Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 2(054)-409/2022 19.08.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlu, Ərizəçilər Ərizəçi1 Ağasi oğlu, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Həşimova (İsmayılova) Günay Yavər qızının torpaq sahəsinin ayrılmasına dair və torpaq sahəsindən istifadə etmə faktının təsdiq edilməsi tələbi barədə ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyü haqqında məsələyə Oğuz Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyənetdim: Ərizəçilər Ərizəçi1 Ağasi oğlu, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Həşimova (İsmayılova) Günay Yavər qızı torpaq sahəsinin ayrılmasına dair və torpaq sahəsindən istifadə etmə faktının təsdiq edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək Oğuz rayon X1 Komissiyası tərəfindən xx.xx.1999-cu il tarixli qərara əsasən Oğuz rayonu Böyük Söyüdlü kəndində dövlət mülkiyyətində saxlanılan torpaq sahəsindən onlara 5,85 hektar əkin növ torpaq sahəsinin ayrılmasına və torpaq sahəsindən istifadə etmə faktının təsdiq edilməsinə dair hüquqi əhəmiyyətli faktın təsdiq edilməsini məhkəmədən xahiş etmişlər. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizəçilər həmin tələblə bundan əvvəl də Oğuz Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli 2 (054) - 391 / 2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələblərinə əsasən ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardadda ərizənin qaytarılmasının əsası olaraq qeyd edilmişdir ki, ərizədə işdə iştirak edən şəxslərin (o cümlədən, ərizəçilərin özlərinin) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, fərdi identifikasiya nömrəsi), onların faktiki ünvanı, olduğu halda - iş yerinin ünvanı, hər bir ərizəçinin telefon nömrəsi, o cümlədən mobil telefon nömrələri, habelə, elektron poçt ünvanları qeyd edilməmişdir. Bundan əlavə, hazırki ərizədə ərizəçilərin öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar, onları təsdiq edən sübutların siyahısı göstərilməmiş, həmin halları təsdiq edən sənədlərin qarşı tərəfə verilmək üçün surətləri iş materiallarına əlavə edilməmişdir. Qeyd olunan əsaslarla ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmış, eyni zamanda, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra həmin tələb üzrə yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ ərizəçilərə izah edilmişdir. Ərizəçilər məhkəmənin həmin qərardadında qeyd olunanlara əməl etməyərək eyni məzmunlu ərizə ilə yenidən Oğuz Rayon Məhkəməsinə müraciət etmişlər. Hazırki ərizənin də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa tam şəkildə riayət edilməmiş, habelə, həmin Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bununla yanaşı, qanunvericiliyin tələbinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Hazırki işin materiallarından görünür ki, ərizədə təsdiq edilməsi xahiş edilən hüquqi əhəmiyyətli faktla bağlı müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi, lakin icrası təmin edilməmiş qərarı mövcuddur. Ərizəçilər isə həmin qərarın icrasına yönələn hərəkətləri həyata keçirməklə belə bir icranın, yəni bu faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydasının mümkünsüzlüyünü təsdiq edə biləcək sənədi iş materiallarına əlavə etmədən məhkəməyə müraciət etmişlər. Bu hal isə özü-özlüyündə işə xüsusi icraat qaydasında baxılmasının mümkünlüyünü istisna edir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 nömrəli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Həmin Qərarın 7.1-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıbalınmadığı aydınlaşdırılmalıdır. Həmin Qərarın 7.2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. Eyni zamanda, hazırki tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğu halda, ərizəçilər mülki məhkəmə icraatı qaydasında ümumi məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci və 2.2.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyətinin olmamasını aşkara çıxara bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 6.1-ci bəndində qeyd edilmişdir ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 15.4-cü maddəsində qeyd edilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İş materiallarından və ərizəçilərin hazırki tələbinin məzmunundan görünür ki, ərizəçilərə torpaq sahəsinin ayrılması və verilməsi barədə səlahiyyətli orqanlar tərəfindən müvafiq qərar qəbul edilmişdir. Ərizəçilər bu qərarın icrası ilə bağlı müəyyən hərəkətlərin edilməsinə, həmin qərarın müvafiq inzibati orqanlar tərəfindən icra edilməsinə təşəbbüs göstərməli, bu mümkün olmadıqda isə həmin orqanların hərəkət və ya hərəkətsizliyindən aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etməli və həmin tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunan əsaslara görə hazırki tələbə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina olunmalı, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda, ərizəçilərə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 32, 152, 153, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, qəraraaldım: Ərizəçilər Ərizəçi1 Ağasi oğlu, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Həşimova (İsmayılova) Günay Yavər qızının torpaq sahəsinin ayrılmasına dair və torpaq sahəsindən istifadə etmə faktının təsdiq edilməsi tələbi barədə ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər ərizəçilərə qaytarılsın. Qərardad tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(054)-409/2022
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №2(054)-409/2022
19.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver