Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-454/2022 02.11.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, İddiaçı1, İddiaçı3 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı paylı mülkiyyətində olan mənzilin naturada bölünməklə payların ayrılması, payların ayrılması mümkün olmayacağı təqdirdə, payların pul vəsaiti ilə əvəz edilməsi və ya əmlakın iştirakçılar üçün, yaxud açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin mülkiyyətçilər arasında bölünməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən, iddiaçıların, cavabdehin, onun azyaşlı uşaqları X4 və X1 paylı mülkiyyətində olan, ümumi sahəsi 54,30 kv.metrdən ibarət mənzilin iddiaçılarla cavabdeh tərəf arasında naturada bölünməklə ayrılması, payların naturada ayrılması mümkün olmayacağı təqdirdə, həmin mənzildə iddiaçılarla cavabdeh tərəfin paylarının dəyəri olan pul məbləğinin onlara digər payçılar tərəfindən ödənilməsi və ya mənzilin iştirakçılar üçün, yaxud açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin mülkiyyətçilər kimi iddiaçılarla cavabdeh tərəf arasında bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 xx.xx.2007-ci il tarixdə hazırki iş üzrə Cavabdeh ilə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşdur. Onların birgə nikahından xx.xx.2008-ci il tarixdə X4 və xx.xx.2015-ci il tarixdə X2 adlı iki uşaqları anadan olmuşdur. Birgə nikahda olduqları müddətdə İddiaçı1 və Cavabdeh uşaqlarla birlikdə ünvan 2 ünvanında yaşamışlar. Tərəflər arasında yaranmış narazılıqlara görə ailə münasibətləri pozulmuş və onlar arasında bağlanmış nikah Oğuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən pozulmuş, uşaqların boşanmadan sonra cavabdehin yanında qalmaları müəyyən edilmişdir. Nikahın pozulmasından sonra İddiaçı1 qeyd olunan mənzili özəlləşdirərək xx.xx.2022-ci il tarixdə həmin mənzilə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi əldə etmişdir. Həmin Çıxarış sənədinə əsasən qeyd olunan mənzildə 6 nəfərin - iddiaçıların, cavabdehin, onun azyaşlı uşaqları X4 və X1 hər birinin 1/6 hissədən ibarət payı vardır. Mübahisə predmetinə aid olan mənzil hal-hazırda faktiki olaraq tam şəkildə cavabdeh və onun azyaşlı uşaqlarının istifadəsindədir. Bu səbəbdən iddiaçılar həmin mənzilə dair mülkiyyət hüquqlarından istifadə edə bilmirlər. İddiaçılar mənzilin onlarla cavabdeh tərəf arasında naturada bölünməklə payların ayrılmasını və ya əmlakın ümumi dəyərinin paylara müvafiq hissələrini bir tərəf digər tərəfə ödəməklə razılaşmağı, yaxud qarşılıqlı razılıq əsasında mənzili satıb əldə olunan vəsaiti paylara mütənasib olaraq bölməyi təklif etsələr də, cavabdehlə razılıq əldə edilməmişdir. Hazırki iddianın predmetinə aid olan mənzilin faktiki satış qiyməti ən azı 30.000 manat təşkil edir. Cavabdeh həmin məbləğin yarısı olan 15.000 manat vəsaiti iddiaçılara ödəyəcəyi təqdirdə, onlar qeyd edilən mənzilə münasibətdə öz hüquqlarına xitam verilməsinə razıdırlar. Lakin iddiaçılar həmin məsələlərlə bağlı cavabdehlə könüllü razılığa gələ bilmirlər. Ona görə də paylı mülkiyyətində olan mənzilin naturada bölünməklə payların ayrılması, payların ayrılması mümkün olmayacağı təqdirdə, payların pul vəsaiti ilə əvəz edilməsi və ya əmlakın iştirakçılar üçün, yaxud açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin mülkiyyətçilər arasında bölünməsi zərurəti yaranmışdır. Qeyd olunan əsaslara görə iddiaçılar hazırki tələblə məhkəməyə müraciət etmişlər. İddiaçı, eyni zamanda, digər İddiaçı2 etibarnamə üzrə nümayəndəsi İddiaçı1 iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbinin məzmununa uyğun izahat verməklə göstərdi ki, o, ikinci dərəcəli Qarabağ müharibəsi əlilidir. O, hazırki iş üzrə cavabdehlə ailə qurmazdan əvvəl - xx.xx.2003-cü il tarixdə X3 adlı şəxslə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşdur. Hazırki iddianın predmetinə aid olan iki otaqlı mənzil də Aytən Məmmədova ilə rəsmi nikahda olduğu müddətdə Oğuz rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 92 nömrəli sərəncamına əsasən xx.xx.2005-ci il tarixli 12 nömrəli orderlə Qarabağ əlili kimi onun istifadəsinə verilmişdir. Həmin orderdə onun ailə üzvü kimi Aytən Məmmədovanın adı qeyd edilmişdir. Aytən Məmmədova xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Hazırki iş üzrə digər İddiaçı3 mərhum Aytən Məmmədovanın anası olmaqla, qeyd olunan mənzilin 1/6 hissəsi Aytən Məmmədovanın birinci növbədə vərəsəsi kimi mülkiyyət hüququ əsasında İddiaçı3 adına qeydiyyata alınmışdır. O, hazırki iş üzrə Cavabdeh ilə rəsmi şəkildə məhkəmə qaydasında boşandıqdan sonra xx.xx.2018-ci il tarixdə hazırki iş üzrə digər İddiaçı2 ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur və onların birgə nikahından bir azyaşlı uşaqları da vardır. O, arvadı İddiaçı2 və azyaşlı uşağı ilə birlikdə kirayə evdə qalır. Qarabağ əlili kimi ona verilmiş iki otaqlı mənzildə isə hazırda faktiki olaraq cavabdeh və iki uşağı yaşayırlar. Mənzilin 30.000 manata satın alınması üçün real müştərilər vardır, lakin o və digər iddiaçılar bu sahədə cavabdehlə ümumi razılığa gələ bilmirlər. Belə ki, cavabdeh mənzilin 30.000 manata satılmasına etiraz etməsə də, həmin məbləğdən 15.000 manatın iddiaçılara, qalan 15.000 manatın isə özünün və iki uşağın payı kimi ona verilməsinə razı deyildir. Cavabdeh ona olan gecikdirilmiş aliment borcu kimi toplanmış 5000 manat məbləğin də iddiaçı kimi onun payından tutulmasını tələb edir. Onun öz razılığı ilə təqaüdünün 70 %-i olaraq hər ay 188 manat aliment borcuna tutulur, lakin bu məbləğ məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarını tam şəkildə ödəmir. Başqa hər hansı gəliri də olmadığından onun cavabdehə hər ay gecikdirilmiş aliment borcu yaranır və hazırda cavabdehə, təxminən, 5000 manat aliment borcu vardır. O, mənzilin satışından əldə olunacaq vəsaitin öz payına düşən hissəsinin yarısını - 2500 manat məbləği gecikdirilmiş aliment borcu kimi cavabdehə verməyə etiraz etmir, ancaq 5000 manatı bütövlükdə verməyə razı deyildir. Bu səbəbdən mənzilin satılması ilə bağlı indiyədək cavabdehlə razılaşma əldə olunmamışdır. Paylı mülkiyyətində olan iki otaqlı həmin mənzilin ümumi sahəsi cəmi 54,30 kv.metrdən ibarət olmaqla, iddiaçılarla cavabdehin qeyd olunan mənzildən birgə istifadə etmələri və ya mənzilin mülkiyyətçilər arasında naturada bölünməklə ayrılaraq ayrı-ayrı yaşayış sahələri kimi istifadə edilməsi qeyrimümkündür. Hazırki vəziyyətdə o və ya digər iddiaçılar cavabdehin mənzilə olan hüquqlardan imtina etməsi üçün mənzilin dəyərinin yarısını kompensasiya kimi nağd olaraq cavabdehə ödəmək imkanına da malik deyillər. Cavabdeh də mənzilin dəyərindən iddiaçıların payına düşən məbləğləri ödəmək istəmir. Ona görə də o və digər iddiaçılar mənzilin iştirakçılar üçün, yaxud açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin mülkiyyətçilər kimi iddiaçılarla cavabdeh tərəf arasında bölünməsini məqsədəuyğun hesab edirlər. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı2 məhkəmə iclaslarına gəlməmiş, onun etibarnamə üzrə nümayəndəsi İddiaçı1 məhkəmə iclaslarının həmin iddiaçının iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı3 da məhkəmə iclaslarına gəlməmiş, onun nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclaslarının həmin iddiaçının iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının iddiaçılar İddiaçı2 və İddiaçı3 iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. İddiaçı3 nümayəndəsi və vəkili Nümayəndə da iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin, eyni zamanda, digər İddiaçı1 izahatının məzmununa uyğun izahat verməklə göstərdi ki, mübahisə predmetinə aid olan mənzilin mülkiyyətçilər arasında naturada bölünməklə ayrılması mümkün deyildir. İddiaçı3 mənzilin dəyərinin digər mülkiyyətçilərin payına düşən hissəsini kompensasiya kimi onlara ödəmək imkanı da yoxdur. Ona görə də İddiaçı3 da mənzilin açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin mülkiyyətçilər arasında bölünməsini məqsədəuyğun hesab edir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, mübahisə predmetinə aid olan mənzildə iddiaçıların, onun özünün və iki uşağının, hər birinin 1/6 hissədən ibarət payı olmaqla, mülkiyyət hüquqları müəyyən edilmişdir. Ancaq mübahisə predmetinə aid olan mənzildə hazırda faktiki olaraq o özü uşaqları ilə brlikdə yaşayır. Qeyd olunan mənzilin mülkiyyətçilər arasında naturada bölünməsi qətiyyən mümkün deyildir. Eyni zamanda, o, iddiaçıların mənzilə olan hüquqlardan imtina etmələri üçün mənzilin dəyərinin yarısını kompensasiya kimi nağd olaraq onlara ödəmək imkanına da malik deyildir. O, qeyd olunan mənzilin 30.000 manata satılmasına etiraz etmir, lakin mənzilin dəyərinin yarısı kimi ona və uşaqlarına düşən 15.000 manatdan əlavə İddiaçı1 ona olan gecikdirilmiş aliment borcu kimi toplanmış 5000 manat məbləğin də İddiaçı1 payından tutulmasını tələb edir. Bu səbəbdən hazırda o özü də mənzilin açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin mülkiyyətçilər arasında paylara uyğun olaraq bölünməsini məqsədəuyğun hesab edir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları, həmçinin, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 149/12 və 150/12 nömrəli doğum haqqında akt qeydlərindən, həmin tarixli 86/12 nömrəli nikahın pozulması haqqında akt qeydindən çıxarışlar, xx.xx.2019-cu il tarixli Texniki Pasport, xx.xx.2022-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi, Oğuz rayonu “Ev, torpaq və obyektlərin alqı-satqısı, kirayə evlər” ofisi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli arayış ilə müəyyən edildi ki, İddiaçı1 ilə cavabdeh xx.xx.2007-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmişlər. Onların birgə nikahından xx.xx.2008-ci il tarixdə X4 və xx.xx.2015-ci il tarixdə X2 adlı iki uşaqları anadan olmuşdur. Tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. İddiaçı1 ikinci dərəcəli Qarabağ əlili kimi Oğuz rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən verilmiş, ümumi sahəsi 54,30 kv.metrdən ibarət olan iki otaqlı mənzil hazırki vəziyyətdə iddiaçıların, cavabdehin, onun azyaşlı uşaqları X4 və X1 hər birinin 1/6 hissədən ibarət payı olmaqla, paylı mülkiyyətində olan əmlakdır. Qeyd olunan mənzilin hazırki bazar qiyməti daşınmaz əmlak alqı-satqısı ilə məşğul olan şəxs tərəfindən 35.000 manat miqdarında qiymətləndirilmişdir. Hazırda iddiaçılar mübahisə predmetinə aid olan mənzilin naturada bölünməklə payların ayrılmasını, payların ayrılması mümkün olmayacağı təqdirdə, payların pul vəsaiti ilə əvəz edilməsini və ya əmlakın iştirakçılar üçün, yaxud açıq hərracdan satılmasını və satışdan əldə olunan vəsaitin mülkiyyətçilər arasında bölünməsini tələb edirlər. İddiaçılar öz iddia tələblərinin əsası kimi mübahisə predmetinə aid olan mənzilin paylı mülkiyyətində olmasına dair hüquqmüəyyənedici sənədlərə istinad edirlər. Eyni zamanda, iddiaçılar mənzilin mülkiyyətçilər arasında naturada bölünməklə ayrılaraq ayrı-ayrı yaşayış sahələri kimi istifadə edilməsinin qeyri-mümkün olduğunu, hazırki vəziyyətdə cavabdehin mənzilə olan hüquqlardan imtina etməsi üçün mənzilin dəyərinin yarısını kompensasiya kimi nağd olaraq cavabdehə ödəmək imkanına da malik olmadıqlarını, cavabdeh də mənzilin dəyərindən onların payına düşən məbləğləri ödəmək istəmədiyinə görə mənzilin iştirakçılar üçün, yaxud açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin mülkiyyətçilər arasında bölünməsini məqsədəuyğun hesab etdiklərini bildirirlər. Cavabdeh iddia tələbini qismən qəbul edir, qeyd olunan mənzilin mülkiyyətçilər arasında naturada bölünməsinin mümkün olmadığını, eyni zamanda, onun mənzilin dəyərinin yarısını kompensasiya kimi nağd olaraq iddiaçılara ödəmək imkanı olmadığını, bu səbəbdən hazırda mənzilin açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin mülkiyyətçilər arasında bölünməsini məqsədəuyğun hesab etdiyini bildirir. Cavabdeh iddia tələbinə etiraz olraq məhkəməyə hər hansı sənəd və ya digər sübut təqdim etməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, mübahisə predmetinə aid, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 54,30 kv.metrdən ibarət olan iki otaqlı mənzildə iddiaçıların, cavabdehin, onun azyaşlı uşaqları X4 və X1 hər birinin 1/6 hissədən ibarət payı olmaqla, həmin şəxslərin xüsusi mülkiyyət hüquqları müəyyən edilmiş, bununla bağlı mülkiyyətçilərin adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İş materiallarından, tərəflətin izahatlarından və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, mübahisə predmetinə aid olan mənzilin ayrı-ayrı mənzillər hesab olunaraq naturada bölünməsi üçün tələb olunan şərtlər mövcud deyildir və mənzilin təsərrüfat təyinatı payın naturada ayrılmasına yol vermir. Mübahisə predmetinə aid olan mənzildə mülkiyyətçilərin hər birinin payının naturada bölünərək ayrılması qeyd olunan yaşayış sahəsinin təsərrüfat təyinatının itirilməsi ilə nəticələnə bilər və mənzilin naturada bölünərək ayrılması paylı mülkiyyətdə olan əmlaka tənasübsüz zərər vurmadan mümkün deyildir. Hazırda mübahisə predmetinə aid olan mənzilin paylı mülkiyyətçilərinin bir ailənin üzvləri olmadıqları və hazırki vəziyyətdə iddiaçılarla cavabdeh arasında olan qarşılıqlı münasibətlərin onların eyni mənzildə yaşamalarına imkan vermədiyi, mənzilin naturada bölünməsinin isə praktiki cəhətdən mümkün olmadığı iddia tələbinin mübahisə predmetinə aid olan mənzildə mülkiyyətçilərin hər birinin payının naturada bölünməklə ayrılmasına dair hissəsinin təmin olunması halını da istisna edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cü maddəsinə görə bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə görə mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə görə bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, birgə mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması yalnız həmin əmlakın payçılar arasında naturada ayrılmasının mümkün olmadığı, ayrılan mülkiyyətçiyə digər mülkiyyətçilərin kompensasiya ödəməkdən imtina etdiyi, yəni birgə mülkiyyətdə olan əmlakdakı paya kompensasiya ödənilməsinin mümkün olmadığı müəyyən edildikdən sonra həyata keçirilə bilər. Məhkəmə cavabdehin mənzilin dəyərinin yarısı kimi ona və uşaqlarına düşən 15.000 manatdan əlavə İddiaçı1 ona olan gecikdirilmiş aliment borcu kimi toplanmış 5000 manat məbləğin də İddiaçı1 payından tutulmasını tələb etdiyi barədə izahatında göstərdiyi xüsusatlarla bağlı qeyd edir ki, İddiaçı1 cavabdehə gecikdirilmiş aliment borcunun olubolmaması hazırki iş üzrə mübahisə predmetinə aid olan məsələ deyildir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, hazırki vəziyyətdə tərəflərdən hər biri paylı mülkiyyətdə olan əmlakda qarşı tərəfin payına kompensasiya ödəməkdən imtina edir və hər bir tərəf bunu yetərli maddi imkanının olmaması ilə əsaslandiriır. Belə olan halda, hazırki iş üzrə bu və ya digər tərəfin paylı mülkiyyətdə olan əmlakdakı paya kompensasiya ödənilməsini qarşı tərəfdən tələb etməsi və bu tələbin realizə edilməsi mümkünsüz qədər çətindir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, iddia tələbinin mübahisə predmetinə aid olan mənzildə payların pul vəsaiti ilə əvəz edilməsinə dair hissəsinin təmin olunması imkanları da istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 221-ci maddəsinə görə ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Hazırki vəziyyətdə həm iddiaçılar, həm də cavabdeh mübahisə predmetinə aid olan mənzilin birbaşa açıq hərracda satılmasına və əldə edilən gəlirin paylara mütənasib surətdə bölünməsinə tərəfdar olduqlarını bildirirlər. Mənzilin açıq hərracda satılması halında da iddiaçılarla cavabdehin hərracda iştirak edərək həmin mənzili satın almaq imkanları itirilmir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında və işin faktiki halları ilə əlaqəli şəkildə qiymət verərək qərara gəlir ki, iddiaçıların hazırki iddia tələbi qismən - mübahisə predmetinə aid olan mənzilin açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölünməsinə dair hissədə təmin edilməli, digər hissələrdə isə təmin edilməməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, Cavabdeh, onun azyaşlı uşaqları X4 və X1 paylı mülkiyyətindəki ümumi sahəsi 54,30 kv.metrdən ibarət olan mənzil açıq hərracdan satılsın və satışdan əldə olunan vəsait mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölünsün. İddia tələbi mübahisə predmetinə aid olan mənzilin iddiaçılarla cavabdeh tərəf arasında naturada bölünməklə ayrılması, payların naturada ayrılması mümkün olmayacağı təqdirdə, həmin mənzildə iddiaçılarla cavabdeh tərəfin paylarının dəyəri olan pul məbləğinin onlara digər payçılar tərəfindən ödənilməsinə dair hissələrdə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(054)-454/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-454/2022
02.11.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver