Məhkəmə qərarları › İş №2(054)-20/2024

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-20/2024

18.01.2024 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-20/2024 18.01.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X13 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili İsmayılov İsmayıl Mayıl oğlunun, cavabdeh Rzayeva (Zamanova) Əntiqə Həsən qızının iştirakı ilə İddiaçı cavabdehlər Rzayeva (Zamanova) Əntiqə Həsən qızına, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı alqı-satqı əqdinin etibarlı sayılması tələbinə dair mülki işə 18 yanvar 2024-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı (iddiaçı) cavabdehlər Rzayeva (Zamanova) Əntiqə Həsən qızına, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 (cavabdehlər) qarşı JN 273 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən cavabdehlərin xüsusi mülkiyyətində olan 7,50 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi barəsində cavabdehlər Rzayeva (Zamanova) Əntiqə Həsən qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 arasında bağlanmış alqı-satqı əqdinin etibarlı sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, cavabdehlər Cavabdeh6 xx.xx.2023-cü il tarixli ərizəsi, Cavabdeh2 xx.xx.2023-cü il tarixli, Cavabdeh5 xx.xx.2023-cü il tarixli teleqramlarla, Cavabdeh4 “votsap” vasitəsilə daxil olmuş ərizəsi ilə iddia tələbini qəbul etdiklərini bildirmiş, işə iştirakları olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmişlər. Cavabdeh3 və digər cavabdehlərin ünvanına uyğun olaraq ünvan 1ldirişinə cavab olaraq nümayəndəlik xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli, 5-68-12/2-41/23 saylı məktubla bildirişin Cavabdeh1 gəlini, Cavabdeh6 arvadı X8 verildiyini, onun Cavabdeh3 və Cavabdeh4 xarici ölkədə olduqlarından məktubların onlara çatdırılacağının çətin olacağını söylədiyini bildirmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı Şakir oğlu məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx.xx.2004-cü ildə Oğuz rayon Bucaq kənd ərazisində yerləşən, torpağa mülkiyyət hüququna dair JN 273 (kod ********) saylı Dövlət aktına əsasən cavabdehlər Rzayeva (Zamanova) Əntiqə Həsən qızına, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6, habelə ailə başçısı-Cavabdeh1 əri, digər cavabdehlərin atası X5 məxsus olan cəmi 7,50 hektar torpaq sahəsini aralarındakı şifahi razılaşmaya əsasən dəyərini tam ödəmək şərti ilə 5000 ABŞ dollarına onlardan satın almışdır. Pulu mülkiyyətçilərə təqdim etmişdir. Həmin vaxt Şahnaz və Babək kiçk yaşlı olduqlarından onları valideynləri təmsil etmişlər. Dövlət aktının əsli ona təqdim edilmişdir. 2004-cü ildən torpaq sahəsi onun daimi və faktiki istifadəsindədir. Cavabdehlər indiyədək torpaq sahəsindən istifadəsi ilə bağlı ona hər hansı maneə törətməmişlər.Cavabdehlərdən Rəsmiyə İranda, Şəmsiyyə Rusiya Federasiyasında yaşayır. Ailə başçısı 2019-cu ildə ölmüşdür. Mülkiyyətçilərin bəziləri ölkədə olmadığından torpaq sahəsinin alqı-satqı müqaviləsinin notarial qaydada rəsmiləşdirilməsi mümkün deyil. Bu isə artıq ona maneələr yaradır, məsələn torpaq sahəsindən istifadəyə görə subsidiya ala bilmir. Qeyd edilən torpaq sahəsinin satın alınması ilə bağlı o, alıcı kimi öz üzərinə düşən öhdəlikləri tam şəkildə icra etmişdir. Cavabdehlərin də həmin torpaq sahəsi ilə bağlı hər hansı tələbləri və ya iddiaları yoxdur, onlar torpaq sahəsinin satılmasına dair onunla özləri arasında əqdin bağlanmış hesab edilməsinə etiraz etmirlər. Hazırki vəziyyətdə onunla cavabdehlər arasında bağlanmış alqı-satqı əqdinin etibarlı sayılması ancaq məhkəmə qərarı əsasında mümkündür. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında bildirmişdir ki, hazırki vəziyyətdə iddiaçının hüquqları pozulur, çünki o dəyərini tam şəkildə ödəməklə cavabdehlər və onların digər ailə üzvlərindən torpaq sahəsi almışdır. Buna baxmayaraq cavabdehlərlə notariat kontorunda alqı-satqı müqaviləsinin bağlanması mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2004-cü il tarixli aktdan da göründüyü kimi həmin vaxt yetkinlik yaşına çatmamış Şahnaz və Babək istisna olmaqla digər ailə üzvləri akta imza edərək 5000 ABŞ dolları məbləğində pulu almaqla 7,50 ha torpaq sahəsini iddiaçıya satıqlarını etiraf etmişlər. Dövlət aktının əsli həmin vaxtdan iddiaçıdadır. Aktda adları olmayan Şahnaz və Babək isə yazılı şəkildə iddianı qəbul etdiklərini bildirirlər. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh X11 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx.xx.1959-cu ildə Kəlbəcər rayonu Susuzluq kəndində anadan olmuşdur. xx.xx.1981-ci ildə Kəlbəcər rayonu Yanşaq kənd sovetində qeyd edilən nikahla X9 ilə ailə qurub. Həmin nikahdan Kəlbəcər rayonunda 1982-ci ildə Amin, 1984-cü ildə Şəmsiyyə, 1985-ci ildə Rəsmiyyə, 1987-ci ildə Şahnaz, 1989-cu ildə Babək adlı övladları doğulub. Babək doğulduqdan bir qədər sonra Oğuz rayonuna köçmüş və burada qeydiyyata düşmüşlər. Məcburi köçkün olmayıblar. Rayonda torpaq islahatı keçirilərkən onların 7 nəfərdən ibarət ailə üzvünün mülkiyyətinə Oğuz rayonu Bucaq kəndi ərazisindən 7,50 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. 2004-cü ildə onlar həmin torpaq sahəsini iddiaçıya 5000 ABŞ dollarına satmışlar. Torpaq sahəsinin tərəflər arasında razılaşdırılmış dəyəri tam şəkildə onlara ödənilmişdir. Həmin vaxtdan qeyd olunan torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir.Əri 2019-cu ildə vəfat etmişdir. X17 şəhərində, qızı Şahnaz Şəki rayonunun Küngüt kəndində, Rəsmiyyə İranda, Şəmsiyyə isə gənc vaxtından Rusiya Federasiyasında yaşayır. Amin, Şahnaz, Babək və Rəsmiyyə yazılı şəkildə torpağın Şahların adına keçməsinə etiraz etmirlər. Şəmsiyyə ilə əlaqələri yoxdur, problemləri də yoxdur. Onunla əlaqənin yaradılmaması ailə məsələsidir, onun hazırki işə aidiyyəti yoxdur. Şəmsiyyənin torpağa da aidiyyəti yoxdur, gəlsə də ona torpaq payı verilməyəcək. 20 ildir Şahlar torpaqdan istifadə edir. Torpağın onun adına sənədləşdirilməsinə etirazı yoxdur. Adlarına torpaq olduğundan sosial yardım ala bilmirlər. İddianın təmin edilməsini xahiş etmişdir. Digər Cavabdeh6 iştirak etdiyi məhkəmə iclasında anası-cavabdeh X6 izahatının məzmununa uyğun izahat verərək özlərinə məxsus olan, 7,50 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 14 yanvar 2004-cü il tarixdə iddiaçıya satdıqlarını, hazırda həmin torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsinə razı olduğunu bildirərək iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin və cavabdehin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü ildə Vartaşen rayonu Bucaq kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayon Bucaq kəndidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.1959-cu ildə Kəlbəcər rayonu Susuzluq kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayon Bucaq kəndidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh6 xx.xx.1989-cu ildə Kəlbəcər rayonu Susuzluq kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayon Bucaq kəndidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE 09921688 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1984-cü ildə Kəlbəcər rayonu Susuzluq kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayon Bucaq kəndidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE 04477378 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1985-ci ildə Kəlbəcər rayonu Susuzluq kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayon Bucaq kəndidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1982-ci ildə Azərbaycan Respublikasında anadan olmuşdur. Oğuz rayon Qeydiyyat şöbəsinin işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 99/12 saylı arayışından görünür ki, X9 və X6 nikahı xx.xx.1981-ci il tarixdə Kəlbəcər rayonu Yanşaq kənd sovetində 14 nömrə ilə qeydə alınmış, nikah bağlandıqdan sonra ərarvada Zamanov soyadı verilmişdir. Oğuz rayon Qeydiyyat şöbəsinin işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 98/12 saylı arayışından görünür ki, X7 və X1 nikahı xx.xx.2017-ci il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsində 209 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ər-arvada Verdiyev soyadı verilmişdir. Oğuz rayon Qeydiyyat şöbəsinin işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X9 xx.xx.2019-cu ildə ölmüş, bu barədə Oğuz rayon Bucaq kənd icra nümayəndəliyində xx.xx.2019-cu il tarixdə 08 nömrə ilə qeyd edilmişdir. Oğuz rayon Qeydiyyat şöbəsinin işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 260 saylı arayışından görünür ki, xx.xx.1959-cu ildə Kəlbəcər rayonu Susuzluq kəndində anadan olmuş Cavabdeh1 barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2023-cü ilədək aparılmış və aşağıdakı məlumatlar əldə edilmişdir. Əri: X9 (xx.xx.2019-cu ildə vəfat edib), qızı: Cavabdeh5 xx.xx.1987, qızı: X3 xx.xx.1985, qızı: Cavabdeh3 xx.xx.1984, oğlu: Cavabdeh2 xx.xx.1982, oğlu: Cavabdeh6 xx.xx.1989. İşə əlavə edilmiş torpağa mülkiyyət hüququna dair JN 273 Kod 40503018 saylı Dövlət aktının surətindən görünür ki, Oğuz rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 50 saylı qərarı ilə Oğuz rayon Bucaq kənd sakinləri X5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh5 və Cavabdeh6 7,50 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmiş, Dövlət aktının bir nüsxəsi xx.xx.1998-ci il tarixdə X5 təqdim edilmişdir. İşə əlavə edilmiş aktdan görünür ki, X9, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3 JN 273 kod 40503018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 7,50 ha torpaq sahəsini İddiaçı satdıqlarını, torpağın dəyəri olan 5000 ABŞ dollarını tam şəkildə aldıqlarını, torpaq sahəsinin alqı-satqısından İddiaçı heç bir borcunun qalmadığını bildirmişlər. Aktda qeyd edilən şəxslərin adları qarşısında imzalar əks olunmuşdur. ( Aktda imzaların təsdiqi ilə bağlı qeyd aşkar olunmamışdır.) “İnsan Hüquqlarının və X4 Haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.4-cü maddəsinə əsasən əgər əldə edən qanuni qüvvəyə minmiş məhkəmə qərarına və ya ona bərabər olan sənədə, o cümlədən notariat qaydasında təsdiqləməyə istinad edirsə, notariat qaydasında təsdiqləmə tələb olunmur. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.( 146.2-ci maddə) Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. (146.3-cü maddə) Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 218.1-ci maddəsinə görə ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. 218.2-ci maddəsinə əsasən payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. 218.3-cü maddəsinə əsasən pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin. 218.4-cü maddəsinə əsasən payı satın almaqda üstünlük hüququnun güzəşt edilməsinə yol verilmir. Yenə həmin Məcəllənin 220.1-ci və 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 394-cü maddəsinə görə bir tərəfin daşınmaz əşyaya mülkiyyəti (və ya digər əşya hüquqlarını) digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman, yəni 24 iyun 2005-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydada təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydada təsdiqlənməsi tələb edilmir. Həmin Məcəllənin 336.2-ci maddəsinə əsasən əgər əqd lazımi formada bağlanmışsa, lakin tərəflərdən biri əqddən əmələ gələn hüquqların qeydiyyatından boyun qaçırırsa, digər tərəfin tələbi ilə məhkəmənin həmin hüquqların qeydə alınması barədə qərar çıxarmaq ixtiyarı vardır. Bu halda əqddən əmələ gələn hüquqlar məhkəmənin qərarına uyğun qeydə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə” 22 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti üzrə” 31 may 2006-cı il tarixli Qərarında əqdin notarial formasına riayət edilməməsinin nəticələri ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumu hüquqi mövqeyini bir daha təsdiq etməklə qeyd etmişdir ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Bu məqam qanunvericiliklə yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı hazırki iddianın predmetinə aid olan 7,50 hektar torpaq sahəsinin tərəflər arasında olan qarşılıqlı razılığa əsasən müəyyən edilmiş dəyəri olan 5000 ABŞ dollarını 2004-cü ildə cavabdehlərə və onların ailə üzvlərinə tam şəkildə ödəmiş və qeyd edilən əmlakın satın alınması ilə bağlı alıcı kimi öz üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, torpaq sahəsi satılan zaman ailənin yetkinlik yaşına çatmayan Şahnaz və Babək adlı üzvləri alqı-satqı prosesində iştirak etməmişlər. Buna baxmayaraq məhkəmə iclasında təqdim edilmiş ərizə və teleqramla cavabdeh olan hər iki şəxsin alqı-satqıya etirazının olmadığı müəyyən edilmişdir. Bundan başqa digər cavabdehlər Rəsmiyyə və Amin məhkəməyə ünvanlanmış ərizə və teleqramla iddianı qəbul etdiklərini bildirmişlər. Məhkəmə iclasında müəyyən edildiyi kimi ailə başçısı-torpağın müılkiyyətçilərindən biri X9 2019-cu ildə vəfat etmişdir. İşdə iştirak edən cavabdehlər onun alqı-satqıya əks münasibətinin olduğuna dair heç bir fikir irəli sürməmişlər. Cavabdeh olan Cavabdeh3 iddiaya münasibətinə gəldikdə buna dair məhkəmə iclasında heç bir sübut təqdim edilməmiş, mülki işə əlavə edilmiş, xx.xx.2004-cü il tarixdə tərtib edildiyi irəli sürülən aktda onun adının qarşısındakı imzanın həqiqətən ona aid olub-olmamasının müəyyən edilməsi isə mümkün olmamışdır. Belə ki, cavabdeh—həmçinin digər cavabdehlərin anası Əntiqə Cavabdeh3 adlı qızının gənc yaşlarından Rusiya Federasiyasında yaşadığını söyləmişdir. Bundan əlavə Əntiqə Rzayeva onunla əlaqələrinin olmadığını, bunun ailə daxili münasibət olmaqla hazırki işlə də heç bir əlaqəsinin olmadığını, habelə Şəmsiyyənin torpağa aidiyyətinin olmadığını, qayıdıb gəlsə belə ona torpaq payı verilməyəcəyini bildirdiyindən məhkəmə Şəmsiyyənin vaxtilə torpaq satılan zaman buna razılığının olduğuna dair müddəalara tənqidi yanaşaraq bildirir ki, hazırki iş üzrə əqdin etibarlı sayılması üçün bütün mülkiyyətçilərin razılığının olması şübhə doğurmamalı, əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsinin əks tərəfin təqsiri ucbatından baş verməsi, məhz əks tərəfin əqdin notariat qaydasında təsdiqlənməsindən yayınması müəyyən edilməlidir. Beləliklə, məhkəmə araşdırması nəticəsində əldə edilən faktlara əsasən məhkəmə hesab edir ki, JN 273 saylı (KOD ********) dövlət aktına əsasən 7,50 ha pay torpaq sahəsi 7 mülkiyyətçinin paylı mülkiyyətində olmaqla, mülkiyyətçi X9 2019-cu ildə vəfat etdiyindən və onun payı üzərində vərəsəlik müəyyən edilmədiyindən, qanunvericiliyə uyğun olaraq hər mülkiyyətçi öz payının üzərində qanunla ona verilmiş səlahiyyətləri həyata keçirmək məqsədilə paylı mülkiyyətin bölünməsi üçün digər mülkiyyətçilərlə razılaşmalı, razılıq olmadıqda isə məhkəməyə müraciət etmək hüququna malik olduğundan, başlıca olaraq əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsinin əks tərəfin təqsiri ucbatından baş verməsi, məhz əks tərəfin əqdin notariat qaydasında təsdiqlənməsindən yayınması, əqdin özünün qanuna müvafiq olması və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilməsi ilə bağlı mötəbər sübutlar təqdim edilmədiyindən, beləliklə yuxarıda qeyd edilən mülki qanunvericilik normaları pozulduğundan iddia tələbi təmin olunmamalıdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Yenə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: . İddiaçı cavabdehlər Rzayeva (Zamanova) Əntiqə Həsən qızına, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı alqı-satqı əqdinin etibarlı sayılması tələbinə dair iddiası təmin edilməsin. Dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar