Məhkəmə qərarları › İş №2(055)-1294/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1294/2024

04.12.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1294/2024 04.12.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evinə köçürülmə və mənzildən istifadə hüququnun tanınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Saatlı rayonu Mustafabəyli kəndində yerləşən fərdi yaşayış evinə yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə köçürülməsi və həmin evdən (mənzildən) istifadə hüququnun tanınması barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı iclasında İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh1 keçmiş əri, digər Cavabdeh2 isə keçmiş qaynatasıdır. O, 23 avqust 2007-ci ildə Cavabdeh1lə dini nikahla ailə həyatı quraraq Saatlı rayonu Mustafabəyli kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçərək on altı il həmin mənzildə yaşamış, 11 sentyabr 2009-cu ildə Cavabdeh1 ilə aralarında rəsmi nikah qeydi bağlanmışdır. Həmin mənzildə yaşadığı müddətdə 09 iyul 2008-ci ildə Sevgi, 08 iyul 2009-cu ildə Yamur və 15 iyun 2011ci ildə Sərvət adlı üç nəfər uşaqları anadan olmuşdur. Cavabdeh1 evdə narazılıq, davadalaş salaraq onu 07 iyul 2023-cü il tarixdə yaşadığı ər evindən qovmuşdur. Bundan sonra cavabdehin tələbi əsasında 05 avqust 2024-cü il tarixdə Saatlı Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuşdur. 16 il gəlin kimi yaşadığı mübahisəli mənzildə özünə və uşaqlarına aid əşyaları, cehiz əmlakları qalmış, cavabdehlər isə onu həmin mənzilə qayıdıb yaşamasına imkan vermirlər. Hal-hazırda uşaqları Sevgi və Yamur həmin mənzildə qeydiyyatda olsalar da, hər üç uşağı ilə bilrlikdə Bakı şəhərində müvəqqəti qeydiyyatda olmaqla yaşayırlar. Ona görə də göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı 2007-ci ildə oğlu Cavabdeh1lə el adəti ilə ailə həyatı quraraq Saatlı rayonu Mustafabəyli kəndində yerləşən onun yaşadığı fərdi yaşayış evinə gəlin köçərək 14-15 il müddətində yaşamış, həmin evdə iddiaçının üç nəfər uşaqları anadan olmuşdur. Oğlu Cavabdeh1lə İddiaçı arasında narazılıq yaranandan sonra iddiaçı uşaqları da özü ilə götürərək Bakı şəhərinə getmiş və hazırda Bakı şəhərində uşaqları ilə birlikdə yaşayırlar. İddiaçının mübahisələndirdiyi mənzil nə onun, nə də oğlu İlvanın mülkiyyətindədir, mənzil mərhum atası tərəfindən 1988-ci ildə tikilmiş, hazırda isə onun faktiki sahibliyindədir, lakin həmin evin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Ona görə də göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə digər Cavabdeh1 məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 2(055)-890/2024 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 ilə cavabdeh İddiaçı arasında olan xx.xx.2009-cu ildə Saatlı rayon Mustafabəyli kənd İcra Nümayəndəliyində qeydiyyata alınmış 24 saylı nikah pozulmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 09 iyul 2008-ci ildə, X5 08 iyul 2009-cu ildə və X6 15 iyun 2011-ci ildə doğulmuşlar. Uşaqların atası Cavabdeh1, anası İddiaçıdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon İHB-nın Mustafabəyli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 mart 2024-cü il tarixli, 134 saylı arayışdan görünür ki, İddiaçı və onun üç nəfər uşaqları-09 iyul 2008-ci il təvəllüdlü X4, 08 iyul 2009cu il təvəllüdlü X5 və 15 iyun 2011-ci il təvəllüdlü X2 rayonu Mustafabəyli kəndində yaşayırlar. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon İHB-nın Mustafabəyli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 sentyabr 2024-cü il tarixli, 390 saylı arayışdan görünür ki, İddiaçı iki nəfər uşaqları-09 iyul 2008-ci il təvəllüdlü X4 və 08 iyul 2009-cu il təvəllüdlü X1 rayon İHB-nın Mustafabəyli kənd İƏD üzrə nümayəndəliyinin 7 saylı təsərrüfatbaşına kitabın 545-ci təsərrüfatında Cavabdeh2 məxsus təsərrüfatda qeydiyyatdadırlar. İşdə olan və məhkəmə iclasında elan edilmiş AA seriya ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və şəxsin fərdi məlumatlarından görünür ki, İddiaçı xx xxxx 1991-ci ildə Bakı şəhərində doğulmuş və Saatlı rayon Mustafabəyli kəndində qeydiyyatdadır. İşdə olan və məhkəmə iclasında elan edilmiş şəxsin fərdi məlumatlarından görünür ki, Cavabdeh2 xx xxx 1962-ci ildə Saatlı rayonunda doğulmuş və Saatlı rayon Mustafabəyli kəndində qeydiyyatdadır. İşdə olan və məhkəmə iclasında elan edilmiş şəxsin fərdi məlumatlarından görünür ki, Cavabdeh1 xx xxxxxx 1990-cı ildə Saatlı rayonunda doğulmuş və Saatlı rayon Mustafabəyli kəndində qeydiyyatdadır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Sabirabad 1 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 26 sentyabr 2024-cü il tarixli, MŞS/MT 023/2024-01958 saylı arayışından görünür ki, mediasiya prosesinidavam etdirməyə razılıq verməyən tərəf İddiaçı olduğundan mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etmişdir. Məhkəmə iddiaçının və işdə iştirak edən cavabdehin izahatlarını dinləyib, işdə olan materialları araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmuyuna qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasındakı mübahisə Azərbaycan SSR-nin xx.xx.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrində ifadə olunmuş maddi hüquq normasına uyğun həll edilməlidir. Belə ki, həmin norma mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş normadır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normasına uyğun çıxarılmalıdır. Həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Maddənin 3-cü hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Maddənin 4-cü hissəsinə görə bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçürülməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Məhkəmə iclasında işin araşdırılan hallarında yəni, iddiaçının izahatı, İƏD-nin arayışları və nikahın pozulması haqqında qətnamə ilə müəyyən olunur ki, iddiaçı cavabdehin ailə üzvü kimi 2007-ci ildən etibarən cavabdehə məxsus olan Saatlı rayon İHB-nın Mustafabəyli kənd İƏD üzrə nümayəndəliyinin 7 saylı təsərrüfatbaşına kitabın 545-ci təsərrüfatında Cavabdeh2 məxsus təsərrüfatda qeydiyyatda olan fərdi yaşayış evinə gəlin köçərkən cavabdehin heç bir qeyd-şərti olmadan iddiaçı on altı il yaşamışdır. İddiaçının 2023-cü ildə həmin mənzili tərk etməsinə səbəb əri-Cavabdeh1 ilə aralarında yaranmış münasibətlərin pozulması olmuş, hansı ki, sonda nikahın pozulması ilə nəticələnmişdir. İddiaçının mənzili tərk edərkən əşyalarını aparmaması isə iddiaçı tərəfdən mənzili tərk etmənin müvəqqəti xarakter daşıdığını təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.3-cü maddəsinə görə əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. İddiaçının nikahı pozulmuş olsa da, iddiaçı Mənzil Məcəlləsinin 53-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq “icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam edən icarədarın oğlunun keçmiş arvadı” sayılır. Bundan başqa, hazırda iddiaçı ilə birlikdə Bakı şəhərində yaşayan üç nəfər uşaqlar - 09 iyul 2008-ci il təvəllüdlü X4, 08 iyul 2009-cu il təvəllüdlü X5 və 15 iyun 2011-ci il təvəllüdlü X6 doğulduqları andan valideynləri ilə birlikdə iddiaçının mübahisələndirdiyi həmin fərdi yaşayış evində yaşamışlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur: “Hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə görə isə 14 yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Qeyd olunanları nəzərə alaraq məhəkəmə hesab edir ki, İddiaçı, üç nəfər uşaqları (09 iyul 2008-ci il təvəllüdlü X4, 08 iyul 2009-cu il təvəllüdlü X5 və 15 iyun 2011-ci il təvəllüdlü X6) ilə birlikdə Saatlı rayon İHB-nın Mustafabəyli kənd İƏD üzrə nümayəndəliyinin 7 saylı təsərrüfatbaşına kitabın 545-ci təsərrüfatında Cavabdeh2 məxsus təsərrüfatda qeydiyyatda olan fərdi yaşayış evinə köçürülmələrini tələb etməkdə haqlıdır. İddia tələbinin mübahisəli yaşayış evindən istifadə hüququnun tanınması hissəsinə münasibətdə isə məhkəmə hesab edir ki, həmin hissədə iddia təmin edilə bilməz. Belə ki, qanunvericiliyə əsasən yaşayış evinə istifadə hüququnun əmələ gəlməsi mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Hazırki halda isə mübahisəli yaşayış evinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Buradan da görünür ki, iddiaçının mənzildən istifadə hüququnun tanınması barədə tələbi əsaslı deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin tələbinə görə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanunamüvafiq baxırlar. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə iştirak edən tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, iddianın - İddiaçı və onun üç nəfər uşaqları 09 iyul 2008-ci il təvəllüdlü X4, 08 iyul 2009-cu il təvəllüdlü X5 və 15 iyun 2011-ci il təvəllüdlü X6 ilə birlikdə Saatlı rayon İHB-nın Mustafabəyli kənd İƏD üzrə nümayəndəliyinin 7 saylı təsərrüfatbaşına kitabın 545-ci təsərrüfatında Cavabdeh2 məxsus təsərrüfatda qeydiyyatda olan fərdi yaşayış evinə köçürülməsi hissəsi təmin edilməli, iddianın mənzildən istifadə hüququnun tanınması hissəsi təmin edilməməlidir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 30 sentyabr 2024-cü il tarixli ödəniş qəbzindən və Sabirabad 1 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 26 sentyabr 2024-cü il tarixli, MŞS/MT 023/2024-01958 saylı arayışdan görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu, mediasiyaya müraciət edilməsi üçün 50 manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Göstərilən maddələrin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat dövlət rüsumu və 25 manat mediasiya xərci, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mütərək qaydada alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı və onun üç nəfər uşaqları 09 iyul 2008-ci il təvəllüdlü X4, 08 iyul 2009-cu il təvəllüdlü X5 və 15 iyun 2011-ci il təvəllüdlü X6 ilə birlikdə Saatlı rayon İHB-nın Mustafabəyli kənd İƏD üzrə nümayəndəliyinin 7 saylı təsərrüfatbaşına kitabın 545-ci təsərrüfatında Cavabdeh2 məxsus təsərrüfatda qeydiyyatda olan fərdi yaşayış evinə köçürülsünlər. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və 25 (iyirmi beş) manat mediasiya xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mütərək qaydada alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar