Məhkəmə qərarları › İş №2(055)-177/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-177/2024

26.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-177/2024 26.02.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçı 3 saylı X4 Mərkəzinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı 3 saylı X4 Mərkəzinin Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldırlması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı 3 saylı X4 Mərkəzi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı rayonu Bəylər kənd sakini Cavabdeh Saatlı meşəbəyliyinin 1-ci kvartalının 14-cü dolayında özbaşına tutduğu (zəbt etdiyi) 18 ha torpaq sahəsində kənd təsərrüfatı məhsulları əkdiyi ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq 3 saylı X4 Mərkəzinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı 3 saylı X4 Mərkəzinin nümayəndəsi X3 iddianı müdafiə edərək izahatında göstərdi ki, 3 saylı X4 Mərkəzinin əməkdaşları tərəfindən 11 sentyabr 2023-cü il tarixdə Saatlı meşəbəyliyinin ərazisində meşə fondu torpaqlarının təyinatından kənar istifadə halları yoxlanılarkən Saatlı rayonu Bəylər kənd sakini Cavabdeh tərəfindən Saatlı meşəbəyliyinin 1-ci kvartalının 14-cü dolayında 18 ha torpaq sahəsində qeyri-qanuni olaraq kənd təsərrüfatı məhsulları əkməsi aşkar olunmuşdur. Həmin fakt əsasında müvafiq akt tərtib edilmiş, ərazinin koordinatları, ərazidən çıxarış və fotoşəkillər akta əlavə edilmişdir. Cavabdeh tərəfindən meşə qanunvericiliyinin tələbləri pozulduğu üçün adıçəkilən sahənin könüllü boşaldılması barədə onun ünvanına 15 sentyabr 2023-cü il tarixli məktubun göndərilməsinə baxmayaraq, dövlət meşə fonduna aid torpaq sahəsi hazırki vaxta kimi boşaldılmamışdır. Ona görə də Saatlı rayonu Bəylər kənd sakini Cavabdeh Saatlı meşəbəyliyinin 1-ci kvartalının 14-cü dolayında özbaşına tutduğu (zəbt etdiyi) 18 ha torpaq sahəsində kənd təsərrüfatı məhsulları əkdiyi ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq 3 saylı X4 Mərkəzinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 11 sentyabr 2023-cü il tarixli 002784 saylı aktdan görünür ki, 3 saylı X4 Mərkəzi tərəfindən yoxlama aparılarkən xidməti ərazilərində meşə fondu torpaqlarında meşə qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyəti araşdırılmış, heç bir hüquq müəyyənedici sənədlər olmadan ayrı-ayrı vətəndaşlar tərəfindən zəbt olunaraq kənd təsərrüfatı birtkilərinin (bostan bitkiləri, yonca və taxıl) əkilməsi faktları aşkar edilmişdir. Saatlı meşəbəyliyinin 1 və 2 saylı dolaylarına keçirilən baxış zamanı Saatlı rayonu Bəylər kənd sakini Cavabdeh tərəfindən 18 ha ərazinin zəbt edilərək kənd təsərrüfatı bitkiləri əkildiyi məlum olmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş 15 sentyabr 2023-cü il tarixli 3-14- 27-03/2-A-069-3/2023 saylı xəbərdarlıq məktubundan və onun göndərilməsi barədə qəbzdən görünür ki, 3 saylı X4 Mərkəzi tərəfindən Cavabdeh yaşadığı ünvana xəbərdarlıq məktubu göndərilərək 3 saylı X4 Mərkəzinin Saatlı meşəbəyliyinin 1 saylı meşə dolayının 14-cü kvartalında qeyri-qanuni əkdiyi 18 ha torpaq sahəsinin könüllü olaraq 30 gün müddətində boşaldılması, sahənin əvvəlki vəziyyətinə gətirilməsinin təmin edilməsi tələb olunmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş 3 saylı X4 Mərkəzi Saatlı meşəbəyliyi 1 saylı dolay 4-cü kvartalın xəritədən çıxarışından görünür ki, 3 saylı X4 Mərkəzinin Saatlı meşəbəyliyinə aid olan 18 ha torpaq sahəsi zəbt olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 saylı X4 Mərkəzi haqqında əsasnamədən görünür ki, 3 saylı X4 Mərkəzi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki qurumdur. Mərkəz Qanunvericiliyə uyğun olaraq öz fəaliyyət istiqamətlərinə aid məsələlərlə əlaqədar məhkəmələrdə iddiaçı və ya cavabdeh qismində çıxış edir, müvafiq prosessual hüquq və vəzifələri həyata keçirir. Mərkəzin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Mərkəzin müstəqil balansı, qanunvericiliyə uyğun olaraq sərəncamında olan dövlət əmlakı, xəzinə hesabları, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri, Nazirliyin, Xidmətin və öz adı əks olunmuş möhürü, müvafiq ştampları və blankları vardır. Mərkəzin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi, Meşələrin qorunub saxlanması və təkrar istehsalı fondu, büdcədənkənar xüsusi vəsaitlər, habelə qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına həyata keçirilir. Mərkəz Sabirabad şəhərində yerləşir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsində (mülkiyyətin müdafiəsi) göstərilir ki, mülkiyyətçin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatı, 11 sentyabr 2023-cü il tarixli 002784 saylı akt, 15 sentyabr 2023-cü il tarixli 3-14-27-03/2-A-069-3/2023 saylı xəbərdarlıq məktubu və 3 saylı X4 Mərkəzi Saatlı meşəbəyliyi 1 saylı dolay 4-cü kvartalın xəritədən çıxarış ilə müəyyən edildi ki, 3 saylı X4 Mərkəzinin əməkdaşları tərəfindən 11 sentyabr 2023-cü il tarixdə Saatlı meşəbəyliyinin ərazisində meşə fondu torpaqlarının təyinatından kənar istifadə halları yoxlanılarkən Saatlı rayonu Bəylər kənd sakini Cavabdeh tərəfindən Saatlı meşəbəyliyinin 1-ci kvartalının 14-cü dolayında 18 ha torpaq sahəsində qeyri-qanuni olaraq kənd təsərrüfatı məhsulları əkməsi aşkar olunmuşdur. Cavabdeh tərəfindən meşə qanunvericiliyinin tələbləri pozulduğu üçün mübahisəli torpaq sahəsinin könüllü boşaldılması barədə iddiaçı tərəfindən ona xəbərdarlıq edilmiş, lakin cavabdeh tərəfindən dövlət meşə fonduna aid torpaq sahəsini hazırki vaxta kimi boşaldılmamışdır. Ona görə də iddiaçı 3 saylı X4 Mərkəzi Saatlı rayonu Bəylər kənd sakini Cavabdeh Saatlı meşəbəyliyinin 1-ci kvartalının 14-cü dolayında özbaşına tutduğu (zəbt etdiyi) 18 ha torpaq sahəsində kənd təsərrüfatı məhsulları əkdiyi ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq 3 saylı X4 Mərkəzinə təhvil verilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə 11 sentyabr 2023-cü il tarixli 002784 saylı aktı, 15 sentyabr 2023-cü il tarixli 3-14-27-03/2-A-069-3/2023 saylı xəbərdarlıq məktubunu və 3 saylı X4 Mərkəzi Saatlı meşəbəyliyi 1 saylı dolay 4-cü kvartalın xəritədən çıxarışı Cavabdeh tərəfindən iddiaçı 3 saylı X4 Mərkəzinin Saatlı meşəbəyliyinin 1-ci kvartalının 14-cü dolayında 18 ha torpaq sahəsini özbaşına tutmasını (zəbt etməsini) təsdiq edən mötəbər sübutlar kimi qəbul edir. Azərbaycan Respublikasının Konistitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı 3 saylı X4 Mərkəzi Saatlı rayonu Bəylər kənd sakini Cavabdeh Saatlı meşəbəyliyinin 1-ci kvartalının 14-cü dolayında özbaşına tutduğu (zəbt etdiyi) 18 ha torpaq sahəsində kənd təsərrüfatı məhsulları əkdiyi ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq 3 saylı X4 Mərkəzinə təhvil verilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməklə Cavabdeh iddiaçı 3 saylı X4 Mərkəzinin Saatlı meşəbəyliyinin 1-ci kvartalının 14-cü dolayında özbaşına tutduğu (zəbt etdiyi) 18 ha torpaq sahəsində kənd təsərrüfatı məhsulları əkdiyi ərazi boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçı 3 saylı X4 Mərkəzinə təhvil verilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Həmin qanunun 9.1 və 9.1.14-cü maddələrinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddələrin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən iş üzrə qiymətləndirilməyən iddia ərizəsinə uyğun olaraq 100 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı 3 saylı X4 Mərkəzinin Saatlı meşəbəyliyinin 1-ci kvartalının 14cü dolayında özbaşına tutduğu (zəbt etdiyi) 18 ha torpaq sahəsində kənd təsərrüfatı məhsulları əkdiyi ərazi boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçı 3 saylı X4 Mərkəzinə təhvil verilsin. 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar