torpaq sahəsini iddiaçıya vermək vəzifəsindən azad etmir. Bununla bağlı cavabdehlərin dəlilləri iddiaçının özünün dövlət qeydiyyatına alınmış mülkiyyəti üzərində hüquqlarının məhdudlaşdırılmasına, xüsusi mülkiyyətində olan əmlak üzərində mülkiyyət hüquqlarını tam, sərbəst şəkildə və qanuni əsaslarla həyata keçirməsinə maneə ola bilməz və məhkəmə tərəfindən bu xüsusatlar özü-özlüyündə cavabdehlərin etirazlarının haqlı və dəlillərinin əsaslı olması kimi qəbul edilmir. İddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin faktiki olaraq bir hissəsinin cavabdehlər tərəfindən istifadə edildiyi məhkəmə iclasında sübuta yetirilmiş, cavabdehlər özləri də mübahisəli ərazinin onların istifadəsində olduğunu inkar etməmiş, ancaq həmin torpaq sahəsinin özlərinə aid olduğunu iddia etmişlər. Mütəxəssis rəyinə əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planı ilə də həmin torpaq sahəsinin sənəd üzrə iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsi olduğu təsdiq edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsas vəzifələrindən və prinsiplərindən biri də mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək (maddə 1.2), mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yartmaq (maddə 6.1.7), pozulmuş hüquqların bərpasını təmin etməkdir (maddə 6.1.8). Qeyd edilən hüquq normalarının mənasına görə mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs çəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən, mübahisə predmetinə aid olan 0,12 hektar həyətyanı torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən hazırda iddiaçının xüsusi mülkiyyətindədir. Buna baxmayaraq cavabdehlərin həmin torpaq sahəsinin bir hissəsindən qanunsuz olaraq istifadə etmələri iddiaçının əmlak hüquqlarının pozulması, onun öz torpaq sahəsi üzərində mülkiyyət hüquqlarından tam və sərbəst şəkildə istifadə edə bilməməsi ilə nəticələnmişdir. Cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin bir hissəsindən istifadə etmələrinin qanuniliyinə dair hər hansı rəsmi sənəd və ya digər qanuni əsas mövcud deyildir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, cavabdehlər iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin mütəxəssis tərəfindən verilmiş rəyə əlavə edilən torpaq sahəsinin yerquruluşu planına əsasən zəbt olunduğu müəyyən edilən hissəsindən çıxarılmalıdırlar. İddiaçının xüsusi mülkiyyətində olan 0,12 hektar həyətyanı torpaq sahəsinin cavabdehlər tərəfindən qeyri-qanuni zəbt edilmiş hissəsi boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Məhkəmə cavabdehlər tərəfindən zəbt olunmuş və boşaldılaraq iddiaçıya təhvil verilməli olan torpaq sahəsinin miqdarını müəyyən edərkən qeyd etməyi zəruri hesab edir ki, iddiaçının xüsusi mülkiyyətində olan 0,12 hektar həyətyanı torpaq sahəsinin cavabdehlər tərəfindən qeyriqanuni zəbt edilmiş hissəsinin 0,024 hektardan ibarət olduğu müəyyən olunsa da, iddiaçı 0,018 hektar torpaq sahəsinin boşaldılmasını tələb etdiyindən və məhkəmə prosesinin gedişində də iddia tələbinin həcminin artırılması barədə ərizə verilmədiyindən, habelə məhkəmənin iddia tələbindən kənara çıxması üçün qanunda göstərilən müstəsna hallar mövcud olmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsində əsasən məhkəmə iddia tələbindən kənara çıxmadan hazırki tələbə iddia ərizəsində qeyd edilən iddia tələbi çərçivəsində - 0,018 hektar torpaq sahəsindən çıxarılma, həmin miqdarda torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbi məzmununda baxılmasını qanunauyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilsə də, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumunu tələb etmədiyini nəzərə alaraq iddiaçı tərəfindən ödənilmiş 100,00 manat dövlət rüsumu məbləği onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə iddia tələbinin təmin edildiyini nəzərə alaraq və ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iş üzrə müayinə və tədqiqat xərci olan 95,00 manat məbləğin cavabdehlərdən müştərək qaydada tutulmasını qanunauyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan, 26.07.2013-cü il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində qeyd edilən 0,12 hektar həyətyanı torpaq sahəsinin yerquruluşu planında göstərildiyinə uyğun olaraq zəbt olunmuş 0,018 hektardan ibarət hissəsindən çıxarılsınlar. Həmin torpaq sahəsi boşaldılaraq İddiaçı təhvil verilsin. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 100,00 manat dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. İş üzrə müayinə və tədqiqat xərci olan 95,00 manat məbləğ Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar