Məhkəmə qərarları › İş №2(054)-467/2023

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №2(054)-467/2023

21.07.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 2(054)-467/2023 21.07.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi X2, İddiaçı Cavabdeh qarşı ümumi paylı mülkiyyətə verilmiş torpaq sahələrində payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Oğuz Rayon Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli 67 saylı qərarı ilə verilmiş 0,81 hektar və 0,12 hektar torpaq sahələri üzərində payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. İş materialları araşdırılarkən müəyyən edildi ki, iddiaçı 2022-ci ildə eyni tələblə məhkəməyə müraciət etmiş, Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(054)-485/2022 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmışdır. Həmin qərardadla iddiaçıya aşağıdakılar bildirilmişdir. Mübahisə predmetinə aid olan 0,81 hektar və 0,12 hektar torpaq sahələrində yalnız iddiaçı və cavabdehin deyil, onların birgə nikahından xx.xx.1993-cü il tarixdə anadan olmuş X3 və xx.xx.1994cü il tarixdə anadan olmuş X1 da payları vardır. İddiaçı da iddia ərizəsinin məzmununda torpaq, ev və digər əmlakların bölgüsünü istədiyini bildirmiş, iddia ərizəsinin tələbin mahiyyətinə aid son hissəsində də torpaq sahələri üzərində payların müəyyən edilməsini xahiş etmişdir. Lakin həmin iddia ərizəsi yalnız iddiaçının özü tərəfindən (etibarnamə üzrə nümayəndəsi vasitəsilə) imzalanmış, tərəflərin birgə nikahından anadan olmuş yetkinlik yaşına çatmış uşaqlar iddiaçı qismində qeyd edilməmişlər. Hazırki iddia ərizəsində yenə də qeyd edilən iradlara diqqət edilməmiş, iddia ərizəsinə yalnız Anar, Ömər və Şahin adlı övladların anaları olan iddiaçıya verilmiş etibarnamələrinin surəti əlavə edilmişdir. Bundan əlavə, həmin qərardadda göstərilir ki, iddiaçı iddia tələbində torpaq sahələri üzərində payların müəyyən edilməsini xahiş etsə də, konkret olaraq kimin payının müəyyən edilməsini ərizədə göstərməmiş, bununla da qeyri-müəyyən tələblə məhkəməyə müraciət etmişdir. Qərardadda o da göstərlir ki, iddiaçı həmin iddia tələbində Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli 67 saylı qərarı ilə verilmiş torpaq sahələri üzərində payların müəyyən edilməsini xahiş etsə də, iş materiallarında Qəbələ rayon AİK-nın qərarı ilə verilmiş torpaq sahələri ilə bağlı hər hansı sənəd mövcud deyildir. İş materiallarından mübahisə predmetinə aid olan 0,81 hektar torpaq sahəsinin Oğuz rayon AİK-nın müvafiq qərarı ilə verildiyi müəyyən edilir. Digər 0,12 hektar torpaq sahəsinə dair mülkiyyət sənədi isə işə əlavə edilməmişdir. Hazırki iddia ərizəsində sözügedən qərardadda göstərilən hər iki məsələ ilə bağlı heç bir dəyişiklik edilməmiş, iddia tələbi əvvəlki qaydada, yəni “Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli 67 saylı qərarı ilə verilmiş 0,81 hektar və 0,12 hektar torpaq sahələri üzərində payların müəyyən edilməsi” şəklində ifadə edilmişdir. Bundan əlavə o zamankı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin hazırki iddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, **********10 saylı məktubu ilə iddiaçıya məxsus olan torpaq sahəsinə aid dövlət aktı və şəhadətnamənin aşkar edilmədiyi bildirilmişdir, yəni indiki halda iddiaçı payların müəyyən edilməsini istədiyi torpaq sahələrinə aid hüquq müəyyənedici sənədləri (onların notarial qaydada və ya İdarə tərəfindən təsdiq edilmiş surətini) iddia ərizəsinə əlavə edə bilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin hazırki iddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, **********25 saylı məktubu və ona əlavə edilmiş iki vərəqdən ibarət sənədlə iddiaçıya Oğuz rayonu Xaçmaz kəndi üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlərin siyahılarından İddiaçı və ailə üzvlərinin adları qeyd edilmiş hissədən çıxarışların təsdiq olunmuş surətinin təqdim edildiyi müəyyən olunmuşdur. Buna baxmayaraq həmin siyahılar əsasında iddiaçı və ailə üzvlərinə verilmiş həyətyanı və pay torpaq sahələri ilə bağlı şəhadətnamə və dövlət aktı (təsdiq edilmiş surəti) ərizəyə əlavə edilməmişdir. Bundan əlavə, sözügedən qərardadda göstərildiyi kimi hazırki iddia ərizəsində də işdə iştirak edən şəxslərin (o cümlədən, iddiaçının özünün) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, fərdi identifikasiya nömrəsi), həm rəsmi qeydə alındığı, həm də faktiki yaşadığı ünvan, olduğu halda - iş yerinin ünvanı, habelə, elektron poçt ünvanları, cavabdehin telefon nömrələri, o cümlədən, mobil telefon nömrələri qeyd edilməmişdir. Eyni zamanda, hazırki iddia ərizəsində də sübutların siyahısı göstərilməmiş, habelə, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlərin (Dövlət Aktı və nikahın bağlanması haqqında şəhadətnamə) əsli və ya təsdiq edilmiş surəti deyil, kserosurəti iddia ərizəsinə əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.4-cü maddələrinin məzmununa görə ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı; mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri ərizədə göstərilməlidir. Həmin Məcəllənin 150-ci maddəsinə əsasən iddia ərizəsinə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla); dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla); bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri; müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir); “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Əvvəlki qərardadda da ifadə edildiyi kimi hazırki iddia ərizəsinin mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmununa riayət edilmədiyinə, zəruri sənədlər qanunauyğun şəkildə iddia ərizəsinə əlavə edilmədiyinə, habelə, qeyri-müəyyən tələblə məhkəməyə müraciət edildiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçı və onun nümayəndəsinə izah edilir ki, iddia ərizəsinin qaytarılması qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etməsinə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülku Prosessual Məcəlləsinin 149, 150, 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı ümumi paylı mülkiyyətə verilmiş torpaq sahələrində payların müəyyən edilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar