Məhkəmə qərarları › İş №2(054)-275/2022

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-275/2022

07.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-275/2022 07.07.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Salamov Tural Fərman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: Ərizəçi məhkəməyə müraciət edərək xx.xx.1974-cü il tarixdə Xocalı şəhərində doğulmasının qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında akt qeydinin bərpa edilməsi və doğum haqqında yeni şəhadətnamənin verilməsi, doğum haqqında akt qeydində atasının X7, doğulduğu vaxtın 1935-ci il, doğulduğu yerin Laçın rayonu Biçənli kəndi, daimi yaşadığı yerin Xocalı şəhəri, milliyyətinin azərbaycanlı, anasının X2, doğulduğu vaxtın 1943-cü il, doğulduğu yerin Laçın rayonu Biçənli kəndi, daimi yaşadığı yerin Xocalı şəhəri, milliyyətinin azərbaycanlı kimi qeyd edilməsi vəzifəsinin Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi öz tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1974-cü il tarixdə Xocalı şəhərində anadan olmuşdur. 1992-ci ildə məlum hadisələrlə əlaqədar ailə üzvləri ilə birlikdə Xocalı şəhərindən məcburi köçkün düşərək Oğuz rayonuna gəlmişlər. Həmin vaxt yaranmış vəziyyətlə əlaqədar bəzi sənədləri, o cümlədən, ona məxsus doğum haqqında şəhadətnamə itmişdir. Sonradan da onun doğum haqqında akt qeydini bərpa etmək mümkün olmamışdır. O, 1992-ci ildən Oğuz rayonu Calut kəndndə məskunlaşmışdır. xx.xx.2005-ci il tarixdə Maraqlı şəxsndə rəsmi nikah qeyd etdirməklə X3 ilə evlənmişdir və hazırda da ailə üzvləri ilə birlikdə Calut kəndndə yaşayır. Onun atası X7 1935-ci ildə Laçın rayonu Biçənli kəndində anadan olmuşdur və milliyyəti azərbaycanlıdır. X1 da 1943-cü ildə Laçın rayonu Biçənli kəndində anadan olmuşdur və milliyyəti azərbaycanlıdır. O, öz adına doğum haqqında təkrar şəhadətnamə verilməsi üçün müvafiq orqana müraciət etmiş, onun doğumu haqqında akt qeydinin əldə olunması məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə müraciət edilmiş, lakin Dağlıq Qarabağ ərazisinin 1992-2020-ci illər ərzində işğal altında olması səbəbindən, habelə, həmin ərazidə tərtib edilmiş vətəndaşlıq vəziyyəti haqqında akt qeydləri müvafiq qeydiyyat şöbələrinin arxivində saxlanıldığından akt qeydinin əldə olunması mümkün olmamışdır. Həmin akt qeydinin müvafiq qeydiyyat şöbəsi tərəfindən bərpası da mümkün olmadığından vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktının məhkəmə qaydasında müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də o, doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi öz tələbini müdafiə etdiyini bildirdi və məhkəmə baxışı iclasında ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, o, anadan olarkən onun adına doğum haqqında şəhadətnamə tərtib edilmişdir. Lakin sonradan məlum hadisələrlə əlaqədar Xocalı şəhərindən ailə üzvləri ilə birgə Oğuz rayonuna köçüb gələrkən doğum haqqında şəhadətnaməsi itmişdir. Onun hazırda da şəxsiyyət vəsiqəsindən və nikah haqqında şəhadətnamədən başqa özünə məxsus olan, kimliyini təsdiq edə biləcək digər hər hansı sənədi, o cümlədən, doğum haqqında şəhadətnaməsi yoxdur. Lakin şəxsiyyət vəsiqəsi və nikah haqqında şəhadətnamə onun adına doğum haqqında şəhadətnamə tərtib edilməsinə əsas vermir. Onun doğum haqqında şəhadətnaməsi olmasa da, valideynlərinə aid ölüm haqqında şəhadətnamələr, bacı və qardaşlarına məxsus müəyyən rəsmi sənədlər vardır. Həmçinin, o, yaşadığı yer üzrə İcra Nümayəndəliyində və Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Oğuz rayonu üzrə Nümayəndəliyində xx.xx.1974-cü il tarixdə Xocalı şəhərində anadan olmuş və Oğuz rayonu Calut kəndində məskunlaşmış şəxs kimi qeydiyyatdadır. Onlar Oğuz rayonuna gəldikdən sonra valideynləri və iki qardaşı ayrı-ayrı vaxtlarda vəfat etmişlər, bacıları isə ailə quraraq Oğuz rayonundan kənarda yaşayırlar. Hazırki vəziyyətdə doğum haqqında şəhadətnaməsinin olmaması onun üçün xeyli çətinliklər yaradır. Ona məcburi köçkün vəsiqəsi verilməsi üçün də doğum haqqında şəhadətnaməsinin olması tələb olunur. Ona görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Onun xx.xx.1974-cü il tarixdə Xocalı şəhərində anadan olması və onun adına doğum haqqında şəhadətnamə tərtib edilməsi, valideynlərinin X7 və X2 olması faktlarını ailə üzvləri və yaxın qohumları da təsdiq edirlər. Həmin faktların müəyyən edilməsi isə yalnız məhkəmə qətnaməsi əsasında mümkündür. Qeyd etdikləri nəzərə alınmaqla ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı tərəf Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına təkrarən gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasının maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan keçirilməsini qərara almışdır. İş üzrə şahid qismində dindirilmiş X8 ifadə verərək göstərdi ki, o, xx.xx.1969-cu il tarixdə Laçın rayonu Nurəddin kəndində anadan olmuş, sonralar isə Xocalı rayonunda yaşamışdır. Hazırda da Xocalı rayonu Meşəli kəndində qeydiyyatdadır və məcburi köçkün kimi Oğuz rayonu Calut kəndində məskunlaşıb yaşayır. Ərizəçi onun həm qohumu, həm də həmyerlisidir. Ərizəçinin ailəsi də Laçın rayonundan Xocalı rayonuna gəlmiş və 1992-ci ildə məlum hadisələrlə əlaqədar məcburi köçkün düşmüş şəxslərdəndir. Ərizəçi ilə qohumluq münasibətləri də olduğuna görə onun valideynlərini və digər ailə üzvlərini də yaxından tanıyır. Ərizəçinin valideynləri və iki qardaşı vəfat etmiş, sağ qalan ailə üzvləri isə indiyədək də Oğuz rayonu Calut kəndində məskunlaşıb yaşayırlar. O, ərizəçinin 1974-cü ildə Xocalı şəhərində anadan olması, onun valideynlərinin İsmixan Rəcəbov və Qaratel Rəcəbova adlı şəxslər olmasını təsdiq edir. İş üzrə şahid qismində dindirilmiş, ərizəçinin həmyerlisi X9 da şahid X5 ifadəsinin məzmununa uyğun ifadə verərək onun göstərdiyi xüsusatları qeyd etməklə ərizəçinin 1974-cü ildə Xocalı şəhərində anadan olması, onun valideynlərinin İsmixan Rəcəbov və Qaratel Rəcəbova olmasını təsdiq etdiyini bildirdi. Məhkəmə araşdırması zamanı ərizəçinin izahatı və şahidlərin ifadələri, həmçinin, iş materiallarına əlavə edilmiş xx.xx.2011-ci il tarixdə verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin, xx.xx.2005-ci il tarixli AZ-İ 011176 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin, xx.xx.2002-ci il tarixli İ-ЖГ 286793 nömrəli və xx.xx.2018-ci il tarixli AZ-İ 912786 nömrəli ölüm haqqında şəhadətnamələrin surətləri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli 05/2-3016/11 nömrəli sorğuya cavab məktubu, Qəbələ Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli 05/Q-616/15 nömrəli müraciətə cavab məktubu, Oğuz rayon İcra Hakimiyyəti başçısının Calut İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 10/100 nömrəli arayış, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Oğuz rayonu üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 77 nömrəli arayış ilə müəyyən edildi ki, ərizəçi xx.xx.1974-cü il tarixdə Xocalı şəhərində anadan olmuşdur. Onun valideynləri X7 və X2 olmuşlar. Ərizəçi xx.xx.1992-ci il tarixdən indiyədək Oğuz rayonu Calut kəndində məskunlaşıb yaşayır. Ərizəçi öz adına doğum haqqında təkrar şəhadətnamə verilməsi üçün müvafiq orqana müraciət etmiş, onun doğumu haqqında akt qeydinin əldə olunması məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə müraciət edilmiş, lakin Dağlıq Qarabağ ərazisinin 1992-2020-ci illər ərzində işğal altında olması səbəbindən, habelə, həmin ərazidə tərtib edilmiş vətəndaşlıq vəziyyəti haqqında akt qeydləri müvafiq qeydiyyat şöbələrinin arxivində saxlanıldığından akt qeydinin əldə olunması mümkün olmamışdır. Həmin akt qeydinin müvafiq qeydiyyat şöbəsi tərəfindən bərpası da mümkün olmadığından vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktının məhkəmə qaydasında müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. TƏSVİRİ HİSSƏ: Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.1-ci maddəsinə görə doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. Həmin Məcəllənin 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəsisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Həmin Məcəllənin 166.2-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, ərizəçinin adına doğum haqqında şəhadətnamə tərtib edilsə də, 1992-ci ilin fevral ayıında məlum hadisələrlə əlaqədar ailə üzvləri ilə birgə Xocalı şəhərini tərk edən zaman onun doğum haqqında şəhadətnaməsi itmiş və sonradan da doğum haqda akt qeydini bərpa etmək mümkün olmamışdır. Ərizəçinin doğum haqqında şəhadətnaməsi olmasa da, şəxsiyyət vəsiqəsi vardır və həmin vəsiqədən onun soyadı, adı, ata adı, doğulduğu vaxt, doğulduğu yer, hazırda qeydiyyatda olduğu yer müəyyən edilir. Bundan əlavə, o, yaşadığı yer üzrə müvafiq icra hakimiyyəti orqanlarında Xocalı şəhərindən məcburi köçkün düşərək Oğuz rayonunda məskunlaşmış şəxs kimi qeydiyyatdadır. Ərizəçinin valideynləri haqda məlumatlar isə həmin şəxslərə aid ölüm haqqında şəhadətnamələrdə qeyd edilmişdir. hazırki vəziyyətdə ərizəçinin doğum haqqında şəhadətnaməni başqa qaydada ala bilməsi, yaxud həmin sənədin bərpası mümkün deyildir. Habelə, ərizəçinin hazırda müvafiq icra hakimiyyəti orqanına müraciət edib doğum haqqında təkrar şəhadətnamə və ya bunu əvəz edən hər hansı sənəd alması da imkan xaricindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən doğumun qeyd edilmə faktını - maddə 307.2.3) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və iş materiallarında olan sənədlərdə olan məlumatları bir-biri ilə əlaqəli şəkildə araşdırıb qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, hazırda ərizəçinin doğum haqqında şəhadətnaməsi olmasa da, onun xx.xx.1974-cü il tarixdə Xocalı şəhərində anadan olması, onun doğumunun qeyd edilməsi faktı, digər müvafiq məlumatlar ərizəçinin özünün izahatı ilə yanaşı şahidlərin ifadələri və iş materialları ilə təsdiq olunduğundan, habelə, ərizəçinin doğum haqqında şəhadətnaməni başqa qaydada ala bilməsi, yaxud həmin sənədin bərpası mümkün olmadığından ərizəçinin xx.xx.1974cü il tarixdə Xocalı şəhərində anadan olmasının qeyd edilməsi faktı müəyyən edilməlidir. Ərizəçinin valideynlərinin doğulduqları yer, doğulduqları vaxt və daimi yaşadıqları yer barədə məhkəməyə mötəbər sübutlar təqdim edilmədiyindən, habelə, həmin şəxslər artıq vəfat etdiklərindən və onların doğulduqları yer, doğulduqları vaxt və daimi yaşadıqları yer barədə məlumatlar hazırda ərzəçinin adına doğum haqqında şəhadətnamə tərtib edilməsi üçün hər hansı mühüm əhəmiyyət kəsb etmədiyindən məhkəmə hesab edir ki, hazırki qətnamə ilə doğum haqqında akt qeydində və doğum haqqında yeni şəhadətnamədə ərizəçinin valideynləri barədə məlumatlar hissəsində yalnız onların soyadı, adı və ata adının qeyd edilməli olması müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsas olduğuna və hazırki faktın qeydə alınması bilavasitə qeydiyyat orqanının vəzifəsi olduğuna görə məhkəmə hesab edir ki, doğum haqqında akt qeydinin tərtib edilməsi və bu barədə şəhadətnamənin verilməsi vəzifəsinin hazırki qətnamə ilə müvafiq orqana həvalə edilməsinə zərurət yoxdur. NƏTİCƏ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307- 309, 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: Ərizə qismən təmin edilsin. Ərizəçi xx.xx.1974-cü il tarixdə Xocalı şəhərində anadan olmasının qeyd edilmə faktı müəyyən edilsin. Ərizəçi doğum haqqında akt qeydi bərpa edilsin və ona doğum haqqında yeni şəhadətnamə verilsin. Doğum haqqında akt qeydində və doğum haqqında yeni şəhadətnamədə Ərizəçi milliyyəti azərbaycanlı, daimi yaşadığı yer Oğuz rayonu Calut kəndi, valideynləri X7 və X2 qeyd edilsinlər. Ərizə digər hissələrdə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar