Məhkəmə qərarları › İş №2(054)-210/2022

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №2(054)-210/2022

13.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 2(054)-210/2022 13.06.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Salamov Tural Fərman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi doğum faktının müəyyən edilməsi tələbi barədə ərizəsi üzrə mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi məhkəməyə müraciət edərək onun xx.xx.1949-cu il tarixdə Oğuz şəhərində anadan olması faktının müəyyən edilməsi, onun barəsində doğum haqqında akt qeydinin tərtib edilməsi və bu barədə şəhadətnamənin verilməsi vəzifəsinin Maraqlı şəxsnə həvalə edilməsi, doğum haqqında akt qeydində və şəhadətnamədə atasının X4, doğulduğu vaxtın 1901-ci il, doğulduğu yerin Oğuz şəhəri, daimi yaşadığı yerin Oğuz şəhəri, milliyyətinin udin, anasının X1, doğulduğu vaxtın 1905-ci il, doğulduğu yerin Oğuz şəhəri, daimi yaşadığı yerin Oğuz şəhəri, milliyyətinin udin kimi qeyd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək ərizəsinin təmin еdilməsi bərədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxs məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan keçirilməsini qərara almışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib ərizəçinin izahatını dinləyərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, Maraqlı şəxs arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aparılmış yoxlama zamanı Ərizəçi adına 1949-cu ilə aid doğum haqqında akt qeydi aşkar edilməmişdir. Bununla yanaşı, hazırki ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçinin adına onun xx.xx.1949-cu il tarixdə anadan olmasınaə aid şəxsiyyət vəsiqəsi, keçmiş SSRİ vətəndaşının pasportu və bir sıra digər sənədlər tərtib edilmişdir. Ərizəçinin hazırki ərizəsindən görünür ki, onun doğum haqqında şəhadətnaməsi yoxdur. Ərizəçinin mərhum bacısı X2 miras qalmış əmlaklarla bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etməsi üçün doğum haqqında şəhadətnamə tələb olunur. Buna görə isə onun doğum faktının müəyyən edilməsi lazımdır. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, mərhum bacısı X3 uşaqları, yəni birinci növbədə vərəsələri vardır və onlar hazırda Azərbaycan Respublikasından kənarda yaşayırlar. Həmin şəxslər mərhum analarından qalmış mirası qəbul etmək üçün Azərbaycan Respublikasına gəlməkdə çətinlik çəkirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu il tarixli 03 saylı Qərarının 1.2-ci bəndində qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmin Qərarın 2.1-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, mərhum X2 miras qalmış əmlaklara münasibətdə ərizəçidən daha əvvəlki növbəyə aid vərəsələr mərhumun uşaqları, yəni birinci növbədə vərəsələri vardır. Ərizəçi də hazırki ərizəsində və məhkəmə iclasında verdiyi izahatında onun doğum faktının müəyyən edilməsinin məhz mərhum X2 miras qalmış əmlakların vərəsə kimi qəbul edilməsi üçün lazım olduğunu bildirmişdir. Lakin ərizəçinin hazırki tələblə məhkəməyə müraciət etməsinin məqsədi ilə onun doğum faktının müəyyən edilməsi, bu faktın müəyyən olunması ilə yarana biləcək hüquqi nəticələr arasında səbəbli əlaqənin mövcud olması halları müəyyən edilməmişdir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər: iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda; iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda; iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. İş materiallarına və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarına görə məhkəmə hesab edir ki, ərizəçinin hazırki tələbinə, ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş, mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən tələb kimi yanaşılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Ərizəçiyə izah edilir ki, doğum haqqında akt qeydinin tərtib edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanına, bununla əlaqədar səlahiyyətli inzibati orqanın qərarından narazı qaldığı təqdirdə isə müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263, 264, 266-268, 307, 308-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar