Məhkəmə qərarları › İş №2(055)-2/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-2/2024

24.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-2/2024 24.04.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması və oradan çıxarma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli, 08 saylı qərarı ilə JN-701, KOD 90800068 saylı Dövlət Aktı əsasında Saatlı rayonunun Şirinbəy kəndi ərazisində onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 2.10 ha torpaq sahəsinin 10301 kv.m hissəsindən cavabdehin qanunsuz istifadənin dayandırılması, cavabdehin həmin torpaq sahəsindən çıxarılması,100 manat dövlət rüsumunun və 100 manat vəkil xidmət haqqının cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Saatlı rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli, 08 saylı qərarı ilə JN-701, KOD 90800068 saylı Dövlət Aktı əsasında Saatlı rayonunun Şirinbəy kəndi ərazisində onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 2.10 ha torpaq sahəsinin 1.03 ha hissəsindən cavabdehin qanunsuz istifadənin dayandırılması, cavabdehin həmin torpaq sahəsindən çıxarılması,100 manat dövlət rüsumunun və100 manat vəkil xidmət haqqının cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli, 08 saylı qərarı ilə Saatlı rayonunun Şirinbəy kəndi ərazisində 2.10 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin 1.03 ha hissəsindən cavabdeh qanunsuz olaraq istifadə edir. Bununla bağlı cavabdehə öz etirazını bildirsə də, heç bir müsbət nəticə əldə etməmişdir.Torpaq sahəsinin cavabdehin qanunsuz istifadəsində olması ekspert rəyi ilə bir daha təsdiq olunur. Ona görə də göstərdiklərinin nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı etiraf etməyərək izahatında göstərdi ki, JN-699, KOD 90800068 saylı Dövlət aktına əsasən X1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1.07 ha torpaq sahəsini 05 may 2015-ci ildə 3000 manat müqabilində İbrəhim Əliyevdən almış və imzalanmış alqı-satqı aktı Şirinbəy kənd bələdiyyəsi tərəfindən təsdiq edilmişdir.Həmin vaxtdan da torpaq sahəsini istifadə etməyə başlamış, orada irriqasiya və meliorasiya işləri görmüş, məhsuldarlığı artırmaq məqsədilə 1000 manatdan çox vəsait sərf etmişdir.Hazırda məlum olmuşdur ki, vaxtilə İbrəhim Əliyevdən aldığı 1.07 ha torpaq sahəsi əvəzinə səhvən hazırda İddiaçı iddia etdiyi 1.03 ha torpaq sahəsi onun istifadəsinə verilmişdir. Ona verilməsi nəzərdə tutulmuş 1.07 ha torpaq sahəsi isə İddiaçı istifadəsindədir. İbrəhim Əliyev iddiaçının doğma atasıdır. Sonuncu vəfat etdiyindən İddiaçı bundan istifadə edib hazırki iddia tələbini irəli sürmüşdür. Belə olan halda heab edir ki, iddia tələbi əsassız hesab olunmalıdır. Ona görə də göstərdiklərinin nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İşdə olan JN-701, KOD 90800068 saylı Dövlət aktının surətindən görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli, 08 saylı qərarı ilə Saatlı rayonunun Şirinbəy kəndi ərazisində yerləşən 2.10 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 mart 2024-cü il tarixli, 3-16-16/2-10/9477 nömrəli ekspert rəyindən görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli, 08 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-701, KOD 90800068 saylı torpağa Mülkiyyət Hüququna dair Dövlət aktında olan Saatlı rayonunun Şirinbəy kəndi ərazisində yerləşən kənd təsərrüfatlı təyinatlı 2.10 ha torpaq sahəsinin JN-701M nömrə ilə qeydə alınmış 1.03 ha hissəsinin Cavabdeh tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konistitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsində (mülkiyyətin müdafiəsi) göstərilir ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək kimi hüquqları vardır. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsində isə özbaşına zəbt olunmuş torpaq sahələrinin qaytarılması müəyyən olunmuşdur. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli, 08 saylı qərarı ilə Saatlı rayonunun Şirinbəy kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş 2.10 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. Cavabdeh İddiaçı mülkiyyətində olan həmin torpaq sahəsinin 1.03 ha hissəsindən öz istədiyi kimi istifadə etməsinə imkan vermədiyi üçün iddiaçı cavabdehin torpaq sahəsinin həmin hissəsindən qanunsuz istifadənin dayandırılması və oradan çıxarması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın əsaslı olması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 mart 2024-cü il tarixli, 3-16-16/2- 10/9477 nömrəli ekspert rəyi ilə bir daha təsdiq olunmuşdur. Məhkəmə baxışı zamanı Cavabdeh JN-699, KOD 90800068 saylı Dövlət aktına əsasən X1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1.07 ha torpaq sahəsini 05 may 2015-ci ildə 3000 manat müqabilində İbrəhim Əliyevdən aldığını, imzalanmış alqısatqı aktının Şirinbəy kənd bələdiyyəsi tərəfindən təsdiq edildiyini, İbrəhim Əliyevdən aldığı 1.07 ha torpaq sahəsi əvəzinə səhvən hazırda İddiaçı iddia etdiyi 1.03 ha torpaq sahəsinin onun istifadəsinə verildiyini, ona verilməsi nəzərdə tutulmuş 1.07 ha torpaq sahəsinin isə İddiaçı istifadəsində olduğunu və İddiaçı İbrəhim Əliyevin vəfat etməsindən istifadə edib hazırki iddia tələbini irəli sürdüyünü göstərib iddianın rədd edilməsini xahiş etmişdir.Məhkəmə cavabdehin qeyd olunan dəlilinə münasibət bildirərək qeyd edir ki, mübahisə predmeti 1.03 ha torpaq sahəsi hazırda iddiaçı və ailə üzvlərinə mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsidir. İddiaçının tələbi qanuni olduğundan onun tələbi məhkəmə qaydasında müdafiə olunmalı və iddia təmin edilməlidir. Cavabdehə isə izah olunur ki, torpaq sahəsinin alınmasına görə verdiyi pulu mərhum X1 vərəsələrindən tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Saatlı rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli, 08 saylı qərarı ilə JN-701, KOD 90800068 saylı Dövlət Aktı əsasında Saatlı rayonunun Şirinbəy kəndi ərazisində İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 2.10 ha torpaq sahəsinin 1.03 ha hissəsindən Cavabdeh qanunsuz istifadəsi dayandırılmalı və cavabdeh həmin torpaq sahəsindən çıxarılmalıdır. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu və 100 manat vəkil xidmət haqqı ödəmişdir. İşə əlavə edilmiş mütəxəssis rəyinin verilməsinə dair smetadan görünür ki, aparılmış tədqiqatın dəyəri 116.70 manat təşkil etmişdir. İşə əlavə edilmiş ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, İddiaçı ödədiyi 100 manat dövlət rüsumu, 100 manat vəkil xidmət haqqı və 116.70 manat mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərc, cəmi 316.70 manat Cavabdeh tutulub İddiaçı verilməli, ekspertiza tədqiqinin dəyəri olan 50 manat isə Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Saatlı rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli, 08 saylı qərarı ilə JN-701, KOD 90800068 saylı Dövlət Aktı əsasında Saatlı rayonunun Şirinbəy kəndi ərazisində İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 2.10 ha torpaq sahəsinin 1.03 ha hissəsindən Cavabdeh qanunsuz istifadəsi dayandırılsın və cavabdeh həmin torpaq sahəsindən çıxarılsın. İddia qaldırılarkən ödənilmiş 100 manat dövlət rüsumu, 100 manat vəkil xidmət haqqı və 116.70 manat mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərc, cəmi 316(üç yüz on altı) manat 70(yetmiş) qəpik Cavabdeh alınaraq İddiaçı verilsin. Cavabdeh 50(əlli) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar