Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 2(055)-1230/2024 20.09.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Saatlı Rayon Notariat Ofisinə qarşı qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə baxaraq, Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X1 onun anası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi xx xxxx 1976-cı ildə Saatlı rayonunda anadan olduğunu və bu barədə ona Saatlı rayonu Sarıcalar kənd sovetində doğum akt qeydləri kitabında 02 iyun 1977-ci il tarixdə 31 nömrə ilə qeyd edilmiş doğum haqqında şəhadətnamə verildiyi bildirib. Ona verilmiş doğum haqqında şəhadətnamənin ana qrafasında anası kimi X2 qeyd edilmişdir. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti üzrə yoxlama aparılmış və anası Sifeyra Həzi qızının doğumu və nikahı haqqında akt qeydi aşkar edilmədiyini bildirmişdir. Anasının adında olan torpağa mülkiyyət hüququna dair dövlət aktında və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə anasının soyadı Səfərova kimi qeyd edildiyini, şəxsiyyət vəsiqəsi və ölümü haqqında şəhadətnamədə isə soyadı Nərimanova kimi qeyd edildiyini bildirib. Anasının vəfatından sonra ondan miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün müraciət etdiyini, ona ünvanlanmış 18 iyul 2024-cü il tarixli 243 saylı cavab məktubunda torpağa mülkiyyət hüququna dair dövlət aktında anasının soyadı Səfərova, ölümü haqqında şəhadətnamədə isə soyadı Nərimanova kimi qeyd edildiyindən ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmadığı qeyd edilmiş və faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Odur ki, qeyd etdiklərini nəzərə alaraq X1 anası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, işdə olan şəxsiyyət vəsiqəsindən, doğum haqqında şəhadətnamədən, ölüm haqqında şəhadətnamədən və torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Ərizəçi anası olduğu iddia etdiyi şəxsin soyadı sənədlərdə fərqli qeyd edilmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 2.2.-ci maddəsində göstərilir ki, əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər. Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Ərizədən görünür ki, Ərizəçi Saatlı Rayon Notariat Ofisinə 18 iyul 2024-cü il tarixdə məktub ünvanlamış, həmin məktuba cavab olaraq vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin mümkün olmadığı bildirilmişdir. Hazırda ərizəçi Saatlı Rayon Məhkəməsinə müraciət edərək X1 anası olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Ərizəçi doğum qeydində və digər sənədlərdə (ölüm haqqında şəhadətnamədə, doğum haqqında şəhadətnamə, torpağa mülkiyyət hüququna dair dövlət aktında və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə) uyğunsuzluqların aradan qaldırılması üçün notariat ofisinə deyil, əvvəlcə müvafiq inzibati orqanlara müraciət etməli, inzibati orqanlar tərəfindən onun müraciətlərinin təmin olunmasından imtina edildiyi və ya hərəkətsizlik göstərildiyi halda aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 saylı Qərarına görə inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, ərizəçiyə aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşdə olan 18 sentyabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 5.1 və 5.1.2-ci maddələrinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Göstərilən maddələrin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən Ərizəçi qaytarılmalıdır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi cavabdeh Saatlı Rayon Notariat Ofisinə qarşı qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi barədə ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməli, ərizəyə əlavə olunmuş sənədlər ərizəçiyə qaytarılmalıdır. Ərizəçiyə izah olunmalıdır ki, uyğunsuzluqların aradan qaldırılması üçün notariat ofisinə deyil, əvvəlcə müvafiq inzibati orqanlara müraciət etməli, inzibati orqanlar tərəfindən onun müraciətlərinin təmin olunmasından imtina edildiyi və ya hərəkətsizlik göstərildiyi halda aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı:
1. Ərizəçi cavabdeh Saatlı Rayon Notariat Ofisinə qarşı qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi barədə ərizəsinin qəbul edilməsindən yolverilməzliyə görə imtina olunsun, ərizəyə əlavə olunmuş sənədlər ərizəçiyə qaytarılsın. Ərizəçiyə izah olunsun ki, uyğunsuzluqların aradan qaldırılması üçün notariat ofisinə deyil, əvvəlcə müvafiq inzibati orqanlara müraciət etməli, inzibati orqanlar tərəfindən onun müraciətlərinin təmin olunmasından imtina edildiyi və ya hərəkətsizlik göstərildiyi halda aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edilməlidir
2. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu dövlət büdcəsindən Ərizəçi qaytarılsın.
3. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər.