Məhkəmə qərarları › İş №2(055)-1430/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1430/2024

16.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1430/2024 16.12.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment və əlavə xərclərə cəlb edilmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cavabdehlə faktiki nikahından anadan olmuş 21 yanvar 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment, eləcə də uşağın hər ay müalicə və müayinə olunması üçün 200 manat pulun cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, onun Cavabdeh ilə faktiki nikahlarıdan xx.xx.2019-cu il təvəllüdlü Fatimə adlı uşaqları anadan olmuşdur. Cavabdehlə artıq uzun müddətdir ayrı yaşayırlar. Lakin rəsmi nikahları yoxdur. Cavabdeh uşağına laqeyd yanaşır. Onun qayğısına qalmır. Uşaqla maraqlanmır, nə də onun saxlanılmasına köməklik etmir. O, tək qadındır. Uşaq günü-gündən böyüyür, onun ehtiyaclarını qarşılamaq artıq ona çox çətin gəlir. Cavabdehin dəstəyinə ehtiyac vardır. İşləmədiyi üçün bir ana kimi uşağının ehtiyaclarını qarşılaya bilmir. Həmçinin övladı sağlam deyil və “kəskin obstruktiv bronxit” diaqnozu ilə qeydiyyatdadır. Müalicə və müayinə xərcləri isə həddindən artıq bahadır.Odur ki, qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, X4 21 yanvar 2019-cu il tarixdə anadan olmuşdur və həmin uşağın atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh 21 yanvar 2019-cu il təvəllüdlü X1 atası hesab edilmişdir. İşdə olan “Saatlı RMX” PHŞ-nin 15 iyul 2024-cü il tarixli arayışından görünür ki, X4 xəstəxananın poliklinika şəbəsində “kəskin obstruktiv bronxit” diaqnozu ilə qeydiyyatdadır. Elektron məhkəmə” informasiya sistemindən görünür ki, İddiaçı və Cavabdeh əmək haqqı, pensiya və ya müavinət almır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşağını saxlamadıqda uşağın saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında (Bundan sonra – Qərarda) qeyd edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Qərarda göstərilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Qeyd edilənlərə əsasən, məhkəmə bildirir ki, aliment məbləği müəyyən edilərkən yalnız himayəsində uşaq olan valideynin deyil, hər iki tərəfin maddi və ailə vəziyyətinin öyrənilərək nəzərə alınması həm qanunvericiliyin, həm də Konstitusiya Məhkəməsi Plenumunun özündə məcburi göstərişlər ifadə edən Qərarının tələbidir. Bununla yanaşı, uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas meyar olaraq qiymətləndirilməlidir. Hazırkı iş üzrə tərəflərin maddi vəziyyətini öyrənən məhkəmə müəyyən edir ki, tərəflərin rəsmi iş yeri yoxdur. İddiaçı isə cavabdehin gəlirləri barəsində hər hansı sübut təqdim edə bilmir.İddiaçının özü də heç bir yerdə işləmir, lakin himayəsində olan azyaşlı uşağın saxlanılması baxımından onun üzərinə ağır yük düşür. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, uşaqlar üçün ölkə üzrə 2024-cü ildə yaşayış minimumu 235 manat müəyyən edilmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, alimentin miqdarı 235 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin ikinci hissəsi, yəni cavabdehin uşğın xəstəliyi ilə əlaqədar əlavə xərclərə cəlb olunması ilə bağlı qeyd edir ki, Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-81.3-cü maddələrinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli Qərarına görə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. İş materiallarından görünür ki, X2 “kəskin obstruktiv bronxit” diaqnozu qoyulmuşdur. Məhkəmə diqqətə çatdırır ki, Azərbaycan Respublikasında tibbi xidmətlərin keyfiyyətini daha müasir tələblərə uyğunlaşdırılması, əhaliyə göstərilən tibbi xidmətlərin səviyyəsinin artırılması, habelə tibbi yardımın keyfiyyətinə, pasiyentlərin hüquqlarının qorunmasına nəzarət mexanizmlərini təkmilləşdirməsi məqsədilə icbari tibbi sığorta sistemi tətbiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi” təsdiq edilmişdir. Həmin Qərarın 3.1 və 3.2-ci bəndlərinə görə xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər təcili və təxirəsalınmaz tibbi yardım, ilkin səhiyyə xidməti, ixtisaslaşdırılmış ambulator yardım, stasionar tibbi yardım növlərini əhatə edir. Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tibbi xidmətlərin tarifləri bu Sənədin əlavəsinə uyğun olaraq müəyyən edilir. İddiaçı məhkəmə araşdırması zamanı izahatında övladı Fatimənin “kəskin obstruktiv bronxit” xəstəliyindən əziyyət çəkməsi səbəbindən müayinə və müalicə xərclərinin çox olmasını göstərərək cavabdehdən hər ay 200 manat pul tələb etsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi” nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, “kəskin bronxit” xəstəliyinin müayinə və müalicəsi xidmətlər zərfində nəzərdə tutulmaqla dövlət hesabına həyata keçirilir və iddiaçının övladı da həmin xidmətdən yararlanmaq hüququna malikdir. Həmçinin nəzərə alınmalıdır ki, cavabdehin gəlirləri barədə sübutlar olmadığı təqdirdə onun əlavə xərclərə cəlb olunması aliment öhdəliklərinin icrasında problemlər yaranmasına səbəb olacaqdır. Odur ki, məhkəmə iddia tələbini qeyd olunan hissədə əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı iddia ərizəsi 04 noyabr 2024-cü il tarixdə məhkəməyə daxil olduğundan məhkəmə hesab edir ki, aliment alınması həmin tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh 04 noyabr 2024-cü il tarixdən başlanaraq 21 yanvar 2019-cu il təvəllüdlü Fatimə adlı bir nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 235(iki yüz otuz beş) manat sabit pul məbləğində aliment alınıb İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 04 noyabr 2024-cü il tarixdən başlanaraq 21 yanvar 2019-cu il təvəllüdlü Fatimə adlı bir nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 235(iki yüz otuz beş) manat sabit pul məbləğində aliment alınıb İddiaçı xeyrinə ödənilsin. Qətnamənin aliment hissəsi dərhal icra olunsun. İddia qaldırılarkən ödənilmiş 50(əlli) manat mediasiya xərci Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. çıxarış İş № 2(055)-1430/2024 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 16 dekabr 2024-cüil Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment və əlavə xərclərə cəlb edilmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 04 noyabr 2024-cü il tarixdən başlanaraq 21 yanvar 2019-cu il təvəllüdlü Fatimə adlı bir nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 235(iki yüz otuz beş) manat sabit pul məbləğində aliment alınıb İddiaçı xeyrinə ödənilsin. Qətnamənin aliment hissəsi dərhal icra olunsun. İddia qaldırılarkən ödənilmiş 50(əlli) manat mediasiya xərci Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar