Məhkəmə qərarları › İş №2(054)-14/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-14/2023

02.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-14/2023 02.02.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X9 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, iddiaçi İddiaçı nümayəndəsi Hüseynov Seymur Sadəddin oğlunun, cavabdehlər Cavabdeh1 və X1, onların vəkili, habelə Cavabdeh1 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan 1,0998 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin iddiaçıya təhvil verilməsi tələbinə dair mülki işə 02 fevral 2023-cü il tarixdə Oğuz şəhərində məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (iddiaçı) cavabdehlər Cavabdeh1 və X3 (cavabdehlər) qarşı cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan 1,0998 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin iddiaçıya təhvil verilməsi tələbi ilə Oğuz Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçı atasıdır. O Oğuz rayon Kərimli kəndində alqı-satqı yolu ilə 1,0998 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi əldə etmişdir.Torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində atasının adına qeydiyyata alınmış, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və həmin tarixli, AA 555130 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi atasına təqdim edilmişdir. Cavabdehlər həmin torpaq sahəsinini zəbt etmişlər. Torpaqdan çıxmaq təklif edildikdə isə torpaq sahəsinin onlara məxsus olduğunu iddia edir və torpaqdan qeyri-qanuni istifadə edirlər, halbuki 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndələri tərəfindən ölçmələr zamanı torpaq sahəsinin yeri naturada onlara göstərilmişdir. 9 saylı Qəbələ Ərazi İdarəsindən daxil olmuş mütəxəssis rəyi ilə tanış olmuşdur. Mütəxəssis rəyinin nəticələrinə etiraz etmir. Qüvvədə olan qanunvericiliyə uyğun olaraq iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirdi ki, Oğuz rayon Kərimli kəndində mülkiyyətində 1,98 ha pay torpaq sahəsi vardır. Həmin torpaq sahəsindən vaxtilə ona göstərilmiş qaydada naturada istifadə edir. İddiaçı öz torpaq sahəsinin yerini düzgün müəyyən etməyib, buna görə də mübahisə yarandığından ona və digər cavabdeh olan qardaşı X3 torpaq sahəsinə dair çıxarış və plan-ölçü sənədi verilmir. Mütəxəssis rəyini qəbul etmir. İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X5 izahat verərək bildirdi ki, hazırda istifadə etdiyi torpaq sahəsi 3,55 ha-dır. Onun istifadə etdiyi torpaq sahəsinin rəsmi sənədləri yoxdur. Amma hesab edir ki, iddiaçının torpaq sahəsini tutmamışlar. İddianın rədd edilməsini xahiş etdi. Cavabdehlərin vəkili, Cavabdeh1 nümayəndəsi X6 məhkəmə iclasında bildirdi ki, həm iddiaçı, həm də cavabdehlərin torpaq sahəsinin dövlət aktı var, torpaq sahələrinin üstüstə düşmə ehtimalı böyükdür.Torpaqlara aid dövlət aktları əsasında yenidən ölçmə aparılması məqsədəmüvafiqdir. İddiaçının satın aldığı torpağın əvvəlki mükiyyətçisi cavabdehlərin istifadə etdiyi torpağın yerini heç vaxt mübahisələndirməyib.Məsələ həll olunduqdan sonra iddiaçının çıxarışı mübahisələndirilə bilər. İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini, cavabdehləri, onların vəkili və Cavabdeh1 nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə Azərbaycan Respublikası Oğuz rayonu Kərimli kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayon Kərimli kəndidir. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi məlumatlarının işə əlavə edilmiş elektron çıxarışından görünür ki, Cavabdeh1 xx.xx.1966-cı il tarixdə Azərbaycan Respublikası Oğuz rayonu Kərimli kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayon Kərimli kəndidir. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi məlumatlarının işə əlavə edilmiş elektron çıxarışından görünür ki, X5 xx.xx.1965-ci il tarixdə Azərbaycan Respublikası Oğuz rayonu Kərimli kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayon Kərimli kəndidir. İşə əlavə edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, **********68 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və AA 555130 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Oğuz rayon Kərimli kəndində yerləşən 1,0998 ha torpaq sahəsi Oğuz rayon Dövlət Notariat Kontoru xx.xx.2013-cü il tarixli, 4Ə-1/64 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi (xx.xx.2013-cü il tarixli Çıxarış) əsasında xx.xx.2020-ci il tarixdə hüquq sahibi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş torpaq sahəsinin naturada sərhədlərinin (koordinatlarının) tanıdılması barədə xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli aktların surətindən görünür ki, mülkiyyətçi İddiaçı məxsus 1,0998 ha torpaq sahəsinə mülkiyyətçinin müraciəti əsasında Dövlət Reyestri Xidmətinin mütəxəssisləri, yerli icra hakimiyyəti və bələdiyyənin nümayəndələri tərəfindən baxış keçirilmiş, torpaq sahəsi **********68 reyestr nömrəli çıxarışa əsasən naturada ölçüləri və koordinatları müəyyənləşdirilərək mülkiyyətçiyə tanıdılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********95 saylı məktubu ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş və işə əlavə edilmiş mütəxəssis rəyi və yerquruluşu planlarından görünür ki, işin araşdırılması məqsədilə DƏDKR publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri xx.xx.2022-ci il tarixdə Oğuz rayonu Kərimli kəndində yerləşən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsilə ölçü işləri aparmışlar. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən, xx.xx.2020-ci il tarixli, ********** nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi və həmin tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan 1,0998 ha torpaq sahəsinin sənəd üzrə koordinatları ilə həmin torpaq sahəsinin mülkiyyətçisinin naturada istifadə etdiyi torpaq sahəsinin 0,1825 ha hissəsi üst-üstə düşür. İddiaçı xüsusi mülkiyyətində olan 1.0998 ha torpaq sahəsinin 0,8038 ha hissəsi Cavabdeh1, 0.1110 ha hissəsi isə cavabdeh X1 istifadəsindədir. 0,0025 ha hissəsi istifadə olunmur. Sualların cavabına uyğun olaraq sahələrin ölçüləri və koordinatları rəyə əlavə edilmiş 8 vərəqdən ibarət yerquruluşu planında əks olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Yenə həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Yenə həmin maddənin 3-cü hissəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsidə daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, yəni məhkəməyə təqdim edilmiş mütəxəssis rəyi araşdırılarkən müəyyən edildi ki, Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən, xx.xx.2020-ci il tarixli, ********** nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi və həmin tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan 1,0998 ha torpaq sahəsinin sənəd üzrə koordinatları ilə həmin torpaq sahəsinin mülkiyyətçisinin naturada istifadə etdiyi torpaq sahəsinin 0,1825 ha hissəsi üst-üstə düşür. İddiaçı xüsusi mülkiyyətində olan 1.0998 ha torpaq sahəsinin 0,8038 ha hissəsi Cavabdeh1, 0.1110 ha hissəsi isə cavabdeh X1 istifadəsindədir. 0,0025 ha hissəsi istifadə olunmur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mülkiyyətçinin hüquqlarının cavabdehlər tərəfindən qismən pozulduğu müəyyən edildiyindən iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 iddiaçının mülkiyyətində olan 1,0998 ha torpaq sahəsinin mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmiş cizgilər daxilində olan 0,8038 ha, cavabdeh X5 0,1110 ha hissəsindən çıxarılmalı, həmin torpaq sahələri iddiaçıya təhvil verilməli, iddia tələbi 0,0025 ha torpaq sahəsindən çıxarılma hissəsində təmin olunmamalıdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Yenə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən tələbin təmin edilmiş hissəsinə uyğun olaraq mütəxəssis rəyinin hazırlanması üçün iddiaçı tərəfindən ödənilmiş 95 manat xidmət haqqından 79 manat və 100 manat dövlət rüsumundan 83 manat cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh1 Oğuz rayonu Kərimli kəndində yerləşən, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, **********68 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa və torpaq sahəsinin AA 555130 saylı planı və ölçüsü sənədinə əsasən İddiaçı mülkiyyətində olan 1,0998 ha torpaq sahəsinin yerləşmə vəziyyəti işdə olan mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı ilə müəyyən edilmiş 0,8038 ha hissəsindən, cavabdeh X5 0,1110 ha hissəsindən çıxarılsın, torpaq sahələri iddiaçıya təhvil verilsin. İddia tələbi cavabdehlərin iddiaçının mülkiyyətində olan 1,0998 ha torpaq sahəsinin 0,0025 ha və 0,1825 ha hissəsindən çıxarılması hissəsində təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 95 manat xidmət haqqından 79 manat və 100 manat dövlət rüsumundan 83 manat cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar