Məhkəmə qərarları › İş №2(055)-1208/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1208/2025

22.09.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1208/2025 22.09.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçının nümayəndəsi (əri) Nümayəndə, Cavabdeh direktoru X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin X2 İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) işə bərpa tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində olan Saatlı şəhər Bülbül adına Uşaq Musiqi Məktəbinin direktoru X3 tərəfindən imzalanmış 13 nömrəli, 18 iyun 2025-ci il tarixli əmrin ləğv edilməsi və həmin məktəbdə fortepiano müəllimi vəzifəsinə bərpa olunmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, həyat yoldaşı İddiaçı 18 iyun 2025-ci il tarixli, 13 nömrəli əmrlə Saatı şəhəri “Bülbül” adına Uşaq Musiqi məktəbinin fortepiano ixtisası üzrə müəllimi 20 iyun 2025- ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşbbüsü ilə) əsasən tutduğu vəzifədən azad edilmişdir. İddiaçı ümumi əmək stajı 26 il 6 ay təşkil edir. Həmin müddətdə də hazırkı məktəbdə fortepiano müəllimi vəzifəsində işləmişdir. İddiaçı işlədiyi müddətdə heç bir intizam tənbehi almamışdır. Cavabdehin təhdidi nəticəsində 18 iyun 2025-ci il tarixli ərizə ilə ona müraciət edərək İddiaçı 20 iyun 2025-ci il tarixdən tutduğu vəzifədən azad etməyini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinin tələbinə görə işçi bir təqvim ayı qabaqcadan işə götürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 3-cü hissəsinin tələbinə görə işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşasyış yerinə köçdükdə, başqa işə götürənlə əmək müqaviləsinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasiǝtəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 7-ci hissəsinin tələbinə görə işə götürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Məlumat üçün bildirir ki, 22 may 2025-ci il tarixdə keçirilmiş attestasiyanın nəticəsinə əsasən iddiaçı tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə qərar qəbul edilmişdir. Cavabdeh yuxarıda qeyd etdiyi məzmunda (yəni özünün dediyi məzmunda) iddiaçının işdən çıxmağı barədə ərizə yazmayacağı təqdirdə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi ilə işdən çıxaracağı ilə hədələyərək iradəsinin əleyhinə 18 iyun 2025-ci il tarixdə ərizə yazdırmışdır. Həmin tarixdə də əmr imzalayaraq 20 iyun 2025-ci il tarixdən bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Cavabdeh həmin vaxt İddiaçı demişdir ki, onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işdən çıxaracağı təqdirdə onu heç yerdə işə götürməyəcəklər. İddiaçının hüquqi savadı olmadığı üçün İddiaçı həmin vaxt cavabdehin təkidi ilə ərizə yazmışdır. Göstərilənləri nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsinii xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh direktoru X3 iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı attestasiyanın nəticəsində kəsilmişdir. İddiaçı izah olunmuşdur ki, öz ərizəsi ilə ilə işdən azad oluna bilər, əks halda isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad ediləcəkdir. İddiaçıda öz könüllü şəkildə işdən azad olunması barədə ərizə yazmışdır. O, İddiaçı qarşı heç bir təziq göstərməmişdir. Ona görə də iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin, nümayəndəsinin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Belə ki, işdə olan ərizənin surətindən görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixdə ərizə yazaraq öz təşəbbüsü ilə xx.xx.2025-ci il tarixdə tutduğu peşədən azad edilməsini işəgötürəndən (cavabdehdən) xahiş etmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli əmrin surətindən görünür ki, Saatlı rayon Bülbül adına uşaq musiqi məktəbinin fortepiano müəllimi vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin təşəbbüsü ilə) xx.xx.2025-ci il tarixdə ləğv edilmişdir. Sadalanan xüsusatlardan göründüyü kimi, iddiaçı cavabdehlə əmək münasibətlərində olaraq fortepiano müəllimi vəsifəsində işləmiş və xx.xx.2025-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin təşəbbüsü ilə) xitam verilmişdir. İddiaçı onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsini əsassız hesab edir, ona görə ki, cavabdeh tərəfindən ona təhdid olunaraq ərizə yazılmış, bundan başqa, cavabdeh 69-cu maddəsinin 4-cü hissəsində göstərilən xəbərdarlıq müddətini gözləməli idi. Bu hallar işin mübahisəli halları olduğundan məhkəmə onlara qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. Məhkəmə iddiaçının öz ərizəsinə görə, onun əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarını araşdıraraq hesab edir ki, iddiaçı iddia ərizəsində və iddiaçının nümayəndəsinin-vəkilinin məhkəmə iclasında verdiyi izahatında da bildirdiyi kimi, ona təhdid olunduğu üçün əmək müqaviləsinin ləğv edilməsi barədə ərizə yazmışdır. Lakin məhkəmə hesab edir ki, iddiaçının ərizəni könüllü iradəsindən xaric yazmasını təsdiq edən sübut iş materiallarında mövcud deyildir. İddiaçı tərəfindən də bu halı təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin məhkəmə hesab edir ki, işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndində nəzərdə tutulan ümumi xəbərdarlıq müddətinin gözlənilməməsi ilə bağlı mövqeyi də əsaslı hesab oluna bilməz. Belə ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin adından da göründüyü kimi həmin norma əmək müqaviləsinin işəgötürən tərəfindən deyil, məhz işçi tərəfindən ləğv edilməsinin qaydasını tənzimləyir. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflər arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin təşəbbüskarı qismində məhz işçi çıxış edir. Sözügedən norma işçinin əmək müqaviləsini ləğv etmək hüququnu, Əmək Məcəlləsinin 69-cu maddəsi isə həmin hüququn necə realizə olunması qaydasını tənzimləyir. Nəzərə alınmalıdır ki, əmək müqaviləsinin bərabər hüquqlu iki tərəfi var: işçi və işəgötürən. Əmək müqaviləsini bağlamaq, həm də onu ləğv etmək müqavilə tərəfi kimi işçinin subyektiv hüququdur və o, bu hüququnu reallaşdırmaq üçün müqavilənin digər tərəfi sayılan işəgötürənin iradəsindən (əmrindən) asılı deyil və işəgötürənin əmri əslində mahiyyətinə görə əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi faktını yalnız rəsmiləşdirmək məqsədi daşıyır. Apellyasiya məhkəməsinin qətnaməsində də göstərdiyi kimi, işçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda, onu işçi ləğv edir, işəgötürən isə bu ləğvi Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinin tələbinə uyğun olaraq rəsmiləşdirir. Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsi işçinin əmək müqaviləsini ləğv etmək hüququnun realizəsinin ümumi qaydasını (1 təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə), 3-cü hissəsi isə bu qaydadan istisnanı (həmin maddədə göstərilən hallardan biri mövcud olduqda) nəzərdə tutur. Yəni, Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində göstərilən hallar mövcud olduqda işçinin ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Məhkəmə hesab edir ki, Əmək Məcəlləsi yalnız işçini deyil, həm də işəgötürəni qoruyur. Bu halda 1 ayın məqsədi məhz işəgötürənin mənafeyinin müdafiəsidir, yəni işçinin işəgötürəni 1 ay əvvəlcədən xəbərdar etmək vəzifəsi və yalnız müəyyən hallarda bu müddəti gözləmədən müqaviləyə xitam vermək hüququnun olması işəgötürəni müdafiə etmək üçün nəzərdə tutulmuşdur. Belə ki, işdən çıxma nəticəsində iş yerində işin normal ahənginin pozulmasının qarşısını almaq və əlavə zərərə uğramamaq üçün işəgötürən yeni işçi tapmalı və ya digər tədbirlər görməlidir ki, bunun üçün isə işəgötürənə vaxt lazımdır. Bir aylıq müddətin adından da göründüyü kimi, o, xəbərdaredicidir, yəni işçi işəgötürəni xəbərdar edir ki, 1 aydan sonra işləməyəcək, öz mənafeyinin müdafiəsi üçün lazımi tədbir görsün. Eyni zamanda, işəgötürəni 1 ay əvvəl xəbərdar etmək işçinin vəzifəsi olduğu halda, Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi ona bu müddəti gözləməmək imtiyazının əsaslarını müəyyən edir. Yəni, müstəsna hallar olmadıqda, 1 aylıq xəbərdarlıq müddətini gözləmək işçinin vəzifəsi sayılır. İşəgötürənin isə, qanunvericiliyin ona verdiyi hüququndan yararlanmaq və ya yararlanmamaq seçimi var. Əgər işçi, həmin hallar olmadığı halda, 1 ay gözləmək istəmədiyini bildirirsə və onun müqaviləni bəlli tarixdən ləğv etməsini işəgötürəndən xahiş edirsə, işçiyə bu şəkildə güzəştə getməsi isə işəgötürən üçün bir problem yaratmırsa, işəgötürən öz hüququndan imtina edərək işçini 1 ay gözləməyə məcbur etməyə də bilər. Lakin, bu o, demək deyildir ki, Əmək Məcəlləsinin 69cu maddəsinin 3-cü hissəsində göstərilmiş hallar olmadıqda əmək müqaviləsi işçinin ərizəsində göstərilən gün ləğv edilə bilməz. Hər bir halda işçi və işəgötürən qarşılıqlı razılıq əsasında xəbərdarlıq müddətinin tətbiqindən imtina edə bilərlər. Hazırki işdən müəyyən olunur ki, işçi olan iddiaçı işəgötürənə ərizə verərkən, öz xahişi ilə xx.xx.2025-ci il tarixdən, işdən azad edilməsini xahiş etmiş və işəgötürən də məhz həmin tarixdə əmri rəsmiləşdirmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçının dəlilləri formal mülahizələrdən ibarət olub onun işə bərpa olunması üçün əsas ola bilməz. İddianın əsaslı olmasına dair işdə mötəbər və tutarlı sübut yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçının əmək müqaviləsi işəgötürən tərəfindən qanunla müəyyən edilmiş qaydada və qanunla müəyyən edilmiş əsasla ləğv edildiyindən, İddiaçı işə bərpa olunması barədə iddiası əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdehnə qarşı işə bərpa tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar