Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-89/2023 06.04.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X5 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil oğlunun, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyana görə 800 manat, vəkilə hüquqi yardım üçün ödənilmiş 120 manat və 30 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı dəymiş maddi ziyana görə 800 manat, vəkilə hüquqi yardım üçün ödənilmiş 120 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirmişdir ki, Oğuz rayon Xaçmaz kəndində yaşayır. Cavabdehlə aralarında razılaşma əsasında evinin tikilməsini ona həvalə edib. Onunla işin kvadratını 10 manata danışıblar. Bundan başqa iş gedişi zamanı ehtiyac olarsa, İlyas İbrahimovun işlətdiyi mağazadan ərzaq və ya başqa zəruri malın nisyə qaydada alınması, sonradan bunun dəyərinin Nərimanın özü tərəfindən mağazaya ödənilməsi barədə razılığa gəlmişlər. Cavabdeh evin bünövrəsini tikdikdən sonra gördüyü işə görə onun pulunu vermişdir. Cavabdeh yoldaşının ayağının qırıldığını və ot alacağını deyib ondan əlavə olaraq 400 manat pul götürmüş, sonra gəlib işi davam etdirəcəyini bildirmişdir. Söz verməsinə baxmayaraq cavabdeh işini davam etdirməmişdir. Nərimanın istədiyi ərzaq və digər məhsulları, yəni siqaret və içkini özü mağazadan alıb Nərimana vermişdir. Sonra ona məlum olmuşdur ki, Nəriman İlyasın mağazasına yaranmış 427 manat borcunu ödəməmişdir. Məcburən həmin pulu özü İlyasa ödəmişdir. Cavabdeh onunla danışdığı zəhmət haqqını özü birtərəfli qaydada artırmış, lakin bunu ona deməmiş, onu aldatmaqla 400 manat pulu alaraq işə geri qayıtmamışdır. Cavabdehin yarımçıq qoyduğu işin davamı digər usta tərəfindən davam etdirilmişdir. İddianın təmin edilməsi, Cavabdeh ondan əlavə olaraq aldığı 400 manat, mağazaya ödədiyi 400 manat, cəmi 800 manat dəymiş ziyan, vəkilə hüquqi yardım üçün ödədiyi 120 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil bildirmişdir ki, Toğrulla Nəriman tikilinin kvadratını 10 manatdan razılaşsalar da, sonra Nəriman birtərəfli qaydada məbləği 15 manatdan hesablamış, iddiaçıdan gördüyü işə görə danışdıqları məbləği aldıqdan sonra əlavə 400 manat pulu bəhanə ilə götürmüş, işi davam etdirmək üçün qayıtmamışdır. Buna görə də iddiaçı ona dəymiş 400 manat ziyanın ödənilməsini cavabdehdən tələb edir. Toğrul Nərimanın istəyi ilə mağazadan 427 manat dəyərində ərzaq və digər məhsulları özü alıb vermiş, Nəriman həmin pulu ödəməli olsa da, ödəməmiş, iddiaçı məcbur qalaraq 427 manat pulu İlyas İbrahimova özü ödəmişdir. Hesab edirlər ki, həmin məbləğ də dəymiş ziyan olmaqla cavabdehdən alınmalıdır, lakin iddiaçı bu məbləğin 400 manatını tələb edir. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, yay aylarında iddiaçı ilə kvadratı 10 manatdan olmaqla razılaşmaqla onun evinin tikintisinə başlamışdır. Sonra onunla işləyən digər ustalar işi ucuz danışdığını ona bildirdiyindən onlara işin pulunu 15 manatdan hesablayaraq vermişdir. Belə ki, iddiaçıdan aldığı pulu hesablayanda 400 manat əskik olduğunu görmüş, ona görə iddiaçıdan həmin məbləği əlavə olaraq götürmüşdür. Buna görə yenidən işin davam etdirilməsi üçün geri qayıtmamışdır. Mağazaya borcu təxminən 140 manat siqaret və digər ehtiyaclar üçün olan puldan ibarətdir. Qalan məbləğin ona aidiyyəti yoxdur, ona görə ki, ev sahibi usta işlədəndə yeməyini özü verməlidir. Pulunu aldıqları işin hamısını görüblər. İddianın qismən- 140 manat məbləğində təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X2 izahat verərək bildirmişdir ki, iddiaçı qardaşıdır. Usta Nəriman qardaşı ilə razılaşıb təqribən 2020-ci ilin iyulunda onun evinin tikintisini başlayıb, lakin sonra işi yarımçıq qoyub. Qardaşının dediyinə görə Nəriman mağazadan 400 manatlıq ərzaq və s. mal götürüb, söz versə də pulunu ödəməyib. Cavabdeh qardaşından işin davam etdirilməsi üçün 400 manat avans da götürüb. Nəriman onun evində də işləyib, onlara da borcu var. Məhkəmə iclasında şahid X1 izahat verərək bildirmişdir ki, Toğrulu həmkəndli kimi tanıyır. Toğrul 2 il əvvəl onun mağazasından 327 manatlıq nisyə ərzaq, 100 manat borc pul alıb. Sonra Toğrul ona 400 manat pul verib. Bütün bunları dəftərdə qeyd edib. Ərzağı Toğrula verib, pulu da ondan alıb. Ustaya heç nə verməyib. Bildiyinə görə ustalar işi yarımçıq qoyub gediblər. Məhkəmə iclasında şahid X3 izahat verərək bildirmişdir ki, iddiaçı qardaşıdır. Qardaşı haqq-hesab işlərində bir qədər sadə insandır, buna görə də evdə görülən işlərə o özü nəzarət edir. Cavabdeh onların evində usta kimi işləyib, belə ki, qardaşının evinin bünövrədən başlayaraq ev qurtarana qədər tikməklə bağlı razılaşmışlar. İşin kvadratını 10 manatdan danışmışlar. Nəriman ərzağı öz hesabına alacağını bildirmiş, lakin yeməyin bişirilməsini onlara həvalə etmişdir. Onlara qalmağa yer vermişlər. Qardaşı ərzağı almış, ancaq işin sonunda ərzağa verilən pulu çıxacağını bildirmişdir, yəni danışıq belə olub. Sonra ot presi vaxtı Nəriman Toğruldan 400 manat əlavə pul alıb. Ancaq işin davam etdirilməsi üçün qayıtmamışdır. 400 manatı alanda onunla birgə işləyən yoldaşların narazılıq etdiyini deməmişdir, səbəb olaraq pulu ot presi üçün aldığını bildirmişdir. Nəriman 3 nəfər əlavə fəhlə ilə işləyib. 2020-ci ilin may ayından iyun ayının əvvəlinə kimi işləyiblər. Onun pulunu hissələrlə veriblər. Nərimana cəmi 2920 manat usta pulu verilib. Hamısının qeydiyyatını özü aparıb. Məhkəmə iddiaçını, onun vəkilini və cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirərək bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı ildə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1973-cü ildə Oğuz rayon Yenikənd kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayon Yenikənd kəndidir. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 65201 nömrəli e-manat ödəniş qəbzindən görünür ki, ******************** nömrəli hesaba Oğuz şəhəri, H.Əliyev prospekti, 78 ünvanda yerləşən 937 nömrəli terminal vasitəsilə 120 manat pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən bir şəxs(borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki işin məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh bir kvadrat. metr sahə 10 manatdan olmaqla iddiaçıya məxsus evin tikilməsi barədə razılaşmışlar. Evin bünövrəsi salınmış, müəyyən qədər tikinti işləri aparılmış və cavabdehə 2920 manat pul verilmişdir. Cavabdeh həmin məbləğdən əlavə iddiaçıdan 400 manat pul almış, bunu arvadının ayağının qırılması və pres ot alacağı ilə əsaslandırmış, aldığı pulun müqabilində digər yoldaşlarla birgə işini davam etdirəcəyini vəd etmişdir. Buna baxmayaraq o, işini davam etdirməmiş, səbəbi barədə iddiaçıya məlumat verməmişdir. Qeyd edilənlərə əsasən iddiaçı hesab edir ki, cavabdeh tərəfindən ona 400 manat ziyan vurulmuşdur. Bundan əlavə iddiaçı bildirir ki, qarşılıqlı razılaşma əsasında dəyəri cavabdeh tərəfindən ödənilmək şərtilə kənd mağazasından onun sifariş etdiyi ərzaq və digər məhsulları nisyə alıb vermiş, lakin cavabdeh mağazaya olan 400 manat borcunu ödəmədiyindən həmin məbləği özü ödəməyə məcbur olmuşdur. Beləliklə cavabdeh tərəfindən ona vurulan ziyanın məbləği cəmi 800 manat təşkil edir. Cavabdeh həmin məbləğin bir qismini, yəni 140 manat məbləği qəbul edərək bildirmişdir ki, qalan məbləğlər ona aid deyil, bundan əlavə usta işlədən ev sahibi onun yeməyini verməlidir. Bu səbəbdən onun iddiaçıya başqa borcu yoxdur. Məhkəmə iclasında şahid kimi dinlənilmiş mağaza sahibi İlyas İbrahimov bildirmişdir ki, iddiaçı ondan 327 manat dəyərində olmaqla nisyə ərzaq və digər məhsullar almış, bundan əlavə onun istəyi ilə 100 manat borc pul onun tərəfindən iddiaçıya verilmişdir. İddiaçı ona 400 manat məbləğ ödəmişdir. Qeyd edilənləri bir-biri ilə əlaqəli şəkildə araşdıraraq məhkəmə belə qərara gəlir ki, cavabdehin iddiaçıdan əlavə aldığı 400 manat məbləğə münasibətdə həm tərəflər, həm də şahidlərin izahatı üst-üstə düşməklə öz təsdiqini tapdığından iddia tələbi həmin hissədə təmin edilməlidir. Mağazadan alınmış ərzaq və digər məhsullar üçün xərclənmiş 400 manat pula münasibətdə məhkəmə bildirir ki, şahidin izahatına görə iddiaçı ondan 327 manat dəyərində ərzaq və digər məhsullar almış, bundan əlavə onun xahişinə əsasən 100 manat borc pulu iddiaçıya vermişdir. Alınmış ərzaqlarla bağlı qeydlərin olduğu və təqdim olunacağı bildurilsə də, şahid tərəfindən bu sübutlar məhkəməyə təqdim edilməmişdir. Habelə iddiaçı ilə şahidin izahatları arasında ziddiyyətin olduğu müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən, yəni cavabdehin etiraf və qəbul etdiyi 140 manat hissədə təmin edilməlidir. Yuxarıda göstərilən halları tədqiq edərək məhkəmə hesab edir ki, iddia tələbi 400 manat və 140 manat olmaqla, cəmi 540 manat maddi ziyan məbləği hissəsində təmin edilməli, qalan, yəni 260 manat maddi ziyan tələbi hissəsində mötəbər sübut təqdim edilmədiyindən rədd edilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Yenə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş e-manat ödəniş terminalının xx.xx.2022-ci il tarixli qəbzi ilə ******************** nömrəli hesaba 120 manat pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. Buna görə də məhkəmə bildirir ki, təmin edilmiş məbləğə uyğun 30 manat ödənilmiş dövlət rüsumu və vəkilə ödənilmiş 120 manat pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş ziyanın əvəzi 540 manat (beş yüz qırx), vəkilə hüquqi yardım üçün 120 manat (bir yüz iyirmi) və 30 (otuz) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia tələbi 260 manat maddi ziyan tələbi hissəsində təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-89/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-89/2023
06.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver