Məhkəmə qərarları › İş №2(054)-754/2024

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №2(054)-754/2024

20.11.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 2(054)-754/2024 20.11.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Mən, Oğuz Rayon Məhkəməsinin hakimi X1, İddiaçı cavabdeh Oğuz bələdiyyəsinə qarşı 100 kv.m sahibkarlıq və 600 kv.m ev tikmək məqsədilə satılmış torpaq sahələrinə mülkiyyət hüquqlarının rəsmiləşdirilərək dövlət reyestrindən çıxarışın verilməsi tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim: İddiaçı cavabdeh Oğuz bələdiyyəsinə qarşı 100 kv.m sahibkarlıq və 600 kv.m ev tikmək məqsədilə satılmış torpaq sahələrinə mülkiyyət hüquqlarının rəsmiləşdirilərək dövlət reyestrindən çıxarışın verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsində bildirir ki, Oğuz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarlarına əsasən ona sahibkarlıq məqsədilə 100 kv.m və ev tikmək məqsədilə 600 kv.m torpaq sahəsi satılmışdır. Bələdiyyənin laqeyd yanaşması, aidiyyəti dövlət təşkilatlarının birləşdirilməsi, Covid-19–la bağlı karantin tədbirlərinin və müddətinin tətbiq edilməsi, habelə s. bu kimi hallarla əlaqədar həmin torpaq sahələrinə mülkiyyət hüququna aid sənədləri indiyədək ala bilməmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəaları nəzərə alınmaqla iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən imzalansa da etibarnamə qanunla müəyyən edilmiş şəkildə notarial qaydada təsdiq edilməmiş, iddia ərizəsinin məhkəməyə verilməsi üçün qanunla müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsinə dair qəbz iddia ərizəsinə əlavə edilməmişdir. İddia ərizəsinə Oğuz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarları və bələdiyyəyə 750 manat pulun ödənilməsinə dair kassa-mədaxil orderinin xx.xx.2008-ci il tarixli, 005392 saylı qəbzinin kserosurəti əlavə edilmiş, həmin sənədlər də qanunla müəyyən edilmiş şəkildə təsdiq edilməmişdir. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri araşdırıb hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina olunmalıdır. Belə ki,“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Həmin Qanunun 6.6-cı maddəsinə əsasən torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. Həmin Qanunun 6.9-cu maddəsinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan dedikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının 15.4-cü bəndinə əsasən inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı,... iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmədə baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. İddia ərizəsinin məzmunu ilə müəyyən edilmişdir ki, Oğuz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarları ilə iddiaçıya sahibkarlıq məqsədilə 100 kv.m, ev tikmək məqsədilə 600 kv.m torpaq sahəsi satılmışdır. Uzun müddət keçməsinə baxmayaraq həmin torpaq sahələri qanunla müəyyən edilmiş şəkildə dövlət qeydiyyatına alınmamışdır. İddiaçı cavabdeh olaraq Oğuz bələdiyyəsinə qarşı 100 kv.m sahibkarlıq və 600 kv.m ev tikmək məqsədilə satılmış torpaq sahələrinə mülkiyyət hüquqlarının rəsmiləşdirilərək dövlət reyestrindən çıxarışın verilməsi tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Halbuki iddiaçı ilk növbədə müvafiq sənədləri toplamaqla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etməli idi. Göründüyü kimi hazırki iddia tələbi mülkiyyət hüququnun qeydə alınması ilə bağlı olub aidiyyəti inzibati orqana qarşı yönəldilməli olduğundan və qeyd edilən mübahisələrə baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid olmadığından iddiaçının özünün də iddia ərizəsində istinad etdiyi-Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının müddəalarına uyğun olaraq MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı,... iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq qərara aldım : İddiaçı cavabdeh Oğuz bələdiyyəsinə qarşı 100 kv.m sahibkarlıq və 600 kv.m ev tikmək məqsədilə satılmış torpaq sahələrinə mülkiyyət hüquqlarının rəsmiləşdirilərək dövlət reyestrindən çıxarışın verilməsi tələbinə dair ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddiaçıya qərardadın mətnində göstərilmiş qaydada müvafi sənədlər toplanmaqla aidiyyəti inzibati orqana, həmin orqan tərəfindən imtina verildikdə isə aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar