Məhkəmə qərarları › İş №2(055)-168/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-168/2023

18.04.2023 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-168/2023 18.04.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı5, Cavabdeh2, Cavabdehlər Cavabdeh4 və Cavabdeh1 nümayəndəsi X2, Cavabdeh5 nümayəndəsi X3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab ediməsi tələbinə dair mülki işə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab ediməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında İddiaçı1 iddiasını müdafiə edərək izahatında göstərdi ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 dekabr 1998-ci il tarixli 12 saylı qərarı ilə JN-015A, KOD 90800048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Saatlı rayonunun Mircəlal kəndində yerləşən 2.92 ha torpaq sahəsi X9, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, X10, Cavabdeh1, X4 və Cavabdeh2 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsini mərhum Şura İsmayılovadan 1997-ci il tarixdə əvvəlki Azərbaycan manatının məzənnəsi ilə 25 milyon manaq pul müqabilində almışlar. Həmin vaxt digər mülkiyyətçilər torpaq alqı-satqısından xəbərdar olmuş, şifahi müqaviləyə razılaşaraq etiraz etməmişlər. Hüquqi savadlarının olmaması səbəbindən torpaq sahəsini rəsmi qaydada alqı-satqı etməmişlər.Sözügedən torpaq sahəsində 1990-ci ildə tikilmiş 3 otaqlı və 1 eyvandan ibarət fərdi yaşayış evi var və həmin evdə təsərrüfat olaraq qeydə alınmışlar. Həmin vaxtdan halhazırkı vaxta həmin fərdi yaşayış evindən istifadə edir, torpaq sahəsini əkib-becərir, kommunal və vergi xərclərini ödəyirlər.Hazırda cavabdehlər onların mübahisə predmeti olan torpaq sahəsindən və evdən çıxmalarını tələb edirlər. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı digər iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı5 İddiaçı1 ilə eyniməzmunlu izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş İddiaçı4 Oqtay oğlu heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsaslanaraq iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 dekabr 1998-ci il tarixli 12 saylı qərarı ilə JN-015A, KOD 90800048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Saatlı rayonunun Mircəlal kəndində yerləşən 2.92 ha torpaq sahəsi X9, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, X10, Cavabdeh1, X4 və Cavabdeh2 mülkiyyətinə verilmişdir. İddiaçılar həmin torpaq sahəsini onların mərhum nənələri Şura İsmayılovadan 1997-ci il tarixdə əvvəlki Azərbaycan manatının məzənnəsi ilə 25 milyon manaq pul müqabilində aldıqlarını bildirsələr də, sözügedən alqı-satqı müqaviləsindən məlumatları olmamışlar. Onların bildiyinə görə torpaq sahəsi iddiaçılara icarəyə verilmiş, alqı-satqı müqaviləsi bağlanmamışdır.Ona görə də göstərdiklərinin nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh4 və Cavabdeh1 nümayəndəsi X4 və Cavabdeh5 nümayəndəsi X10 Cavabdeh2 ilə eyniməzmunlu izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh3 məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, iddiaçılarla həmkəndlidir. Onda olan məlumata görə iddiaçılar Saatlı rayonunun Mircəlal kəndində yerləşən 2.92 ha torpaq sahəsini mərhum Şura İsmayılovadan pul müqabilində almışlar. Məhkəmə baxışı zamanı digər şahidlər X1 və X8 şahid X5 ilə eyniməmunda ifadə verdilər. İşdə olan və məhkəmə iclasında elan edilmiş JN-015A, KOD 90800048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 dekabr 1998-ci il tarixli 12 saylı qərarı ilə verilmiş 2.92 hektar torpaq sahəsi X9, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, X10, Cavabdeh1, X4 və Cavabdeh2 mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 29 mart 2010-cu il tarixdə vəfat etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 222.2-ci maddəsinə görə birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Həmin Məcəllənin 335.2-ci maddəsinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir (24 iyun 2005-ci il 949- İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə çıxarılmışdır). Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-394-cü maddələrinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə” 22 mart 2006-cı il tarixli Qərarın qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, mülki qanunvericiliyin tələblərinə görə əmlakın (əşyanın) hüquqi müqəddəratını (qanunvericilik tərəfindən müəyyən edilən istisnalar nəzərə alınmaqla) yalnız mülkiyyətçi təyin edə bilər. Konstitusiya Məhkəməsi həmin qərarda göstərmişdir ki, Mülki Məcəllənin 335-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Qeyd edilməlidir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir(“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur.Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Birinci hal, yəni əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsinin əks tərəfin təqsiri ucbatından baş verməli olması halı ilə bağlı qeyd olunmalıdır ki, əqdin bağlanması üçün ilk növbədə tərəflərin iradə ifadəsi olmalı və tərəflərin nəzərdə tutduqları əqd ən azı formal baxımdan artıq bağlanmış olmalıdır. İş materiallarına əsasən torpağa mülkiyyət hüququna dair dövlət aktı əldə olmuş və iddiaçılar həmin sənəd əsasında torpaq sahəsini qanuni şəkildə (notarial qaydada) özgəninkiləşdirmək imkanına malik olmuşlar. Belə olduğu halda torpaq sahəsinin alqı-satqısı barədə əqd bağlamaq üçün əvvəlcədən iddiaçının cavabdehlərə notariat orqanına getmələrini niyə təklif etməməsi və buna mane olan səbəblər aydın deyildir. Əgər həmin vaxt cavabdehlər notariat orqanına getməkdən yayınmışlarsa, deməli, onların (yaxud onlardan hər hansı birinin və ya bir neçəsinin) həmin əqdi bağlamaq niyyətləri olmamışdır. İkinci hal, yəni məhz əks tərəfin əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı olması halı ilə bağlı qeyd edilməlidir ki, əgər həqiqətən də torpaq sahəsinin alqı-satqısına dair iddiaçıların nəzərdə tutduqları əqd bağlanmış olsaydı və buna onların iradə ifadəsi mövcud olsaydı, o zaman cavabdehlərin notariat kontoruna getməkdən yayınmaları üçün əsas və səbəb olmazdı. Üçüncü hal, yəni əqdin özünün qanuna zidd olmaması və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl olunması halı ilə bağlı diqqətə çatdırılmalıdır ki, bu hal qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının notarial formasına riayət edilməməsi onların etibarsızlığına səbəb olur. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarında vurğulanmışdır ki, “əqdin yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır”. Göründüyü kimi, məhkəmə araşdırması zamanı mübahisə predmeti olan torpağın alqı-satıqısına dair yazılı əqd olmadığı müəyyən edilmiş, eyni zamanda əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsinin əks tərəfin təqsiri ucbatından baş verməsi və tərəfin əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırması halları barədə məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə, həmçinin iş materiallarına əlavə edilmiş sənədlərə əsasən iddiaçıların mübahisə predemti olan 2.92 ha torpaq sahəsində təsərrüfat olaraq qeydə alınmaqla həmin torpaq sahəsində 1990-cı ildə tikilmiş fərdi yaşayış evində yaşamaları, torpaq vergisi, kommunal xərcləri ödəmələri barədə xüsusatlar və şahid ifadələri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə mübahisəsi zamanı daşınmaz əmlakla bağlı əqdin bağlanmasını təsdiq edən sübut vasitəsi kimi yalnız yazılı formada tərtib olunmuş və notarial qaydada təsdiqlənmiş müqavilə çıxış edə bilər. Həmin əqdin bağlanmasının başqa sübutlarla, o cümlədən şahid ifadələri ilə əsaslandırılması yolverilməzdir və şahidlərin ifadələrini məhz bu xarakterli mübahisə üçün mötəbər hesab etmək olmaz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Oqtay oğlunun və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab ediməsi tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab ediməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar