Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-41/2025 03.07.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında videokonfrans əlaqə vasitəsi ilə baxaraq məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında 17 sentyabr 2014-cü il tarixdə Oğuz rayon Padar kənd İcra nümayəndəliyində nömrə 24 ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2015-ci il təvəllüdlü X14 və xx.xx.2018-ci il təvəllüdlü X11 adlı iki uşaqlarının boşanmadan sonra onun yanında qalmaları, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 235 manat, cəmi 470 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o xx.xx.2014-cü il tarixdə Oğuz rayon Padar kənd İcra Nümayəndəliyində rəsmi nikah qeyd etdirməklə Cavabdeh ərə getmişdir. Cavabdeh ilə rəsmi nikahda olduqları müddətdə xx.xx.2015-ci il təvəllüdlü X14 və xx.xx.2018-ci il təvəllüdlü X11 anadan olmuşdur. Uşaqlar hazırda onun himayəsindədirlər. Cavabdeh ilə ailə qurduqdan sonra 10 ilə yaxın müddətdə onunla ərarvad qaydasında birlikdə yaşamışlar. Xarakterlərinin uyğun gəlməməsi ilə bağlı onunla ailə münasibətləri tədricən pozulmuşdur. Hazırda 4 aydır ki ailə münasibətlərində deyildirlər. Cavabdeh rəsmi şəkildə də ayrılmaq qərarına gəlmişdir. Onunla aralarında olan nikahın rəhmi şəkildə pozulmasını tələb edir. Boşanmadan sonra hər iki uşağının onun yanında qalmasını istəyir. Cavabdeh rəsmi şəkildə ayrılmaq üçün mediasiya təşkilatına müraciət etmişdir. Cavabdeh mediasiya prosesində iştirak etməmiş, ona xx.xx.2024-cü il tarixli, MŞŞ/MT018/2024-01654 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim olunmuşdur. Hazırda uşaqları Raul və Ramalı saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Odur ki, o cavabdehdən uşaqları Raul və Ramalın saxlanması üçün aliment tələb edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin məzmununa izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir. İddiaçının boşanmaqla bağlı qərarı qətidir. Eyni zamanda iddiaçı uşaqların özünün himayəsində saxlanılmasını istəyir. Cavabdeh hazırda Bakı şəhərində yaşayır və uşaqlar himayəsinə verilərsə onların təlim tərbiyəsi ilə məşğul olması mümkün görünmür. Bundan əlavə uşaqların hansı valideynlərinin yanında qalmaq istəmələri ilə bağlı seçimlərinə də kənar müdaxilə yoxdur. Oğuz rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiyanın uşaqların ananın yanında saxlanması barədə xx.xx.2024-cü il tarixli yekun rəyi də məhkəməyə təqdim edilmişdir. Ananın uşaqlara baxmağa hər bir imkanı var. Uşaqları anaya cavabdeh özü verib, indi isə mübahisələndirir. Hər bir insan xəstə ola bilər. Uşaqlarla ünsiyyətə gəldikdə cavabdeh hər dəfə uşaqları aparanda bir həftə saxlamaq istəyir. Uşaqlar məktəblidirlər, uzun müddətli yerdəyişmə onların təhsilinə və istirahətinə mane olur. Qeyd etdikləri nəzərə alınmaqla iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddiaçı ilə 9 il evli olublar.İddiaçının həmin müddət ərzində ondan şikayət etməyə əsası ola bilməz. O, xəstə olanda iddia verə bilərdi,amma verməyib. Onu Bakıda müxtəlif həkimlərə göstərib. Müxtəlif müayinə və müalicələr etdirib. Amma iddiaçı buna qarşılıq olaraq ona sədaqətsizlik nümayiş etdirib. Uşaqlara 1 ildən çox baxıb. Son aylarda iddiaçının yanındadırlar. Uşaqların bir həftə onda, bir həftə iddiaçıda qalması barədə razılaşmaları olub. Amma indi bu razılaşmadan imtina edirlər. Nikahın pozulmasına razıdır. Uşaqların ona verilməsini istəyir. Bundan əlavə o cəmi 550 manat məvacib alır. Hazırda Bakı şəhərində kirayədə yaşayır. Məhkəmə qərardadı ilə hər uşaq üçün 170 manat müəyyən edilmiş müvəqqəti alimenti ödəməkdə çətinlik çəkir. Nikah pozulduqdan sonra uşaqlar iddiaçının yanında qalarsa onların saxlanması üçün iddiaçıya cəmi 250 manat ödəyə bilər. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 izahat verərək bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs 2014-cü ildən iddiaçı ilə birlikdə yaşayıb. Birgə nikahdan iki övlad dünyaya gəlib. cavabdeh ailəsinə yaxşı baxıb. İddiaçının psixoloji problemləri var, hətta bir dəfə intihara cəhd edib. Disklər təqdim edəcəklər. Uşaqların onun yanında qalması məqsədəuyğun deyil. İddiaçının şəraiti də yoxdur. Məhkəməyə tibbi sənədlər təqdim edilib. Cavidan uşaqları ilə görüşə bilmir. Razılaşmaya görə uşaqların bir həftə ananın, bir həftə atanın yanında qalmasına heç bir problem yoxdur.Əvvəllər uşaqlar Cavidanın himayəsində olub. İsmayıl müəllim özü cavabdehə zəng edib uşaqları anaya verməsini xahiş edib. Qəyyumluğun rəyi tam əsassızdır. Ekspert rəyində isə göstərilmişdir ki, uşaqların hər iki valideynə münasibətləri müsbətdir. Uşaqların iddiaçının yanında qalması məqsədəmüvafiq deyildir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. Tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2015-ci il tarixdə anadan olmuş X14 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X11 məhkəmə iclasında uşağın təhsil aldığı müəssisənin nümayəndələri-X6 və X9 iştirakı ilə dindirilərkən hazırda analarının yanında yaşadıqlarını, analarının onların fikirlərinə təsr etmədiyini, ataları ilə də mütəmadi görüşüb ünsiyyətdə olduqlarını, valideynlərinin nikahı pozulduqdan sonra da anasının yanında qalmaq istədiklərini bildirmişlər. Məhkəmə iş üzrə iddiaçının və cavabdehin izahatlarını, yetkinlik yaşına çatmayan uşaqların fikrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, X3 Cavidan Ayaz oğlu ilə xx.xx.2014-cü il tarixdə Oğuz Rayon İcra Hakimiyyətinin Padar kənd nümayəndəliyində rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 24 saylı qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “Haşımov”, arvada “Haşımova” soyadı verilmişdir. İş materiallarında doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X14, xx.xx.2018-ci il təvəllüdlü X11 anadan olmuşdurlar. İş materiallarında olan Oğuz Rayon Məhkəməsinin 16(054)-17/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadın surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X10, xx.xx.2018-ci il təvəllüdlü X1 üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 170 manat olmaqla, ümumilikdə 340 manat sabit pul məbləğində müvəqqəti aliment tutulması qərara alınmışdır. İş materiallarında olan Oğuz rayon İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış rəsmi nikah pozulduqdan sonra onların birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X14 və xx.xx.2018-ci il təvəllüdlü X11 adlı uşaqların iddiaçı ana İddiaçı yanında saxlanılmasını Oğuz rayon İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiya bu uşaqların mənafeyinə uyğun olmaqla qanuni və əsaslı hesab etmişdir. İş üzrə alınmış Məhkəmə Ekspertizası Mərkəzinin 11/82 saylı xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X14 və xx.xx.2018-ci il təvəllüdlü X8 halhazırda anaları İddiaçı və ataları Cavabdeh eyni dərəcədə bağlılıqları müəyyən olunur. Ailədaxili qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik xx.xx.2015-ci il təvəllüdlü X14 və xx.xx.2018-ci il təvəllüdlü X8 emosianal-iradi sferasına neqativ təsir göstərmişdir. xx.xx.2015-ci il təvəllüdlü X14 və xx.xx.2018-ci il təvəllüdlü X8 psixikasında və davranışlarında hansı valideynin himayəsində yaşamağı seçmələri ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. X4 və X8 bir-birinə bağlılığı, hissi-emosional tələbatı yüksək olmaqla, uzun müddət ərzində ünsiyyətdə olmamaları onların emosional-iradi sferasına neqativ təsir göstərə bilər. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2014-cü il tarixdə nikahlarını rəsmi qeydiyyatdan keçirərək ailə qurmuşlar. Birgə nikahdan övladları xx.xx.2015-ci il təvəllüdlü X14 və xx.xx.2018-ci il təvəllüdlü X11 doğulmuşdur. Tərəflər halhazırda birgə yaşamırlar, ər-arvad kimi hüquq və vəzifələr daşımırlar. Bundan sonra ailənin bərpası qeyri-mümkün olduğundan onlar arasında olan nikah formal xarakter daşıyır. Tərəflərin birgə nikahdan anadan olmuş uşaqları hal-hazırda iddiaçının himayəsindədir. İddiaçı nikahın pozulmasına təkid edir. Cavabdeh də hazırda nikahın pozulmasına razıdır. Göründüyü kimi, tərəflər ayrı-ayrılıqda yaşayaraq birgə təsərrüfat aparmadıqlarından, artıq onların nikah münasibətləri faktiki olaraq pozulmuş, rəsmi nikahları isə hər hansı əhəmiyyətə malik olmayıb, yalnız formal olaraq zahiri görünüş cəhətdən mövcuddur. Belə ki, Azərbaycan Respublikası AM-nin 19.1-ci maddəsinə əsasən həmin Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Məhkəmə hesab edir ki, tərəflər ayrı-ayrılıqda yaşayaraq, birgə təsərrüfat aparmadıqlarından artıq onlar biri-digəri qarşısında nikahdan irəli gələn ər-arvadın birbirini saxlamaq, onun qayğısına qalmaq kimi vəzifələrin daşıyıcıları deyildirlər. Buna görə də hər hansı əhəmiyyətə malik olmayan, formal olaraq zahiri görünüş cəhətdən mövcud olan tərəflərin nikahlarının mövcud olmaqda davam etməsinə hər hansı bir zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin nikahları pozulmalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə yaşamaları və onların ailələrinin saxlanması qeyri-mümkün olduğundan və hazırda iddiaçı nikahın pozulmasını təkid etdiyindən, iddia həmin hissədə təmin edilərək, tərəflərin nikahları pozulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, tərəflərin birgə nikahdan anadan olmuş yetkinlik yaşına çatmayan uşaqları iddiaçının yanında qalmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığının müəyyən edilməsi, nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 7-ci bəndinin tələbinə görə məhkəmə mütləq qaydada boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə tərəfindən azyaşlı uşaqların valideynlərin hansının yanında saxlanılmasının uşağın mənafeyinə uyğun olub-olmaması haqqında Oğuz rayon İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyadan yuxarırda qeyd olunan qayada rəy alınmışdır. Bundan sonra məhkəmə tərəfindən iş üzrə məhkəmə-psixioloji ekspertizası təyin edilmiş və yuxarıda qeyd olunan ekspert rəyi alınmışdır. Məhkəmə tərəfindən azyaşlı uşaqların valideynlərin hansının himayəsində qalması məsələsi həll edilərkən azyaşlılar təhsil aldığı məktəbin səlahiyyətli nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməklə uşaqla fərdi söhbətlər aparılmışdır. Uşaqların hər iki valideynə eyni dərəcədə bağlılığı müəyyən edilmiş, lakin nikah pozulduqdan sonra onlar anaları ilə qalmaq istədiklərini bildirmişlər. Məhkəmə tərəflərin birgə nikahından anadan olmuş azyaşlı uşaqların mənafeyini, onların hər ikisinin hazırda iddiaçının yanında olduqlarını və bu mühitə artıq vərdiş etdiklərini, Oğuz rayon İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın rəyini, ekspert rəyini və uşaqların məhkəmə iclasında verdikləri izahatlarını nəzərə alaraq və azyaşlı uşaqların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının, onların maraqlarının daha yaxşı təmin edilməsi məqsədi ilə hər ikisinin bir yerdə və bir ailədə böyüməsinin məqsədəmüvafiq olması, uşaqların eyni valideynə verilmələrinin onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğun olmasını əsas şərtlər kimi qəbul edərək hesab edir ki, tərəflərin birgə nikahından doğulan övladları xx.xx.2015-ci il təvəllüdlü X14, xx.xx.2018-ci il təvəllüdlü X11 faktiki vəziyyətə uyğun olaraq anası İddiaçı yanında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, övladları xx.xx.2015-ci il təvəllüdlü X10, xx.xx.2018-ci il təvəllüdlü X2 üçün cavabdehdən sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunun müəyyən edilməsi nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. Uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunun müəyyən edilməsi nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən olduğundan və tərəflərin uşaqları iddiaçının yanında qaldığından məhkəmə hesab edir ki, cavabdehdən aliment tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarı ilə "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1-ci yarımbənd əlavə edilmişdir: "8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini "xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun" məzmununda ifadə etməlidir)." Məhkəmə bunu da qeyd edir ki, aliment tutularkən alimentin hesablanmağa başlandığı (tələb barədə ərizənin verildiyi) təqvim ili ilə qətnamənin qəbul edildiyi il arasında ölkə üzrə minimum əmək haqqı məbləğində fərq olduqda, aliment ərizənin verildiyi tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqına münasibətdə təyin edilməlidir. Məhkəmə iddianın cavabdehdən alimentin tutulması hissəsinə qiymət verərək hesab edir ki, uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır. Lakin tələb edilən alimentin məbləği ərizədə qeyd edilən məbləğdə müəyyən edilməməlidir. Belə ki, iddiaçı bir uşağın saxlanılması üçün 235,0 manat aliment tələb etsə də, cavabdehin bunun ödənilməsi üçün zəruri vəsaitə malik olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, göstərilənlər ümumilikdə cavabdehin uşağın saxlanılmasında, dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti, uşağın böyüdükcə artan tələbatları nəzərə alınmaqla getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etməsə də, işin yuxarıda qeyd edilən hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, cavabdehdən hər ay hər uşağın saxlanılması üçün 158,0 manat sabit pul məbləğində alimentin tutulması ədalətli və ağlabatandır. Ona görə də məhkəmə uşaqların saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşağa görə 158,0 manat həddində aliment tutulmasını məqsədə uyğun hesab edir. Hazırkı iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü ildə verilmişdir. Hazırda ölkə üzrə minimum əmək haqqı məbləği 400 manat olsa da, həmin vaxt 2024-cü ildə 345 manat olmuşdur. Qeyd olunan 158,0 manat məbləğ göstərilən 345 manat minimum əmək haqqı məbləğinin (158:345) 0,46 mislini təşkil edir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti cavabdehin alimentin tutulması barədə ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşin materiallarından görünür ki, iddiaçı mövcud aliment tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Lakin işdən görünür ki, məhkəmənin 16(054)-17/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən, xx.xx.2015-ci il təvəllüdlü X14 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 170 manat olmaqla, ümumilikdə 340 manat sabit pul məbləğində müvəqqəti aliment tutulması qərara alınmışdır. Məhkəmə hesab edir ki, aliment tutularkən məhkəmənin qeyd olunan qərardadına əsasən tutulmuş müvəqqəti aliment nəzərə alınmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan əlavə, məhkəmə hesab edir ki, tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası AiləMəcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Beləliklə məhkəmə hesab edir ki, tərəflərin birgə yaşaması və ailənin saxlanılması qeyri-mümkün olduğundan nikah pozulmalı, tərəflərin birgə nikahından anadan olmuş övladları xx.xx.2015-ci il təvəllüdlü X14 və xx.xx.2018-ci il təvəllüdlü X11 anası İddiaçı yanında saxlanılmalı, Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X10, xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,46 misli həddində (hər uşaq üçün ayrı-ayrılıqda) sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə, həmçinin iddia tələbinin uşaqların iddiaçının himayəsinə verilməsi hissəsində təmin olunmasını nəzərə alaraq hesab edir ki, iş üzrə aparılmış eksertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 3307-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixdə Oğuz rayon Padar kənd İcra Nümayəndəliyində 24 nömrə ilə qeyd edilən nikah pozulsun. Nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş övladları xx.xx.2015-ci il təvəllüdlü X14 və xx.xx.2018-ci il təvəllüdlü X11 İddiaçı yanında saxlanılsınlar. xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X14 və xx.xx.2018-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,46 misli həddində (hər uşaq üçün ayrı-ayrılıqda) sabit pul məbləğində aliment tutulsun. Aliment tutularkən Oğuz Rayon Məhkəməsinin 16(054)-7/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə tutulmuş alimentin məbləği nəzərə alınsın. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icraya yönəldilsin. İddia qalan hissədə təmin edilməsin. Tərəflərə, onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən 3 illik iddia müddəti çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilir. Ekspertiza tədqiqatının dəyəri olan 100,0 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub X5, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(054)-41/2025
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-41/2025
03.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver