Məhkəmə qərarları › İş №2(054)-625/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-625/2023

07.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-625/2023 07.12.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 3413 manat pul və 54 manat dövlət rüsumu tələbinə dair mülki işə 07 dekabr 2023-cü il tarixdə Oğuz şəhərində, Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı 3413 manat pulun və 54 manat dövlət rüsumunun cavabdehdən alınıb ona ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçı iddia ərizəsində yolun uzaqlığı və işi ilə əlaqədar məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 4-MCR-1-468-22/1 saylı kredit müqaviləsi bağlanmış və ona 3000 manat məbləğində kredit verilmişdir. Cavabdeh uzunmüddətli tanışlıqdan istifadə edərək onun köməyini xahiş etdiyindən həmin kredit müqaviləsinə əlavə olaraq onunla eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh borcu 5 ay içərisində bağlayacağını desə də vədinə əməl etməmişdir. Cavabdeh daha sonra onun xəbəri olmadan xx.xx.2022ci il tarixdə banka elektron qaydada müraciət edərək yenidən 4000 manat kredit götürmüşdür. Bu məbləğlə bağlı bank və Oruc tərəfindən ona məlumat verilməmişdir.Cavabdeh krediti ödəmədiyindən zamin olaraq krediti ödəmək məcburiyyətində qalmışdır. Cavabdeh və ailəsi ilə dəfələrlə telefon əlaqəsi saxlamış, hətta Oğuz rayonunda yerləşən evlərinə getmiş, lakin onun ödədiyi məbləği geri qaytarmamışlar. Zaminin ödədiyi məbləği geri tələb etmək hüquqlarının olmasını nəzərə alaraq ödənilmiş 3413 manat kredit məblğinin və 54 manat dövlət rüsumunun cavabdehdən tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ərizə təqdim edərək iddianı qəbul etmiş və izahat verərək bildirmişdir ki,Sumqayıtda meyvə mağazası işlədib. İddiaçını həmin vaxtdan tanıyır. 2022ci ilin aprelində "xxxx"dan 3000 manat kredit götürüb, iddiaçı da ona zamin durub. 2022-ci ilin dekabr ayında borcu bağlayıb yenidən 4000 manat kredit götürmüşdür. Ayda 214 manatdan 4-5 ay ödəyib, sonra işi alınmamış, buna görə də iddiaçı onun əvəzindən banka olan borcunu ödəmişdir. Səhhətində problem olduğundan (insult) beyin əməliyyatı keçirib, 6-7 aydır işləyə bilmir, amma 1-2 ay sonra gedib işini davam etdirəcək, mart ayına kimi borcunu ödəyib qurtaracaq. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işdə olan AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdə Azərbaycan Respublikası Qazax rayonu Musaköy kəndində anadan olmuş, yaşayış yeri Sumqayıt şəhəri, MİK-4, ev 31/14, m 124-dür. Azərbaycan Respublikası vətəndaşının işdə olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1989-cu il tarixdə Azərbaycan Respublikası Vartaşen rayonu Vardanlı kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayonu Kərimli kəndidir. İşdə olan bank xidmətlərinin göstərilməsi üzrə Standart şərtlərə 5 nömrəli əlavədən və xx.xx.2022-ci il tarixli, Z/05363/22 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC-nin Sumqayıt filialı ilə borclu Cavabdeh və İddiaçı arasında həmin müqavilələr bağlanmaqla borcluya aylıq 2,08 faiz olmaqla 18 ay müddətə verilmiş 3000 manat kreditin ödənişinin təminatı olaraq zaminin xx.xx.2022-ci il tarixli, 4-MCR-1-468-22 saylı kredit limitinin ayrılmasına dair kredit müqaviləsi ilə zaminin kreditor qarşısında borclunun müqavilədən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün borcalanla birgə məsuliyyəti müəyyən edilmişdir. Zaminlik müqaviləsinin 1.3-cü bəndi ilə kredit limitinin qeyd olunan kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər daxilində borcalan tərəfindən dəfələrlə istifadə edilməsinin mümkünlüyü müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış məktubun və xx.xx.2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh xeyrinə "xxxx" ASC-nin hesabına 3413 manat ödəniş edildiyindən İddiaçı bank qarşısında öhdəliyinin olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə görə zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə zaminliyə xitam verilir. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" ASC ilə borclu, Oğuz rayonu Kərimli kəndində yaşayan Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən ona 3000 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 4000 manat kredit verilmiş, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq İddiaçı ilə zaminlik müqaviləsi imzalanmışdır. Borcalan öhdəliyini tam şəkildə yerinə yetirmədiyindən zamin İddiaçı tərəfindən borclu Cavabdeh qalan 3413 manat kredit borcu banka ödənilmiş, iddiaçı tələb etsə də, həmin məbləğ cavabdeh tərəfindən ona qaytarılmamışdır. Məhkəmə iclasında bu xüsusat cavabdeh tərəfindən təsdiq edilmiş, tələb olunan 3413 manat borc məbləğinin 2024-cü ilin mart ayında tam şəkildə ödəniləcəyi bildirilmişdir. Məhkəmə qeyd edir ki, qanunda və zaminlik müqavilələrində göstərildiyi kimi öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Habelə zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə zaminliyə xitam verilir. Beləliklə, iddiaçı zamin olaraq borcalanın kreditor qarşısında öhdəliklərini icra etdikdə borcalana qarşı reqres qaydada tələb irəli sürmək hüququna malikdir. Qeyd olunanlara əsasən qanunun və müqavilənin tələblərindən çıxış edərək məhkəmə hesab edir ki, indiki halda kredit müqavilələri üzrə borc məbləği tam ödənildiyindən və iddiaçı tərəfindən zamin olaraq borcalanın kreditor qarşısında öhdəlikləri icra edildiyindən borcalana qarşı reqres qaydada tələb irəli sürmək hüququ yaranmışdır, buna görə mülki qanunvericilik normaları və işin faktiki halları nəzərə alınmaqla iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən təmin edilmiş məbləğə uyğun olaraq 54 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 3413 manat pul və 54 manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar