Məhkəmə qərarları › İş №2(054)-59/2025

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-59/2025

10.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-59/2025 10.01.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X3 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 2127 manat pul və 42 manat dövlət rüsumu tələbinə dair mülki işə 10 yanvar 2025-ci il tarixdə Oğuz şəhərində, Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: TƏSVİRİ HİSSƏ: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı cavabdehdən 2127 manat pulun və 42 manat dövlət rüsumunun alınıb ona ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, cavabdeh xx.xx.2024cü il tarixdə ərizə təqdim edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatla bildirmişdir ki, cavabdeh onun əmisi oğludur. 2013-cü ilin noyabr ayında Mirseyid həyat yoldaşı Rəna və oğlu Gündüzlə onlara gəlmiş, ailənin maddi vəziyyətinin ağır olduğunu bildirərək kredit almaq üçün onlara zamin durmağını xahiş etmişdir.Qohumluq əlaqələrini nəzərə alaraq təklifə razı olmuşdur. Cavabdehin "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinin Şəki filialından götürdüyü 3500 ABŞ dolları kreditə zamin kimi onunla bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh öz öhdəliklərini yerinə yetirmədiyindən "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə əmrinin verilməsini xahiş etmiş, Oğuz Rayon Məhkəməsinin 2(054)-881/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmiş, ondan və cavabdehdən müştərək qaydada 2354,11 ABŞ dolları əsas borc və 1419,75 ABŞ dolları faiz borcu, cəmi 3773,86 ABŞ dolları kredit borcunun və 20 manat dövlət rüsumunn tutularaq kredit təşkilatına ödənilməsi əmr edilmişdir. Məhkəmə əmri ona aid hissədə icra edilməsi üçün Oğuz rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Şöbədə əmlak vəziyyəti araşdırılmış, onun Oğuz rayonu Yemişənli kənd tam orta məktəbinin direktoru işləməsi nəzərə alınmaqla borc məbləğinin bir hissəsi, yəni 2127 manat pul onun əmək haqqından tutulmuşdur. Bununla bağlı iş materiallarına əlavə etdiyi sənədlərdən göründüyü kimi onun əmək haqqından 2018-ci ilin fevral ayında 133 manat, mart-iyun aylarında hər ay 160 manat, iyul ayında 214 manat, avqust ayında 40 manat, sentyabr-dekabr aylarında hər ay 200 manat, 2019-cu ilin yanvar ayında 100 manat, fevral ayında 200 manat olmaqla cəmi 2127 manat tutularaq “"xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin hesabına köçürülmüşdür. xx.xx.2020-ci ildə icra sənədi üzrə icraata xitam verilmişdir. Bütün sənədlər iş materiallarına əlavə edilmişdir. Cavabdehdən onun kredit borcu üzrə ödədiyi məbləği ona verməyi tələb etsə də, cavabdeh bundan boyun qaçırmışdır. Mülki qanunu nəzərə alaraq iddia tələbinin təmin edilməsi, 2127 manat pulun və 42 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmiş və izahat verərək bildirmişdir ki, Oğuz rayonunda qeydiyyatda olsa da faktiki olaraq Mingəçevir şəhərində yaşayır. Həqiqətən onun 2013-cü ildə götürdüyü kredit borcuna görə iddiaçı ona zamin durmuşdur. Bir müddət borcu ödəsə də, sonralar dolların məzənnəsi qalxdığından ödədiyi məbləğlər ancaq faizə çıxılmışdır. Sonra "xxxx" Bank Olmayan Kredit Təşkilatı məhkəməyə müraciət etmiş, nəticədə məhkəmə əmri çıxarılmışdır. İddiaçı tərəfindən təqdim edilmiş sənədləri, həmçinin onun tələb etdiyi məbləği qəbul edir. Maddi vəziyyətinə görə iddiaçının onun əvəzinə ödədiyi 2127 manat borcu birdəfəyə ödəyə bilməyəcək. 2025-ci ilin fevral ayından işə başlayacaq. Həmin tarixdən sonra borclu olduğu məbləğdən şəxsən ödənişlər aparacaq. Yolun uzaqlığını nəzərə alaraq iştirakı olmadan işə baxaraq iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işdə olan AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci ildə Vartaşen rayon Dəymədərə kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayonu Dəymədərə kəndidir. Azərbaycan Respublikası vətəndaşının işdə olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1967-ci ildə Vartaşen rayon Dəymədərə kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayonu Dəymədərə kəndidir. Oğuz Rayon Məhkəməsinin işdə olan xx.xx.2017-ci il tarixli, 2(054)-881/2017 saylı məhkəmə əmrinin surətindən görünür ki, borclular Cavabdeh, X1 və İddiaçı müştərək qaydada 2354,11 ABŞ dolları əsas, 1419,75 ABŞ dolları faiz, cəmi 3773,86 ABŞ dolları borc və ödənilmiş 20 manat dövlət rüsumunun alınaraq tələbkar BOKT "xxxx" MMC-nin xeyrinə verilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və ümumi təhsil üzrə X5- Zaqatala Regional Təhsil İdarəsinin işdə olan, Oğuz rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-29-42/2-3159/2024 saylı məktunundan görünür ki, Oğuz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(054)-881/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu İddiaçı əmək haqqından 2018-ci ilin fevral ayında 133 manat, mart, aprel və may aylarında hər ay üçün 160 manat (cəmi 480 manat), iyul ayında 374 manat, avqust ayında 40 manat, sentyabr ayında hər dəfə 100 manat olmaqla 200 manat, oktyabr, noyabr və dekabr aylarında hər ay üçün 200 manat (cəmi 600 manat), 2019-cu ilin yanvar ayında 100 manat, fevral ayında 200 manat olmaqla, cəmi 2127 manat tutulmalar aparılmışdır. Həmin tutulmaların aparılması ilə əlaqədar 13 ədəd ödəniş tapşırığı məktuba əlavə edilmişdir. Oğuz rayon İcra və Probasiya şöbəsinin işdə olan, icraata xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarının və Oğuz Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 268970/17 saylı məktubun surətindən, habelə “Elektron İcra” sistemindən çıxarışdan görünür ki, tələbkar BOKT "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli ərizəsi ilə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən Oğuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(054)-881/2017 saylı icra sənədi üzrə borclu Cavabdeh ilə yeni güzəştli kredit müqaviləsi bağlandığı bildirildiyindən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinin tələblərinə əsasən iş üzrə icraata xitam verilməsi xahiş edildiyindən sözügedən icra işinin icraatına xitam verilmiş, məhkəmə əmri icra edildiyindən icra vərəqəsi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsinə əsasən məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə görə zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə zaminliyə xitam verilir. Məhkəmə iclasında müəyyən edildi ki, BOKT "xxxx" MMC ilə borclu, Oğuz rayon Dəymədərə kənd sakini Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən ona 3900 ABŞ dolları məbləğində kredit verilib. Cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyi təqdirdə İddiaçı onunla birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Oğuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(054)-881/2017 saylı məhkəmə əmri ilə borclular Cavabdeh, X1 və İddiaçı müştərək qaydada 2354,11 ABŞ dolları əsas, 1419,75 ABŞ dolları faiz, cəmi 3773,86 ABŞ dolları borc və ödənilmiş 20 manat dövlət rüsumunun alınaraq tələbkar BOKT "xxxx" MMC-nin xeyrinə verilməsi əmr edilmişdir. İcra sənədi üzrə 2127 manat borc iddiaçı tərəfindən tələbkarın hesabına ödənilmişdir. Tələbkar BOKT "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli ərizəsi ilə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən Oğuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(054)-881/2017 saylı icra sənədi üzrə borclu Cavabdeh ilə yeni güzəştli kredit müqaviləsi bağlandığı bildirildiyindən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinin tələblərinə əsasən iş üzrə icraata xitam verilməsi xahiş edildiyindən sözügedən icra işinin icraatına xitam verilmiş, məhkəmə əmri icra edildiyindən icra vərəqəsi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsinə əsasən məhkəməyə geri qaytarılmışdır. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul edərək iddiaçıya olan 2127 manat borcunu ödəyəcəyini bildirmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunda göstərildiyi kimi öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Habelə zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə zaminliyə xitam verilir. Beləliklə, iddiaçı zamin olaraq borcalanın kreditor qarşısında öhdəliklərini icra etdikdə borcalana qarşı reqres qaydada tələb irəli sürmək hüququna malikdir. Qeyd olunanlara əsasən qanunun və müqavilənin tələblərindən çıxış edərək məhkəmə hesab edir ki, indiki halda kredit müqaviləsi üzrə borc məbləği tam ödənildiyindən və iddiaçı tərəfindən zamin olaraq borcalanın kreditor qarşısında öhdəlikləri icra edildiyindən borcalana qarşı reqres qaydada tələb irəli sürmək hüququ yaranmışdır. Buna görə mülki qanunvericilik normaları və işin faktiki halları nəzərə alınmaqla iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən təmin edilmiş məbləğə uyğun olaraq ödənilmiş 42 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. NƏTİCƏ HİSSƏ: Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2127 (iki min bir yüz iyirmi yeddi) manat pul və 42 (qırx iki) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar