Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1510/2024 15.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı mülki iş (Açar sözlər: «mənzilə köçürülmə, maneələrin aradan qaldırılması, istifadə qaydalarının müəyyən edilməsi, hüquqdan sui-istifadə etmə») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı Ağazadə (Novruzova) Nəzrin İsa qızının, Cavabdeh1 Yasin oğlunun nümayəndəsi və vəkili Vəkil2 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4985/2023 saylı, 03 noyabr 2023cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Novruzov Royal ilə X6 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış nikah xx.xx.2022-ci il tarixdə pozulmuşdur.
2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən sеriya RX № ******* saylı çıxarışa görə xx.xx.2011-ci il tariхdən 99 il müddətinə icarə hüququ əsasında Hüsеynov Aqil Zahir oğluna məхsus olan, xx.xx.2019-cu il tariхli, 3M-33 saylı alqı-satqı müqaviləsinə əsasən icarə hüququ xx.xx.2019-cu il tariхli qеydiyyata əsasən İddiaçı kеçmiş Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0,02 ha. torpaq sahəsi kənd təsərrüfatı (kənd təsərrüfatı məhsullarının istеhsalı) təyinatlıdır və həmin torpaq sahəsində özbaşına tikili (fərdi yaşayış evi) mövcuddur.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı mülkiyyətdən istifadə hüququna maneələrin aradan qaldırılması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək birgə nikah dövründə Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində, 0.02 ha torpaq sahəsi üzərində yerləşən iki mərtəbəli fərdi yaşayış evinə köçürülməsi, fərdi yaşayış evindən istifadə etməsinə yaradılmış qanunsuz maneələrin aradan qaldırılması və həmin sənədsiz fərdi yaşayış eyindən istifadə qaydalarının müəyyən edilməsi, hüquqi yardıma görə ödənilmiş 1000 manat vəsaitin, еyni zamanda məhkəmənin işə baхması üçün ödənilmiş 100 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Tələbdə göstərilib ki, cavabdehlər keçmiş əri - Özbəkistan Respublikasının vətəndaşı olan Novruzov Royalın qardaşı və onun arvadıdır. Özbəkistan Respublikasının vətəndaşı Novruzov Royal ilə ailə münasibətinə daxil olaraq xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. xx.xx.2019-cu il tarixdə Rəsul, xx.xx.2020-ci il tarixdə Nilay adını verdikləri övladları doğulmuşdur. 2018-ci ildə gəlin kimi Bakı şəhəri, Ramana qəsəbəsi, 2ci sahədə yerləşən bir mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə gəlin köçmüşdür. Bildiyinə görə həmin ev rəsmi reyestrdə qeydiyyatdan keçməmiş evdir. Cehiz əmlakları hal hazırda da həmin ünvanda yerləşir. Birgə nikah dövrü zamanı Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0.02 ha torpaq sahəsi icarə hüququ əsasında əldə olunmuşdur. Birgə nikah dövrü zamanı əldə olunmuş Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0.02 ha torpaq sahəsi üzərində iki mərtəbəli ev ilə birlikdə əldə olunmuşdur. Qeyd edilən torpaq sahəsini 62000 manata almışlar. Əldə olunmuş daşınmaz əmlakın 40000 manatını onun atası ödədiyindən, əri qeyd edilən daşınmaz əmlakın onun adına rəsmiləşdirilməsinə razılıq vermişdir. Həmin vaxt gəlin köçdüyü bildiyinə görə qayınanasına məxsus olan Bakı şəhəri, Ramana qəsəbəsi 2-ci sahədə yerləşən bir mərtəbəli 3 otaqlı fərdi yaşayış evində yaşamışlar, amma öz evlərinə köçmək fikrində olmuşlar. Bununla belə qaynıgilin evi olmadığından, əri və valideynləri ilə danışıqdan sonra qayınanasıgildə yaşadıqlarından qaynının ailəsi ilə birlikdə yaşamasına razılıq vermişlər. Sonradan əri ilə münasibətlərində soyuqluq yaranmağa başlamış, ailədə hər gün söz söhbət yaranmışdır. Bir ailə kimi yaşamaları mümkün olmamışdır. Nəticədə 2022-ci ildə nikahları pozulmuşdur. Nikah pozulduqdan sonra da o, uşaqları ilə birlikdə gəlin gеtdiyi qayınanasına məxsus olan Bakı şəhəri, Ramana qəsəbəsi, 2-ci sahədə yerləşən bir mərtəbəli 3 otaqlı fərdi yaşayış evində yaşamağa davam etmişdir. Həmin ünvanda nə o, nədə uşaqları qeydiyyatda olmamışlar. Sonradan 2022-ci ilin əvvəli ərəfələrində qaynatası ölmüş və qaynanası ərinin 40-dək onların həmin ünvandan getmələrini istəmiş və hüzrə görə gəlib gedənlərinin olacağını bildirmişdir. Razılaşdığı üçün uşaqlarını da götürüb valideynlərinin evinə gеtmişdir. Qaynatasının 40-ı bitdikdən sonra uşaqları ilə gəlin köçdüyü evə gеtsə də, onları həmin evə buraxmamışlar. Sonradan övladları ilə birlikdə birgə nikah dövrü zamanı Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0.02 ha torpaq sahəsi üzərində iki mərtəbəli evə köçmək istəsə də, burada da onun yaşamasına qaynı və arvadı imkan verməmişlər. Qaynı Bakı şəhəri, Ramana qəsəbəsi 2-ci sahədə yerləşən bir mərtəbəli 3 otaqlı fərdi yaşayış evində miqrant kimi qeydiyyatda olsa da, həmin ünvanda yaşamırlar, onun evində yaşayaraq onu və uşaqlarını ona məxsus evə buraxmırlar. Belə olan halda məcbur qalıb ata evinə sığınaraq bu günə kimi orada yaşamışdır. Nəticədə o və övladları yaşayış yerlərindən istifadə edə bilmir, qapı bağlı olur, qapını döysələr də qapını açan olmur. Açsa da belə sözün əsl mənasında cavabdehlərin arzu və istəyindən asılı vəziyyətdə qalır. Evi olduğu halda ata evində qalmağa məcburdur.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4985/2023 saylı, 03 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Adilə Paşayeva) iddianın təmin edilməməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı üzərində özbaşına tikili inşa edilmiş 0,02 ha torpaq sahəsi icarə hüququ üzrə iddiaçıya məxsusdur. Tikilinin mövcudluğu səbəbindən torpaq sahəsinin təyinatı üzrə istifadə edilməsi mümkün deyil. Tikintinin mövcudluğu müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan kənd təsərrüfatı təyinatlı torpağı faktiki olaraq qeyri-kənd təsərrüfatı məqsədli kateqoriyaya çevirir, kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi və kateqoriyasının dəyişdirilməsinin isə qanunla nəzərdə tutulan məsuliyyətə səbəb olur, torpaqdan səmərəli istifadə edilməsinə maneə yaradır. Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyini təmin etməli olan torpaq ehtiyatlarından istifadənin səmərəsinin yüksəldilməsinə, istehsalın artırılmasına və məhsul bolluğunun yaradılmasına maneə törədir, kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən istifadə edilməməsi icarəçi hüquqlarına xitam verilməsinə əsasdır, kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırıla bilər, mülkiyyətçisinin isə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə torpaq sahəsindəki binaları və qurğuları uçurmaq səlahiyyəti var. İddiaçının icarəsində olan 0,02 ha kənd təsərrüfatlı torpaq sahəsindəki mübahisəli tikiliyə dair mülkiyyətçi hüquqları o cümlədən ona istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ əmələ gəlməmişdir. Əksinə tikintinin mövcudluğu kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən təyinatı üzrə istifadəsini mümkünsüz еdir ki, bu da həmin sahəyə dair iddiaçının icarə hüququna хitam üçün əsas yaradır, tikinti özü isə müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Torpaq Məcəlləsinin 12-ci maddəsinin 4-cü hissəsinə əsasən kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir. Həmin Məcəllənin 13-cü maddəsinin 1-ci hissəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Həmin Məcəllənin 13-cü maddəsinin 2-ci hissəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Həmin Məcəllənin 34-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaqların mühafizəsi onlardan səmərəli istifadə edilməsi, daha qiymətli torpaqların kənd təsərrüfatı və meşə təsərrüfatı dövriyyəsindən əsassız çıxarılmasına yol verilməməsi, onların zərərli təbii və antropogen təsirlərdən qorunması, habelə torpaqların münbitliyinin, meşə fondunun bərpası və artırılması məqsədilə həyata keçirilən hüquqi, təşkilati, iqtisadi və digər tədbirlər sistemindən ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi inzibati xəta hesab olunur. İddianın təmin edilməsi, kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən daimi olaraq məqsədli təyinatına uyğun deyil, başqa məqsədlər üçün istifadə edilməsinə və müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan kateqoriyasının dəyişdirilməsinə səbəb olmaqla yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə ziddir. İddiaçının icarəsində olan 0,02 ha kənd təsərrüfatlı torpaq sahəsindəki mübahisəli tikiliyə dair mülkiyyətçi hüquqları o cümlədən ona istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, köçüb orada yaşamaq, ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ əmələ gəlmədiyindən iddia tələbi təmin еdilə bilməz.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı Ağazadə (Novruzova) Nəzrin İsa qızı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın isə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətdə göstərib ki, cavabdehin nümayəndəsi özü məhkəmə iclasında iştirak edərək bildirir ki, Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evində faktiki olaraq iddiaçının keçmiş əri Royal Novruzovun qardaşı Cavabdeh1 və onun arvadı Emiliya Novruzova yaşayırlar. Halbuki, qeyd edilən torpaq sahəsi birgə nikah müddətində üzərində olan qeyri-qanuni tikili ilə birlikdə əldə edilmiş, sonradan torpaq sahəsi məhkəmə yolu ilə bölünmüş olsa da, cavabdehin qardaşının və onun yoldaşının heç bir payı olmadığı halda, həmin torpaq sahəsində tikilmiş evdə yaşamağa davam edirlər. O, isə mülkiyyətçi olduğu halda nə qeyd edilən torpaq sahəsindən, nə də üzərindəki tikilidən istifadə edə bilir. Birinci instansiya məhkəməsi tikilinin mövcudluğunun torpaq sahəsinin təyinatını dəyişdiyini qeyd etsə də, tikilinin torpaqla birlikdə alındığını, eyni zamanda cavabdeh tərəf sonradan tikildiyini iddia etsə də, qeyd edilən hala dair məhkəmədə hər hansı sübut təqdim edə bilmədiyini, eyni zamanda tikilinin artıq mövcud olduğunu, buna görə də artıq qeyri-kənd təsərrüfatı məqsədili kateqoriyaya çevrildiyini nəzərə alsa ki, cavabdehlərin orada yaşaya bilməsi, onun isə ümumiyyətlə yaşamamağı (əlində adına çıxarış olduğu halda) üstün hüquqa malik olduğu halda ayrı-seçkiliyə məruz qalması anlamına gəlir. Onun icarə hüququna хitam verilməmişdir. Tikinti özü isə müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülməmişdir. Məhkəmə icarəsində olan 0,02 ha kənd təsərrüfatlı torpaq sahəsindəki mübahisəli tikiliyə dair mülkiyyətçi hüquqları, o cümlədən ona istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, köçüb orada yaşamaq, ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququnun əmələ gəlməməsini əsas götürərək iddiasını rədd edərkən qarşı tərəfin qeyd edilən hüquqlardan hansı hüququnun əmələ gəlməsi məsələsinə isə ümumiyyətlə münasibət bildirməmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
8. Məhkəmə iclasında iddiaçı Ağazadə (Novruzova) Nəzrin İsa qızı apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və qətnamənin ləğv edilərək iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında Cavabdeh1 Yasin oğlunun nümayəndəsi və vəkili Vəkil2, eləcə də mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
10. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh X3 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
11. "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanunu:
Maddə 13.1-13.2. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Maddə 13.4. Mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 58.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2.Özbaşına tikinti aparılmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.4.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;
13. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
Maddə 3.2. Torpaq münasibətlərinin iştirakçıları Azərbaycan Respublikası, dövlət orqanları, bələdiyyələr, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, xarici dövlətlərdir. Maddə 3.3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər torpaq münasibətlərinin iştirakçıları kimi bu Məcəllənin 48-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərlə çıxış edə bilərlər. Maddə 48.1. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları həmin hüquqların bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər normativhüquqi aktlar və torpaqla bağlı əqdlərə dair müqavilələr ilə müəyyən edilmiş həcminə görə fərqlənir. Maddə 48.3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Maddə 51.1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Maddə 51.2. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir. Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 86.3. Azərbaycan Respublikasında torpaqlar dövlət mülkiyyətinə, bələdiyyə mülkiyyətinə, habelə Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə satıla bilər. Maddə 86.4. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə torpaqlar yalnız icarə hüququnda verilə bilər. Maddə 88.4. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə tikililər, qurğular və ya müəssisələr (obyektlər) satıldıqda həmin obyektlərin yerləşdiyi torpaq sahələri onların icarəsinə verilir.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.
Apellyasiya baxışının hədləri:
15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas olsa da, iddianın təmin edilməsi üçün əsas deyildir.
16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
18. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
20. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmasa da, yəni dizpozisiya əlamətləri ilə uzlaşmasa da birinci instansiya məhkəməsi iddianı rədd edərkən maddi və prosessual hüquq normalarını pozmaqla iş üzrə yekun nəticəyə gəlmişdir.
21. Belə ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş fərdi yaşayış evinə köçürmə ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisənin analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməsi mümkündür. Lakin bu halda da iddia tələbi analoji münasibətləri tənzimləyən hüquq normalarının şərtlərinə uyğun olmalıdır. Əks halda, bu, hüquqdan sui-istifadəyə gətirib çıxara bilər. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa habelə cavabdeh(lər)in etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa, iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilir. Hazırki işdə də faktiki hallar hansısa analoji maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşmır, eləcə cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə də aradan qaxdığından iddia haqlı sayılmır.
22. Əvvəla, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi cavabdehlər tərəfindən istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə iddiaçının köçürülməsi üçün əsasın və ehtiyacın yaranıb-yaranmaması ilə bağlıdır. Lakin iddiaçı qeyd olunan evin (özbaşına tikilinin) yaşayış sahəsindən istifadə etmək və yaşamaq ehtiyacı yarandığına dair də məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Çünki, qeyd olunan xüsusatları sübut etmək yükü iddiaçının üzərinə düşsə də, bu hallara dair məhkəməyə ümumiyyətlə heç bir mötəbər sübut təqdim etməyib. Əksinə, iddia ərizəsinin məzmunundan və işin faktiki hallarından məlum olur ki, iddiaçı hüquqdan pis niyyətlə suiistifadə edərək cavabdehlərə zərər vurmaq məqsədilə bu iddianı irəli sürmüşlər. Çünki cavabdehlərin hansısa formada onun hüquqlarını pozmasına dair heç bir dəlil irəli sürməyib.
23. Düzdü, mübahisəli özbaşına tikilinin yerləşdiyi 0,02 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarə hüququ əsasında iddiaçının adına qeydə alınması işin mübahisəsiz halıdır. İddiaçı Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0.02 ha torpaq sahəsini üzərində iki mərtəbəli ev ilə birlikdə keçmiş əri ilə birgə nikah dövründə 62000(altmış iki min) manata alındığını, bu vəsaitin 40000(qırx min) manatını atası ödədiyini qeyd etsə də buna dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Çünki tələbinin əsası kimi istinad etdiyi bu halı sübut etmək yükü onun üzərinə düşür, ancaq o, bu halları sübut edə bilmir. Özbaşına tikilinin yerləşdiyi torpaq sahəsinin icarə hüququ əsasında onun adına qeydə alınması da iddianın əsaslı olduğuna dəlalət etmir. Əksinə həm keçmiş ərinin, həm də cavabdehlərin Özbəkistan Respublikasının vətəndaşı olmasına görə mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsinə razılıq vermələri inandırıcı və ağlabatan olmaqla tərəflər arasında həqiqi münasibətlərini əks etdirir. Əks halda mübahisəli özbaşına tikilini iddiaçı keçmiş əri ilə birgə vəsaitləri hesabına əldə etmişdirlərsə 5 ilə yaxın müddətdə bir gün də olsa həmin tikilidə yaşayıb oradan istifadə edə, hansısa əşyaları o tikilidə ola bilərdi. Çünki bu vəziyyət həyatda həmişə baş verən hallara uyğun olardı. Lakin iddiaçı keçmiş qaynanasına məxsus tikiiyə gəlin köçdüyü və cehiş əşyalarının da həmin tikilidə olduğu halda münasibətlərinin pozulduğuna və artıq qaynanasına məxsus evdə yaşamasının mümkün olmamasına görə hazırki iddia ilə məhz “təsir, təzyiq” vasitəsi kimi irəli sürməsi hüquqa uyğun davranış sayıla bilməz. Apellyasiya baxışı zamanı təqdim edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-5893/2023 saylı qətnaməsinin məzmunundan da bəlli olur ki, iddiaçının keçmiş əri mübahisəli özbaşına tikilinin iddiaçıya deyil qardaşı Cavabdeh1 məxsus olduğunu təsdiq etmişdir. Bütün bu xüsusatlar iddiaçının hazırki iddiasının hüquqdan pis niyyətlə sui-istifadə edərək cavabdehlərə zərər vurmaq üçün irəli sürüldüyünü təsdiq edir. Ən azından həm də ona görə ki, mübahisəli özbaşına tikilinin alınmasında iddiaçının və keçmiş ərinin hansısa əməyi, zəhməti və vəsaiti olmuşdursa cavabdehlərin həmin tikilidən çıxarılmasını da tələb edə bilərdi. Ancaq etməyib, demək ki, həmin tikilinin cavabdehlərə məxsus olduğunu birbaşa olmasa da təsdiq etmiş olur.
24. Bundan başqa, iddiaçı cavabdehlərin qardaşının(digər cavabdehin ərinin qardaşının) keçmiş arvadı olsa da ailə qanunvericiliyi əsasında onlarla birlikdə yaşamaq və onlardan özlərinin saxlanılmasını tələb etmək hüququ olmadığından daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da həmin mübahisəli özbaşına tikilinin yaşayış sahəsinə köçmək səlahiyyəti də ola bilməz. Çünki, iddiaçının bu istəyi ən azından keçmiş qaynı və onun arvadı olan cavabdehlərin bilavasitə razılığı ilə şərtləndirilir. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da mübahisə predmeti olan özbaşına tikiliyə faktiki sahiblik və oradan istifadə edən cavabdehləri isə belə razılığı verməyə məcbur etmək hüquqa uyğun sayıla bilməz. Bir anlığa təsəvvür edilsə ki, iddiaçı mübahisə predmeti olan özbaşına tikilidə heç vaxt yaşamayıb, tərəflər arasında qohumluq münasibətlərinə də xitam verildiyindən, iddiaçı isə nəinki başqa ünvanda yaşadığından, ümumiyyətlə köçmək istədiyi özbaşına tikilidə heç vaxt yaşamadığından və hazırki evə köçürülmə ilə bağlı iddiaya analogiya baxımından Mülki və Mənzil Məcəllələrinin tətbiqi də mümkün olmazdı. Buna baxmayaraq, özbaşına tikilinin iddiaçıya hər hansı bir hüquq müəyyənedici sənədlə məxsus olmasına dair də işdə heç bir mötəbər sübut yoxdur. Bu barədə(özbaşına tikiliyə dair ) iddiaçı tərəfindən məhkəməyə hüquq müəyyən edən heç bir mötəbər sübut təqdim edilməmişdir. 25.Məhkəmə təcrübəsində özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür özbaşına tikililərə hər hansı bir hüquq əldə etmədən və tanımadan köçürülməsi təcrübəsi mövcuddur. Bu hallar ən çox keçmişdə ər-arvad münasibətlərində olmuş şəxslərin və onların uşaqlarının başqa yaşayış yeri olmadıqda və yaşayış sahəsinə ehtiyacları olduqda baş verir. Qeyd olunduğu kimi, hazırki iş üzrə iddiaçı cavabdehlərin qardaşının(digər cavabdehin ərinin qardaşının) keçmiş arvadı olsa da köçmək istədiyi özbaşına tikilinin yaşayış sahəsinə ehtiyacı da olmamışdır. Çünki apellyasiya baxışı zamanı da iddiaçı köçmək istədiyi evdə (özbaşına tikilidə) heç vaxt yaşamadığı, başqa ünvanda yaşadığı təsdiq olunur və bu işin mübahisəsiz halıdır. Yəni, iddiaçının heç vaxt köçmək istədiyi ünvanda yaşamadığı açıq-aşkar təsdiq olunur. Demək ki, iddiaçının başqa yaşayış yeri mövcuddur və cavabdehin qardaşı(digər cavabdehin ərinin qardaşı) ilə nikahı pozulmuş, münasibətləri davam etmir və bir evdə yaşamır. Ona görə də iddiaçı bu davranışı ilə köçmək istədiyi tikilidə həqiqətən yaşamaq üçün marağının və ehtiyacının olmadığını biruzə vermiş olur. Bu cür vəziyyətdə yaşayış sahəsinə hansısa formada ehtiyacı yaranmadığı üçün keçmiş qaynının və onun arvadının yaşadığı özbaşına tikiliyə köçürülməsi üçün zərurət də olmamışdır. 26.İddia ərizəsindən, apellyasiya şkayətindən və apellyasiya baxışı zamanı tərəflərin verdiyi izahatların məzmunundan bəlli olur ki, əslində iddiaçının məqsədi heç də cavabdehlərin yaşadığı özbaşına tikiliyə köçmək olmamışdır. Çünki, mübahisəli özbaşına tikiliyə köçürülməsinə dair qətnamə çıxarılmasında iddiaçının məqsədi yalnız keçmiş ərinin və onun qohumlarının hesabına ayrıca yaşayış sahəsinə nail olmaq üçün onlara təsir etmək məqsədilə bu iddianı irəli sürmüşdür. Lakin bunun üçün, yəni nail olmağa çalışdığı məqsəd üçün iddiaçı düzgün yol (vasitə) seçməmişdir. Başqa sözlə mübahisəli özbaşına tikiliyə köçürülməni tələb etməklə əslində həqiqi məqsədinə bu yolla çatacağına dair düşüncəsi onun yanlış iddia verməsinə səbəb olmuşdur.
27. Apellyasiya baxışı zamanı həmçinin müəyyən edildi ki, tərəflər keçmiş qohum olsalar da onlar arasında xoş olmayan gərgin münasibətlər mövcuddur. Belə ki, iddiaçının köçmək istədiyi mübahisəli özbaşına tikili hal-hazırda cavabdehlərin sahibliyində və istifadəsindədir. Demək iddiaçının həmin evə(özbaşına tikiliyə) köçürüləcəyi vəziyyətdə onların təhlükəsiz, münaqişəsiz şəraitdə və hər hansı bir arzuolunmaz hadisə olmadan birgə yaşayacaqları da inandırcı və ağlabatan görünmür. Ona görə də, iddianın təmin edilməməsi həm də tərəflərin gərgin qarşılıqlı münasibətləri baxımından düzgün hesab edilməlidir. 28.Göstərilənlərə baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla rədd edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi qənaətində göstərir ki,...İddianın təmin edilməsi, kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən daimi olaraq məqsədli təyinatına uyğun deyil, başqa məqsədlər üçün istifadə edilməsinə və müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan kateqoriyasının dəyişdirilməsinə səbəb olmaqla yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə ziddir... Əvvəla, iddianın məhz mübahisəli özbaşına tikilinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşməsinə görə rədd edilməsi düzgün yanaşma deyil. Çünki özbaşına tikili qeyd olunan təyinatlı torpaq sahəsində yerləşsə də iddianın mahiyyəti və məzmununun sırf həmin torpaq sahəsi ilə bağlılığı yoxdur. Yəni onsuzda özbaşına tikili həmin torpaq sahəsində mövcuddur və yuxarıda qeyd olunduğu kimi cavabdehlər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Məhkəmənin mövqeyindən belə məna hasil olur ki, cavabdehlər kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa edilmiş özbaşına tikilidə yaşaya bilər, eləcə də məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edə bilər, ancaq iddiaçıya bu qadağan edilməlidir. Əlbətdə ki, məhkəmənin bu mövqeyi hüquqa uyğun sayıla bilməz. Çünki iddia bu cür yanaşmaya və əsasa görə rədd edilə bilməzdi. Ən azından ona görə ki, mübahisəli torpaq sahəsi icarə hüququ əsasında iddiaçıya məxsusdur. İddia ona görə rədd edilməli idi ki, iddiaçı mülki hüquqlarını hüquqa uyğun həyata keçirmir. Çünki hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədilə istifadə edilməsi yolverilməzdir. Başqa sözlə iddiaçı qarşı tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququnu həyata keçirmək istəyir ki, bu da hüquqdan sui-istifadə olduğundan ona yol verilmir. Məhz bu əsasın müəyyən edilməsi kifayət idi ki, iddia təmin edilməsin.
29. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəyinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda hüquqdan pis niyyətlə sui-istifadə etmənin qadağan olunması institutunun yaranmasına da zərurət və əsas olmazdı.
30. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4985/2023 saylı, 03 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia qətnamənin əsaslandırıcı hissəsində göstərilənlərə əsasən təmin edilməməlidir.
31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 387.1, 387.2.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4985/2023 saylı, 03 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iddia qətnamənin əsaslandırıcı hissəsində göstərilənlərə əsasən təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.