Məhkəmə qərarları › İş №2(054)-307/2024

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №2(054)-307/2024

03.04.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 2(054)-307/2024 03.04.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Mən, Oğuz Rayon Məhkəməsinin hakimi X1, İddiaçı cavabdeh Oğuz rayonu, Baş Daşağıl bələdiyyəsinə qarşı torpaq sahəsinin 49 il müddətinə icarəyə verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim: İddiaçı cavabdeh Oğuz rayonu, Baş Daşağıl bələdiyyəsinə qarşı ona məxsus fındıq bağının yerləşdiyi 0,50 ha torpaq sahəsinin uzunmüddətli (49 il müddətinə) icarəyə verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsində bildirir ki, Oğuz rayon Baş Daşağıl kəndində mülkiyyətində 0,19 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi var. Torpaq sahəsi ona Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 65 saylı qərarına əsasən verilmiş, adına xx.xx.2008-ci il tarixli, 032142A saylı torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır. Mülkiyyətində olan torpaq sahəsinə bitişik ərazidə yerləşən torpaq sahəsi 30 ildir ki, istifadəsindədir. Torpaq sahəsində fındıq və digər ağaclar əkərək qulluq etmişdir. Həmin torpaq sahəsinin ona uzunmüddətli icarəyə verilməsi barədə qərar qəbul edilməsini bələdiyyədən xahiş etmişdir. Bələdiyyə xx.xx.2015-ci il tarixli, 14 saylı məktubla ona torpaqdan istifadəyə icazə vermişdir. Bundan sonra iki dəfə bələdiyyəyə eyni məzmunlu məktubla müraciət etmiş, bələdiyyənin xx.xx.2016-cıil tarixli, 57 saylı və xx.xx.2023-cü il tarixli, 41 nömrəli məktubları ilə ona imtina verilmişdir. Oğuz rayon Məşğulluq Mərkəzi ilə xx.xx.2019-cu il tarixdə intensuv meyvə bağının salınması məqsədi ilə müqavilə bağlamışdır. İddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri araşdırıb hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina olunmalıdır. Belə ki,“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Həmin Qanunun 6.6-cı maddəsinə əsasən torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. Həmin Qanunun 6.9-cu maddəsinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. İddia ərizəsinin məzmunu ilə müəyyən edilmişdir ki, iddiaçı istifadəsində olduğunu bildirdiyi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin bələdiyyə tərəfindən ona uzunmüddətli (49 il müddətə) icarəyə verilməməsindən narazı olduğundan həmin vəzifənin cavabdehə həvalə edilməsini xahiş edir. İddia ərizəsinə əlavə edilmiş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, ümumiyyətlə bələdiyyə tərəfindən hər hansı torpaq sahəsi iddiaçıya icarəyə verilməmiş, tərəflər arasında müqavilə münasibətləri mövcud deyildir. Buna görə də iddiaçıya bildirilir ki, ilk növbədə yuxarıda qeyd edilən qaydada rəsmi surətdə bələdiyyəyə müraciət etməlidir. Həmin orqanın yazılı imtinası olduğu halda isə iddiaçı “İnzibati orqanların Təsnifatının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli qərarına əsasən inzibati orqan hesab edilmiş bələdiyyənin hərəkət və ya hərəkətsizliyindən qanunla müəyyən edilmiş qaydada aidiyyəti inzibati məhkəməyə şikayət edə bilər. Beləliklə, şərh edilən qanunun tələbindən də göründüyü kimi iddiaçının tələbinə ümumi məhkəmə qaydasında baxıla bilməz. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının 15.4-cü bəndinə əsasən ... nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq qərara aldım : İddiaçı cavabdeh Oğuz rayonu, Baş Daşağıl bələdiyyəsinə qarşı torpaq sahəsinin 49 il müddətinə icarəyə verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddiaçıya qərardadın mətnində göstərilmiş qaydada müvafiq bələdiyyə orqanına, imtina verildikdə aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. “ASAN ödəniş” sistemi üzrə xx.xx.2024-cü il tarixli, **********52 saylı qəbzə əsasən E-manat ödəniş sistemi vasitəsilə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar