Məhkəmə qərarları › İş №2(054)-269/2022

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №2(054)-269/2022

20.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 2(054)-269/2022 20.05.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlu, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Oğuz Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən e t d i m: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə müəyyən edilmiş miqdarda dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. İş materiallarından görünür ki, iddiaçı mediasiya prosesi ilə bağlı xərclər kimi cəmi 50 manat ödəmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən şəhid ailələri məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı iddia ərizəsinin məzmununda şəhid ailəsi üzvü olduğunu qeyd etsə də, bununla bağlı müvafiq sənədi məhkəməyə təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş vəsiqədən isə iddiaçının şəhid ailəsi üzvü olduğu müəyyən edilmir. Eyni zamanda, həmin vəsiqənin də qanunamüvafiq qaydada təsdiq edilmiş surəti deyil, kserosurəti iddia ərizəsinə əlavə edilmişdir. Həmin vəsiqənin hazırki şəkildə məhkəməyə təqdim edilmiş surəti iddiaçının dövlət rüsumu ödəməkdən azad olunmasına əsas vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə, hazırki iddia ərizəsində işdə iştirak edən şəxslərin (o cümlədən, iddiaçının özünün) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, fərdi identifikasiya nömrəsi), rəsmi qeydə alındığı və ya faktiki yaşadığı ünvan, olduğu halda - iş yerinin ünvanı, habelə, elektron poçt ünvanları qeyd edilməmişdir. Eyni zamanda, hazırki iddia ərizəsində sübutların siyahısı göstərilməmiş, habelə, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər (iddiaçının istifadə hüququnun tanınmasını istədiyi yaşayış sahəsinə dair hüquqmüəyyənedici sənəd, iddiaçının ərinin ölümü haqqında sənəd və sair) iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.4-cü maddələrinin məzmununa görə ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı; mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri ərizədə göstərilməlidir. Həmin Məcəllənin 150-ci maddəsinə əsasən iddia ərizəsinə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla); dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla); bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri; müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir); “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. Hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş miqdarda dövlət rüsumu ödənilmədiyinə, dövlət rüsumunu ödəməkdən azad olunmağa əsas verən sənəd isə məhkəməyə təqdim edilmədiyinə, habelə zəruri sənədlər iddia ərizəsinə əlavə edilmədiyinə, iddia ərizəsinin qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmununa riayət edilmədiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçı izah edilir ki, iddia ərizəsinin qaytarılması qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etməsinə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülku Prosessual Məcəlləsinin 150, 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, qərara a l d ı m: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və evə köçürülmə tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar