Məhkəmə qərarları › İş №2(054)-213/2020

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-213/2020

09.07.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-213/2020 09.07.2020 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Əzizov Taleh Nazim oğlunun katibliyi, İddiaçı X2i təmsilçisi X8, Cavabdehlər Cavabdeh1 və X3, Cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Oğuz rayonu Yaqublu Bələdiyyəsinin nümayəndəsi bələdiyyənin sədri X16 iştirakı ilə İddiaçı X7 Oğuz rayonu Yaqublu Bələdiyyəsi cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə, cavabdehlər Cavabdeh1 və X4 torpaq sahəsindən istifadə edilməsinə maneə törədilməsinin qadağan edilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: İddiaçı X11 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN - 1319 (KOD 40510038) nömrəli X13 Hüququna dair Şəhadətnamə əsasında İddiaçı-nin müvəqqəti istifadəsində olan 30,0 hektar torpaq sahəsinin 0,5 hektardan ibarət hissəsinin Cavabdeh1, 1,5 hektardan ibarət hissəsinin isə Cavabdeh2 alınaraq İddiaçı-nə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə prosesinin gedişində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı-nin icarəsində olan 30,0 hektar torpaq sahəsindən istifadə edilməsinə cavabdehlər Cavabdeh1 və X5 tərəfindən maneə törədilməsinin qadağan edilməsi barədə qətnamə çıxarılmasını, eyni zamanda, iddia ərizəsində cavabdeh X1 “Allahverdiyev” əvəzinə texniki səhv olaraq “Abdulhüseynov” kimi qeyd edilməsinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesinin gedişində cavabdehlərin vəsatəti əsasında Oğuz rayonu Yaqublu Bələdiyyəsi cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı-nin qanuni təmsilçisi X14 hazırki iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə baxışı iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, Oğuz rayonu Top Bələdiyyəsinin xx.xx.2000-ci il tarixli 11 saylı qərarı əsasında xx.xx.2001-ci il tarixli 07 saylı icarə müqaviləsi ilə Oğuz rayonu Top Bələdiyyəsinə aid olan 30,0 hektar ərazi qoyunçuluğun inkişafı məqsədi ilə 25 il müddətinə İddiaçı-nin istifadəsinə verilmişdir. Qeyd olunan əraziyə dair İddiaçı-nin adına JN - 1319 (KOD 40510038) nömrəli X13 Hüququna dair Şəhadətnamə tərtib edilmişdir. Həmin ərazi o vaxtdan İddiaçı-nin qanuni istifadəsindədir. 2009-cu ildən sonra bəzi bələdiyyələrin ləğv edilməsi nəticəsindəOğuz rayonu Top Bələdiyyəsinə aid olan torpaq sahələri Oğuz rayonu Yaqublu Bələdiyyəsinin mülkiyyətinə keçmişdir. xx.xx.2001-ci il tarixli 07 saylı icarə müqaviləsi onun atası - həmin vaxt İddiaçı-nin qanuni təmsilçisi olmuş X6 arasında bağlanmış, atasının vəfatından sonra o özü İddiaçı-nin qanuni təmsilçisi olmuşdur.30,0 hektar torpaq sahəsinin 0,5 hektardan ibarət hissəsini Cavabdeh1, təxminən, 1,5 hektardan ibarət hissəsini isə Cavabdeh2 hasarlayaraq zəbt etdiklərinə görə o, əvvəlcə həmin torpaq sahələrinin cavabdehlərdən alınaraq İddiaçı-nə qaytarılması tələbi ilə məhkəməyə mrüaciət etmiş, hazırda isə qeyd olunan torpaq sahələri zəbtdən azad edilmişdir. 30,0 hektar ərazi hazırki vəziyyətdə də İddiaçı-nin qanuni istifadəsinə olmasına baxmayaraq cavabdehlər Cavabdeh1 və X5 ona həmin torpaq sahəsindən sərbəst şəkildə istifadə etməsinə maneçilik törədir, əkib-becərdiyi ərazidə biçin işləri aparmasına, həmçinin, qoyun-quzu otarılmasına imkan vermirlər. O, cavabdehlərdən qanunsuz hərəkətlərə son qoymalarını dəfələrlə xahiş etsə də, cavabdehlər ona məhəl qoymamışlar. Həmin ərazi bələdiyyə mülkiyyətinə aid olsa da, İddiaçı-nin qanuni istifadəsinə verilmiş torpaq sahəsi olduğundan cavabdehlərin qanunsuz hərəkətləri İddiaçı-nin qanuni təmsilçisi kimi bilavasitə onun mənafeyinə toxunur. Ona görə də o, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Qeyd etdiklərinə əsasən hazırki iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, mübahisə predmetinə aid olan, Oğuz rayonu Top kəndində yerləşən ərazi kənd camaatının örüş sahələri olmuşdr. Qeyd olunan ərazinin uzunmüddətli icarəyə verilməsi ilə bağlı müqavilə Top Bələdiyyəsi ilə X8 atası X6 arasında bağlanmış,X6 isə hazırda vəfat etmişdir. 30,0 hektar torpaq sahəsininuzunmüddətli icarəyə verilməsi ilə bağlı müqavilə Oğuz rayonu Yaqublu Bələdiyyəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə ləğv edilmişdir. Hazırda X14 həmin torpaq sahəsindən qanunsuz olaraq istifadə edir və kənd camaatının mal-qarasının örüş yerlərində otlamasına imkan vermir. Onlar mübahisə predmetinə aid olan ərazini çəpərləyərək əhatəyə alsalar da, X14 çəpəri söküb dağıtmışdır və hazırda həmin ərazinin ətarfı açıqdır. İddiaçı-nin uzunmüddətli istifadəsinə verilmiş ərazi kənd əhalisinin örüş yerləri olduğundan icarə müqaviləsinin predmeti də ola bilməzdi və hesab edir ki, hazırki iddianın predmetinə aid olan torpaq sahəsi İddiaçı-nin istifadəsinə qanunsuz olaraq verilmişdir. Həmin əraziyə dair hazırda İddiaçı-nin qanuni sənədi varsa, onun hazırki iddia tələbinə heç bir etirazı yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh X5 da hazırki iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında Cavabdeh1 izahatının məzmununa uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etməklə iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Oğuz rayonu Yaqublu Bələdiyyəsinin nümayəndəsi bələdiyyənin sədri X17 məhkəmə baxışı iclasında izahat verərək göstərdi ki, mübahisə predmetinə aid olan ərazi Oğuz rayonu Top kəndinin ərazisində olsa da, 2009-cu ildən sonra Oğuz rayonu Top, Zərrab və X15 rayonu Yaqublu Bələdiyyəsi ilə birləşdirildiyindən hazırda həmin ərazi Oğuz rayonu Yaqublu Bələdiyyəsinin mülkiyyətinə aid ərazi hesab edilir. Qeyd olunan 30,0 hektar torpaq sahəsi Oğuz rayonu Top Bələdiyyəsinin xx.xx.2000-ci il tarixli 11 saylı qərarı əsasında xx.xx.2001-ci il tarixli 07 saylı icarə müqaviləsi ilə qoyunçuluğun inkişafı məqsədi ilə 25 il müddətinə İddiaçı-nin istifadəsinə verilmişdir. Lakin belə bir müqavilə hazırda Oğuz rayonu Yaqublu Bələdiyyəsində mövcud deyildir və İddiaçı onun istifadəsinə verilmiş torpaq sahəsinin vergilərini də uzun müddətdir ki, ödəmir. Ona görə də Oğuz rayonu Yaqublu Bələdiyyəsi xx xxxxxx 2019-cu il tarixdə torpaq sahəsindən müvəqqəti istifadə müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi barədə qərar qəbul etmişdir. Eyni zamanda, İddiaçı-nin adına tərtib edilmiş JN - 1319 (KOD 40510038) nömrəli X13 Hüququna dair Şəhadətnamənin ləğv edilməsi tələbi ilə Oğuz rayonu Yaqublu Bələdiyyəsi tərəfindən müvafiq iddia ilə Şəki İnzibati Məhkəməsinə müraciət edilmişdir. Lakin həmin iş üzrə hələ hər hansı qərar qəbul edilməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, hazırki iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iş materialları və işdə iştirak edən şəxslərin izahatları ilə işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, Oğuz rayonu Top kəndi ərazisində yerləşən, mübahisə predmetinə aid olan 30,0 hektar ərazi Oğuz rayonu Top Bələdiyyəsinin xx.xx.2000-ci il tarixli 11 saylı qərarı əsasında xx.xx.2001-ci il tarixli 07 saylı icarə müqaviləsi ilə qoyunçuluğun inkişafı məqsədi ilə 25 il müddətinə İddiaçı-nin istifadəsinə verilmişdir. Qeyd olunan əraziyə dair İddiaçı-nin adına JN - 1319 (KOD 40510038) nömrəli X13 Hüququna dair Şəhadətnamə tərtib edilmişdir. 2009-cu ildən sonra Oğuz rayonu Top, Zərrab və X15 rayonu Yaqublu Bələdiyyəsi ilə birləşdirildiyindən hazırda həmin ərazi Oğuz rayonu Yaqublu Bələdiyyəsinin mülkiyyətinə aid ərazi hesab edilir. Hazırda iddiaçı Oğuz rayonu Top kəndi ərazisində yerləşən, İddiaçı-nin icarəsində olan 30,0 hektar torpaq sahəsindən istifadə edilməsinə cavabdehlər Cavabdeh1 və X5 tərəfindən maneə törədilməsinin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı öz iddia tələbinin əsası olaraq İddiaçı-nin rəsmi orqanda qeydiyyatdan keçməsinə dair Dövlət reyestrindən çıxarış sənədinə, bələdiyyənin xx.xx.2000-ci il tarixli 11 saylı qərarına, xx.xx.2001-ci il tarixli 07 saylı icarə müqaviləsinə və JN - 1319 (KOD 40510038) nömrəli X13 Hüququna dair Şəhadətnaməyə istinad edir. Cavabdehlər iddia tələbini qəbul etmirlər, qeyd olunan ərazinin bələdiyyə mülkiyyətinə aid olmaqla kəndin örüş yerləri olduğunu bildirərək iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edirlər. Cavabdehlər iddia tələbinə etirazlarının əsası olaraq məhkəməyə hər hansı sənəd və ya digər sübut təqdim etməmişlər. Cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Oğuz rayonu Yaqublu Bələdiyyəsi də həmin ərazinin bələdiyyə mülkiyyətinə aid olmasını qeyd edərək bu əraziyə dair bələdiyyə ilə iddiaçı arasında bağlanmış torpaq sahəsindən müvəqqəti istifadə müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi barədə qərar qəbul edildiyini, eyni zamanda, İddiaçı-nin adına tərtib edilmiş JN - 1319 (KOD 40510038) nömrəli X13 Hüququna dair Şəhadətnamənin ləğv edilməsi tələbi ilə bələdiyyə tərəfindən iddia ilə müvafiq məhkəməyə müraciət edildiyini bildirsə də, bununla bağlı müvafiq məhkəmənin qərarını hazırda məhkəməyə təqdim etməmişdir. Məhkəmə cavabdehlərin mübahisə predmetinə aid olan ərazinin uzunmüddətli icarəyə verilməsi ilə bağlı müqavilənin Top Bələdiyyəsi ilə X8 atası X6 arasında bağlandığı, sonuncunun isə hazırda vəfat etdiyi, hazırda X8 həmin torpaq sahəsindən qanunsuz olaraq istifadə etdiyi barədə izahatında göstərdikləri xüsusatlarla bağlı qeyd edir ki, xx.xx.2001-ci il tarixli 07 saylı icarə müqaviləsi İddiaçı ilə bələdiyyə arasında bağlanmış, həmin vaxt İddiaçı-ni təmsil edən şəxs X6 olduğundan müqaviləyə o imza etmişdir. İddiaçı-nin rəsmi orqanda qeydiyyatdan keçməsinə dair xx.xx.2016-cı il tarixli Dövlət reyestrindən çıxarış sənədindən isə görünür ki, hazırda İddiaçı-nin qanuni təmsilçisi X10r. Hüquqi şəxs adından müqaviləni həmin hüquqi şəxsin rəhbəri imzalamalı olduğundan X6 həmin müqaviləni fiziki şəxs kimi deyil,hüquqi şəxsin rəhbəri kimi imzalamışdır.Hüquqi şəxs adından müqaviləni imzalamış şəxsin vəfat etməsi, onun vəfatından sonra həmin müqavilənin ləğvinə və ya xitamına əsas vermir. Hazırda İddiaçı-nin qanuni təmsilçisi X14 olduğundan tərəflər arasında bağlanmış müqavilənin qüvvədə olma müddəti ərzində həmin müqavilə üzrə hüquq və vəzifələrin, öhdəliklərin icrası hazırki qanuni təmsilçinin üzərinə düşür. İddiaçı ilə bələdiyyə arasında bağlanmış xx.xx.2001-ci il tarixli 07 saylı icarə müqaviləsindən görünür ki, həmin müqavilə 25 il müddətinə bağlanmışdır. Həmin müqavilənin 2.10-cu maddəsində qeyd olunmuşdur ki, icarəyəverənin, yəni bələdiyyənin icarə müqaviləsinin dəyişdirilməsi, vaxtından əvvəl ləğv edilməsi, dayandırılması və uzadılması barədə təklif vermək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Oğuz rayonu Yaqublu Bələdiyyəsi 30,0 hektar torpaq sahəsinə dair bələdiyyə ilə iddiaçı arasında bağlanmış torpaq sahəsindən müvəqqəti istifadə müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi barədə bələdiyyə qərarını məhkəməyə təqdim edərək İddiaçı-nin adına tərtib edilmiş JN - 1319 (KOD 40510038) nömrəli X13 Hüququna dair Şəhadətnaməni mübahisələndirdiyini iddia etsə də, həmin iddia ilə bağlı qanuni qüvvəyə minmiş yekun məhkəmə qərarı mövcud deyildir və hazırki şəraitdə həmin Şəhadətnamə hüquqi statusa malik olan, yəni ləğv edilməmiş sənəd sayılır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4.0, 4.0.1 və 4.0.11-ci maddələrinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək səlahiyyətləri vardır. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə mülki işin tədqiq edilmiş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, mübahisə predmetinə aid olan 30,0 hektar torpaq sahəsinin Oğuz rayonu Yaqublu Bələdiyyəsinin mülkiyyətinə aid olması iş materialları ilə təsdiq edilmiş, işdə iştirak edən şəxslərdən hər hansı biri bu faktı mübahisələndirməmiş, eyni zamanda, həmin ərazinin hazırda mübahisələndirilən yerdə deyil, konfiqurasiya fərqi ilə digər ərazidə yerləşməsini iddia etməmişdir. Mübahisə predmetinə aid olan ərazi bələdiyyə mülkiyyətinə aid olmasına baxmayaraq həmin ərazi bələdiyyənin müvafiq qərarı və icarə müqaviləsi ilə iddiaçının uzunmüddətli istifadəsinə verildiyindən, qeyd olunan əraziyə dair İddiaçı-nin adına tərtib edilmiş JN - 1319 (KOD 40510038) nömrəli X13 Hüququna dair Şəhadətnamə hazırda da qüvvədə olduğundan məhkəmə hesab edir ki, iddiaçının mübahisə predmetinə aid olan 30,0 hektar torpaq sahəsinə qanuni istifadə hüquqları mövcuddur. İddiaçının həmin torpaq sahəsindən sərbəst istifadə etməsinə cavabdehlər tərəfindən maneə törədilməsi həmin ərazinin qanuni istifadəçisi kimi hazırki iş üzrə iddiaçının qanunla qorunan mənafelərinə toxunulması ilə nəticələnmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki iddia tələbi təmin edilməli, Oğuz rayonu Top kəndi ərazisində yerləşən, Oğuz rayonu Yaqublu Bələdiyyəsinin mülkiyyətinə aid olmaqla, JN - 1319 (KOD 40510038) nömrəli X13 Hüququna dair Şəhadətnamə əsasında icarə hüququ ilə iddiaçının müvəqqəti istifadəsində olan 30,0 hektar torpaq sahəsindən istifadə edilməsinə cavabdehlər tərəfindən maneə törədilməsinin qadağan edilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasının tələbinə əsasən və iddiaçının məhkəməyə müraciət edərkən ödədiyi 10 (on) manat dövlət rüsumu məbləğini tələb etmədiyini nəzərə alaraq məhkəmə qərara gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia tələbi təmin edilsin. Oğuz rayonu Top kəndi ərazisində yerləşən, Oğuz rayonu Yaqublu Bələdiyyəsinin mülkiyyətinə aid olmaqla, JN - 1319 (KOD 40510038) nömrəli X13 Hüququna dair Şəhadətnamə əsasında İddiaçı X7 müvəqqəti istifadəsində olan 30,0 hektar torpaq sahəsindən istifadə edilməsinə cavabdehlər Cavabdeh1 və X5 tərəfindən maneə törədilməsi qadağan edilsin. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar