Məhkəmə qərarları › İş №2(054)-199/2022

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-199/2022

19.12.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-199/2022 19.12.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi - ASC-nin qanuni təmsilçisi Nümayəndə1, iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh9 və Cavabdeh11, Cavabdehlər Cavabdeh9, Cavabdeh11, Cavabdeh10, Cavabdeh2 və Cavabdeh4 oğlunun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 qarşı qanunsuz zəbt edilmiş torpaq sahələrindən çıxarılma tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 qarşı qanunsuz zəbt edilmiş torpaq sahələrindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Oğuz rayonu Qarabaldır kəndində yerləşən, İddiaçı ASC-nin qanuni istifadəsində olan və cavabdehlər tərəfindən qeyri-qanuni zəbt edilmiş cəmi 16 hektar torpaq sahəsindən cavabdehlərin məcburi qaydada çıxarılmaları, həmin 16 hektar torpaq sahəsinin İddiaçı ASC-nə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin müvafiq özəlləşdirmə planına (Emissiya Prospekti) əsasən Oğuz rayonu Qarabaldır kəndində yerləşən, Oğuz (Vartaşen) rayonu X2 (X3 Quşçuluq Təsərrüfatı) 2001-ci ildə özəlləşdirməyə açılaraq onun bazasında “X4” ASC yaradılmışdır. “X4” ASC 2006-cı ildə tamamilə özəlləşdirilmişdir. 1980ci ildən Oğuz (Vartaşen) rayonu X1 (X3 Quşçuluq Təsərrüfatı) qanuni istifadəsində olan 125 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə dair bütün hüquqlar da özəlləşdirmə ilə eyni vaxtda “X4” ASC-nə keçmişdir. “X4” ASC-nin adı 2011-ci ildə dəyişdirilərək İddiaçı ASC adı ilə qeydiyyatdan keçmişdir və hazırda da İddiaçı ASC adı ilə fəaliyyət göstərir. Qeyd edilən 125 hektar torpaq sahəsinin 56 hektardan ibarət hissəsi 2009cu ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə dövlət ehtiyacları üçün geri alınmışdır. Bundan sonra İddiaçı ASC-nin qanuni istifadəsində 69 hektar torpaq sahəsi qalmışdır. Qeyd olunan 69 hektar torpaq sahəsinin 16 hektardan ibarət hissəsini hazırki iş üzrə cavabdehlər İddiaçı ASC-nin razılığı və ya digər hər hansı qanuni əsas olmadan zəbt etmişlər. İddiaçı ASC özünün qanuni təmçilçisi və digər şəxslərin vasitəsilə cavabdehlərdən zəbt etdikləri torpaq sahələrini boşaldıb iddiaçıya qaytarmasını dəfələrlə xahiş etmiş, lakin cavabdehlər bundan imtina etmişlər. Cavabdehlər İddiaçı ASCnin qanuni istifadəsində olan 16 hektar torpaq sahəsini hazırda da heç bir əsas olmadan əkib-becərirlər və iddiaçının həmin torpaq sahəsi üzərindəki hüquqlarını həyata keçirməyə imkan vermirlər. Cavabdehlərin bu hərəkətləri uzun müddətdir ki, davam edir və nəticədə iddiaçının özünün qanini istifadəsinə verilmiş torpaq sahəsinə münasibətdə hüquqları pozulmuşdur. Cavabdehlər zəbt etdikləri torpaq sahəsini iddiaçıya təhvil vermədiklərinə görə iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı ASC-nin nümayəndəsi - ASC-nin qanuni təmsilçisi Nümayəndə1, həmçinin, iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2 ayrı-ayrılıqda iddia tələbini müdafiə etdiklərini bildirdilər və məhkəmə baxışı iclasında həmin tələbin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh9 iddiaçının iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, o, Oğuz rayonu Qarabaldır kəndində yaşayır. Digər cavabdehlər də onun həmkəndliləridirlər. O özü 20 ildən artıq müddətdə Oğuz rayon Quşçuluq Fabrikində işləmişdir. Hazırda istifadə etdikləri torpaq sahələri də islahat vaxtı kolxoz tərəfindən onların istifadəsinə verilmişdir. Qeyd olunan ərazidə, təxminən, 2-3 hektar ərazidə yaşayış sahələri də vardır. Həmin yaşayış sahələri inşa edilərkən Oğuz rayon Quşçuluq Fabriki üçün nəzərdə tutulsa da, sonradan tikinti işləri tam olaraq başa çatmadığından yaşayış sahələrinin Quşçuluq Fabrikinin balansına verilməsi də mümkün olmamışdır. Digər 13-14 hektardan barət ərazidən isə o və digər cavabdehlər istifadə edirlər və həmin torpaq sahələri uzun müddətdən bəri onların istifadəsindədir. İddiaçı özünün qanuni istifadəsində olan torpaq sahələrinin 16 hektardan ibarət hissəsinin onlar tərəfindən zəbt edildiyini əsassız olaraq iddia edir. Qeyd olunan torpaq sahələrinə dair iddiaçının adına hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyildir. O və digər cavabdehlər iddiaçıya aid olan torpaq sahəsini və ya onun bir hissəsini zəbt etməmişlər. Qeyd etdiklərinə əsasən iddiaçının hazırki iddia tələbini əsassız hesab edir və həmin iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh11, həmçinin, cavabdehlər Cavabdeh9, Cavabdeh11, Cavabdeh10, Cavabdeh2 və Cavabdeh4 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil da iddia tələbini qəbul etmədiklərini bildirdilər və məhkəmə iclasında ayrı-ayrılıqda Cavabdeh9 izahatının məzmununa uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etməklə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. İş üzrə digər cavabdehlər Cavabdeh7, Cavabdeh8 və Cavabdeh10 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiklərinin səbəbləri barədə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişlər. Məhkəmə həmin cavabdehlərin məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin xx.xx.2022-ci il tarixli 254 nömrəli sərəncamından görünür ki, X3 Quşçuluq Təsərrüfatının bazasında “X4” ASC yaradılmışdır. İş materiallarına əlavə edilmiş reyestrdən çıxarışdan görünür ki, Nümayəndə1 İddiaçı ASCnin qanuni təmsilçisidir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı ASC-nin qanuni təmsilçisi Nümayəndə1 tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Mülki işin məhkəmə araşdırması ilə əlaqədar İddiaçı ASC-nin sənəd üzrə istifadəsində olan torpaq sahələrinin sənəd üzrə koordinatları ilə torpaq sahəsinin istifadəçisinin naturada istifadə etdiyi torpaq sahələrinin koordinatlarının üst-üstə düşüb-düşmədiyini, həmin torpaq sahələrinin (və ya bir hissəsinin) cavabdehlər və ya digər şəxslər tərəfindən zəbt edilibedilmədiyini müəyyən etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə müvafiq sorğu göndərilmişdir. Həmin sorğuya cavab olaraq adı çəkilən orqan tərəfindən məhkəməyə verilmiş xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, qeyd olunan sorğu ilə bağlı işin araşdırılması məqsədi ilə 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri iddiaçının nümayəndəsi və cavabdehlərin iştirakı ilə xx.xx.2022-ci il tarixdə Oğuz rayonu Qarabaldır kəndində yerləşən torpaq sahəsinə baxış keçirilməsi üçün ərazidə olmuşlar. İddiaçı ASC-nin nümayəndəsi torpaq sahəsini tanımadığı üçün və həmin həmin torpaq sahəsinə dair məkan göstəriciləri qeyd edilmiş texniki və ya hüquqi sənəd təqdim olunmadığına görə işin araşdırılması və mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır. İddiaçı ASC-nin qanuni təmsilçisi Nümayəndə1 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubunda qeyd edilənlərlə razı olmadığını, mübahisə predmetinə aid olan torpaq sahəsi ilə bağlı mütəxəssis rəyinin verilməsinə hər hansı maneə olmadığını bildirmiş və iş üzrə ekspertiza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ASC-nin qanuni təmsilçisi Nümayəndə1 vəsatəti əsasında məhkəmənin xx.xx.2022ci il tarixli qərardadına əsasən ekspertiza təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Mütəxəssis qarşısında qoyulmuş suallar eyni məzmun ilə ekspert qarşısında da qoyulmuşdur. Ekspertiza təyin edilməsi barədə qərardadın icrası ilə əlaqədar məhkəməyə ekspert vəsatəti göndərilərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin müvafiq mütəxəssis rəyi, baza məlumatları , mübahisəli torpaq sahəsinin sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyətini göstərən sxemin ekspertizaya təqdim edilməsi xahiş edilmişdir. Qeyd olunan sənədlərin təqdim edilməsi məqsədi ilə həmin vəsatət xx.xx.2022-ci il tarixdə İddiaçı ASC-nin qanuni təmsilçisi Nümayəndə1, həmçinin, iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2 rəsmi qaydada verilmişdir. Lakin müvafiq sənədlər məhkəməyə və ya ekspertizaya təqdim edilmədiyindən xx.xx.2022ci il tarixdə ekspertiza aparılmasından imtina edilərək mülki iş icrasız geri qaytarılmışdır. Bundan sonra mülki iş üzrə icraat təzələnərək məhkəmə iclası təyin edilməklə bu barədə işdə iştirak edən şəxslərə məlumat verilmişdir. xx.xx.2022-ci il tarixə təyin edilən növbəti məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2 müvafiq sənədlərin əldə edilərək təqdim edilməsi məqsədi ilə məhkəmə baxış iclasının təxirə salınmasını xahiş etmiş, onun vəsatət əsasında məhkəmə iclası bir aydan daha artıq müddətə təxirə salınaraq xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Lakin həmin tarixdə keçirilən məhkəmə iclasında da müvafiq sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəməyə təqdim edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda isə qeyd edilmişdir ki, Oğuz rayonu Qarabaldır kəndi ərazisində yerləşən, ərizədə qeyd edilmiş torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun olaraq sərhədlərinin döngə nöqtələrinin koordinatları GPS aləti vasitəsilə təyin edilmiş, əldə edilmiş məlumatlar aidiyyəti üzrə kameral şəraitdə araşdırılır. Araşdırma yekunlaşdıqdan sonra nəticəsi barədə məlumat veriləcəkdir. Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları və iş materialları ilə müəyyən edildi ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin müvafiq özəlləşdirmə planına (Emissiya Prospekti) əsasən Oğuz rayonu Qarabaldır kəndində yerləşən, Oğuz (Vartaşen) rayonu X2 (X3 Quşçuluq Təsərrüfatı) 2001-ci ildə özəlləşdirməyə açılaraq onun bazasında “X4” ASC yaradılmışdır. Hazırda iddiaçı Oğuz rayonu Qarabaldır kəndində yerləşən, İddiaçı ASC-nin qanuni istifadəsində olan və cavabdehlər tərəfindən qeyri-qanuni zəbt edilmiş cəmi 16 hektar torpaq sahəsindən cavabdehlərin məcburi qaydada çıxarılmaları, həmin 16 hektar torpaq sahəsinin İddiaçı ASC-nə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələbinin əsası kimi Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin müvafiq özəlləşdirmə planına (Emissiya Prospekti) və “X4” ASC-nin yaradılması ilə bağlı təsis sənədlərinə istinad edir. Cavabdehlərdən Cavabdeh7, Cavabdeh8 və Cavabdeh10 məhkəmə iclaslarına gəlməmiş, digər cavabdehlərin hər biri iddiaçıya məxsus torpaq sahəsini və ya onun bir hissəsini zəbt etmədiklərini, ona görə də iddia tələbini əsassız hesab etdiklərini bildirməklə iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdehlər iddia tələbinə etirazlarının əsası olaraq hazırda istifadə etdikləri torpaq sahələrinin islahat vaxtı kolxoz tərəfindən onların istifadəsinə verildiyini, həmin torpaq sahələrinin uzun müddətdən bəri onların istifadələrində olduğunu, qeyd olunan torpaq sahələrinə dair iddiaçının adına hər hansı hüquqmüəyyənedici sənəd mövcud olmadığını bildirirlər. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Göründüyü kimi, mübahisə predmetinə aid olan torpaq sahəsi ilə bağlı müvafiq sənədlər ekspertiza keçirilməsi üçün zəruri tədqiqat predmeti kimi təqdim edilmədiyindən həmin torpaq sahəsinin istifadəçisinin naturada istifadə etdiyi torpaq sahələrinin koordinatlarının üst-üstə düşüb-düşmədiyini, həmin torpaq sahələrinin (və ya bir hissəsinin) cavabdehlər və ya digər şəxslər tərəfindən zəbt edilib-edilmədiyini müəyyən etmək mümkün olmamışdır. Ona görə də məhkəmə mübahisə predmeti üzrə ekspertiza təyin edilə biləcək faktı, yəni həmin torpaq sahələrinin (və ya bir hissəsinin) cavabdehlər və ya digər şəxslər tərəfindən zəbt edilmiş olması faktını rədd edilmiş hesab edir. Məhkəmə tərəflərin dəlillərinə məcmu halında qiymət verərək qeyd edir ki, iddia ərizəsinin məzmunundan da göründüyü kimi, iddiaçı öz iddia tələbinin əsasları olaraq Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin xx.xx.2022-ci il tarixli 254 nömrəli sərəncamına, X3 Quşçuluq Təsərrüfatına aid özəlləşdirmə planına (Emissiya Prospekti) , “X4” ASC-nə aid Hüquqi şəxsin Dövlət qeydiyyatı haqqında şəhadətnaməyə və İddiaçı ASC-nin Nizamnaməsinə istinad etmiş, həmin sənədlər və iddiaçının iddia tələbində qeyd etdiyi digər dəlillər isə bu iddia tələbinin əsaslı olduğunu sübut etmək üçün yetərli deyildir. İddiaçı tərəfindən X3 Quşçuluq Təsərrüfatına aid özəlləşdirmə planının (Emissiya Prospekti) və “X4” ASC-nin yaradılması ilə bağlı təsis sənədlərin surətləri məhkəməyə təqdim edilsə də, iddiaçının qanuni istifadəsində olduğu iddia edilən torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlər (baza məlumatları, mübahisəli torpaq sahəsinin sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyətini göstərən sxem), habelə, müvafiq mütəxəssis rəyi məhkəməyə və ya ekspertizaya təqdim olunmadığından və bu səbəbdən həmin torpaq sahələri ilə bağlı ekspertiza keçirmək mümkün olmadığından, bununla da mübahisə predmetinə aid olan torpaq sahələrinin cavabdehlər tərəfindən zəbt edilmiş olması faktı təsdiq olunmadığından məhkəmə hesab edir ki, cavabdehlər hazırki iddia tələbinə görə hər hansı məsuliyyət daşımırlar. İddiaçı Oğuz rayonu Qarabaldır kəndində yerləşən, İddiaçı ASC-nin qanuni istifadəsində olan torpaq sahələrinin 16 hektardan ibarət hissələrinin cavabdehlər tərəfindən zəbt edildiyini iddia etsə də, mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, həmin xüsusat məhkəmə iclasında öz təsdiqini tapmamışdır. İddiaçı 16 hektar torpaq sahəsinin (və ya bir hissəsinin) cavabdehlər tərəfindən zəbt edildiyini sübuta yetirə bilmədiyindən məhkəmə cavabdehlərin izahatlarında qeyd etdikləri, iddia tələbinə etirazlarının əsasını təşkil edən xüsusatların araşdırılmasına da lüzum görmür. Məhkəmə araşdırdığı faktlara məcmu halında və bir-biri ilə əlaqəli şəkildə qiymət verərək hesab edir ki, iddia tələbinin əsası kimi istinad edilən halları sübut etmək vəzifəsi bilavasitə iddiaçının üzərinə düşdüyündən, İddiaçı ASC-nin qanuni istifadəsinə verildiyi qeyd edilən, hazırki iddianın predmetinə aid olan 16 hektar torpaq sahəsinin (və ya bir hissəsinin) cavabdehlər tərəfindən zəbt edildiyi isə sübuta yetirilmədiyindən, hazırki iddia tələbinin hüquqi əsası yoxdur. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, həmin iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilmədiyindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumu məbləği də iddiaçının özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 qarşı Oğuz rayonu Qarabaldır kəndində yerləşən, İddiaçı ASC-nin qanuni istifadəsində olan və cavabdehlər tərəfindən qeyri-qanuni zəbt edilmiş cəmi 16 hektar torpaq sahəsindən cavabdehlərin məcburi qaydada çıxarılmaları, həmin 16 hektar torpaq sahəsinin İddiaçı ASC-nə qaytarılması barədə iddiası təmin edilməsin. İddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumu məbləği İddiaçı ASC-nə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar