Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1271/2025 13.10.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1258,2 manat pulun və ödənilmiş 32,59 manat dövlət rüsumunun cavabdehdən alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, “XETÇBEK” tipli, “TOYOTA AQUA HİBRİD” markalı, **-SP-*** qeydiyyat nişanlı ağ rəngli minik avtomobilinin mülkiyyətçisi (sahibi) X2 06 noyabr 2024-cü il tarixli, reyestr nömrəsi 7E-3356 olan etibarnamə əsasında həmin avtomobilin üzərində sərəncam vermək hüququnu 06 noyabr 2034-cü il tarixədək İddiaçı etibar etmişdir. İddiaçı da taksiyə icarə yolu ilə avtomobil vermək işi ilə məşğul olduğundan “TOYOTA AQUA HİBRİD” markalı, **-SP-*** qeydiyyat nişanlı ağ rəngli minik avtomobilini 08 fevral 2025-ci il tarixli, reyestr nömrəsi 7E-1647 olan etibarnamə əsasında 08 fevral 2026-cı il tarixədək idarə etmək səlahiyyətini Cavabdeh etibar etmiş və həmin vaxt iddiaçı ilə cavabdeh arasında olan şifahi razılaşma olmuşdur ki, bu müddət ərizində cavabdeh avtomobili iddiaçıdan icarəyə götürür, icarə haqqı olaraq cavabdeh hər gün üçün iddiaçıya 35 manat pul verir, avtomobilə vurduğu ziyanı və inzibati cərimələri cavabdeh öz vəsaiti hesabına ödəyir. Lakin, cavabdeh 08 fevral 2025-ci il tarixdən 04 may 2025-ci il tarixədək olan müddət ərzində avtomobili faktiki idarə edərək icarəçi kimi ona hər gün 35 manat pul versə də, üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Belə ki, Cavabdeh icarə müddətində avtomobillə törətdiyi inzibati xətalara görə cərimələri ödəmədiyi üçün avtomobil səkkiz gün cərimə meydançasında qalmış, iddiaçı isə cərimə məbləğinin artmamasına görə ümumilikdə 308,2 manat məbləğində cərməni cavabdehin adından ödəyərərək avtomobili cərimə meydançasından çıxarmışdır. Bundan sonra iddiaçı “Gəncə” avto servisdə avtomobilini ustaya göstərərkən qüsur aktı ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən avtomobil idarə edilən müddətdə avtomobilin ehtiyyat hissələrinə, rənglənmə və çilingər işlərinə, göstərilmiş xidmətə görə ümumilikdə 600 manat zərər dəymişdir. Həmin zərəri də iddiaçı öz vəsaiti hesabına qarşılamışdır. Bundan başqa avtomobilin səkkiz gün müddətində cərimə meydançasında qalmasına görə hər gün üçün 35 manat olmaqla, cəmi 350 manat pul iddiaçının əldən çıxmış faydası olmuşdur. Ona görə də, göstərdiklərinin nəzərə alınıb cavabdehdən qüsur aktına görə 600 manat, inzibati cərimələrə görə 308,2 manat və əldən çıxmış faydaya görə 350 manat, cəmi 1258,2 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, iddia ərizəsində göstərklərini müdafiə edir, iddiaya əlavəsi yoxdur və iddianın tam təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə hazırlıq iclası zamanı vermiş olduğu izahatında iddiaya etiraz edərək göstərmişdir ki, bu məsələ ilə bağlı iddiaçının ərizəsi əsasında Bakı şəhəri Binəqədi rayonu polis idarəsində araşdırma aparılmış və həmin vaxt o izahatında qeyd etmişdir ki, onun iddiaçıya heç bir borcu yoxdur. Bu səbəbdən məhkəməyə təqdim ediləsi sübutları olduğundan hazırlıq iclasının təxirə alınmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının təxirə alınmasına baxmayaraq cavabdeh növbəti məhkəmə hazırlıq iclasda iştirak etməmiş, hər hansı bir sübutunu məhkəməyə ünvanlamamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “XETÇBEK” tipli, “TOYOTA AQUA HİBRİD” markalı, **-SP-*** qeydiyyat nişanlı ağ rəngli minik avtomobilinin mülkiyyətçisi (sahibi) X1r. İşdə olan və məhkəmə iclasında elan edilmiş 06 noyabr 2024-cü il tarixli, reyestr nömrəsi 7E-3356 olan etibarnamənin surətindən görünür ki, X2 “XETÇBEK” tipli, “TOYOTA AQUA HİBRİD” markalı, **-SP-*** qeydiyyat nişanlı ağ rəngli minik avtomobilin üzərində sərəncam vermək hüququnu İddiaçı etibar etmişdir. Etibarnamə 10 il müddətinə verilmiş və 06 noyabr 2034-cü il, saat 23:59-dək qüvvədədir. İşdə olan və məhkəmə iclasında elan edilmiş “Gəncə” avto servis tərəfindən verilmiş qüsur aktından görünür ki, “XETÇBEK” tipli, “TOYOTA AQUA HİBRİD” markalı, **-SP-*** qeydiyyat nişanlı avtomobildə dəyişdiriləsi ehtiyyat hissələri 150 manat, rənglənmə və çilingər işləri 450 manat, xidmətin qiyməti 150 manat, yekun zərər 600 manat müəyyən etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş terminal ödəniş qəbzlərinin surətindən görünür ki, 11 iyun 2025-ci il tarixində Cavabdeh adından yol hərəkəti qaydalarının pozulmasına görə inzibati xətalar üzrə 138 manat, 62,4 manat, 45 manat, 62,8 manat, ümumilikdə 308,2 manat cərimə ödənilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Bakı şəhər Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsi tərəfindən verilmiş 30 iyun 2024-cü il tarixli, 3/2-N-4978 nömrəli məktubdan görünür ki, İddiaçı ərizəsi ilə bağlı mülki qaydada rayon məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə sorğusu əsasında Bakı şəhər Binəqədi rayon polis idarəsindən daxil olaraq işə əlavə edilmiş və məhkəmə iclasında elan edilmiş, İddiaçı müraciəti əsasında toplanmış materialda Cavabdeh tərəfindən yazılmış və imzalanmış izahatdan görünür ki, Cavabdeh razılşama yolu ilə “TOYOTA AQUA HİBRİD” markalı, **-SP-*** qeydiyyat nişanlı minik avtomobilinin günü 35 manatdan İddiaçı icarəyə götürməsini, avtomobili beş ay müddətində icarədə saxladıqdan sonra İddiaçı təhvil verərkən avtomobilin bər ədəd qalpağında az cızıq olmasını, arxa buferinin sürtülmüş vəziyyətdə olmasını və 240 manat cərimə borcunun olmasını etiraf etmiş, lakin avtomobilə 1000 manat məbləğində zərər vurmasını qəbul etməmiş, bununla bağlı məsələnin məhkəmə yolu ilə həll edilməsini istəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə avtomobilin zədələnməsinə görə və inzibati xətalara görə ödənilmiş cərimə məbləğləri ilə bağlı qeyd edir ki, iddiaçının tələbinin bu hissəsi iş materialında olan qüsur aktı ilə və ödəniş qəbzlərində öz təsdiqini tapdığından həmin sənədlər mötəbər sübut kimi qəbul edilərək iddianın həmin hissədə təmin edilməsini əsaslandırır. Belə ki, məhkəmə baxışı zamanı işin araşdırılan halları ilə müəyyən olundu ki, 06 noyabr 2024-cü il tarixli, reyestr nömrəsi 7E-3356 olan etibarnamə əsasında 06 noyabr 2034-cü il tarixədək “TOYOTA AQUA HİBRİD” markalı, **-SP-*** qeydiyyat nişanlı ağ rəngli minik avtomobilinin üzərində sərəncam vermək hüququnu olan İddiaçı taksiyə icarə yolu ilə avtomobil vermək işi ilə məşğul olduğundan həmin avtomobili 08 fevral 2025-ci il tarixli, reyestr nömrəsi 7E-1647 olan və 08 fevral 2026-cı il tarixədək qüvvədə olan etibarnamə əsasında idarə etmək səlahiyyətini Cavabdeh etibar etmiş, həmin vaxt iddiaçı ilə cavabdeh arasında olan razılaşma əsasında cavabdeh həmin avtomobili iddiaçıdan icarəyə götürmüş və icarə haqqı olaraq cavabdeh hər gün üçün iddiaçıya 35 manat pul verməyi, avtomobilə vurduğu ziyanı və inzibati cərimələri öz vəsaiti hesabına ödəməyi öhdəsinə götümüşdür. (Məhkəmə bu halı məhkəmə iclasında iddiaçının verdiyi izahatla, cavabdehin polis şöbəsində yazdığı izahatla ziddiyyət təşkil etmədiyindən işin mübahisəsiz halı kimi qəbul etmişdir.) Lakin, cavabdeh 08 fevral 2025-ci il tarixdən 04 may 2025-ci il tarixədək olan müddət ərzində avtomobili faktiki idarə edərək icarəçi kimi iddiaçıya hər gün 35 manat pul versə də, üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş, icarə müddətində avtomobillə törətdiyi inzibati xətalara görə cərimələri ödəmədiyi üçün iddiaçı cavabdehin adından ümumilikdə 308,2 manat cərmə ödəyərək bu barədə ödəniş qəbzlərini məhkəməyə təqdim etmişdir. İddiaçı avtomobili cərimə meydançasından çıxardıqdan sonra “Gəncə” avto servisdə avtomobilini ustaya göstərərkən qüsur aktı ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən avtomobil idarə edilən müddətdə avtomobilə ehtiyyat hissələrinə, rənglənmə və çilingər işlərinə, xidmətə görə ümumilikdə 600 manat zərər dəymiş və həmin zərər də iddiaçı avtomobilin təmiri üçün xərcləmişdir. Bundan başqa iddiaçı avtomobilin səkkiz gün müddətində cərimə meydançasında qalmasına görə hər gün üçün 35 manat olamaqla, cəmi 350 manat pulu əldən çıxmış fayda kimi hesablamışdır. Cavabdeh əvvəlki məhkəmə hazırlıq iclasında iştirak edərkən iddiaya qarşı sübutunun olduğunu və iddianı etiraf etmədiyini göstərsə də, sonrakı məhkəmə hazırlıq və məhkəmə baxışı iclaslarında heç bir üzrlü səbəb olmadan iştirak etməmiş və iddiaya qarşı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh avtomobilin zədələnməsinə görə 600 manat və inzibati xətalara görə cərimə məbləği kimi ödənilmiş 308,2 manat, ümumilikdə 908,2 manat məbləğində zərəri tələb etməkdə haqlıdır. Digər tərəfdən, məhkəmə tərəflər arasındakı hazırkı münasibətlər üzrə sübutları qiymətləndirən zaman əsaslı şübhələr yaratmayan sübut standartını qəbul edərək hesab edir ki, sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gəlməlidir. Belə ki, hər bir tərəf məhkəmədə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. Məhkəmə iddiaçının əldən çıxmış faydaya görə cavabdehdən 350 manat tələb etməsi və cavabdehin iddiaya qarşı etirazının əsası kimi istinad etdiyi halla (iddiaçıya heç bir borcunun olmaması) bağlı qeyd edir ki, iddiaçı tələbinin əldən çıxmış fayda ilə bağlı mötəbər sübutu (məsələn: avtomobil DYP-nin cərimə meydançasına yerləşdirilərkən təqdim edilən müvafiq aktı), cavabdeh isə iddia qarşı etirazının əsasını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim etmədiklərindən iddianın əldən çıxmış fayda hissəsi, cavabdehin isə iddiaçıya heç bir borcunun olmamasına dair etirazı əsaslı olmadığından təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh avtomobilin zədələnməsinə görə 600 manat və inzibati xətalara görə cərimə məbləği kimi ödənilmiş 308,2 manat, ümumilikdə 908,2 manat alınaraq İddiaçı verilməli, iddia qalan hisssədə təmin edilməməlidir. İşdə olan 02 avqust 2025-ci tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 32,59 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə həmçinin hesab edir ki, 32,59 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh avtomobilin zədələnməsinə görə 600 manat və inzibati xətalara görə cərimə məbləği kimi ödənilmiş 308,2 manat, ümumilikdə 908 (doqquz yüz səkkiz) manat 20 (qəpik) alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 32 (otuz iki) manat 59 (əlli doqquz) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(055)-1271/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1271/2025
13.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver