Məhkəmə qərarları › İş №2(054)-328/2022

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-328/2022

08.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-328/2022 08.09.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xüsusi mülkiyyətində olan, Oğuz rayonu Qarabaldır kəndində yerləşən yaşayış sahəsindən istifadə hüququnun tanınması və azyaşlı uşağı X4 ilə birlikdə həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2009-cu il tarixdə cavabdehin oğlu X5 ilə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşdur. Onların birgə nikahda olduqları müddətdə xx.xx.2010-cu il tarixdə X4 adlı bir uşaqları anadan olmuşdur. X5 ilə ailə quran zaman Oğuz rayonu Qarabaldır kəndində yerləşən, cavabdehə məxsus olan evə gəlin köçmüşdür. O və azyaşlı uşağı hazırda da həmin ünvanda qeydiyyatdadırlar. X11 xx.xx.2010-cu il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Ərinin vəfatından sonra onun valideynlərinin və qohumlarının razılığı ilə başqa bir şəxslə rəsmi nikah qeyd etdirmədən, dini nikah əsasında ailə qurmuşdur. Lakin bir müddət sonra həmin şəxsdən ayrılmışdır və hazırda azyaşlı uşağı birlikdə öz anasının evində yaşayır. Lakin evin şəraiti məhdud olduğundan və çətinliklərlə üzləşdiyinə görə gəlin köçdüyü və qeydiyyatda olduğu evə köçməklə orada yaşamaq istəyir. Ancaq cavabdeh onların həmin evə köçüb yaşamalarına maneə törədir. Ona məxsus əşyalar hazırda da evdədir, lakin cavabdeh onu həmin evə buraxmır. Ona görə də o, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və həmin iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə baxışı iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, o, X5 ilə ailə quran zaman hazırki iddianın predmetinə aid olan, hazırda istifadə hüququnun tanınmasını və köçürülməsini tələb etdiyi fərdi yaşayış evinə cavabdehin razılığı ilə, X2 ailə üzvü kimi köçmüşdür. Həmin vaxtdan onun qeyd olunan evdə yaşamaq hüququ yaranmış, onun azyaşlı uşağı da qeyd olunan evdə yaşadığı müddətdə anadan olmuşdur. O, 2010-cu ildə X11un vəfatından sonra da 2017-ci ilin əvvəllərinədək azyaşlı uşağı ilə birlikdə hazırki iddianın predmetinə aid olan evdə yaşamışdır. Bundan sonra isə cavabdeh və onun ailə üzvlərinin razılığı ilə başqa bir şəxslə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə qurmuş, ailə quran zaman təşkil edilən yığıncaqda onun öz qohumları ilə yanaşı, cavabdeh istisna olmaqla, digər ailə üzvləri də iştirak etmişlər. Onun həmin nikahdan 2017-ci ildə bir uşağı da anadan olmuş, ancaq sonradan həmin şəxsdən ayrılaraq öz valideynlərinin evinə qayıtmışdır. Lakin hazırki vəziyyətdə onun həmin evdə yaşaması üçün lazımi şərait yoxdur. Hesab edir ki, onun 2009cu ildə İbrahim İbrahimovla ailə quran zaman gəlin köçdüyü, ərinin atası - hazırki iş üzrə cavabdehə məxsus olan yaşayış sahəsindən istifadə hüququ vardır. Cavabdeh mediasiya prosesində də iştirak etməmiş, ona görə də o, hazırki tələblərlə məhkəməyə müraciət etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla cavabdehin xüsusi mülkiyyətində olan, Oğuz rayonu Qarabaldır kəndində yerləşən yaşayış sahəsindən istifadə hüququnun tanınması və azyaşlı uşağı X4 ilə birlikdə həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, onun nümayəndəsi və vəkili X6 məhkəmə iclaslarının cavabdehin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə görə məhkəmə iclaslarının cavabdehin iştirakı olmadan keçirilməsini qərara almışdır. Cavabdehin nümayəndəsi və vəkili X6 iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, mübahisə predmetinə aid olan fərdi yaşayış evinə dair 1987-ci ildə cavabdehin adına Texniki pasport tərtib edilmişdir. 2019-cu ildə isə həmin ev qeyd olunan Texniki pasporta əsasən tam mülkiyyət hüququ əsasında cavabdehin adına qeydiyyata alınmışdır və hazırki vəziyyətdə onun xüsusi mülkiyyətindədir. İddiaçı 2009-cu ildə İbrahim İbrahimovla ailə quran zaman qeyd olunan evə gəlin köçsə də, həmin vaxtda evin hüquqmüəyyənedici sənədləri mövcud olmamışdır. İddiaçı həmin evin yerləşdiyi təsərrüfatda qeydiyyata alınsa da, sonradan azyaşlı uşağı ilə birlikdə təsərrüfatı tərk edib getmişdir. İddiaçının hazırki iddianın predmetinə aid olan fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması ilə bağlı məhkəmə qərarı qəbul edilmişdir. Qeyd etdiyi əsaslara görə iddiaçının hazırki iddia tələbini əsassız hesab edir və həmin tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Oğuz rayon Dövlət Arxivində saxlanılan, Oğuz rayonu Qarabaldır kəndi üzrə 2006-2010-cu illərə aid təsərrüfatbaşına kitabının müvafiq səhifəsinin surətindən müəyyən edilir ki, iddiaçı əri X5 və azyaşlı uşağı X4 ilə birlikdə Oğuz rayonu Qarabaldır kəndində cavabdehin ailə başçısı olaraq qeyd edildiyi təsərrüfatda qeydiyyata alınmışdır. X5 xx.xx.2010-cu il tarixdə vəfat etməsi səbəbindən təsərrüfatdan çıxarılmış və “Təsərrüfat üzvlərinin siyahısı” bölməsinin ona aid sütununda adının üzərindən çarpaz xətt çəkilmişdir. Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları, həmçinin, iş materiallarına əlavə edilmiş xx.xx.2009-cu il tarixli AZ-İ 477426 nömrəli nikah haqqında, xx.xx.2010-cu il tarixli AZ-İİ 554980 nömrəli doğum haqqında xx.xx.2010-cu il tarixli AZ-İ 424740 nömrəli ölüm haqqında şəhadətnamələrin, 1987-ci ildə tərtib edilmiş Texniki pasportun, xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət resyestrindən Çıxarış sənədinin surətləri, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayış ilə müəyyən edildi ki, iddiaçı ilə X5 xx.xx.2009-cu il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşdur. Onların birgə nikahda olduqları müddətdə xx.xx.2010-cu il tarixdə X4 adlı bir uşaqları anadan olmuşdur. İbrahim İbrahimov xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. İddiaçı azyaşlı uşağı ilə birlikdə 2017-ci ildə hazırki iddianın predmetinə aid olan evi tərk edib getmiş və həmin vaxtdan etibarən qeyd olunan evdə yaşamamışdır. Mübahisə predmetinə aid olan ev 1987-ci ildə tərtib edilmiş Texniki pasporta əsasən tam mülkiyyət hüququ əsasında cavabdehin adına qeydiyyata alınmışdır və hazırki vəziyyətdə onun xüsusi mülkiyyətindədir. Həmin vaxtadaək qeyd olunan evin mülkiyyət hüququnu tanıyan sənədləri mövcud olmamışdır. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh mediasiya prosesində iştirak etməmişdir. İddiaçı mediasiya prosesində 50,00 manat məbləğ ödəmişdir. Hazırda iddiaçı cavabdehin xüsusi mülkiyyətində olan, Oğuz rayonu Qarabaldır kəndində yerləşən yaşayış sahəsindən istifadə hüququnun tanınması və azyaşlı uşağı X4 ilə birlikdə həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələinin əsası olaraq mübahisə predmetinə aid olan evə X5 ilə ailə quran zaman onun ailə üzvü kimi və cavabdehin razılığı ilə köçdüyünü qeyd edir. Cavabdeh iddia tələbini qəbul etmir və həmin tələbin təmin edilməməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbinə etirazlarının əsası kimi iddiaçı 2009-cu ildə İbrahim İbrahimovla ailə quran zaman qeyd olunan evin hüquqmüəyyənedici sənədlərinin mövcud olmadığını, sonradan azyaşlı uşağı ilə birlikdə evi tərk edib getdiyini, həmçinin, iddiaçının hazırki iddianın predmetinə aid olan fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması ilə bağlı məhkəmə qərarı olduğunu bildirir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında göstərilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 2000-ci il sentyabrın 1-dən qüvvəyə minən və hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin və təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişin Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2005-ci il tarixliu 10/11 nömrəli Qərarı ilə təsdiq edilmiş, 2009-cu ilin aprel ayında, yəni tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiyasında İ bölmənin 7-ci bəndində qeyd edilmişdir ki, təsərrüfatbaşına uçot kitablarının məlumatlarından maliyyə, sığorta, statistika və digər orqanlar kənd əhalisinin sosial və milli mənsubiyyəti, cins və yaş tərkibi, mövcud ərazidə istifadəsində və xüsusi mülkiyyətində olan yaşayış evləri və digər tikililəri, mal-qaranı, torpağı uçota almaq və digər məlumatlar əldə etmək üçün, yerli kənd ərazi dairələri (vahidləri) ümumtəhsil məktəblərində icbari təhsili təmin etmək məqsədi ilə məktəb yaşlı uşaqların siyahılarını, seçkilərdə və referendumlarda iştirak etmək hüququna malik olanların siyahılarının müəyyən edilməsi və sair üçün istifadə edilir. Həmin göstərişin İİİ bölməsinin 11-ci bəndinə əsasən “Təsərrüfatın tərkibindən tamamilə çıxan üzvlər haqqında qeydlər” sətrində səbəbi göstərilməklə təsərrüfat üzvünün təsərrüfatdan çıxıb getdiyi və ya çıxarıldığı ay, il yazılır. Bu zaman çıxıb gedənlər haqqındakı qeydlərdə həmin şəxslərin inzibati ərazi dairəsi daxilində başqa təsərrüfata, yaxud inzibati ərazi dairəsindən kənara daimi yaşamağa getdiyi göstərilməlidir. Qeyd olunan müddəanın məzmunundan müəyyən edilir ki, şəxsin ev təsərrüfatının uçotu kitabında qeyd edilməsi statistik məlumatların toplanması və həmin məlumatlardan istifadə edilməsi məqsədi daşımaqla, şəxsin ev təsərrüfatının üzvü hesab edilməsinə əsas versə də, onun təsərrüfata məxsus əmlaklara, o cümlədən evə və həyətyanı torpaq sahəsinə hüquqlarının olub-olmamasını müəyyən etmir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının azyaşlı uşağı X4 ilə birlikdə Oğuz rayonu Qarabaldır kəndində cavabdehin ailə başçısı olaraq qeyd edildiyi təsərrüfatda qeydiyyata alınması onun həmin yaşayış sahəsindən istifadə hüquqlarının yaranması üçün əsas deyildir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı mübahisə predmetinə aid olan evə 2009-cu ilin aprel ayında köçüb yaşamağa başladığından onun həmin evdən istifadə hüquqları ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun olaraq tənzimlənməlidir. Mülki qanunvericiliyin qeyd edilən müddəalarının tələbinə görə isə iddiaçının istifadə hüququ yalnız evin mülkiyyətçisinin notariat qaydasında təsdiqlənən yazılı razılığı ilə və ya o, evin mülkiyyətçisinin ailə üzvü olduğu halda yarana bilərdi. İddiaçı 2009-cu ildə həmin evə köçən zaman onun evdən istifadə hüququ yaranmadığından hazırki vəziyyətdə də iddiaçının mübahisə predmetinə aid olan evdən istifadə hüququnun tanınması üçün hər hansı qanuni əsaslar mövcud deyildir. Eyni zamanda, iş materiallarından və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, iddiaçı 2009-cu ilin aprel ayında mübahisə predmetinə aid olan evə köçüb yaşamağa başlasa da və ərinin vəfatından sonra bir müddət həmin evdə yaşasa da, sonradan başqa şəxslə qeyri-rəsmi nikaha daxil olmaqla azyaşlı uşağı ilə birlikdə evi tərk edib daimi yaşamaq üçün başqa ünvana getmiş, sonradan da mübahisə predmetinə aid olan evə deyil, öz valideynlərinin evinə qayıtmışdır və hazırda da azyaşlı uşağı ilə birlikdə orada yaşayır. İddiaçı, özünün də etiraf etdiyi kimi, faktiki olaraq 5 ildən artıqdır ki, mübahisə predmetinə aid olan evdə yaşamır və bu səbəbdən hazırki vəziyyətdə də qeyd olunan ev onun daimi yaşayış yeri hesab edilə bilməz. İddiaçının mərhum əri X1 rayonu Qarabaldır kəndində yerləşən, mübahisə predmetinə aid olan fərdi yaşayış evinə dair mülkiyyət hüququna malik olmadığından və iddiaçı da onun ailə üzvü kimi qeyd olunan evə münasibətdə hər hansı hüquq əldə etmədiyindən məhkəmə hesab edir ki, hazırki vəziyyətdə iddiaçının mübahisə predmetinə aid olan yaşayış evindən istifadə hüququnun tanınmasına və onun azyaşlı uşağı ilə birlikdə həmin evə köçürülməsinə hər hansı əsas yoxdur. Ona görə də iddiaçının mübahisə predmetinə aid olan fərdi yaşayış evinə azyaşlı uşağı ilə birlikdə köçürülməsinə də hər hansı əsas yoxdur. Məhkəmə tədqiq olunmuş sübutlara işin faktiki halları ilə məcmu şəklində qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən şəhid ailələri məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarından görünür ki, iddiaçı şəhid ailəsi üzvü olduğuna görə məhkəməyə iddia vermək üçün dövlət rüsumu ödəməmiş, ancaq mediasiya prosesi ilə bağlı xərclər kimi 50 manat vəsait ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilmədiyinə görə məhkəməyə müraciət etmək üçün mediasiya prosesi ilə bağlı xərclər kimi iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğ iddiaçının özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddiaçı Cavabdeh qarşı cavabdehin xüsusi mülkiyyətində olan, Oğuz rayonu Qarabaldır kəndində yerləşən yaşayış sahəsindən istifadə hüququnun tanınması və azyaşlı uşağı X4 ilə birlikdə həmin evə köçürülmə barədə iddia tələbi təmin edilməsin. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesi ilə bağlı ödədiyi 50 manat məbləğ iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar