Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-333/2024 12.08.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X18 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, iddiaçi-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı X4, onun nümayəndəsi və vəkili X6 iştirakı ilə, iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı X7 qarşı Oğuz rayonu Filfilli kəndində yerləşən, xx.xx.2024-cü il tarixli, **********05 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0,16 ha torpaq sahəsindən cavabdehin çıxarılması, torpaq sahəsinin ona təhvil verilməsi, cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı X4 iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı cavabdehdən 24000 manat pulun, 164 manat dvlət rüsumunun və hüquqi xidmət haqqı kimi vəkilə ödənilmiş 500 manat məbləğin tutulması tələbinə dair mülki işə 12 avqust 2024-cü il tarixdə Oğuz şəhərində məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (iddiaçı) cavabdeh X7 (cavabdeh) qarşı Oğuz rayonu Filfilli kəndində yerləşən, xx.xx.2024-cü il tarixli, **********05 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0,16 ha torpaq sahəsindən cavabdehin çıxarılması, torpaq sahəsinin ona təhvil verilməsi tələbi ilə Oğuz Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh X9 İddiaçı qarşı 24000 manat pulun, 164 manat dövlət rüsumunun və hüquqi xidmət haqqı kimi vəkilə ödənilmiş 500 manat məbləğin tutulması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, ərizə icraata qəbil edilmişdir. İddiaçı iddia ərizəsi ilə tələbini əsaslandıraraq bildirmişdir ki, Oğuz rayonu Filfilli kəndində yerləşən, mərhum anası X5 məxsus olan 0,16 ha həyətyanı torpaq sahəsinə mülkiyyət sənədi almaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmiş, ona sənədin hazırlanmadığı bildirilmişdir. Bundan sonra İdarədən qeyd edilən torpaq sahəsinə çıxarış verilməsi xahişi ilə müraciət etmiş, İdarənin xx.xx.2022-ci il tarixli imtina məktubuna əsasən 0,16 ha torpaq sahəsinə anasının mülkiyyət hüququnun qeydiyyata alınaraq adına çıxarış verilməsi öhdəliyinin İdarənin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin 2-1(116)-650/2023 saylı qərarı ilə iddiası təmin edilmişdir. Qərara əsasən anasının adına, daha sonra öz adına çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi almışdır. Cavabdeh həmin torpaq sahəsindən çıxmaq istəmədiyindən haızrki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, 1998-ci ildə Oğuz rayon Filfilli kəndində şəxsi evini həmin evin torpaq sahəsi ilə birlikdə X7 13500000 manata satmışdır. Bununla bağlı 1999-cu ildə qəbz yazaraq cavabdehə vermişdir. Həmin vaxt cavabdeh razılaşdıqları məbləğdən ******* manatını (köhnə pulla) ona hissələrlə həm əskinaz şəklində, həm də mal-qara, çek, ot bağlaması və s. ilə əvəz etməklə vermişdir. Rəsmi alqı-satqı müqaviləsi pul tam şəkildə ödənildikdən sonra xx.xx.2004-cü ildə Oğuz rayon Dövlət notariat kontorunda bağlanmışdır. Həmin müqavilənin məzmunu ilə də cavabdehə 829 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evinin satıldığı sübut olunur. Notariat kontorunda alqı-satqı müqaviləsi bağlananda cavabdehin böyük qardaşı da olub, orada bağ söhbəti olmayıb. Anasına verilmiş torpaq sahəsi bələdiyyə mülkiyyətində qalmış, sonra torpağı məhkəmə qaydasında sənədləşdirib. Evi və altındakı torpağı satanda həmin əmlakdan kənarda olan 0,16 ha torpaq sahəsini kənd sakinlərindən birinə müvəqqəti baxmaq üçün vermək istəmiş, bu zaman Tarıverdinin qardaşı torpaq sahəsinə Tarıverdinin müvəqqəti baxa biləcəyini təklif etmişdir. Ona görə də torpaq sahəsini müvəqqəti istifadə məqsədilə ona verib. Hazırda öz adına rəsmiləşdirdiyi 0,16 ha torpaq sahəsi əslində Türkmənistanda yaşayan qardaşına aiddir, qardaşı həmin torpaqda özünə ev tikmək istəyir. Torpaq sənədləşəndən sonra qardaşı ilə Tarıverdinin yanına getmişlər.Tarıverdi əvvəlcə ondan torpağa baxdığı üçün şirinlik istəmiş, o da halallıq üçün 500 manat verəcəyini bildirmiş, Tarıverdi 1500 manat istəmiş, qardaşı 1000 manat pul verilməsini təklif edəndə razılaşmışdır. Sonradan Tarıverdi “torpağı verməyəcəm” deyərək onu məhkəməyə verməsini bildirib. Əslində Tarıverdini ətrafında olan şəxslər qızışdırırlar. Tarıverdi ondan mülkiyyətində olan torpaq sahəsi üçün pul tələb edir, halbuki onun torpağında olan 20 ədəd qızıləhmədi alma ağacını icazəsiz kəsib, əvəzində fındıq bağı salıb. Cavabdeh onun torpağından çıxarılmalıdır. Öz torpağı üçün isə cavabdehə hər hansı məbləğ ödəmək fikri yoxdur. Ədalətli və qanun çərçivəsində qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddiaçının izahatını təsdiq etdi, əlavə olaraq bildirdi ki, hazırki işdə qaranlıq və aydın olmayan məsələ yoxdur. Sənədlər tam qaydasındadır. Qarşılıqlı iddianın heç bir əsası yoxdur. İddiaçı 2004-cü ildə rəsmi alqı-satqı müqaviləsi ilə satdığı evi və 829 kv.m torpaq sahəsini mübahisələndirmir, lakin həmin müqavilədən görünür ki, 13500000 manat pul məhz həmin əmlak üçün verilib. 0,16 ha torpaq sahəsi tamamilə başqa yerdədir və iddiaçı həmin torpağı satmayıb. Satması mümkün də deyildi. Proseslər 1998-ci ildə başlayıb, bununla bağlı qəbz var, qəbz cavabdehin özü tərəfindən məhkəməyə təqdim edilib. Həmin qəbzdən də görünür ki, qeyd edilən məbləğ alqısatqı müqaviləsində göstərilən əmlaka görə verilib. Bundan başqa həmin məbləğ də birdəfəyə verilməyib, hissələrlə əskinazlar, yaxud əvəzində natura şəklində mal verilməklə ödəniş edilib. İnzibati məhkəmədə işə baxılanda cavabdeh işə 3-cü şəxs qismində qatıla bilərdi, çünki həmin araşırma zamanı mütəxəssis torpağı ölçüb rəy verib. X12 xəbəri vardı. Bundan əlavə torpaq satılmışdısa, 20 il ərzində cavabdeh niyə torpağı öz adına sənədləşdirməyib. Sənəd alındıqdan sonra cavabdehə təklif edilsə də, torpaqdan çıxmayıb. Buna görə ilkin iddia əsaslıdır. Qarşılıqlı iddianın qəbul edilməsi isə mümkün deyil. Cavabdeh torpaqdan istədiyi kimi istifadə edib, məhsulunu yığıb. Torpaqda aparılmış yaxşılaşdırma ilə bağlı sübutları varsa, həmin xərci tələb edə bilər, lakin İddiaçı ona heç nə verməyə borclu deyil, çünki cavabdeh özü də bilirdi ki, torpaq ona məxsus deyil. Torpağın qiymətinin müəyyən edilməsi də qanunsuzdur, ona görə ki, mülkiyyətçinin hüquqları pozulur. Filfilli kəndində 0,16 ha torpağın pulu 24000 manat olması da mübahisəlidir. Qarşılıqlı iddia mülahizələrdən ibarətdir. Şahidlər də birbaşa heç nəyi təsdiq etmirlər, cavabdehdən eşitdiklərini deyirlər. İlkin iddianın təmin edilməklə cavabdehin 0,16 ha torpaq sahəsindən çıxarılması, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 bildirdi ki, iddiaçı rəsmi şəkildə satılan vin və kənardakı torpağın pulunu alıb, yəni cavabdeh hazırda mübahisə obyekti olan torpağı da satın alıb və pulunu verib. Bütün kənd camaatı bu xüsusatı bilir, şahidlər də var.Tarıverdi Eldarov indi də həmin torpaq sahəsindən istifadə edir. İndiyədək etiraz edən də olmayıb.İddiaçı mülkiyyəti satıb, indi geri almaq istədiyindən onun pulunu tələb edirlər. Qiymətləndiricinin torpaq sahəsinin qiyməti ilə bağlı rəyinə əsaslanaraq qarşılıqlı iddia ərizəsi 24000 manat pulu qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tələb edirlər. Torpaq sahəsinin alqı-satqısının sənədləşdirilməməsi qarşılıqlı iddiaçının torpağın pulunu vermədiyini göstərmir.Əqd bağlanan vaxt mülkün sənədi olmadığından pul tələb olunur.Torpaq satılmamışdısa mülkiyyətçi niyə uzun müddət-20-25 ildə 100 ədəd fındıq kolu əkib-becərəndə, əziyyət çəkəndə torpağı geri tələb etməyib.Torpaq sahəsinin yaxşılaşdırılması ilə bağlı pul tələb etmirlər, torpağın dəyərini istəyirlər. Vaqif torpağı geri istəyəndə Tarıverdiyə pul təklif edib, bu da torpağın həqiqətən satıldığını sübut edir.Torpağın qiyməti ekspertiza vasitəsilə də müəyyən edilə bilər. Onların təqdim etdiyi şahidləri qarşı tərəf ciddi qəbul etmir. Başqa şahidlər də var. Qarşılıqlı iddianın təmin edilməsi şərti ilə ilk iddianın təmin edilməsi barədə q1ətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X9 izahat verərək bildirdi ki, Vaqif torpağı ona verməsəydi, ağacları kəsib fındıq bağı salmağa da icazə verməzdi. Evə torpağı ilə birgə, habelə kənar torpağa 10 milyon pul ödəyib. Sonra yoldaşı rəhmətə getdiyindən qalan pulu həmin vaxt ödəyə bilmədi. ******* manat pulu torpağa görə iddiaçıya verib. Vəkilinin dedikləri ilə razıdır. Qarşılıqlı iddianın təmin edilməsi şərti ilə ilk iddianın təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə iclasında qarşılıqlı iddiaçı tərəfindən təqdim edilmiş şahid X10 izahat verərək bildirdi ki, Tarıverdi Eldarov bacısının əridir. Alqı-satqı prosesində olub. Tarıverdi evin pulunu 10 milyon manat (10 paçka şirvan), bağın pulunu 3,5 milyon manat (3,5 paçka şirvan) olmaqla verib. Pulun ödənildiyini dəqiq bilir. Tarıverdi həm də qonşusudur, pulu mal-qara və s. formada verib. Bununla bağlı qəbz də var. Bu məsələləri Tarıverdinin özündən eşidib. Məhkəmə iclasında qarşılıqlı iddiaçı tərəfindən təqdim edilmiş şahid X11 izahat verərək bildirdi ki, Oğuz rayon Filfilli kənd sakinidir. Vaxtilə sovxozda aqronom işləyib. Vaqif və anası Oğuz şəhərinə köçəndə evi və bağı Tarıverdi Eldarova satıblar. Tarıverdi evin və torpağın pulunu ödəyib. Bağın pulunun verildiyini bilir. Pul 1997-2004-cü illərdə hissələrlə ödənilib. Pul veriləndə iştirak etməyib. Pulun ödənilməsi ilə bağlı qəbzin olduğuna dair məlumatı yoxdur. Bir dəfə qiymətləşmə zamanı iştirak edib. Əvvəl 15 milyon manat söhbəti olsa da, sonra 13,5 milyon manata razılaşıblar. Bu məbləğ həmin vaxt yüksək məbləğ idi, onunla Oğuz şəhərində ev almaq olardı. Əvvəl 10 milyon manat, sonra 3,5 milyon manat verilib. 25-30 il Vaqif bağla maraqlanmayıb. Məhkəmə iclasında qarşılıqlı iddiaçı tərəfindən təqdim edilmiş şahid X14 izahat verərək bildirdi ki, Tarıverdi Eldarovla qonşudur. Vaqif evi bağla birgə satıb pulunu da alıb. Pulun verildiyini eşidib. Evə və torpağa nə qədər pul verildiyini bilmir. Axırıncı dəfə 4 baş mal verəndə orada olub. Məhkəmə iddiaçını, onun nümayəndəsi və vəkilini, cavabdehi, onun nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını nəzərdən keçirərək bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, ilk iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Şəki İnzibati Məhkəməsinin işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 2-1(116)-650/2023 saylı qərarından görünür ki, iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə Oğuz rayon Filfilli kəndində yerləşən 0,1466 ha torpaq sahəsinin mərhum X5 məxsusluğu haqqında elektron arayışın verilməsi öhdəliyi qoyulmuşdur. İşə əlavə edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, **********05 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və B 192737 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Oğuz rayon Filfilli kəndində yerləşən 0,16 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi hüquq sahibi X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, **********05 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və B 194498 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Oğuz rayon Filfilli kəndində yerləşən 0,16 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023cü il tarixli, 2V-488 saylı şəhadətnaməyə əsasən hüquq sahibi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 166 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı tərəfindən tərtib edilmiş, işə əlavə edilmiş qəbzdən görünür ki, həmin şəxs Oğuz rayonu Filfilli kəndində yerləşən şəxsi evini və həyətyanı torpaq sahəsini kənd sakini X7 13500000 manata satmış, həmin alqı-satqı əməliyyatı xx.xx.1998-ci ildə öz aralarında olmuş, satıcı evlərin dəyərindən xx.xx.1999-cu il tarixədək 2 baş mal (iki milyon iki yüz min manat), 4 ədəd çek (bir milyon bir yüz iyirmi min manat), ******* manat yeməkxanada Tarıverdidən, 450000 manat Fətullahdan, 320000 manat 160 kq qoz, 110000 manat 220 ədəd pres, ******* manat Bəhramın toyunda, ******* manat evdə, ******* manat (Füzuli gətirib) olmaqla cəmi ******* manat almışdır. İşə əlavə edilmiş xx.xx.2004-cü il tarixli, 177498 saylı müqavilənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Oğuz rayonu Filfilli kəndində 829 kv.m torpaq sahəsində yerləşən 1960-cı ildə tikilən 80,8 kv.m ümumi sahəsi olan fərdi yaşayış evini 13500000 manata X2. Oğuz rayon Ev-torpaq alqı-satqı mərkəzinin işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, arayışından görünür ki, Oğuz rayonu Filfilli kənd ərazisində 0,16 ha həyətyanı torpaq sahəsinin real satış qiyməti 24000 manatdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Yenə həmin maddənin 3-cü hissəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsidə daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Oğuz rayonu Filfilli kənd sakini olmuş İddiaçı Oğuz rayonu Filfilli kəndində yerləşən şəxsi evini və həyətyanı torpaq sahəsini kənd sakini X7 13500000 manata satmış, həmin alqı-satqı əməliyyatı xx.xx.1998-ci ildə öz aralarında olmuş, satıcı evlərin dəyərindən xx.xx.1999-cu il tarixədək 2 baş mal (iki milyon iki yüz min manat), 4 ədəd çek (bir milyon bir yüz iyirmi min manat), ******* manat yeməkxanada Tarıverdidən, 450000 manat Fətullahdan, 320000 manat 160 kq qoz, 110000 manat 220 ədəd pres, ******* manat Bəhramın toyunda, ******* manat evdə, ******* manat (Füzuli gətirib) olmaqla cəmi ******* manat almışdır. İddiaçı 13500000 manat satış pulundan qalan məbləği aldıqdan sonra notarial qaydada bağlanmış xx.xx.2004-cü il tarixli, 177498 saylı alqı-satqı müqaviləsi ilə Oğuz rayonu Filfilli kəndində 829 kv.m torpaq sahəsində yerləşən 1960-cı ildə tikilən 80,8 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin 13500000 manata X1 rəsmiləşdirmişdir. Bundn əlavə iddiaçı Oğuz rayonu Filfilli kəndində yerləşən, mərhum anası X5 məxsus olan 0,16 ha həyətyanı torpaq sahəsinə mülkiyyət sənədi almaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmiş, ona sənədin hazırlanmadığı bildirilmişdir. Bundan sonra İdarədən qeyd edilən torpaq sahəsinə çıxarış verilməsi xahişi ilə müraciət etmiş, İdarənin xx.xx.2022-ci il tarixli imtina məktubuna əsasən 0,16 ha torpaq sahəsinə anasının mülkiyyət hüququnun qeydiyyata alınaraq adına çıxarış verilməsi öhdəliyinin İdarənin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin 2-1(116)- 650/2023 saylı qərarı ilə iddiası təmin edilmişdir. Qərara əsasən anasının adına, daha sonra öz adına çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi almışdır.Cavabdeh Tarıverdi Eldarov həmin torpaq sahəsindən çıxmaq istəmədiyindən haızrki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında cavabdeh Tarıverdi Eldarov, onun nümayəndəsi və vəkili qarşılıqlı iddia ərizəsi verərək bildirmişlər ki, iddiaçının cavabdehi çıxarmaq istədiyi torpaq sahəsi 1998ci ildə iddiaçının yaşayış evi ilə birlikdə ona satılmış, ödənilmiş 13500000 manat məbləğ hər iki əmlakın alınmasına görə iddiaçıya verilmişdir. Hazırda həmin torpaq sahəsinə iddiaçının adına çıxarışın olmasını mübahisələndirmədən qarşılıqlı iddiaçı olaraq 0,16 ha torpağın dəyəri olan 24000 manat pulun öna ödənilməsi barədə qərar qəbul edilməklə torpaqdan çıxarılmasına etiraz etmir. Qarşılıqlı iddiaçı sübut olaraq məhkəməyə təqdim etdiyi şahidlərin izahatlarına əsaslanmışdır. Məhkəmə bildirir ki, işin araşdırılması zamanı müəyyən edilənlərə əsasən qarşılıqlı iddiaçı uzun illər ərzində mübahisəli torpaq sahəsini adına sənədləşdirməsi üçün səy göstərməmiş, deməli torpaq sahəsinin onun mülkiyyətində olmadığını bilərək həmin torpaq sahəsindən istifadə edilməsini davam etdirmişdir. Bundan əlavə həm İddiaçı verdiyi qəbz, həm də 2004-cü ildə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi məhkəməyə Tarıverdi Eldarov tərəfindən təqdim edilmişdir. Həmin sənədlərdən göründüyü kimi İddiaçı tərəfindən Tarıverdi Eldarova satılmış əmlak 829 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət olmuşdur. Qarşılıqlı iddiaçı tərəfindən təqdim edilmiş şahidlərin ziddiyyətli izahatları ilə isə onların 0,16 ha torpaq sahəsinin satılması və pulun verilməsi ilə bağlı məlumatı Tarıverdi Eldarovdan aldıqları müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qüvvədə olan çıxarışa əsasən 0,16 ha torpaq sahəsi ilk iddiaçının mülkiyyətində olduğundan və qarşılıqlı iddiaçının torpaq üzərində heç bir hüququ olmadığlndan ilk iddia tələbi təmin edilməli, cavabdeh torpaq sahəsindən çıxarılmalı və torpaq sahəsi iddiaçıya təhvil verilməlidir. Qarşılıqlı iddiaçının torpaq sahəsindən çıxmaq üçün 24000 manat pulun ona verilməsi barədə tələbinə münasibətdə isə məhkəmə bildirir ki, qüvvədə olan qanunvericiliyə uyğun olaraq torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalı olduğundan, habelə ilk iddiaçının onun mülkiyyətində olan torpaq sahəsinə görə qarşılıqlı iddiaçıya hər hansı məbləğ ödəmək öhdəliyi yaranmadığından qarşılıqlı iddia rədd edilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Yenə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlk iddia tələbi təmin edilsə də iddiaçı ödədiyi dövlət rüsumunu tələb etmədiyindən 100 manat dövlət rüsumu iddiaçıya, qarşılıqlı iddia tələbi təmin edilmədiyindən ödənilmiş 164 manat dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilməlidir. Bundan əlavə qarşılıqlı iddiaçı hüquqi xidmət haqqı kimi vəkilə ödənilmiş 500 manat məbləğin qarşılıqlı iddia üzrə cavabdehdən tutulmasını xahiş etmişdir. Qarşlıqlı iddia tələbi təmin edilmədiyindən məhkəmə tələbin həmin hissədə də rədd edilməli olduğu nəticəsinə gəlir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İlk iddia təmin edilsin. Cavabdeh X9 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, **********05 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış və B 194498 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı mülkiyyətində olan yaşayış məntəqəsi təyinatlı torpaq sahəsindən çıxarılsın, torpaq sahəsi iddiaçıya təhvil verilsin. Qarşılıqlı iddia üzrə iddiaçı X4 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı 24000 manat pulun, 164 manat dövlət rüsumunun və hüquqi xidmət haqqı kimi vəkilə ödənilmiş 500 manat məbləğin tutulması tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-333/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-333/2024
12.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver