Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-18/2022 14.01.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Mikayılzadə Əsmər Mehman qızının katibliyi, Ərizəçi, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: Ərizəçi, Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat Ofisi maraqlı şəxs qismində işə cəlb edilməklə, ərizə ilə məhkəməyə müraciət edərək mərhum arvadı X5 mülkiyyətində olmuş və ondan miras qalan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,05 hektar həyətyanı torpaq sahəsindən ibarət mirasın qanun üzrə vərəsə kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesinin gedişində mərhum X5 uşaqları, yəni birinci növbədə digər vərəsələri X12, X13 və X8 maraqlı şəxslər qismində işə cəlb edilməklə işin icraatı barədə onlara rəsmi məlumat verilmiş, ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri maraqlı şəxslərə göndərilmiş, işə dair yazılı sübütları təqdim etmək maraqlı şəxslərə təklif edilərək onlara prosessual hüquq və vəzifələri izah edilmiş, ərizəyə qarşı nə kimi etirazları olduğunu və bu etirazların hansı sübutlarla təsdiq edilə biləcəyini aydınlaşdırmaq üçün həmin şəxslər məhkəməyə dəvət edilmişlər. Ərizəçi öz tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1939-cu il tarixdə Oğuz rayonu Bayan kəndində anadan olmuşdur, hazırda isə Oğuz şəhərində yaşayır. O, 15.01.1965-ci il tarixdə X11 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Arvadı X11 07.09.2016-cı il tarixdə vəfat etmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,05 hektar həyətyanı torpaq sahəsi onun arvadı X7 məxsus olmuşdur. Arvadının vəfatından sonra o, ondan miras qalan əmlakları faktiki olaraq qəbul etmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,05 hektar həyətyanı torpaq sahəsi də miras əmlak kimi onun tərəfindən bütöv şəkildə qəbul edilmiş və o, daimi olaraq həmin evdə yaşamaqla evi və həyətyanı torpaq sahəsini idarə etməyə başlamışdır. O, arvadından miras qalan əmlakları öz adına rəsmiləşdirmək üçün Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat Ofisinə müraciət etsə də, mirasın qəbulu ilə bağlı qanunla müəyyən edilmiş müddət ötürüldüyünə görə onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və həmin məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Hazırda vərəsəlik haqqında şəhadətnamə almaq üçün miras əmlakın onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Həmin faktı başqa qaydada müəyyən etmək mümkün olmadığına görə o, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Ərizəçi öz tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, onun X11 ilə birgə nikahından X12, X13 və X8 adlı üç uşağı olmuş, həmin uşaqlar hazırda Rusiya Federasiyasında yaşayırlar. Onların uşaqları mərhum analarından qalan miras əmlakları nə faktiki olaraq, nə də vərəsə kimi notariat orqanına rəsmi müraciət etməklə qəbul etməmişlər. Həmin əmlaklarla bağlı hazırda da onların uşaqlarının hər hansı tələbləri yoxdur. O özü mərhum arvadının qanun üzrə birinci növbədə vərəsəsidir və mərhum arvadından miras qalan əmlaklar, o cümlədən, hazırda mübahisə predmetinə aid olan fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi vərəsə kimi yalnız onun özü tərəfindən bütöv şəkildə qəbul edilmişdir. Hazırki vəziyyətdə həmin əmlakların onun adına rəsmiləşdirilməsinə uşaqları da razıdırlar. Ancaq onlar ölkə hüdudlarından kənarda yaşadıqlarına görə notariat orqanına və məhkəməyə gəlməyə çətinlik çəkirlər. Mirasın rəsmi şəkildə qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət keçdiyinə görə notariat orqanı tərəfindən onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Qeyd etdiyi əsaslara görə ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Ərizəçinin etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə da ərizəçinin tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin, eyni zamanda, ərizəçinin izahatının məzmununa uyğun izahat verməklə onun tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxslər qismində işə cəlb edilmiş, mərhum X5 uşaqları, yəni birinci növbədə digər vərəsələri - ünvan 2 ünvanında yaşayan X8 və ünvan 3 ünvanında yaşayan X13 məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə ayrı-ayrılıqda teleqramlar göndərərək mərhum anaları X6 miras qalan əmlakın hazırki iş üzrə ərizəçi tərəfindən qəbul edilməsi faktını təsdiq etdiklərini, həmin əmlakın ərizəçinin adına rəsmiləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər. İş üzrə maraqlı şəxslər qismində işə cəlb edilmiş, mərhum X5 uşağı, yəni birinci növbədə digər vərəsəsi X9 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmiş, tələbin mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının maraqlı şəxslərin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Maraqlı tərəf Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə göndərilən müraciətlərdə iş yükünün çoxluğu nəzərə alınmaqla işə nümayəndəsinin iştirakı olmadan baxılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. İş üzrə şahid qismində dindirilmiş X15 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o, Oğuz şəhərində yaşayır. Ərizəçi və mərhum X3 yaxın qonşuları olmuşlar. Onların uşaqları uzun müddətdir ki, Azərbaycan Respublikasından kənarda yaşayırlar. Təxminən 5-6 il əvvəl X11 vəfat etmiş, ərizəçi onun vəfatından sonra da həmin evdə qalıb yaşamaqda davam etmiş, evi və təsərrüfatı idarə etmişdir. Hazırda da ərizəçi həmin evdə yaşayır. İş üzrə şahid qismində dindirilmiş, ərizəçinin qonşusu X17 məhkəmə iclasında verdiyi ifadəsində şahid X10 ifadəsinin məzmununa uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etməklə ki, mərhum X6 miras qalan əmlakın hazırki iş üzrə ərizəçi tərəfindən qəbul edilməsi faktını təsdiq etdiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahidlərin ifadələrini dinləyib mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları, şahidlərin ifadələri, həmçinin, iş materiallarına əlavə edilmiş, ərizəçiyə aid olan 07.10.2021-ci il tarixdə verilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, 15.01.1965-ci il tarixdə verilmiş evlənmək haqqında şəhadətnamənin, 04.06.2018-ci il tarixdə verilmiş Vİİ-ИK650217 nömrəli ölüm haqqında təkrar şəhadətnamənin, 17.07.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət resyestrindən Çıxarış sənədinin, mərhum X7 aid olmuş şəxsiyyəti təsdiq edən sənədin surəti, Oğuz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 13.12.2021ci il tarixli 118 nömrəli arayış, Oğuz rayon İcra Hakimiyyəti başçısının Oğuz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 07.12.2021-ci il tarixli 10-0/1178 nömrəli arayış, ərizəçinin övladı X4 aid olan şəxsiyyəti təsdiq edən sənədin surəti, Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 29.09.2021-ci il tarixli 2707 nömrəli müraciətə cavab məktubu və kommunal xərclərin ödənilməsinə dair ödəniş qəbzləri ilə işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, ərizəçi xx.xx.1939-cu il tarixdə Oğuz rayonu Bayan kəndində anadan olmuşdur, hazırda isə Oğuz şəhərində yaşayır. Ərizəçi 15.01.1965-ci il tarixdə X11 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. X11 07.09.2016-cı il tarixdə vəfat etmişdir. İş üzrə maraqlı şəxslər qismində cəlb edilmiş X12, X13 və X8 ərizəçinin və mərhum X5 uşaqlarıdırlar. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,05 hektar həyətyanı torpaq sahəsi mərhum X5 xüsusi mülkiyyətində olmuş, o özü isə Sumqayıt şəhərində qeydiyyatda olmuşdur. X5 vəfatından sonra hazırki iş üzrə Ərizəçi, onların uşaqları X12, X13 və X8 birinci növbədə vərəsələr kimi qalmışlar. Ərizəçi miras əmlakların qəbulu ilə bağlı ərizə ilə müvafiq notariat orqanına müraciət etmiş, onun müraciətinə cavab olaraq mirasın notariat qaydasında rəsmi qəbulu ilə bağlı qanunla müəyyən edilmiş müddət ötürüldüyünə görə aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Hazırda ərizəçi mərhum arvadı X5 mülkiyyətində olmuş və ondan miras qalan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,05 hektar həyətyanı torpaq sahəsindən ibarət mirasın qanun üzrə vərəsə kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini məhkəmədən xahiş edir. İş üzrə maraqlı şəxslər X8 və X13 da hazırki vəziyyətdə mərhum X2mış mirasın ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə etiraz etmirlər. İş üzrə maraqlı şəxs və X12 məhkəmə iclaslarına gəlməmiş və hazırki tələbə münasibət bildirməmişdir. Maraqlı tərəf Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat Ofisinin nümayəndəsi də məhkəmə iclaslarında iştirak etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qimən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr hesab edilirlər. Həmin Məcəllənin 1243.1-ci maddəsinəəsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, ərizəçi mərhum arvadının vəfatından sonra ondan qalan mirasdan qanunla müəyyən olunmuş müddətdə imtina etməmiş, əksinə, miras qalan əmlakları faktiki olaraq qəbul etməklə idarə etməyə başlamışdır. Bununla da ərizəçi qanun üzrə birinci növbədə vərəsə kimi mərhum arvadından miras qalmış əmlakları qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Qeyd edilən əmlaklar hazırda da ərizəçinin faktiki istifadəsindədir. Ərizəçi mərhum X1 üzrə birinci növbədə vərəsəsi kimi miras əmlakın qəbulu ilə bağlı ərizə ilə müvafiq notariat orqanına müraciət etmiş, lakin mirasın notariat qaydasında rəsmi qəbulu ilə bağlı qanunla müəyyən edilmiş müddət ötürüldüyünə görə ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmiş və müraciətinə cavab olaraq mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. X5 vəfatından sonra onun birinci növbədə digər vərəsələrinin həmin şəxsdən miras qalan əmlakları qəbul etmək üçün qanunla müəyyən olunmuş müddətdə müvafiq orqana müraciət etməsi halları müəyyən edilməmişdir. Qeyd edilən əsaslara görə məhkəmə mərhum X6 miras qalan əmlakların ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini qanunauyğun hesab edir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək qərara gəlir ki, mərhum X6 miras qalan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,05 hektar həyətyanı torpaq sahəsinin miras əmlak olaraq onun qanun üzrə birinci növbədə vərəsəsi kimi ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət e t d i: Ərizə təmin edilsin. Ərizəçi mərhum arvadı X6 miras qalan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,05 hektar həyətyanı torpaq sahəsini miras əmlak olaraq onun qanun üzrə birinci növbədə vərəsəsi kimi qəbul etməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(054)-18/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-18/2022
14.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver