Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4696/2025 05.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İlkin İddiaçı MMC-nin Cavabdeh qarşı “icarə müqaviləsinin xitam verilməsi, əsassız əldə edilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair ilkin; Qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı MMC-nə qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə (açar sözlər: icarə müqaviləsinə xitam verilməsi, pulun geri qaytarılması, icarə haqqı) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İlkin iddia tələbi üzrə iddiaçının nümayəndəsi Qanuni nümayəndə, Qarşılıqlı iddia tələbi üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İlkin İddiaçı MMC-nin Cavabdeh qarşı “icarə müqaviləsinin xitam verilməsi, əsassız əldə edilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair ilkin; qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I.İşin mahiyyəti: İddiaçı MMC Cavabdeh qarşı “icarə müqaviləsinin xitam verilməsi, əsassız əldə edilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixində bağlanmış icarə müqaviləsinə xitam verilməsi, Cavabdeh İddiaçı MMC-yə 30.000 manat əsassız əldə edilmiş pul vəsaitinin geri qaytarılması, cavabdehin üzərinə ödənilmiş 180 manat dövlət rüsumunun qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində İddiaçı MMC ilə Cavabdeh arasında icarə müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 5 (beş) illik müddətə icarəyə götürülməsindən ibarət olmuşdur. Müqavilə şərtlərinə əsasən, xx.xx.2025-ci il tarixində iddiaçı 2 (iki) aylıq icarə haqqı olaraq 30.000 manat məbləğində ödəniş etmişdir. Bu faktı təsdiq edən sənədlər (bank köçürməsi) ərizəyə əlavə olunur. İcarəyə götürdüyü qeyriyaşayış sahəsində sahibkarlıq fəaliyyətini davam etdirə bilməyən icarəçi, özündən asılı olmayaraq maliyyə vəziyyətinin pisləşməsi səbəbindən bu sahədən istifadəni başlamamaq məcburiyyətində qalmışdır. Yaranmış iqtisadi böhran şəraitini nəzərə alaraq, iddiaçı müqaviləyə xitam verilməsi barədə cavabdehə yazılı bildiriş göndərmişdir. Baxmayaraq ki, müqaviləyə xitam verilməsi barədə bildiriş cavabdehə çatdırılıb, əvvəlcədən ödənilmiş 30.000 manat məbləği hələ də geri qaytarılmamışdır. Qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15000 manat icarə haqqının, 525 manat hüquqi yardım haqqının, 150 dövlət rüsumunun cavabdeh İddiaçındən tutularaq iddiaçı Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Cavabdeh qarşı “icarə müqaviləsinə xitam verilməsi və əsassız varlanma nəticəsində ödənilmiş pul vəsaitinn geri alınması” barədə iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış 13 may 2025-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi, 30.000 manat əsassız əldə edilmiş pul vəsaitinin və 180 manat pul vəsaitinin geri qaytarılması barədə qətnamə çıxarılmasım xahiş etmişdir. İddia ərizəsi cavabdehə rəsmi qaydada göndərilməmiş, təqdim edilməmişdir. Məhkəmə işi barədə SMS vasitəsilə məlumat alan cavabdeh hüquqi yardım müqaviləsi bağlanması və iş materialları ilə tanış olunması üçün vəkillə müqavilə bağlanmış, nümayəndə-vəkilin ərizəsinə əsasən 05 noyabr 2025-ci ildə elektron sistemdə qeydiyyata alınaraq, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə rəsmi qaydada tanış olunmuşdur, iddia ərizəsinin rəsmi qaydada alındığı vaxtdan qanunla müəyyən olunmuş müddətdə ilkin iddia ilə birlikdə baxılması üçün qarşılıqlı iddia ərizəsinin verilməsi zərurəti yaranmışdır. İlkin iddia üzrə iddiaçı ərizəsinə uydurmalara yol verməklə, işin həqiqi hallarını təhrif etmiş, məhkəməyə təqdim etdiyi icarə müqaviləsinin şərtlərini ört-basdır etməklə guya əsassız varlanma görüntüsü yaratmağa çalışmışdır. İddia tələbi əsassız və qanunsuzdur. Belə ki, tərəflər arasında bağlanmış 13 may 2025-ci il tarixli notarial icarə müqaviləsinə əsasən cavabdehə - icarəyə verənə məxsus olan ünvan 2 ünvanında yerləşən 910 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi 5 il müddətinə ilkin iddia üzrə iddiaçıya icarəyə verilmişdir. Müqaviləyə əsasən icarə haqqı 17441,86 manat (vergi daxil olmaqla) təşkil etmişdir. İcarə müqaviləsinin 2.7-ci bəndinə əsasən, İcarəçi ilkin olaraq İcarəyə verənə 2 (iki) ayın icarə haqqını yəni 34883,72 manat icarə haqqını öncədən ödəməyi öhdəsinə götürür və növbəti ödənişlər xx.xx.2025ci ildən etibarən hesablanaraq ödəniləcəkdir. İcarə müqaviləsinin şərtlərinə müvafiq olaraq qeyri-yaşayış sahəsi 10 may 2025-ci ildən icarəçiyə təhvil verilmiş və icarəçi cari ilin avqust ayının ortalarınadək sahədən istifadə etmişdir. Müqavilənin şərtlərinə görə iki aylıq icarə haqqı öncədən ödənilmişdir. ilkin iddia üzrə iddiaçı cavabdehə müraciət edərək sahədən istifadəni davam etdirməyəcəyini bildirmiş, tərəflərin razılaşmasına əsasən icarəçi sahəni boşaldaraq təhvil vermişdir. Sonradan - 06 sentyabr 2025-ci ildə ilkin iddia üzrə iddiaçı cavabdehə müraciət edərək müqavilə üzrə ödənilmiş 2 aylıq icarə haqqının geri qaytarılmasını tələb etmişdir. Cavabdehin ilkin iddia üzrə iddiaçının müraciətinə 07 sentyabr 2025-ci il tarixli cavabında icarə müqaviləsinin ləğvi ilə əlaqədar müqavilənin 2.11-ci bəndinə əsasən icarəçinin öhdəliyinin yerinə yetirilməsi və 3 aylıq icarə haqqı məbləğinin ödənilməsinin başa çatdırılması xahiş olunmuşdur. Nəzərə almaq lazımdır ki, İcarə müqaviləsinin 2.11-ci bəndinə əsasən, İcarəyə götürən bu müqaviləyə istənilən səbəbdən 3 (üç) ay öncədən xəbərdarlıq etməklə müqavilənin xitamını istəyə bilər, lakin heç bir xəbərdarlıq etməzsə və müqavilə müddəti başa çatmamış qəfil müqavilənin xitamını istəyərsə, bu halda sahələrdən növbəti 3 ay istifadə edib-etməməsindən asılı olmayaraq 3 ay müddətinə icarə haqqı ödəməlidir. Hazırda ilkin iddia üzrə iddiaçı tərəfindən cavabdehə ödənilmiş 30000 manat icarə haqqı məbləği Müqavilənin 2.7-ci maddəsinə müvafiq olaraq 01 sentyabr 2025-ci ildən hesablanmaqla 2025-ci ilin sentyabr və avqust ayları üçün olan ödənişlərdir. Müqavilənin 2.11-ci bəndinin şərtləri nəzərə alınmaqla, icarəyə götürən icarə müqaviləsinə vaxtından əvvəl xitam verdiyi təqdirdə növbəti 3 ay ərzində sahədən istifadə edib-etməməsindən asılı olmayaraq icarə haqqını ödəməli olduğundan, hazırda icarəçinin icarə haqqı borcu mənbədən vergilər çıxıldıqdan sonra 15000 manat təşkil edir. Qarşılıqlı iddia üzrə iddiaçı hüquqlarının və qanuni mənafeyinin müdafiəsi məqsədilə nümayəndə- vəkilə 525 (beş yüz iyirmi beş) manat hüquqi yardım haqqı ödəmişdir. Beləliklə, 15000 (on beş min) manat icarə haqqı borcunun, 150 (bir yüz əlli) manat dövlət rüsumunun ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılılı iddia üzrə iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmalıdır. II. Tərəflərin mövqeləri: İlkin iddia tələbi üzrə iddiaçının nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında ilkin iddianı müdafiə edərək, qarşılıqlı iddiaya etiraz etmiş və izahatında göstəmişdir ki, icarə obyektindən iradəsinə zidd şəkildə cavabdeh tərəfindən çıxarılmışdır. O, həmin yerə 150.000 manat xərc çəkmişdir. Məhkəmədən ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ilkin iddiaya etiraz edərək, qarşılıqlı iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, ilkin iddia üzrə iddiaçını icarə obyektindən çıxarılmayıb, özü öz xoşu ilə obyektdən çıxmaq istəyib, səbəbini isə bildirib ki, o, həmin obyekti işlədə bilmir. Tələb etdiyi pul isə müqavilə ilə ödəməli olduğu pul olmuşdur. Müqaviləyə əsasən ilk iddiaçı icarə müqaviləsinə xitam verməzdən 3 ay öncə icarəyə verəni xəbərdar etməli idi, lakin iddiaçı belə bir xəbərdarlıq etməmişdir. Müqaviləyə görə bu halda iddiaçı 3 aylıq icarə haqqını ödəməlidir. İlk iddiaçı isə müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə əməl etməyərək, icarə haqqını ödəməmişdir. Məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - İcarəyə verən Cavabdeh ilə icarəçi İddiaçı MMC arasında bağlanmış və Bakı şəhəri 51 saylı Notariat ofisində təsdiq edilmiş xx.xx.2025-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən ona məxsus ünvan 3 ünvanında yerləşən obyektin 1ci, 2-ci və zirzəmi mərtəbələrində ümumi sahələrinin cəmi 910 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsini icarəçiyə müvəqqəti 5 il müddətinə istifadəyə (icarəyə) verir, icarəçi isə həmin sahəni icarəyə qəbul edir. 2.1.-ci bəndə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir və müqavilənin qüvvədə olma müddəti 5 il təşkil edir. 2.7-ci bəndə əsasən qarşılıqlı razılaşmaya əsasən müqavilə xx.xx.2025-ci ildə imzalansa da, icarəyə verən icarəçiyə xx.xx.2025-ci il tarixinədək güzəştli müddət verir, bu güzəştli müddətdən sonra, yeni ödənişlər xx.xx.2025-ci ildən hesablanır və hər ödəniş ayın 1-i ödənməlidir. İcarəçiyə ilkin olaraq icarəyə verənə 2 ayın icarə haqqını, yəni 34.883,72 manat məbləği öncədən ödəməyi öhdəsinə götürür, bununla da növbəti ödənişlər xx.xx.2025-ci il tarixdən hesablanır. 2.10-cu bəndə əsasən bu müqavilənin 3.1.1-ci bəndində nəzərdə tutulmuş 1 aylıq icarə məbləği 17.441,86 manat (bələdiyyə, kommunal, gəlir və digər vergilər, reklamlar, komisyonlar, qaz, su, işıq və digər bütün istənilən xərclər çıxıldıqdan sonra) müəyyən edilmişdir. 2.11-ci bəndinə əsasən, İcarəyə götürən bu müqaviləyə istənilən səbəbdən 3 (üç) ay öncədən xəbərdarlıq etməklə müqavilənin xitamını istəyə bilər, lakin heç bir xəbərdarlıq etməzsə və müqavilə müddəti başa çatmamış qəfil müqavilənin xitamını istəyərsə, bu halda sahələrdən növbəti 3 ay istifadə edib-etməməsindən asılı olmayaraq 3 ay müddətinə icarə haqqı ödəməlidir. - Cavabdeh tərəfindən İddiaçınə ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubunun surətindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli icarə müqaviləsinə və müqaviləni icarəyə götürən tərəfindən ləğvi ilə əlaqədar müraciət ilə əlaqədar müqavilənin 2.11-ci bəndinin şərtlərini nəzərə almaqla öhdəliyinin yerinə yetirilməsini və ləğv məktubu alınan tarixdən etibarən, növbəti 3 ay ərzində nəzərdə tutulmuş icarə məbləğlərini ödəməsini MMC-dən xahiş etmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə ilkin iddia üzrə iddiaçının nümayəndəsinin və qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi-vəkilinin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixdə icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən sonuncu mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən obyektin 1ci, 2-ci və zirzəmi mərtəbələrində ümumi sahələrinin cəmi 910 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsini 5 il müddətinə MMC-nin istifadəsinə (icarəsinə) vermişdir. Müqaviləyə görə icarəçi İddiaçı MMC müqavilə ilə müəyyən edilmiş aylıq 17.441,86 manat icarə haqqını xx.xx.2025-ci il tarixdən icərəyə verən Cavabdeh ödəməyə başlayır. Həmçinin müqavilənin 2.11-ci bəndində tərəflər razılığa gəlmişdirlər ki, icarəyə götürən İddiaçı MMC bu müqaviləyə istənilən səbəbdən 3 ay öncədən xəbərdarlıq etməklə müqavilənin xitamını istəyə bilər, lakin heç bir xəbərdarlıq etməzsə və müqavilə müddəti başa çatmamış qəfil müqavilənin xitamını istəyərsə, bu halda sahələrdən növbəti 3 ay istifadə edib-etməməsindən asılı olmayaraq 3 ay müddətinə icarə haqqı ödəməlidir. İlk İddiaçı MMC iddia ərizəsində iddia tələbini əsaslandırarkən qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə 2 aylıq icarə haqqı kimi 30.000 manat cavabdehə ödəniş etmişdir. Lakin maliyyə vəziyyətinin pisləşməsi səbəbindən, icarəyə götürdüyü sahədən istifadəyə başlamamış, cavabdehə icarə müqaviləsinə xitam verilməsi barədə bildiriş göndərmiş, lakin cavabdeh bu günə qədər əvvəlcədən ona ödənilmiş 30.000 manat icarə haqqını geri qaytarmamışdır. Məhkəmə iclasında isə ilk iddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə izahatında bildirmişdir ki, cavabdeh onu icarə obyektindən çıxarmışdır və başqa icarəçiyə daha baha qiymətə icarəyə vermişdir. İşdən müəyyən edilir ki, ilk iddiaçı xx.xx.2025-ci il tarixdə cavabdehə müqaviləyə xitam verilməsi barədə bildiriş göndərmiş, cavabdeh isə cavab məktubunda müqavilənin 2.11-ci bəndinin şərtlərini yerinə yetirməyi iddiaçıdan xahiş etmişdir. Məhkəmə ilk növbədə ilk iddiaçının tərəflər arasında bağlanmış müqaviləyə xitam verilməsi barədə tələbinə hüquqi qiymət verərək, qeyd edir ki, iddiaçı tələbini müqaviləyə xitam verilməsi şəklində irəli sürsə də, lakin mahiyyət etibarilə işin halları ilə müəyyən edilir ki, onun tələbi əslində müqavilənin ləğv edilməsi barədədir. Tərəflər arasında bağlanmış icarə müqaviləsinə münasibətdə məhkəmə qeyd edir ki, müqavilə qanunvericiliyin tələblərinə uyğun şəkildə bağlanmış, qanunvericiliyə zidd olan tələblərin müqaviləyə daxil edilməsi halı aşkar edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.7-ci maddəsinə əsasən müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, ... Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi üçün xitam, ləğvetmə və müqavilədən imtina anlayışlarının mahiyyətinə aydınlıq gətirilməsini və onların hüquqi nəticələrini tənzimləyən mülki qanunvericilik normalarının əlaqəli şəkildə təhlil edilməsini zəruri hesab edir. Nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir. Göründüyü kimi, müqavilənin ləğv edilməsi xitam anlayışı ilə əhatə olduğu halda, müqavilənin xitam edilməsi heç də hər zaman onun ləğv edilməsi anlamına gəlmir. Göstərilən qərarında Konstitusiya Məhkəməsi Plenumu belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İşin faktiki halları ilə müəyyən edilir ki, tərəflər arasında xx.xx.2025-ci il tarixdə icarə müqaviləsi bağlandıqdan sonra, icarə müqaviləsi üzrə icarəçinin icarə haqqı ödəmək vəzifəsi xx.xx.2025-ci il tarixdə başlamalıdır. İlk iddiaçı cavabdehə xx.xx.2025-ci il tarixdə 30.000 manat iki aylıq icarə haqqı ödədiyini bildirməklə, həmin pulun geri qaytarılması tələbini irəli sürsə də, lakin qeyd edilən məbləğin cavabdehə ödənilməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. xx.xx.2025-ci il tarixdə ilk iddiaçı cavabdehə bildiriş ünvanlamaqla, icarə müqaviləsinin ləğv edilməsini təklif etmişdir. İş materiallarından müəyyən edilir ki, ilkin iddiaçı xx.xx.2025-ci il tarixdə cavabdehə müraciət etməklə müqavilə münasibətlərindən imtina etdiyini bildirmişdir. Bu hal Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.3 və 447-ci maddələrinin mənasında müqavilədən birtərəfli qaydada imtina kimi qiymətləndirilməlidir. Müqavilədən artıq birtərəfli qaydada imtina edildiyindən, onun məhkəmə qaydasında ayrıca ləğv edilməsinə ehtiyac yoxdur. İlk iddiaçının xx.xx.2025-ci il tarixdə icarə haqqı şəklində cavabdehə əvvəlcədən ödədiyi 30.000 manat pulun geri qaytarılması barədə tələbinə hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsində iddiaçı tərəfindən icarə ödənişlərinə xx.xx.2025-ci ildə bağlanacağı razılaşdırılmışdır. İlk iddiaçının qanuni təmsilçisi qeyd edilən müqaviləni notariat ofisində öz imzası ilə təsdiq etmişdir. Yəni iddiaçı icarə ödənişlərinə xx.xx.2025-ci il tarixdə başlayacağını bilmişdir. Hazırda isə xx.xx.2025-ci il tarixdə iddiaçının cavabdehə 30.000 manat icarə haqqı ödəməsi isə işin hər hansı halı ilə müəyyən edilməmişdir. Bundan başqa, icarə müqaviləsinin xx.xx.2025-ci ildə ləğv edilməsini xahiş etmiş iddiaçının, artıq xx.xx.2025-ci il tarixdə iki aylıq icarə haqqı ödəmək öhdəliyi əmələ gəlmişdir. O isə həmin öhdəliyini yerinə yetirmədən, hazırda ödənilməsi təsdiqini tapmayan icarə haqqının geri qaytarılmasını xahiş edir. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçının icarə haqqı kimi ödədiyini bildirdiyi məbləğin geri qaytarılmasını xahiş etməsinin qanuni əsasları yoxdur. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki-Prosessual Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd edilənlərə məhkəmə hesab edir ki, ilk iddiaçının tələbləri məhkəmə araşdırılması zamanı təqdim etdiyi sübutlar əsasında da öz təsdiqini tapmadığından, təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddiaçı Cavabdeh 15.000 manat icarə haqqının qarşılıqlı cavabdeh İddiaçı MMC tərəfindən xeyrinə ödənilməsi barədə tələbinə hüquqi qiymət verərək, hesab edir ki, qarşılıqlı iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, qarşılıqlı iddiaçı tələbini müqavilənin 2.11-ci bəndindən çıxış etməklə irəli sürmüşdür. Həmin bəndə əsasən icarəyə götürən bu müqaviləyə istənilən səbəbdən 3 ay öncədən xəbərdarlıq etməklə müqavilənin xitamını istəyə bilər, lakin heç bir xəbərdarlıq etməzsə və müqavilə müddəti başa çatmamış qəfil müqavilənin xitamını istəyərsə, bu halda sahələrdən növbəti 3 ay istifadə edib-etməməsindən asılı olmayaraq 3 ay müddətinə icarə haqqı ödəməlidir. İşin faktiki hallarından müəyyən edilir ki, qarşılıqlı cavabdeh İddiaçı MMC qarşılıqlı iddiaçı Cavabdeh xx.xx.2025-ci il tarixdə pretenziya məktubu göndərməklə icarə münasibətlərindən birtərəfli qaydada imtina etmiş, nəticədə müqavilənin 2.11-ci göstərilən bəndi üzrə müəyyən edilmiş 3 ay əvvəlcədən xəbərdar etmək barədə vəzifəsinə riayət etməmişdir. Bununla da həmin bənd üzrə qarşılıqlı iddiaçıya 3 ay müddətinə icarə haqqı ödəmək üzrə öhdəliyi yaranmışdır. Əgər qarşılıqlı cavabdeh olan MMC 3 ay əvvəlcədən gələcəkdə, xx.xx.2025-ci il tarixdə müqaviləyə xitam verilməsini xahiş etmiş olsaydı, həmin bənd üzrə öhdəliyi də yaranmazdı. Tərəflər arasındakı müqavilədə qeyd edilən qaydada bəndin razılaşdırılması isə MMC-nin maliyyə vəziyyətini əhəmiyyətli dərəcədə ağırlaşdıran və ya digər qaydada pisləşdirən müddəa hesab olunmur. Ona görə ki, tərəflər müqavilə bağlayarkən də icarəyə verən Cavabdeh icarə haqqı üzrə MMC üçün kifayət qədər uzun bir tarixə (xx.xx.2025-ci ildən xx.xx.2025-ci il tarixədək) icarə haqqını güzəşt etmişdir. Bu qaydada bəndin əlavə olunması isə həmin müddət ərzində icarə obyektindən istifadə edən tərəfin güzəştli müddət başa çatdıqdan sonra müqavilədən birtərəfli qaydada imtinasından və icarəyə verənin qanunla qorunan mənafeələrinin pozulmasının qarşısının alınmasından ibarət olmuşdur ki, qarşılıqlı cavabdeh olan MMC də məhz güzəşt müddəti bitdikdən sonra müqavilənin ləğvi ilə bağlı qarşılıqlı iddiaçıya müraciət etmişdir. Məhkəmə MMC-nin göstərilən formada hərəkətinə tənqidi yanaşır və qeyd edir ki, bu qaydada hərəkətlərin edilməsi müqavilə üzrə digər tərəfin iqtisadi cəhətdən maddi zərərə uğramasına və adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmasına gətirib çıxarır. Məhkəmə qeyd edir ki, tərəflər müqaviləni sərbəst iradə ifadələri ilə bağladıqlarından onun şərtləri də müqavilənin tərəfləri üçün məcburidir (Pacta sunt servanda - latınca “müqavilələr yerinə yetirilməlidir”). Hazırda isə qarşılıqlı cavabdeh müqavilədən bir tərəfli qaydada imtina etməklə müqavilədən çıxmış və yaranmış öhdəliklərini icra etməmişdir. Odur ki, qarşılıqlı iddiaçı cavabdehdən öhdəliyin icrasını tələb etməkdə haqlıdır. Müqavilədən müəyyən edilir ki, tərəflər bir aylıq icarə haqqını 17.441,86 manat müəyyən etmişdir. Bu qaydada 3 aylıq kirayə haqqının məbləği 52.325,58 manat təşkil edir. İddiaçı isə iddia tələbində cavabdehdən cəmi 15.000 manat pul tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçının müqavilənin 2.11-ci bəndindən çıxış edərək, qarşılıqlı cavabdehdən pul tələb etməsinin həm qanuni, həm də müqavilə əsasları mövcud olduğundan onun iddiası tələbi həcmində təmin edilərək, MMC-dən Cavabdeh xeyrinə 15.000 manat pul tutulmalıdır. Mülki-Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə xərclərinə gəlincə isə ilk iddiaçının tələbləri təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu onun özünə aid edilməli, qarşılıqlı iddia üzrə tələb edilən hüquqi yardım üçün ödənilmiş 525 manatın həqiqətən ödənilməsini təsdiq edən hər hansı sübut (hüquqi yardım barədə müqavilə, pulun ödənilməsinə dair qəbz və s.) qarşılıqlı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədindən, həmin hissədə qarşılıqlı iddia təmin edilməməli, qarşılıqlı iddia tələbinin təmin edilən həcminə uyğun olaraq 135 manat ödənilmiş dövlət rüsumu da qarşılıqlı cavabdehdən alınaraq qarşılıqlı iddiaçıya ödənilməli, dövlət rüsumu qalan hissədə qarşılıqlı iddiaçının özünə aid edilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçı məhkəmə xərclərinə daxil olan dövlət rüsumunun 150 manat ödənilməsini qeyd etsə də, lakin işin materiallarına əlavə edilmiş ********** nömrəli xx.xx.2025-ci il tarixdə qəbzdən müəyyən edilir ki, iddiaçı Cavabdeh tərəfindən 137 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. -124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. -218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ilk iddia tələbi təmin edilməməli, ödənilmiş dövlət rüsumu ilk iddiaçının özünə aid edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, 15.000 manat pul vəsaiti İddiaçı MMC-dən tutularaq Cavabdeh xeyrinə ödənilməli, 135 manat dövlət rüsumu qarşılıqlı cavabdehdən tutularaq qarşılıqlı iddiaçıya ödənilməli, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 2 manat dövlət rüsumu qarşılıqlı iddiaçının özünə aid edilməli, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməlidir. V. Nəticə: Şərh olunanlarla əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı MMC-nin Cavabdeh qarşı “icarə müqaviləsinə xitam verilməsi və əsassız əldə edilmiş pul vəsaitinin geri qaytarılması” barədə ilkin iddia tələbi təmin edilməsin. İlkin iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı MMC-dən 15.000 (on beş min) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 135 (yüz otuz beş) manat tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-4696/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4696/2025
05.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver