Məhkəmə qərarları › İş №2(055)-190/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-190/2023

06.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-190/2023 06.03.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8, İddiaçı, cavabdeh X2 iştirakı ilə İddiaçı cavabdeh X3 qarşı torpaq sahəsindən qanunsuz istifadəsinin dayandırılması və oradan çıxarma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 onun və iki nəfər ailə üzvünün ümumi birgə mülkiyyətində olan 1.47 hektar və 0.5384 hektar pay torpaq sahəsindən qanunsuz istifadəsinin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********04 saylı, 08 sentyabr 2022-ci il tarixli və **********05 saylı, 08 sentyabr 2022-ci il tarixli çıxarışlara əsasən Saatlı rayonu Fətəlikənd kəndində yerləşən 1.47 və 0.5384 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun, X4 və X7 ümumi birgə mülkiyyətindədir. Həmin torpaq sahəsini bütünlüklə əkib-becərmək üçün beş illik müddətə cavabdehə icarəyə vermişlər. Lakin cavabdeh on beş ildir ki, həmin torpaq sahələrindən istifadə edir. İcarə ilə bağlı cavabdehlə heç bir müqavilə bağlamamışlar və icarə haqqı kimi cavabdeh onlara birdəfəyə 3000 manat ödəmişdir. Hazırda həmin torpaq sahələrini özləri əkibbecərmək istəyirlər. Buna görə də cavabdehin onlara verdiyi 3000 manatı qaytarmaq istəsələr də, cavabdeh qəbul etməmiş və dəfələrlə tələb etmələrinə baxmayaraq, cavabdeh torpaq sahələrini qaytarmamışdır. Ona görə də X2 onun və iki nəfər ailə üzvünün ümumi birgə mülkiyyətində olan 1.47 hektar və 0.5384 hektar pay torpaq sahəsindən qanunsuz istifadəsinin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdeh X5 iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, sadəcə iddia ərizəsində göstərilən torpaq sahələrini deyil, ümumilikdə iddiaçıya və onun ailə üzvlərinə məxsus 4 hektar torpaq sahəsini iddiaçının dediyi kimi icarəyə götürməmiş, həmin torpaq sahələrini iddiaçının oğlu X6 birdəfəlik olaraq almışdır. İddiaçı onun verdiyi 3000 manat pulu qaytarmağı və onun da torpaq sahələrini qaytarmasını təklif etmiş, lakin o, bunu qəbul etməmişdir. Belə ki, o, iddiaçının göstərdiyi topaq sahələrini 2007-2008-ci illərdə 3000 manata almış, lakin hazırda həmin torpaq sahələrinin dəyəri eyni olmadığından iddiaçı ona 7000-8000 manat verəcəyi təqdirdə həmin torpaq sahələrini iddiaçıya qaytara bilər. Odur ki, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********05 nömrəli çıxarışdan görünür ki, İddiaçı, X4 və X7 ümumi birgə mülkiyyətində Saatlı rayonu Fətəlikənd kəndində yerləşən 0.5384 hektar torpaq sahəsi vardır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********04 nömrəli çıxarışdan görünür ki, İddiaçı, X4 və X7 ümumi birgə mülkiyyətində Saatlı rayonu Fətəlikənd kəndində yerləşən 1.47 hektar torpaq sahəsi vardır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konistitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində (mülkiyyətin müdafiəsi) göstərilir ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək kimi hüquqları vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsində isə özbaşına zəbt olunmuş torpaq sahələrinin qaytarılması müəyyən olunmuşdur. Məhkəmə iclasında tərəflərin izahatları və iş materialları ilə müəyyən edildi ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********05 nömrəli və **********04 nömrəli çıxarışlara əsasən İddiaçı, X4 və X7 ümumi birgə mülkiyyətində Saatlı rayonu Fətəlikənd kəndində yerləşən 0.5384 hektar və 1.47 hektar torpaq sahələri vardır. X5 iddiaçının və onun ailə üzvlərinin mülkiyyətində olan həmin torpaq sahələrindən öz istədiyi kimi istifadə etmələrinə imkan vermədiyi üçün iddiaçı torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması və həmin torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa cavabdeh X5 məhkəmə iclasında verdiyi izahatda mübahisəli torpaq sahəsini birdəfəlik olaraq almasını göstərsə də, məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi notariat qaydada alqı-satqı olunmamış və hal-hazırda da torpaq sahəsi iddiaçının və onun ailə üzvlərinin mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Saatlı rayonu Fətəlikənd kəndində yerləşən 0.5384 hektar və 1.47 hektar pay torpaq sahəsindən cavabdeh X2 qanunsuz istifadəsinin dayandırılması və oradan çıxarımasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməklə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********05 nömrəli və **********04 nömrəli çıxarışlara əsasən İddiaçı və onun digər iki ailə üzvünün ümumi birgə mülkiyyətində olan Saatlı rayonu Fətəlikənd kəndində yerləşən 0.5384 hektar və 1.47 hektar pay torpaq sahələrindən cavabdeh X2 qanunsuz istifadəsi dayandırılmalı və o, həmin torpaq sahələrindən çıxarılmalıdır. İşdə olan 27 yanvar 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, cavabdeh X1 məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********05 nömrəli və **********04 nömrəli çıxarışlara əsasən İddiaçı və onun digər iki ailə üzvünün ümumi birgə mülkiyyətində olan Saatlı rayonu Fətəlikənd kəndində yerləşən 0.5384 hektar və 1.47 hektar pay torpaq sahələrindən cavabdeh X2 qanunsuz istifadəsi dayandırılsın və o, həmin torpaq sahələrindən çıxarılsın. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdeh X1 alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar