Məhkəmə qərarları › İş №2(055)-1355/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1355/2025

13.10.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1355/2025 13.10.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, İddiaçı, Cavabdeh X2 iştirakı ilə İddiaçı cavabdeh X3 qarşı fərdi yaşayış evindən cavabdehin çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyətində olan Saatlı şəhəri Mehdi Hüseyn küçəsi, ev 51 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, 2004-cü ildə qardaşı Azər Əsədov cavabdeh X4 ilə ailə həyatı quraraq İmişli rayonu Mirili kəndində yerləşən atası İltifat Əsədovun evinə gəlin köçmüş və nikahlarını rəsmiləşdirmişlər. Qardaşı Azərlə cavabdeh Zümrüd bir müddət İmişli rayonunda yaşamışlar, daha sonra qardaşı Azərin işi ilə bağlı Rusiya Federasiyasında yaşamışlar. X9 arasında olan narazılığa görə Zümrüd Saatlı rayonu Məzrəli kəndində yaşayan atası evinə qayıtmışdır. 2013-cü ildən valideynləri İmişli rayonundan köçərək Saatlı şəhəri Mehdi Hüseyn küçəsi, ev 51 ünvanında yerləşən fərdi yaşayış evini alıb həmin ünvanda yaşamağa başlamışlar. Bundan sonra cavabdeh Zümrüd Mirzaliyeva qardaşı Azərlə barışmaq məqsədi ilə onun valideynlərinin yaşadığı Saatlı şəhəri Mehdi Hüseyn küçəsi, ev 51 ünvanında yerləşən fərdi yaşayış evinə gələrək orada yaşamağa başlamışdır. Həmin vaxtlarda isə o ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşasa da hazırda ailəsi ilə birlikdə Bakı şəhərində kirayədə yaşayır. 2017-ci ildə atası vəfat etmiş, 2021-ci ildə anası vəfat etdikdən sonra Saatlı şəhəri Mehdi Hüseyn küçəsi, ev 51 ünvanında yerləşən fərdi yaşayış evini vərəsəlik qaydasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 18 iyul 2025-ci il tarixli çıxarışla tam xüsusi mülkiyyətinə keçirmiş və həmin vaxt ona məlum olmuşdur ki, cavabdeh həmin evdə pasport qeydiyyatındadır və yaşayır. Hal-hazırda da, qardaşı Azər Əsədovla cavabdeh Zümrüd Mirzaliyeva arasında bağlanmış nikah Saatlı Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Oğlu ailə həyatı qurmuş və Saatlı şəhəri Mehdi Hüseyn küçəsi, ev 51 ünvanında yerləşən fərdi yaşayış evində yaşamaq istəyir, amma cavabdehin həmin evdə yaşaması onun mənzil və mülkiyyət hüquqlarını pozur. Dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh onun fərdi yaşayış evindən çıxmır. Ona görə də, göstərdikləri nəzərə alınaraq cavabdeh X2 Saatlı şəhəri Mehdi Hüseyn küçəsi, ev 51 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdeh X4 iddianı etiraf etməyərək izahatında göstərdi ki, 2004-cü ildə iddiaçının qardaşı X8 ilə rəsmi nikah qeydindən keçməklə evlənib ailə həyatı qurmuş və gəlin kimi ərinin valideynlərinə məxsus olan İmişli rayonunun Mirili kəndində yerləşən fərdi yaşayış evində yaşamışdır. Bir müddət əri Azərlə Rusiyada yaşamışlar, sonra öz atası evinə qayıtmış və az müddət ərzində yenidən İmişli rayonunda yaşayan qaynatasının evinə qayıdaraq orada yaşamağa başlamışdır. Daha sonra qaynatası və qaynanası ilə birlikdə İmişli rayonundan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamağa başlamışlar. 21 il qaynatasına və qaynanasına gəlin kimi qulluq etmiş, yaşadığı evin abadlaşmasında əziyyət çəkmişdir. Lakin bu müddət ərzində iddiaçı Saatlı şəhəri Mehdi Hüseyn küçəsi, ev 51 ünvanında yerləşən fərdi yaşayış evində yaşamamış, valideynləri ilə maraqlanmamışdır. Yaşadığı evə heç vaxt qeydiyyata düşmək arzusunda olmamış, lakin qaynanasının təkidi və razılığı ilə həmin evə qeydiyyata düşmüşdür. Hətta qaynanası ölməmişdən əvvəl ona demişdir ki, əziyyətlərini çox çəkdiyi üçün o öləndən sonra da evdən çıxmasın. Qaynatası və qaynanası vəfat etdikdən sonra isə iddiaçı onu həmin evdə yaşamağa imkan verməmiş, ondan evdən çıxmasını tələb etmişdir. Odur ki, evdən çıxmaq istəmir və çıxacağı təqdirdə iddiaçıya qarşı təzminat tələbi ilə məhkəməyə mütaciət edəcəkdir. Ona görə də göstərdikləri nəzərə alınaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına verilmiş 18 iyul 2025-ci il tarixli çıxarışdan görünür ki, Saatlı şəhəri Mehdi Hüseyn küçəsi, ev 51 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı tam xüsusi mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Asan-Sabirabad tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında 04 avqust 2025-ci il tarixli, ******* saylı arayışdan görünür ki, İddiaçı 20 iyul 2022-ci il tarixdən Saatlı şəhəri Mehdi Hüseyn küçəsi, ev 51 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatdadır. Həmin evdə X4 da qeydiyyatdadır. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən olunmuş faktiki halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmədə tərəflərin izahatları və işin araşdırılan halları ilə müəyyən edildi ki, hazırda cavabdeh X1 şəhəri Mehdi Hüseyn küçəsi, ev 51 ünvanında yerləşən fərdi yaşayış evində pasport qeydiyyatında olmaqla yaşayır və həmin fərdi yaşayış evi də tam mülkiyyət hüququ əsasında İddiaçı xüsusi mülkiyyətindədir. Lakin buna baxmayaraq cavabdeh iddiaçının iradəsinə zidd olaraq həmin fərdi yaşayış evində həm mülkiyyət hüququ olmadan, həm də iddiaçının ailə üzvü olmadan yaşayır. İddiaçı cavabdehə könüllü olaraq mülkiyyətində olan evdən çıxmasını təklif etmiş, lakin cavabdeh onun təklifini qəbul etməmişdir. Hal-hazırda cavabdehin iddiaçının iradəsinə zidd olaraq iddiaçıya məxsus evdə yaşaması və evdən könüllü olaraq çıxmaq istəməməsi iddiaçının mülkiyyət hüququnu pozur. Qeyd olunanlardan görünür ki, İddiaçı fərdi yaşayış evinin tam hüquqlu mülkiyyətçisi kimi həmin evdən cavabdeh X2 çıxarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Konistitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Digər tərəfdən, məhkəmə tərəflər arasındakı hazırkı münasibətlər üzrə sübutları qiymətləndirən zaman əsaslı şübhələr yaratmayan sübut standartını qəbul edərək hesab edir ki, sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gəlməlidir. Belə ki, hər bir tərəf məhkəmədə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. Məhkəmə cavabdeh X2 iddiaya qarşı etirazının əsası kimi istinad etdiyi halla (iddiaçıya qarşı təzminat tələbi etməsi) bağlı qeyd edir ki, cavabdeh etirazının əsasını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən cavabdehin iddiaya qarşı bu etirazı əsaslı hesab edilə bilməz. Həmin Məcəllənin 4.1-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənnin 88-ci maddəsində qeyd edilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəhli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1 və 217.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş subutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı tam mülkiyyət hüququ əsasında məxsus olan Saatlı şəhəri Mehdi Hüseyn küçəsi, ev 51 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdeh X4 çıxarılmalı və hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılmalı və məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin tərəflərə və müvafiq dövlət orqanına izah edilməsidir. İşdə olan 29 avqust 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddələrin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. İddiaçı tam mülkiyyət hüququ əsasında məxsus olan Saatlı şəhəri Mehdi Hüseyn küçəsi, ev 51 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdeh X4 çıxarılsın. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Qətnamə qanuni qüvvəyə mindikdən sonra “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılsın. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin tərəflərə və müvafiq dövlət orqanına izah edilməsidir. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar