Məhkəmə qərarları › İş №2(054)-289/2022

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-289/2022

19.09.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-289/2022 19.09.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin qaytarılması tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Oğuz rayonu Xalxal kəndində yerləşən, onun və ailə üzvlərinin xüsusi mülkiyyətində olan, xx.xx.2022-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində göstərilən 0,4006 hektar və JN - 0047 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında göstərilən 0,9477 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin cavabdeh tərəfindən zəbt edilmiş cəmi 0,06 hektardan ibarət hissəsinin cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən, xx.xx.2022-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində göstərilən 0,4006 hektar və JN - 0047 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında göstərilən 0,9477 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri onun və ailə üzvlərinin xüsusi mülkiyyətindədir. Həmin torpaq sahələrinə dair onların adına hüquqmüəyyənedici sənədlər tərtib edilmişdir. Qeyd edilən torpaq sahələri bir-birinə bitişik olmaqla yanaşı yerləşir. Həmin torpaq sahələrinə giriş yeri olan hissədən hər iki torpaq sahəsinin cəmi 0,06 hektardan ibarət hissəsini cavabdeh heç bir qanuni əsas olmadan, onun iradəsi ziddinə zəbt etmişdir. Cavabdeh həmin ərazini zəbt edərkən orada artıq taxıl məhsulu üçün toxum səpilmiş, cavabdeh taxılın üzərindən həmin yeri şumlayaraq müxtəlif növlü ağac tingləri əkmişdir. O, xüsusi mülkiyyətində olan torpaq sahəsini boşaldıb onun özünə qaytarmasını cavabdehdən dəfələrlə xahiş etmiş, lakin cavabdeh torpaq sahələrinin həmin hissəsinin özünə məxsus olduğunu iddia edərək qeyd olunan torpaq sahələrindən qeyri-qanuni istifadə edir və onun öz mülkiyyətində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını həyata keçirməsinə imkan vermir. Ona görə də o, özünün və ailə üzvlərinin xüsusi mülkiyyətində olan torpaq sahəsinin zəbt olunmuş hissələrinin cavabdehdən alınaraq ona qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə baxışı iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət resyestrindən Çıxarış sənədində göstərilən 0,4006 hektar və və JN - 0047 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında göstərilən 0,9477 hektar torpaq sahələri islahatla əlaqədar onun və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmişdir. Hazırda isə onun və ailə üzvlərinin faktiki istifadəsində olan torpaq sahələri sənəd üzrə onların mülkiyyətinə verilmiş torpaq sahələrindən naturada 0,06 hektar əskikdir. Əskik olan torpaq sahəsini cavabdeh zəbt etmiş, eyni zamanda, həmin əraziyə gedən yolu da bağlamışdır. Cavabdeh onlara məxsus torpaq sahələrinin zəbt edilmiş hissəsinin özünə aid olduğunu iddia edərək qeyd olunan torpaq sahəsindən qeyriqanuni istifadə edir. Qeyd etdiklərinə nəzərə alınmaqla, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, mübahisə predmetinə aid olan ərazidə 1997-ci ildə Oğuz rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə ona yanacaq doldurma məntəqəsinin tikintisi üçün 0,50 hektar torpaq sahəsi ayrılmışdır. Bununla bağlı müvafiq sənədlər toplanmış və qeyd olunan torpaq sahəsi onun istifadəsinə verilmişdir. Sonradan məlum olmuşdur ki, elektron məlumat bazasında həmin torpaq sahəsi cəmi 0,10 hektar qeyd edilmiş, qalan ərazi isə torpaq payı almaq hüququ olan fiziki şəxslərin mülkiyyətinə verilmişdir. Buna baxmayaraq o, yanacaq doldurma məntəqəsinin tikintisi üçün 0,50 hektar torpaq sahəsi ayrılması barədə sənədlərin hazırda da hüquqi qüvvədə olduğunu düşünərək həmin ərazidən istifadə etməkdə davam etmişdir. Həmçinin, hazırda istifadə etdiyi torpaq sahəsi yaşıllıq zonası olmaqla, yaşıllaşdırma idarəsinə aid ərazidir və o, qeyd olunan ərazidə yaşıllıq üçün ağaclar əkmişdir. Hazırki iddia tələbi üzrə mübahisə predmetinə aid olan və iddiaçının boşaldılmasını tələb etdiyi ərazi uzun müddətdir ki, onun faktiki istfadəsində olan torpaq sahəsidir. Qeyd olunan ərazi sənəd üzrə iddiaçı və onun ailə üzvlərinə aid olduğu təqdirdə, o, həmin torpaq sahəsini boşaldaraq təhvil verməyə etiraz etmir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət resyestrindən Çıxarış sənədinin, həmin tarixli A 753692 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin və JN - 0047 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətlərindən görünür ki, Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən 0,4006 hektar və 0,9477 hektar (Dövlət Aktında 047V nömrəsi ilə göstərilən ərazi) kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahələri iddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətindədir və qeyd edilən torpaq sahəsinə dair onların adına hüquqmüəyyənedici sənədlər tərtib edilmişdir. Mülki işin məhkəmə araşdırılması ilə əlaqədar iddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan torpaq sahələrinin (və ya bir hissəsinin) cavabdeh və ya digər şəxslər tərəfindən zəbt edilib-edilməməsini müəyyən etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə sorğu göndərilmişdir. Həmin orqandan verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubu, mütəxəssis arayışında və ona əlavə edilmiş torpaq sahələrinin yerquruluşu planında qeyd edilmişdir ki, mübahisə predmetinə aid olan əraziyə adı çəkilən orqanın əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə baxış keçirilmiş və GPS aləti vasitəsilə ölçmə işləri aparılmışdır. Kameral qaydada elektron məlumat bazasına əsasən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət resyestrindən Çıxarış sənədində göstərilən 0,4006 hektar və JN - 0047 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında göstərilən 0,9477 hektar torpaq sahələrinin sənəd üzrə koordinatları ilə torpaq sahəsinin mülkiyyətçisinin naturada istifadə etdiyi torpaq sahəsinin koordinatları qismən üst-üstə düşür. 0,4006 hektar və 0,9477 hektar torpaq sahələri (və ya bir hissəsi) cavabdeh tərəfindən zəbt edilməmişdir. Xalxal kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu layihəsində həmin torpaq sahələrinə iddia edilən ərazidən yol yeri nəzərdə tutulmamışdır. (Aparılmış müayinə və tədqiqatın dəyəri 95,00 manat təşkil edir.) İddiaçı qeyd olunan mütəxəssis arayışının nəticələri ilə razı olmadığına, mütəxəssis arayışı və ona əlavə edilmiş sənədlərdə, həqiqətən də, anlaşılmazlıqlar olduğuna görə həmin mütəxəssis arayışı və ona əlavə edilmiş sənədlərlə bağlı şərh verilməsi, mütəxəssis arayışının nəticələrinə aydınlıq gətirilməsi üçün 9 saylı Ərazi İdarəsinin həmin iş üzrə mütəxəssis arayışını vermiş əməkdaşı - yerquruluşu şöbəsinin müdiri X1 məhkəməyə dəvət edilmişdir. X1 məhkəmə iclasında mütəxəssis arayışı və ona əlavə edilmiş torpaq sahələrinin yerquruluşu planında qeyd edilən məzmuna uyğun şərh verərək iddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan torpaq sahələrinin bir hissəsinin faktiki olaraq onların istifadəsində olmadığını, lakin həmin torpaq sahələrinin (və ya bir hissəsinin) cavabdeh tərəfindən zəbt edilmədiyini bildirmişdir. İddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan torpaq sahələrinin faktiki olaraq onların istifadəsində olmayan hissəsinin koordinatlarını müəyyən etmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə məhkəmə tərəfindən mübahisə predmetinə aid olan əraziyə tərəflərin və 9 saylı Ərazi İdarəsinin mütəxəssisləri İlkin Əzizov və Zaur Rzayevin iştirakı ilə yerində müayinə keçirilmişdir. Yerində müayinə zamanı GPS aləti vasitəsilə yenidən ölçmə işləri aparılmış və müəyyən edilmişdir ki, iddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan 0,4006 hektar və 0,9477 hektar torpaq sahələrinin cəmi 0,0257 hektardan ibarət hissələri cavabdeh tərəfindən zəbt edilmişdir və hazırki vəziyyətdə də faktiki olaraq cavabdehin istifadəsindədir. İddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan 0,4006 hektar və 0,9477 hektar torpaq sahələrinin döngə nöqtələrinin koordinatları naturada müəyyən edilərək ona tanıdılmış, bununla bağlı tərəflərin və mütəxəssislərin iştirakı ilə müvafiq akt tərtib edilmişdir. Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları və iş materialları ilə müəyyən edildi ki, iddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətində Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən, 0,4006 hektar və 0,9477 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahələri vardır və qeyd edilən torpaq sahəsinə dair onların adına mülkiyyət hüququnu tanıyan sənədlər tərtib edilmişdir. İddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət resyestrindən Çıxarış sənədində göstərilən 0,4006 hektar və JN - 0047 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında göstərilən 0,9477 hektar torpaq sahələrinin cəmi 0,0257 hektardan ibarət hissəsi hazırki vəziyyətdə cavabdeh tərəfindən istifadə olunur. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 100,00 manat dövlət rüsumu ödəmiş, həmçinin, iş üzrə mütəxəssis arayışı verilməsi ilə əlaqədar 95,00 manat müayinə və tədqiqat xərci də iddiaçı tərəfindən ödənilmişdir. Hazırda iddiaçı özünün və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 0,4006 hektar və 0,9477 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin cavabdeh tərəfindən zəbt edilmiş hissələinin cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələbinin əsası olaraq qeyd olunan torpaq sahəsinə dair onun və ailə üzvlərinin adına tərtib edilmiş hüquqmüəyyənedici sənədlərə, eyni zamanda, mütəxəssis arayışına və ona əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planına, habelə, yerində müayinənin nəticələrinə istinad edir. Cavabdeh mübahisə predmetinə aid olan ərazi sənəd üzrə iddiaçıya aid olduğu təqdirdə, həmin torpaq sahəsini boşaldaraq təhvil verməyə etiraz etmədiyini bildirərək iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbinə etirazlarının əsası olaraq məhkəməyə qeyd olunan ərazidə 1997-ci ildə yanacaq doldurma məntəqəsinin tikintisi üçün ona 0,50 hektar torpaq sahəsi ayrılması barədə Oğuz rayon İcra Hakimiyyəti başçısının sərəncamını və bununla bağlı digər müvafiq orqanlardan verilmiş arayışları və sair sənədləri təqdim etmiş, eyni zamanda, hazırda həmin ərazidə yaşıllıq zonası saldığını bildirmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan olan 0,4006 hektar və 0,9477 hektar torpaq sahələrinin bir hissəsinin faktiki olaraq cavabdeh tərəfindən istifadə edildiyi məhkəmə iclasında araşdırılan faktlarla və xüsusən də, yerində müayinənin nəticələri ilə sübuta yetirilmiş, cavabdeh özü də mübahisəli ərazinin onun istifadəsində olduğunu inkar etməmişdir. Mütəxəssis arayışına əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planı, həmçinin, yerində müayinənin nəticələri ilə isə həmin torpaq sahəsinin sənəd üzrə iddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan torpaq sahəsi olduğu təsdiq edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsas vəzifələrindən və prinsiplərindən biri də mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək (maddə 1.2), mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yartmaq (maddə 6.1.7), pozulmuş hüquqların bərpasını təmin etməkdir (maddə 6.1.8). Qeyd edilən hüquq normalarının mənasına görə mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən 0,4006 hektar və 0,9477 hektar torpaq sahəsi mülkiyyət hüququnu tanıyan sənədlərə əsasən hazırda iddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətindədir. Buna baxmayaraq cavabdehin həmin torpaq sahələrinin bir hissəsindən qanunsuz olaraq istifadə etməsi iddiaçı və onun ailə üzvlərinin əmlak hüquqlarının pozulması, onların özlərinə məxsus torpaq sahələri üzərində mülkiyyət hüquqlarından tam və sərbəst şəkildə istifadə edə bilməməsi ilə nəticələnmişdir. Cavabdehin mübahisə predmetinə aid olan torpaq sahələrinin bir hissəsindən istifadə etməsinin qanuniliyinə dair hər hansı rəsmi sənəd və ya digər qanuni əsas mməhkəməyə təqdim edilməmişdir. Məhkəmə cavabdehin izahatında göstərdiyi xüsusatlarla bağlı qeyd edir ki, ona 1997-ci ildə yanacaq doldurma məntəqəsinin tikintisi üçün müvafiq orqanın sərəncamı ilə torpaq sahəsi ayrılması onun mülkiyyətinə və ya qanuni istifadəsinə verilmiş torpaq sahəsindən daha artıq miqdarda torpaq sahəsindən istifadə etməsinə, habelə, digər şəxslərin xüsusi mülkiyyətində olan torpaq sahəsini (və ya bir hissəsini) zəbt etməsinə əsas vermir. Bu səbəbdən məhkəmə cavabdehin bununla bağlı dəlillərini sübut kimi qəbul etmir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, cavabdeh iddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan 0,4006 hektar və 0,9477 hektar torpaq sahələrinin torpaq sahəsinin yerquruluşu planına və yerində müayinənin nəticələrinə əsasən zəbt olunduğu müəyyən edilən hissəsindən çıxarılmalıdır. 0,4006 hektar və 0,9477 hektar torpaq sahələrinin cavabdeh tərəfindən qeyri-qanuni zəbt edilmiş hissəsi boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Məhkəmə iddiaçının öz iddia tələbinin əsası kimi istinad etdiyi hallarla, yəni iddia tələbinin hüquqi əsaslarının müəyyən edilməsi ilə əlaqədar qeyd edir ki, iddiaçı özünün və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 0,4006 hektar və 0,9477 hektar torpaq sahələrinin cəmi 0,06 hektardan ibarət hissəsinin hazırki iş üzrə cavabdeh tərəfindən qeyri-qanuni zəbt edildiyini iddia etsə də, iş materialları və işin faktiki halları ilə cavabdehin, iddia tələbində qeyd edildiyi kimi, 0,06 hektar torpaq sahəsini deyil, cəmi 0,0257 hektar torpaq sahəsini zəbt etdiyi müəyyən edilmişdir. Məhkəmə cavabdeh tərəfindən zəbt olunmuş və boşaldılaraq iddiaçıya təhvil verilməli olan torpaq sahəsinin ölçüsünü müəyyən edərkən qeyd etməyi zəruri hesab edir ki, həmin torpaq sahələrinin yalnız 0,0257 hektardan ibarət hissəsinin cavabdeh tərəfindən zəbt edilmiş olduğu müəyyən olunduğundan hazırki iddia tələbi yerində müayinə zamanı mütəxəssis tərəfindən müəyyən edildiyinə və yerquruluşu planında göstərildiyinə uyğun olaraq 0,0257 hektar həddində təmin edilməlidir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 100,00 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin qismən də olsa, təmin edildiyi nəzərə alınaraq iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 100,00 manat dövlət rüsumunu məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş materiallarından görünür ki, müayinə və tədqiqatın dəyəri olan 95,00 manat iddiaçı tərəfindən ödənilmişdir. İş üzrə mütəxəssis arayışı verilməsi zərurəti iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahələrinin (və ya bir hissəsinin) zəbt edilib-edilməməsinin müəyyən edilməsi ilə əlaqədar yarandığından və həmin torpaq sahələrinin bir hissəsinin, həqiqətən də, cavabdeh tərəfindən zəbt edildiyi müəyyən olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə iş üzrə müayinə və tədqiqat xərci olan, iddiaçı tərəfindən ödənilmiş 95,00 manat məbləğin də cavabdehdən tutularaq iddiaçıya ödənilməsini qanuni, əsaslı və ədalətli hesab edir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Oğuz rayonu Xalxal kəndində yerləşən, xx.xx.2022-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində göstərilən 0,4006 hektar və JN - 0047 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında göstərilən 0,9477 hektar torpaq sahələrinin yerquruluşu planında göstərildiyinə uyğun olaraq zəbt olunmuş cəmi 0,0257 hektardan ibarət hissələrindən çıxarılsın. Həmin torpaq sahəsi boşaldılaraq İddiaçı qaytarılsın. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 100,00 manat dövlət rüsumu məbləği, həmçinin, iş üzrə mütəxəssis arayışı verilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 95,00 manat müayinə və tədqiqat xərci - cəmi 195,00 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar