Məhkəmə qərarları › İş №2(055)-1169/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1169/2023

06.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1169/2023 06.11.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı “X12 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X5, Cavabdeh, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı “X12 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı “X12 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində vurulmuş 614561 (altı yüz on dörd min beş yüz altmış bir) manat zərərin əvəzinin və 904 (doqquz yüz dörd) manat 56 (əlli altı) qəpik məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini, mülki işə baxarkən mübahisə predmetindən irəli gələn cavabdehin əməllərində cinayətin əlamətləri aşkar edilərsə bu barədə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı “X12 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində vurulmuş 2020 və 2021-ci mövsüm illəri üzrə ümumilikdə 820770 (səkkiz yüz iyirmi min yeddi yüz yetmiş) manat zərərin əvəzinin və 1401 (bir min dörd yüz bir) manat 33 (otuz üç) qəpik məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini, mülki işə baxarkən mübahisə predmetindən irəli gələn cavabdehin əməllərində cinayətin əlamətləri aşkar edilərsə bu barədə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı “X12 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X9 iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh 01 dekabr 2018-ci il tarixdən “X12 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin X13 və Emalı Zavodu filialında 01 dekabr 2018-ci il tarixli 001/F saylı əmək müqaviləsinə əsasən direktor vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Cavabdeh vəzifə təlimatına imza ataraq 01 dekabr 2018-ci il tarixdə direktorun vəzifələrinin və səlahiyyətlərinin, eləcə də, məsuliyyətlərinin qəbul edilməsini təsdiq etmişdir. Bununla yanaşı cavabdehlə həmin tarixdə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. “X12 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin daxili audit yoxlaması üzrə “Caspian Consulting and Partners” kənar audit şirkəti tərəfindən X13 və Emalı Zavodu filialında istehsalatda aşkarlanan kənarlaşmaların auditi aparılmışdır. X13 və Emalı Zavodu filialında 2020-ci il mövsüm ili üzrə maliyyə-təsərrüfat fəaliyyəti araşdırılmış, “X12 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin daxili audit yoxlamalarına əsaslanaraq Caspian Consulting and Partners” kənar audit şirkəti tərəfindən müvafiq rəy verilərək məsul şəxslərin hərəkət və hərəkətsizliyi nəticəsində dəymiş zərər müəyyən edilmişdir. Həmin rəydə göstərilmişdir ki, X13 və Emalı Zavodu filialında 2020-ci il mövsümündə fermerlərdən qəbul edilmiş xam pambığın emal zavodu filiallarına göndərilməsi və göndərilmiş xam pambığın emal zavodu filiallarında qəbul olunmasının müqayisələrinin nəticəsində X13 və Emalı Zavodu filialında fermerlərdən qəbul edilmiş xam pambığın emal zavodları filiallarına göndərildikdə X13 və Emalı Zavodu filialında ilkin kondisiya çəkisindən əskik qalmış 863137 kiloqram, 538498 manat dəyərində, X13 və Emalı Zavodu filialından emala göndərildikdə və X8 və Emalı Zavodu filialında kondisiya çəkisindən əskik qəbul edilmiş 445299 kiloqram, 285617 manat dəyərində, X13 və Emalı Zavodu filialından emala göndərildikdə və X17 və Emalı Zavodu filialında qəbul edildikdə kondisiya çəkisindən əskik qəbul edilmiş 182852 kiloqram, 118247 manat dəyərində, cəmi kondisiya çəkidə ******* kiloqram, 942362 manat dəyərində xam pambığın çatışmazlığı müəyyən edilmişdir. Çatışmazlıqların nə ilə bağlı olduğu cavabdehdən soruşulmuş, cavabdeh 2020-ci il mövsümündə xam pambığın saxlanması üçün lazımı şərait olmadığından həmin xam pambığın xarab olmasını göstərmiş və bu barədə 21 ədəd aktı audit xidmətinə təqdim etmişdir. Təqdim edilmiş aktlar əsasında maddi məsul şəxsin hesabından 522348 kiloqramın və 327801 manatın azaldılması nəzərə alınmış və sonuncu nəzərəalınmadan sonra kondisiya çəkidə 968940 kiloqram, 614561 manat dəyərində xam pambığın çatışmazlığı müəyyən edilmişdir. Bundan başqa, X13 və Emalı Zavodu filialında 2021-ci ildə tədarük edilmiş xam pambığın və onun emalının nəticəsi yenidən araşdırılarkən filialda kondisiya çəkidə 328739 kiloqram, 206770 manat əskikgəlmə müəyyən edilmişdir. Ümumilikdə cavabdehin təqsiri üzündən iddiaçıya 2020 və 2021-ci mövsüm illəri üzrə ******* kiloqram, 820770 manat ziyan dəymişdir. Ona görə də, göstərdiklərini nəzərə alaraq Cavabdeh qanunsuz hərəkətləri nəticəsində vurulmuş 2020 və 2021-ci mövsüm illəri üzrə 820770 (səkkiz yüz iyirmi min yeddi yüz yetmiş) manat zərərin əvəzinin və 1401 (bir min dörd yüz bir) manat 33 (otuz üç) qəpik məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini, mülki işə baxarkən mübahisə predmetindən irəli gələn cavabdehin əməllərində cinayətin əlamətləri aşkar edilərsə bu barədə xüsusi qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, onun direktoru olduğu “X12 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin X13 və Emalı Zavodu filialında həqiqətən də, iddia tələbində göstərildiyi kimi çatışmazlıqlar (əskikgəlmələr) olmuşdur. Qeyd edilən əskikgəlmələrin bir hissəsi Ağcabədi və X17 və Emalı Zavodu filiallarına göndərilmiş xam pambığın kondisiya çəkisinin az qeyd edilməsi olmuşdur. Belə ki, Ağcabədi və X17 və Emalı Zavodu filiallarına göndərilmiş xam pambıqdan çıxılmalar normativlərdən xeyli çox olmuş, bu səbəbdən də, xam pambığın kondisiya çəkisi az olmuşdur. Qeyd edilən çatışmazlıqların (əskikgəlmələrin) digər hissəsi isə, zavodda zəruri avadanlıqların və lazımı şəraitin olmaması ilə əlaqədar olmuşdur. Belə ki, pambıq tayaları qurulması üçün kifayət qədər standartlara cavab verən taya yerləri olmamış, tayalar asfalt örtüyünün deyil, palçığın üzərində olmuş, bu səbəblərdən də, məhsulun müəyyən hissəsi məhv olmuşdur. Həmçinin zavoddakı taya yerlərinin az olması ilə əlaqədar pambığın növlər üzrə çeşidlənməsində yaranan çətinliyin qismən aradan qaldırılması üçün əlavə sovurucu ventiliyatorlar, kabel və brezent örtüklərlə zavod təmin edilməmişdir. Bundan başqa, 60 tonluq avtomobil tərəzisi düzgün işləməmişdir. X13 və Emalı Zavodunda olan yuxarıda qeyd etdiyi çatışmazlıqlar və mühüm problemlərin aradan qaldırılması üçün “X12 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinə dəfələrlə yazılı və şifahi qaydada, poçtla və internet üzərindən müraciət edilmiş, bu problemlərin aradan qaldırılmayacağı təqdirdə xam pambığın saxlanmasına, onun keyfiyyətinə təsir göstərəcəyi, əks təqdirdə yaranan problemlərə zavod rəhbərliyinin cavabdehlik daşımadığı bildirilmiş, lakin zəruri avadanlıqların verilməsi təmin edilməmişdir. Elektron poçt vasitəsi ilə yəni, internet üzərindən göndərdiyi məktubların iddiaçı təşkilata göndərilməsi barədə sübutu öz etiraz ərizəsinə əlavə etsə də, poçt vasitəsi ilə göndərdiyi məktubların göndərilməsi barədə sübutları yəni, poçt göndərişinin verilməsi haqqında xəbərnamələri artıq həmin zavodda işləmədiyindən əldə edə bilməmişdir. Qeyd olunan problemlər 2020 və 2021-ci il pambıq mövsümündə də aradan qaldırılmamışdır. Bundan başqa, bəzi hallarda zavoda daxil olmuş pambıq xarab olaraq keyfiyyətini itirmiş və bu barədə aktlar (ümumilikdə 50 ədəd akt) tərtib edilmiş, həmçinin video və fotoşəkillər çəkilmişdir. İddiaçı isə yalnız 21 ədəd aktı qəbul etmiş, 522348 kq, yaxud 327801 manat ümumi ziyan məbləğindən azaldılmış, lakin qalan aktlar nəzərə alınmamışdır. Ümumiyyətlə qalan aktların nəzərə alınıb-alınmamasından asılı olmayaraq onun direktoru olduğu müddətdə iddiaçı təşkilata onun təqsirinə və qanunsuz hərəkətlərinə görə hər hansı ziyan dəyməmişdir. Ona görə də, iddia tələbini əsassız hesab edir və iddia tələbinin təmin edilməməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında Cavabdeh həmçinin iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək izahatında göstərdi ki, iddiaçı “X12 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti ona qarşı bir illik iddia müddətini ötürdükdən sonra zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, bu hal da iddia tələbinin rədd edilməsi üçün əsasdır. Ona görə də, həmçinin iddia müddətinin tətbiq edilərək tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi X6 Cavabdeh izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş 01 dekabr 2018-ci il tarixli 001/F saylı əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh 01 dekabr 2018-ci il tarixdən “X12 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin X13 və Emalı Zavodu filialında direktor vəzifəsinə işə qəbul edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 01 dekabr 2018-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin surətindən görünür ki, bu müqavilə “X12 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır İşdə olan və məhkəmə iclasında elan edilmiş vəzifə təlimatının surətindən görünür ki, 01 dekabr 2018-ci il tarixdə Cavabdeh vəzifə təlimatına imza ataraq direktorun vəzifələrinin və səlahiyyətlərinin, eləcə də, məsuliyyətlərinin qəbul edilməsini təsdiq etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, “X12 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə 22 dekabr 2021-ci il tarixli əmrlə xitam verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 20 dekabr 2021-ci il tarixli imtina aktından və ona əlavə edilmiş “X12 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Yoxlama Komissiyasına ünvanlanmış arayışların surətlərindən görünür ki, “X12 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin X13 və Emalı Zavodu filialında 2020-ci il mövsümü üzrə kondisiya çəkidə 974651 kiloqram, 612935 manat dəyərində xam pambığın əskikgəlməsi ilə X13 və Emalı Zavodu filialının nümayəndələri razılaşmamışlar və əskikgəlmənin səbəbini çatışmazlıqlar və mühüm problemlərin aradan qaldırılması üçün zəruri avadanlıqların olmaması göstərilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 16 dekabr və 30 dekabr 2021-ci il tarixli aktlardan görünür ki, “X12 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin X13 və Emalı Zavodu filialında 2020-ci il mövsümü üzrə kondisiya çəkidə 968940 kiloqram, 614561 manat dəyərində xam pambığın çatışmazlığı müəyyən edilmişdir. Həmin aktı “X12 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayədələri imzalasa da, X13 və Emalı Zavodu filialının nümayəndələri imzalamamışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş X13 və Emalı Zavodunun direktoru Cavabdeh “X12 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Yoxlama Komissiyasına ünvanladığı arayışın surətindən və X13 və Emalı Zavodunun işçilərinin “X12 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Yoxlama Komissiyasına ünvanladığı izahatların surətlərindən görünür ki, xam pambıq əskikgəlmələrinin səbəbi çatışmazlıqlar və mühüm problemlərin aradan qaldırılması üçün zəruri avadanlıqlar olmaması göstərilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş ““X12 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin X13 və Emalı Zavodu filialında məsul şəxslərin hərəkət və hərəkətsizliyi ilə dəymiş zərərin müəyyən edilməsi haqqında” “Caspian Consulting and Partners” audit şirkəti tərəfindən aparılmış audit yoxlaması üzrə 06 may 2022-ci il tarixli rəydən görünür ki, X13 və Emalı Zavodu filialında 2020-ci il mövsümündə fermerlərdən qəbul edilmiş xam pambığın, emal zavodu filiallarına göndərilməsi və göndərilmiş xam pambığın emal zavodu filiallarında qəbul olunmasının müqayisələri nəticəsində, filialda fermerlərdən qəbul edilmiş xam pambığın emal zavodları filiallarına göndərildikdə X13 və Emalı Zavodu filialında ilkin kondisiya çəkisindən əskik qalmış 863137 kiloqram, 538498 manat dəyərində, filialdan emala göndərildikdə və X8 və Emalı Zavodunda kondisiya çəkisindən əskik qəbul edilmiş 445299 kiloqram, 285617 manat dəyərində, filialdan emala göndərildikdə və X17 və Emalı Zavodu filialında qəbul edildikdə kondisiya çəkisindən əskik qəbul edilmiş 182852 kiloqram, 118247 manat dəyərində, cəmi kondisiya çəkidə ******* kiloqram, 942362 manat dəyərində xam pambığın çatışmazlığı müəyyən edilmişdir. Çatışmazlıqların nə ilə bağlı olduğu cavabdehdən soruşulmuş, cavabdeh 2020-ci il mövsümündə xam pambığın xarab olmasını göstərmiş və bu barədə 21 ədəd aktı audit xidmətinə təqdim etmişdir. Təqdim edilmiş aktlar əsasında maddi məsul şəxsin hesabından 522348 kiloqramın və 327801 manatın azaldılması nəzərə alınmış və yekunda kondisiya çəkidə 968940 kiloqram, 614561 manat dəyərində xam pambığın çatışmazlığı müəyyən edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 08 iyun 2022-ci il tarixli aktın surətindən görünür ki, “X12 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin X13 və Emalı Zavodu filialında 2021-ci il mövsümü üzrə kondisiya çəkidə 328739 kiloqram, 206770 manat dəyərində xam pambığın çatışmazlığı müəyyən edilmişdir. Aktın qeyd hissəsində göstərilmişdir ki, X13 və Emalı Zavodu filialının direktoru X11 28 dekabr 2021-ci il tarixdən, yəni tədarük mövsümünün başa çatması ərəfəsində direktor vəzifəsinə təyin edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş və cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş 50 ədəd aktın surətindən görünür ki, “X12 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin X13 və Emalı Zavodu filialında 2020-ci il mövsümü üzrə xam pambığın çatışmazlığının səbəbləri pambıq tayaları qurulması üçün kifayət qədər standartlara cavab verən taya yerlərinin olmaması, tayaların asfalt örtüyün deyil, palçığın üzərində olması, bu səbəblərdən də, məhsulun məhv olması, zavoddakı taya yerlərinin az olması ilə əlaqədar pambığın növlər üzrə çeşidlənməsində yaranan çətinliyin qismən aradan qaldırılması üçün əlavə sovurucu ventiliyatorlar, kabel və brezent örtüklərlə zavodun təmin edilməməsi, 60 tonluq avtomobil tərəzisinin düzgün işləməməsi və s. ilə əlaqələndirilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş “X12 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin X13 və Emalı Zavodu filialının direktoru Cavabdeh, mühəndis R.Əliyev, mühasib E.Quliyevin “X12 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Bəhruz Camalova ünvanladığı 11 fevral 2020-ci il tarixli 51 saylı məktubun surətindən görünür ki, X13 və Emalı Zavodunda 2019-cu ildə tədarük olunmuş 9303 ton xam pambığın zavodyanı məntəqədə 20 pambıq tayası olduğu üçün 5000 ton olan hissəsini qablaşdırmaq olmuşdur. Qalan xam pambıq yerdə qurulma 18 pambıq tayasında yerləşdirilmişdir. Bu hal xam pambığın keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Ona görə də, 2020-ci il məhsulu üçün zavodyanı məntəqədə 10 ədəd pambıq tayasının tikilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş “X12 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin X13 və Emalı Zavodu filialının direktoru Cavabdeh, baş mühəndis R.Əliyev, əmtəəşünas İ.Seyfullayevin “X12 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Bəhruz Camalova ünvanladığı 15 fevral 2020-ci il tarixli 63 saylı məktubun surətindən görünür ki, X13 və Emalı Zavodunda yerləşən 60 tonluq avtomobil tərəzisinin düzgün işləmədiyi müəyyən edilmiş və bu barədə təcili tədbirlərin görülməsi xahiş edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş “X12 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin X13 və Emalı Zavodu filialının direktoru Cavabdeh “X12 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Bəhruz Camalova ünvanladığı 08 aprel 2020-ci il tarixli 150 saylı məktubun surətindən görünür ki, X13 və Emalı Zavoduna məxsus 60 tonluq avtomobil tərəzisi nasazlıq səbəbindən 06 mart 2020-ci il tarixdən sökülmüşdür. Dəfələrlə edilmiş şifahi müraciətlərə baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Səpin işləri ilə əlaqdar zavodda fermerlərə çiyid paylanması və texniki çiyidin satışı rayonun ayrı-ayrı yerlərində yerləşən tərəzilərdə çəkilir, bu hal işlərdə çətinliklər yaradır. Məktubda həmçinin tez bir zamanda tədbir görülməsi xahiş olunmuş, əks təqdirdə yaranan problemlərə zavod rəhbərliyinin cavabdehlik daşımadığı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş “X12 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin X13 və Emalı Zavodu filialının direktoru Cavabdeh, energetik Z.Səlimov, əmtəəşünas İ.Seyfullayevin “X12 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Bəhruz Camalova ünvanladığı 06 noyabr 2020-ci il tarixli 588 saylı məktubun surətindən görünür ki, 2020-ci il fermerlərdən tədarük edilən xam pambığın taya yerlərinin az olması pambığın növlər üzrə çeşidlənməsində yaranan çətinliyin qismən aradan qaldırılması üçün əlavə 5 ədəd sovurucu ventiliyator, 100 metr kabel (4x25) və 40 ədəd brezent örtüyə zəruri ehtiyac olmuş, əks halda fermerlərdən tədarük edilən xam pambığın saxlanmasının onun keyfiyyətinə təsir göstərəcəyi bildirilmiş və ciddi tədbirlərin görülməsi xahiş edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş “X12 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin X13 və Emalı Zavodu filialının direktoru Cavabdeh, energetik Z.Səlimov, əmtəəşünas İ.Seyfullayevin “X12 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Bəhruz Camalova ünvanladığı 21 noyabr 2020-ci il tarixli 595 saylı məktubun surətindən görünür ki, 2020-ci il fermerlərdən tədarük edilən xam pambığın taya yerlərinin az olması pambığın növlər üzrə çeşidlənməsində yaranan çətinliyin qismən aradan qaldırılması üçün əlavə 5 ədəd sovurucu ventiliyator və 40 ədəd brezent örtüyə zəruri ehtiyac olmuş, əks halda fermerlərdən tədarük edilən xam pambığın saxlanmasının onun keyfiyyətinə təsir göstərəcəyi bildirilmiş və ciddi tədbirlərin görülməsi xahiş edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş “X12 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin X13 və Emalı Zavodu filialının direktoru Cavabdeh “X12 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Bəhruz Camalova, Ağahüseyn Qədirova və Fəzli Məmmədova ünvanladığı 07 dekabr 2020-ci il tarixli 602 saylı məktubun surətindən görünür ki, X13 və Emalı Zavodu filialında zəruri avadanlıqların çatışmazlığı barədə rəhbərliyə müraciət edilmiş, lakin heç bir tədbir görülməmişdir. Məktubda o cümlədən, tayaların üstünün açıq olduğu, yer olmadığına görə əlavə olaraq standartlara cavab verməyən 23 tayanın olduğu, həmin tayaların asfalt örtüyün deyil, palçığın üzərində olduğu və bu səbəblərdən də məhsulun məhv olduğu, bu barədə dəfələrlə rəhbərliyə müraciət edildiyi göstərilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş fotoşəkillərdən və DVD diskdən görünür ki, torpaq səthin üstündə qurulmuş və standartlara cavab verməyən üstü açıq pambıq tayaları qurunt sularının içərisində qalmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş X13 və Emalı Zavodunun əmtəəşünası X4, böyük laborant X7 və texnik X1 “X12 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Fəxri Mehdiyevə ünvanladığı 08 iyun 2022-ci il tarixli izahatlarından görünür ki, 2021-ci ildə tədarük edilmiş xam pambığın əskikgəlmələrinin səbəbi mövsümün axırlarında qəbul olunan zibilli xam pambığın analizlərində şirkət nümayəndələrinin göstərişi ilə fermerlərə güzəşt olunmasıdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş “X12 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin X13 və Emalı Zavodu filialında 2020-ci il mövsümündə qəbul edilmiş xam pambığın emal zavodlarına göndərilməsi və emal zavodlarında qəbul edilmiş xam pambığın çəkilərinin müqayisəsi barədə cədvəllərin surətlərindən görünür ki, Ağcabədi və X17 və Emalı Zavodu filiallarına göndərilmiş xam pambıqdan zibilliyə və nəmliyə görə tutulmalar normativləri xeyli üstələdiyinə görə xam pambığın çəkilərində ciddi fərq yaranmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş “AF Audit” şirkəti tərəfindən aparılmış 16 oktyabr 2023-cü il tarixli müstəqil audit hesabatı üzrə rəydən görünür ki, 2020-ci ildə ******* kq, 875085.82 manat və 2021-ci ildə 329320 kq, 226625 manat, cəmi ******* kq, 1101710.82 manat dəyərində kondisiya çəkidə xam pambığın maddi məsul şəxsin hesabından silinməsi mövcud hesablamalara uyğundur. İşdə olan və məhkəmə iclasında elan edilmiş “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” 18 iyul 2022-ci il tarixli arayışdan görünür ki, tərəflər mübahisəni məhkəmədə davam etdirmək barədə qərar qəbul etmişlər. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işin araşdırılan halları ilə müəyyən edildi ki, Cavabdeh 01 dekabr 2018-ci il tarixdən “X12 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin X13 və Emalı Zavodu filialında 01 dekabr 2018-ci il tarixli 001/F saylı əmək müqaviləsinə əsasən direktor vəzifəsində əmək fəaliyyətinə başlamış, cavabdehlə həmin tarixdə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. X13 və Emalı Zavodu filialında əskikgəlmələr müəyyən edildiyindən 16 dekabr və 30 dekabr 2021-ci il tarixli aktlar tərtib edilmişdir. Bundan sonra, “X12 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin daxili audit yoxlaması üzrə “Caspian Consulting and Partners” audit şirkəti tərəfindən 06 may 2022-ci il tarixdə X13 və Emalı Zavodu filialında istehsalatda aşkarlanan kənarlaşmaların auditi aparılmışdır. X13 və Emalı Zavodu filialında 2020-ci il mövsüm ili üzrə maliyyə-təsərrüfat fəaliyyəti araşdırılmış, “X12 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin daxili audit yoxlamalarına əsaslanaraq “Caspian Consulting and Partners” audit şirkəti tərəfindən müvafiq rəy verilərək məsul şəxslərin hərəkət və hərəkətsizliyi nəticəsində dəymiş zərər müəyyən edilmişdir. Həmin rəydə göstərilmişdir ki, X13 və Emalı Zavodu filialında 2020-ci il mövsümündə fermerlərdən qəbul edilmiş xam pambığın emal zavodu filiallarına göndərilməsi və göndərilmiş xam pambığın emal zavodu filiallarında qəbul olunmasının müqayisələrinin nəticəsində X13 və Emalı Zavodu filialında fermerlərdən qəbul edilmiş xam pambığın emal zavodları filiallarına göndərildikdə X13 və Emalı Zavodu filialında ilkin kondisiya çəkisindən əskik qalmış 863137 kiloqram, 538498 manat dəyərində, X13 və Emalı Zavodu filialından emala göndərildikdə və X8 və Emalı Zavodu filialında kondisiya çəkisindən əskik qəbul edilmiş 445299 kiloqram, 285617 manat dəyərində, X13 və Emalı Zavodu filialından emala göndərildikdə və X17 və Emalı Zavodu filialında qəbul edildikdə kondisiya çəkisindən əskik qəbul edilmiş 182852 kiloqram, 118247 manat dəyərində, cəmi kondisiya çəkidə ******* kiloqram, 942362 manat dəyərində xam pambığın çatışmazlığı müəyyən edilmişdir. Çatışmazlıqların əsası kimi 2020-ci il mövsümündə xam pambığın saxlanması üçün lazımı şərait olmadığından həmin xam pambığın xarab olmasını göstərilmişdir. Təqdim edilmiş aktlar əsasında maddi məsul şəxsin hesabından 522348 kiloqramın və 327801 manatın azaldılması nəzərə alınmış və sonuncu nəzərəalınmadan sonra kondisiya çəkidə 968940 kiloqram, 614561 manat dəyərində xam pambığın çatışmazlığı müəyyən edilmişdir. Bundan başqa, X13 və Emalı Zavodu filialında 2021-ci ildə tədarük edilmiş xam pambığın və onun emalının nəticəsi yenidən araşdırılarkən filialda kondisiya çəkidə 328739 kiloqram, 206770 manat əskikgəlmə müəyyən edilmişdir. İddiaçı “X12 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti bu çatışmazlıqların zavodun direktoru, həmçinin də maddi məsul şəxs olan Cavabdeh qanunsuz hərəkətlərinə görə baş verdiyi qənaətinə gələrək cavabdehə qarşı dəymiş ziyan tələbi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçı “X12 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin təşəbüsü ilə həyata keçirilmiş audit yoxlamalarında həqiqətən də, əskikgəlmələr müəyyən olunmuşdur. Bunu cavabdeh də qəbul edir. Lakin həmin əskikgəlmələrin (çatışmazlıqların) Cavabdeh təqsirinə görə baş verməsi məhkəmə iclasında sübuta yetirilməmişdir. Belə ki, “X12 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin X13 və Emalı Zavodu filialında 2020-ci il mövsümündə qəbul edilmiş xam pambığın emal zavodlarına göndərilməsi və emal zavodlarında qəbul edilmiş xam pambığın çəkilərinin müqayisəsi onu göstərir ki, Ağcabədi və X17 və Emalı Zavodu filiallarına göndərilmiş xam pambıqdan həmin zavodlarda zibilliyə və nəmliyə görə tutulmalar normativləri xeyli üstələdiyinə görə xam pambığın çəkilərində ciddi fərq yaranmışdır. Bundan başqa, Cavabdeh 01 dekabr 2018-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin 1-ci hissəsinin “b” bəndinə əsasən öz vəzifəsini yerinə yetirərək iddiaçı “X12 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə Filialda pambıq tayaları qurulması üçün kifayət qədər standartlara cavab verən taya yerlərinin olmadığı, tayaların asfalt örtüyün deyil, torpağın üzərində olduğu, zavoddakı taya yerlərinin az olması ilə əlaqədar pambığın növlər üzrə çeşidlənməsində yaranan çətinliyin qismən aradan qaldırılması üçün əlavə sovurucu ventiliyatorlar, kabel və brezent örtüklərlə zavodun təmin edilmədiyi, 60 tonluq avtomobil tərəzisinin düzgün işləmədiyi, qeyd edilən avadanlıqların təmin edilməyəcəyi təqdirdə işlərdə baş verə biləcək nöqsanlara görə X13 və Emalı Zavodunun cavabdehlik daşımayacağı barədə 11 fevral 2020-ci il, 15 fevral 2020-ci il, 08 aprel 2020-ci il, 06 noyabr 2020-ci il, 21 noyabr 2020-ci il, 07 dekabr 2020-ci il tarixlərdə yazılı xəbərdarlıqlar etmişdir. Buradan da görünür ki, X13 və Emalı Zavodu filialında aşkar edilmiş əskikgəlmələr, yəni iddiaçı hüquqi şəxsə dəymiş ziyan Cavabdeh rəhbər olduğu zavodun təminat məsələlərində olan problemlərlə (inventar çatışmazlığı ilə və s.) əlaqədar olmuşdur. Bu hal məhkəmə iclasında iş materiallarına əlavə edilmiş fotoşəkillər və DVD diskin tədqiqi zamanı bir daha sübut olunmuşdur. Belə ki, fotoşəkillər və DVD diskə baxış keçirilərkən məlum oldu ki, torpaq səthin üstündə qurulmuş və standartlara cavab verməyən üstü açıq pambıq tayaları qurunt sularının və palçığın içərisində qalmışdır. Hazırda da, cavabdeh həmin problemlərdən (inventar çatışmazlığından və s.) dolayı əskikgəlmə olduğunu, lakin bunlarda onun təqsiri olmadığını əsas gətirərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, cavabdehin məhkəmə iclasında göstərdikləri onun tələbdən yayınması halı kimi qiymətləndirilə bilməz. Belə ki, Cavabdeh iddia tələbi ilə məhkəməyə müraciət edilməmişdən 3 il əvvəl lazımı qaydada tədbir görülməsi üçün iddiaçı “X12 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət etmişdir. Məhkəmə iddiaçının cavabdeh tərəfindən maddi zərərin vurulmasına dair iddia tələbinin dəlilləri ilə (cavabdehin qanunsuz hərəkətləri ilə ziyan vurulması) razılaşmır. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçı, ona dəymiş zərərin məhz cavabdehin təqsiri üzündən baş verməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilməklə məhkəməyə təqdim edilmiş 16 dekabr, 30 dekabr 2021-ci il tarixli və 08 iyun 2022-ci il tarixli aktlar və 06 may 2022-ci il tarixli auditor rəyi isə sadəcə dəymiş ziyanın məbləği ilə bağlı hesablamalardan ibarət olduğundan məhkəmə həmin sənədləri ziyanın məhz cavabdeh tərəfindən vurulmasını təsdiq edən sübut kimi qəbul etmir. X13 və Emalı Zavodunun əmtəəşünası X4, böyük laborant X7 və texnik X1 “X12 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Fəxri Mehdiyevə ünvanladığı 08 iyun 2022-ci il tarixli izahatlarla, 2021-ci il üzrə mövsümün axırlarında qəbul olunan zibilli xam pambığın analizlərində şirkət nümayəndələrinin göstərişi ilə fermerlərə güzəşt edildiyindən tədarük edilmiş xam pambığın əskikgəlmələri müəyyən edilsə də, bu hal “X12 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə dəymiş ziyanın cavabdeh tərəfindən vurulmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Ona görə ki, şirkət nümayəndələrinin göstərişi ilə fermerlərə güzəşt edilmişdirsə də, bunun cavabdehə aidiyyəti yoxdur. Bundan başqa, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “AF Audit” şirkəti tərəfindən aparılmış 16 oktyabr 2023-cü il tarixli müstəqil audit hesabatı üzrə rəydən görünür ki, 2020-ci ildə ******* kq, 875085.82 manat və 2021-ci ildə 329320 kq, 226625 manat, cəmi ******* kq, 1101710.82 manat dəyərində kondisiya çəkidə xam pambığın maddi məsul şəxsin hesabından silinməsi mövcud hesablamalara uyğun olmuşdur. Bu hal da, qeyd edilən əskikgəlmələrdə cavabdehin təqsirinin olmadığı bir daha sübut edir. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 192-ci maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmanı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Azərbaycan Respublikası Əmək Məcəlləsi işçinin öhdəliklərini yerinə yetirərkən işəgötürənə vurduğu ziyanın yaranması əsaslarını nəzərdə tutur (191-ci maddə). Həmin maddi hüquq normasının dispozisiyasından aydın olur ki, işçinin öhdəliklərini yerinə yetirərkən işəgötürənə vurduğu ziyana görə məsuliyyətə cəlb etmək üçün ziyanın həqiqətən vurulduğunun aşkar olunması, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyinin qanuna zidd olması və təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirli olub-olmamasının müəyyən edilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yükü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər(§68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir(§93). İş materialları araşdırılarkən həmçinin müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 01 dekabr 2018-ci il tarixli 001/F saylı əmək müqaviləsinə, 01 dekabr 2018-ci il tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə və vəzifə təlimatına uyğun olaraq Cavabdeh işəgötürəni, yəni iddiaçı “X12 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətini himayəsində olan maddi dəyərlilərin təhlükəsizliyi, pambığın keyfiyyətli qəbulu və tayalara yığılıb saxlanılması üçün lazımı tədbirlər görülməsi barədə məlumatlandırmış, qanunsuz olaraq himayəsində olan maddi dəyərlilərə ziyan gətirməmiş, avadanlıqların və başqa əsas vəsaitlərin vaxtında tənzimlənməsini təşkil etmək üçün tədbirlər görmüşdür. Cavabdeh göstərilənlər barədə iddiaçı “X12 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə məlumat versə də, iddiaçı tərəfindən heç bir tədbir görülməmişdir. Buradan da, görünür ki, iddiaçı “X12 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə maddi ziyan dəyməsində Cavabdeh təqsiri yoxdur və iddiaçı təşkilata dəymiş ziyan cavabdehin qanunsuz hərəkətləri nəticəsində baş verməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı “X12 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qanunsuz hərəkətləri nəticəsində vurulmuş 2020 və 2021-ci mövsüm illəri üzrə ümumilikdə 820770 (səkkiz yüz iyirmi min yeddi yüz yetmiş) manat zərərin əvəzinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi tələbinə dair iddiası əsassızdır. Məhkəmə iddiaçının “mülki işə baxarkən mübahisə predmetindən irəli gələn cavabdehin əməllərində cinayətin əlamətləri aşkar edilərsə bu barədə xüsusi qərardad qəbul edilməsi” tələbi ilə əlaqədar qeyd edir ki, məhkəmə bu məsələdə tərəflərin vəsatətindən və ya digər qaydada müraciətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Məhkəmə iddia tələbi üzrə məhkəmə araşdırmalarının nəticələrinə əsaslanıb belə qənaətə gəlir ki, cavabdehin hərəkətlərində cinayətin əlamətləri aşkara çıxarılmadığından hazırkı mülki iş üzrə xüsusi qərardad qəbul edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsinə əsasəni işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında göstərilmişdir ki, atılmalı olan formal addımların və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi və uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdi ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehin ona maddi ziyan vurduğunu, cavabdeh tərəfindən hüquqlarının pozulduğunu iddia etmiş və həmin ziyanı məhkəmə qaydasında tələb etmişdir. Qarşı tərəf (cavabdeh) məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, iddianın əsassız olması ilə yanaşı, həm də, iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarından bəlli olmuşdur ki, iddiaçı “X12 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti ona ziyan vurulmasını iki ilə yaxın müddətdir ki, aşkar etmişdir. Belə ki, cavabdehin qanunsuz hərəkətləri ilə əlaqədar iddiaçı təşkilata ziyanın vurulması haqqında iddiaçı təşkilat tərəfindən 16 dekabr və 30 dekabr 2021-ci il və 08 iyun 2022-ci il tarixli aktlar tərtib edilmiş və 06 may 2022-ci il tarixli auditor rəyi, 18 iyul 2022-ci il tarixli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayış alınmış, lakin iddia müddətini ötürdükdən sonra, yəni 15 sentyabr 2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin qanunun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Həmin qanunun 32.4.2-ci maddəsinə əsasən mediasiya prosesinə bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən xitam verilir. İş materiallarından görünür ki, “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayış 18 iyul 2022-ci il tarixdə tərtib olunmuş və həmin vaxtdan da müddətin axımı davam etdirilmişdir. Mülki qanunvericiliyin tələblərinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Belə olduğu halda, məhkəmə hesab edir ki, hazırkı iddia tələbi həmçinin də, iddia müddətinin keçməsinə görə də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Ankerin» işində qeyd etmişdir ki, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarların qanunliyi və əsaslılığını təmin etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı “X12 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş 2020 və 2021-ci mövsüm illəri üzrə ümumilikdə 820770 (səkkiz yüz iyirmi min yeddi yüz yetmiş) manat zərərin əvəzinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi, mülki işə baxarkən mübahisə predmetindən irəli gələn cavabdehin əməllərində cinayətin əlamətləri aşkar edilərsə bu barədə xüsusi qərardad qəbul edilməsi tələbinə dair iddiası əsassız olduğundan və iddia müddəti keçdiyindən təmin edilməməlidir. İşdə olan 08 avqust 2023-cü il və 28 sentyabr 2023-cü il tarixli tarixli qəbzlərdən görünür ki, iddiaçı “X12 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti 904.56 manat və 496.77 manat omaqla, ümumilikdə 1401 (bir min dörd yüz bir) manat 33 (otuz üç) qəpik dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunmadığı halda məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 1401 (bir min dörd yüz bir) manat 33 (otuz üç) qəpik dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddiaçı “X12 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş 2020 və 2021-ci mövsüm illəri üzrə ümumilikdə 820770 (səkkiz yüz iyirmi min yeddi yüz yetmiş) manat zərərin əvəzinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi, mülki işə baxarkən mübahisə predmetindən irəli gələn cavabdehin əməllərində cinayətin əlamətləri aşkar edilərsə bu barədə xüsusi qərardad qəbul edilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 1401 (bir min dörd yüz bir) manat 33 (otuz üç) qəpik dövlət rüsumu iddiaçı “X12 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar