Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-12/2023 25.04.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçının nümayəndəsi X5, Cavabdeh iştirakı ilə, İddiaçı Saatlı Bələdiyyəsinin Cavabdeh qarşı torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması, oradan çıxarma, həmin torpaq sahəsinin iddiaçıya qaytarılması və əldən çıxmış fayda tələbinə dair mülki işə açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Saatlı Bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Saatlı Bələdiyyəsinin mülkiyyətində olan Saatlı şəhəri ərazisində yerləşən 6,65 ha torpaq sahəsindən qanunsuz istifadəsinin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılması, 6,65 ha torpaq sahəsinin iddiaçıya qaytarılması və 14630 manat əldən çıxmış faydanın alınıb iddiaçı Saatlı Bələdiyyəsinin hesabına köçürülməsi barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi X7 izahatında göstərdi ki, iddiaçı Saatlı Bələdiyyəsi Cavabdeh Saatlı Bələdiyyəsinin mülkiyyətində olan Saatlı şəhəri ərazisində yerləşən 6,65 ha torpaq sahəsindən qanunsuz istifadəsinin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılması, 6,65 ha torpaq sahəsinin iddiaçıya qaytarılması və 14630 manat əldən çıxmış faydanın alınıb iddiaçı Saatlı Bələdiyyəsinin hesabına köçürülməsi barədə məhkəmədə iddia qaldırmışdır. İddiaçı Saatlı Bələdiyyəsinin Cavabdeh qarşı məhkəmədə qaldırdığı iddianı müdafiə edir. Ekspert rəyi ilə də razı deyil. Ekspert rəyində mübahisə predmeti olan torpaq sahəsinin dövlət mülkiyyəti kimi qeydə alındığı göstərilsə də, nəzərə almaq lazımdır ki, həmin ekspert rəyində, eyni zamanda sözügedən torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qadaları”na uyğun olaraq tərtib edilmiş Saatlı Bələdiyyəsinin xəritəsində bələdiyyə mülkiyyəti kimi qeyd olunduğu müəyyən edilmişdir. Bu hal Azərbaycan Respublikası ƏMDX-in Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 13 saylı Şirvan ərazi idarəsinin Saatlı bələdiyyəsinə ünvanladığı məktublarla bir daha təsdiq olunur. Ona görədə iddia tələbi əsaslı hesab olunmalıdır.Bundan başqa, cavabdehin bələdiyyəyə aid torpaq sahəsini qanunsuz istifadə etməsi nəticəsində iddiaçı əldə edəcəyi gəlirdən məhrum olmuş, torpaq sahəsini icarəyə verə bilməmişdir. Halbuki hazırda bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin 1 illik icarə haqqı 100 manat təşkil edir. Cavabdehin 22 il müddətində qanunsuz olaraq bələdiyyənin torpaq sahəsini zəbt etməsi nəticəsində iddiaçıya 14630 manat ziyan dəymişdir. Odur ki, göstərdiklərini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh izahatında göstərdi ki, iddiaçı Saatlı Bələdiyyəsinin ona qarşı məhkəmədə qaldırmış olduğu iddianı qəbul etmir. Belə ki, 10 dekabr 1979-cu il tarixdə Saatlı rayon İcraiyyə Komitəsi tərəfindən “Azərittifaq”ın Saatlı rayon İstehlak Cəmiyyətinə 24,72 hektar torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin 5 hektarı oğlu X1, digər 19,69 hektar ərazi isə “Azərittifaq”ın Saatlı rayonu X4 Sənaye Ticarət Birliyinin (əvvəlki Saatlı rayon İstehlak Cəmiyyəti) istifadəsinə verilmişdir. Ekspert rəyi ilə də müəyyən olunur ki, mübahisə predmeti olan torpaq sahəsi “Azərittifaq”ın Saatlı rayon X4 Sənaye Ticarət Birliyinin istifadəsində olan 19.69401 ha. torpaq sahəsinin hüdudları daxilində yerləşməklə dövlət mülkiyyətindədir və Saatlı bələdiyyəsinə aidiyyəti yoxdur. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası ƏMDX-in Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2023-cü il tarixli, 10/111 nömrəli rəyindən görünür ki, mübahisə predmeti olan Saatlı şəhəri ərazisində yerləşən 6.65 ha. (araşdırma zamanı 6.80 ha. müəyyən olunan) torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na uyğun olaraq tərtib edilmiş Saatlı Bələdiyyəsinin xəritəsində bələdiyyə mülkiyyəti kimi qeyd edilmişdir. Lakin həmin torpaq sahəsi “Azərittifaq”ın Saatlı rayon X4 Sənaye Ticarət Birliyinin istifadəsində olan 19.69401 ha. torpaq sahəsinin hüdudları daxilində yerləşməklə, 19.69401 ha. torpaq sahəsinə 05 noyabr 2016-cı il tarixdə “Daşınmaz Dövlət Əmlakının yerləşdiyi torpaq sahəsinin və tikililərinin planı” (Baş plan) tərtib edilmiş və həmin baş plana uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən elektron kadastr məlumat bazasında registr nömrəsi 00354251 olan nömrə ilə Dövlət mülkiyyəti kimi qeydiyyata alınmışdır. Mübahisə predmeti olan Saatlı şəhəri ərazisində yerləşən 6.65 ha. (araşdırma zamanı 6.80 ha. müəyyən olunan) torpaq sahəsi “Azərittifaq”ın Saatlı rayon X4 Sənaye Ticarət Birliyinin istifadəsində olan 19.69401 ha. torpaq sahəsinin hüdudları daxilində yerləşməklə, Cavabdeh istifadəsindədir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan materialları araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, mübahisə predmeti olan Saatlı şəhəri ərazisində yerləşən 6.65 ha. torpaq sahəsi “Azərittifaq”ın Saatlı rayon X4 Sənaye Ticarət Birliyinin istifadəsində olan 19.69401 ha. torpaq sahəsinin hüdudları daxilində yerləşir. İddiaçı Saatlı Bələdiyyəsi həmin torpaq sahəsinin Cavabdeh tərəfindən qanunsuz istifadə edilməsini əsas götürərək ona qarşı məhkəmədə iddia qaldırmışdır. İş üzrə mübahisə yarandığı üçün Saatlı Rayon Məhkəməsinin qərardadı ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Ekspertiza Mərkəzinin rəyi ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan Saatlı şəhəri ərazisində yerləşən 6.65 ha. torpaq sahəsi “Azərittifaq”ın Saatlı rayon X4 Sənaye Ticarət Birliyinin istifadəsində olan 19.69401 ha. torpaq sahəsinin hüdudları daxilində yerləşməklə, Cavabdeh istifadəsindədir. Həmin torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na uyğun olaraq tərtib edilmiş Saatlı Bələdiyyəsinin xəritəsində bələdiyyə mülkiyyəti kimi qeyd edilsə də, torpaqların mülkiyyət növünə uyğun olaraq elektron kadastr məlumat bazasında registr nömrəsi 00354251 olan nömrə ilə Dövlət mülkiyyəti kimi qeydiyyata alındığından dövlət mülkiyyətində olan torpaq sahəsi kimi qəbul edilmişdir. Odur ki, mübahisə predmeti olan torpaq sahəsi dövlət mülkiyyətində olduğundan hazırki iş üzrə iddiaçının sözügedən torpaq sahəsinə münasibətdə subyektiv hüququ yoxdur və belə olan halda iddia təmin edilə bilməz. İddia tələbinin ikinci hissəsi olan əldən çıxmış fayda tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının mövcud olmasını, daha sonra isə onların pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Hazırki halda mübahisə predmeti olan torpaq sahəsi dövlət mülkiyyətində olduğundan və cavabdeh tərəfindən torpağın istifadəsinin Saatlı bələdiyyəsinin mülkiyyət hüquqlarını pozmadığı müəyyən olunduğundan iddianın əldən çıxmış fayda tələbinə dair hissəsi də təmin oluna bilməz. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı verdiyi izahatında obyektiv rəy verilmədiyini göstərərək ekspert rəyi ilə razılaşmadığını bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, MPM-in 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki iş üzrə verilmiş ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və iddiaçı tərəfindən ekspert rəyini şübhə altına alan sübutlar məhkəməyə təqdim təqdim olunmamışdır. Digər tərəfdən, işə baxılarkən ekspert rəyi ətraflı şəkildə tədqiq olunmuş, aydın olmayan, habelə qiymət verilməsi mümkün olmayan xüsusat müəyyən edilmədiyindən, həmçinin iddiaçının nümayəndəsi də bu barədə vəsatət vermədiyindən məhkəmə əlavə və ya təkrar ekspertiza təyin olunmasına zərurət bilməmişdir. Odur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2023-cü il tarixli, 10/111 nömrəli rəyi iş üçün mühüm əhəmiyyət kəsb edən yazılı sənəd və mötəbər sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Ankerin» işində qeyd etmişdir ki, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarların qanunliyi və əsaslılığını təmin etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı Saatlı Bələdiyyəsinin Cavabdeh qarşı torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması, oradan çıxarma, həmin torpaq sahəsinin iddiaçıya qaytarılması və əldən çıxmış fayda tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. İşə əlavə edilmiş mütəxəssis rəyinin verilməsinə dair smetadan və qəbzdən görünür ki, tədqiqatın dəyəri 153 manat təşkil etmiş və həmin xərc Cavabdeh tərəfindən ödənilmişdir. İşə əlavə edilmiş 03 mart 2023-cü il tarixli, 10/111 nömrəli ekspertiza xərcinə dair bildirişdən isə görünür ki, məhkəmə mühəndis-texniki ekspertizasının tədqiqinin dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən 153 manat mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərc Saatlı Bələdiyyəsindən tutularaq cavabdehə, məhkəmə mühəndis-texniki ekspertizasının tədqiqinin dəyəri olan 50 manat Saatlı Bələdiyyəsindən alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Qətetdi: İddiaçı Saatlı Bələdiyyəsinin Cavabdeh qarşı torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması, oradan çıxarma, həmin torpaq sahəsinin iddiaçıya qaytarılması və əldən çıxmış fayda tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı Saatlı Bələdiyyəsindən ekspertiza xərcinə görə 50 (əlli) manat alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərc 153 (bir yüz əlli üç) manat iddiaçı Saatlı Bələdiyyəsindən tutularaq Cavabdeh ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Mirlətif Sadıqov
Məhkəmə qərarları › İş №2(055)-12/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-12/2023
25.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver