Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-293/2023 20.04.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Mil-Muğan Regional Təhsil idarəsinın nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Saatlı rayonu, Qırağlı kənd körpələr evi-uşaq bağçası və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Mil-Muğan Regional Təhsil idarəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdehlər Saatlı rayonu, Qırağlı kənd körpələr evi-uşaq bağçası və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Mil-Muğan Regional Təhsil idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı rayonu, Qırağlı kənd körpələr evi-uşaq bağçasının onunla bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verilməklə tərbiyəçi işindən azad edilməsi barədə olan xx.xx.2022-ci il tarixli 30 nömrəli əmrin və həmin əmrin verilməsinə əsas göstərilən Mil-Muğan Regional Təhsil idarəsinin xx.xx.2022-ci il tarixli K-67 nömrəli əmrinin ləğv edilməsini, onun əvvəlki işinə, yəni, Saatlı rayonu, Qırağlı kənd körpələr evi-uşaq bağçasında tərbiyəçi vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahatında göstərdi ki, təxminən 30 il ərzində Saatlı rayonu, Qırağlı kənd körpələr evi-uşaq bağçasında tərbiyəçi vəzifəsində qüsursuz olaraq çalışmış, cəza almamışdır. Mil-Muğan Regional Təhsil idarəsinin xx.xx.2022-ci il tarixli K-67 nömrəli əmri əsas götürülməklə Saatlı rayonu, Qırağlı kənd körpələr evi-uşaq bağçasının müdiri Həqiqət Əhmədovanın xx.xx.2022-ci il tarixli 30 nömrəli əmrinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə onunla bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verilməklə tərbiyəçi işindən azad edilmişdir. Hesab edir ki, həmin əmr qanunsuzdur. Çünki Mil-Muğan Regional Təhsil idarəsinin əmrində bağçada iki qrupun fəaliyyətinə xitam verildiyi, işçilərdən onun və digər bir-neçə nəfər şəxsin ixtisara düşəcəyi bildirilmişdir. Həmin vaxt bağçanın müdiri olan Günay Şahbazova onunla qərəzli münasibəti olduğu və onun işləməsini istəmədiyi üçün onun ixtisara salınmasını təşkil etmiş, hazır əmrə isə yeni təyin edilmiş müdir Həqiqət Əhmədova imza atmışdır. Bundan başqa onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən qabaqcadan xəbərdarlıq edilməmiş, həmkarlar ittifaqının razılığı alınmamışdır.Odur ki, iddianın təmin edilərək Saatlı rayonu, Qırağlı kənd körpələr evi-uşaq bağçasının onunla bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verilməklə tərbiyəçi işindən azad edilməsi barədə olan xx.xx.2022-ci il tarixli 30 nömrəli əmrin və həmin əmrin verilməsinə əsas göstərilən Mil-Muğan Regional Təhsil idarəsinin xx.xx.2022-ci il tarixli K-67 nömrəli əmrin ləğv edilməsini, onun əvvəlki işinə, yəni, Saatlı rayonu, Qırağlı kənd körpələr evi-uşaq bağçasında tərbiyəçi vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Mil- Muğan Regional Təhsil idarəsinın nümayəndəsi X5 iddianı etiraf etməyərək izahatında göstərdi ki, İddiaçı Saatlı rayonu Qırağlı kənd körpələr evi-uşaq bağçasında natamam iş rejimi ilə tərbiyəçi vəzifəsinə qəbul edilmişdir. Mil-Muğan Regional Təhsil idarəsinin xx.xx.2022-ci il tarixli 65 nömrəli əmri ilə Saatlı rayonu Qırağlı kənd körpələr evi-uşaq bağçasında mövcud qrupların sayı, qruplar üzrə uşaqların davamiyyəti və digər məsələlərə dair aparılmış monitorinq zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqlara əsasən bağçada 3-4 yaşlılardan ibarət bir qrup, 4-5 yaşlılardan ibarət bir qrup olmaqla, ümumilikdə iki qrupun fəaliyyətinə xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Monitorinqin nətcələri ilə bağlı Mil-Muğan Regional Təhsil idarəsinin xx.xx.2022-ci il tarixli 67 nömrəli əmrinə əsasən “Büdcədən maliyyələşdirilən məktəbəqədər təhsil müəssisələrinin nümunəvi ştatı” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 may 1996-cı il tarixli 61 saylı Qərarının 2 saylı Əlavəsi rəhbər tutularaq Saatlı rayonu Qırağlı kənd körpələr evi-uşaq bağçası tərəfindən iddiaçının tərbiyəçi vəzifəsinin ixtisar olunacağı ilə bağlı bildiriş göndərilmiş və Saatlı rayonu Qırağlı kənd körpələr evi-uşaq bağçasında ilk həmkarlar ittifaqı təşkilatı komitəsinin xx.xx.2022-ci il tarixli 08 saylı iclas protokoluna əsasən əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilərkən iddiaçıya 730,94 manat son hesab, 389.75 manat işdənçıxarma müavinəti, cəmi 1120.69 manat vəsait ödənilmişdir. İddaçının iddia tələbinin əsassızlığı Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX İmişli regional ərazi şöbəsi tərəfindən aparılmış araşdırma zamanı bir daha təsdiq olunmuşdur. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Hazırki məhkəmə iclasında iştirak etməsə də, məhkəmə hazırlıq iclasında iştirak edən zaman cavabdeh Saatlı rayonu, Qırağlı kənd körpələr evi-uşaq bağçasının müdiri X1 iddianın rədd edilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil idarəsinin xx.xx.2022-ci il tarixli, K-65 nömrəli əmrindən görünür ki, Saatlı rayonu, Qırağlı kənd körpələr evi-uşaq bağçasında mövcud qrupların sayı, qruplar üzrə uşaqların davamiyyəti, işçilərin davamiyyəti, uşaqların qidalanması, qida normalarına riayət edilməsi,ərzaq məhsullarının saxlanılma qaydalarına əməl edilməsi və digər sahələrdə monitorinq aparılması qərara alınmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil idarəsinin xx.xx.2022-ci il tarixli, K-67 nömrəli əmrindən görünür ki, Saatlı rayonu, Qırağlı kənd körpələr evi-uşaq bağçasında aparılmış monitorinqin nəticələrinə əsasən 3-4 yaşlılardan ibarət bir qrup, 4-5 yaşlılardan ibarət bir qrup olmaqla, ümumilikdə iki qrupun fəaliyyətinə xx.xx.2022-ci il tarixdən xitam verilməsi, qrupların bağlanmasından irəli gələrək mövcud qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görülməsi qərara alınmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, əmək müqaviləsi xx.xx.1994-cü il tarixdə bağlanmış, iş yerinin adı-Qırağlı 6 saylı körpələr evi uşaq bağçası, işçinin vəzifəsinin adı-məşğulluq təsnifatı üzrə-böyük tərbiyəçi, peşəkar, əmək müqaviləsi üzrə-tərbiyəçi, əmək müqaviləsinin növü-müddətsiz, əməyin ödənilməsi vaxtamuzd. İşdə olan və məhkəmə iclasında elan edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsi bildirişinə xx.xx.2022-ci il tarixli, 30 nömrəli əmrə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayonu, Qırağlı kənd körpələr eviuşaq bağçasının xx.xx.2022-ci il tarixli 30 nömrəli əmrindən görünür ki, İddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmiş, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan iş dövrü üçün istifadə etmədiyi məzuniyyət günlərinə görə 11 aylıq son haqq hesab və orta aylıq əmək haqqının iki misli miqdarında müavinət verilməsi qərara alınmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayonu, Qırağlı kənd körpələr eviuşaq bağçasının bildirişindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayonu, Qırağlı kənd körpələr eviuşaq bağçasının ilk həmkarlar ittifaqı təşkilatı komitəsinin 19 oktyabr 2022-ci il tarixli 8 saylı iclas protokolundan görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsinə razılıq verilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinı görə əmək müqaviləsinə xitam verilməsinin əsaslarına tərəflərdən birinin təşəbbüsü; əmək müqaviləsinin müddətinin qurtarması; əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); tərəflərin iradəsindən asılı olmayan hallar və tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar daxildir. Həmin Məcəllənin 70-ci maddəsinə görə əmək müqaviləsinə işəgötürən tərəfindən müəssisə ləğv edildikdə; işçilərin sayı və ya ştatları ixtisar edildikdə; peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda və dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda xitam verilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 1 və 3-cü bəndlərinə görə işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə görə İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. ƏM-in 77-ci maddəsinin 2-ci bəndinə görə xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. ƏM-in 77-ci maddəsinin 3-cü bəndinə görə əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir(“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur.Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, İddiaçı Saatlı rayonu Qırağlı kənd körpələr evi-uşaq bağçasında natamam iş rejimi ilə tərbiyəçi vəzifəsinə qəbul edilmiş, Mil- Muğan Regional Təhsil idarəsinin xx.xx.2022-ci il tarixli 65 nömrəli əmri ilə Saatlı rayonu Qırağlı kənd körpələr evi-uşaq bağçasında mövcud qrupların sayı, qruplar üzrə uşaqların davamiyyəti və digər məsələlərə dair aparılmış monitorinq zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqlara əsasən bağçada 3-4 yaşlılardan ibarət bir qrup, 4-5 yaşlılardan obarət bir qrup olmaqla, ümumilikdə iki qrupun fəaliyyətinə xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Monitorinqin nətcələri ilə bağlı Mil-Muğan Regional Təhsil idarəsinin xx.xx.2022-ci il tarixli 67 nömrəli əmrinə əsasən “Büdcədən maliyyələşdirilən məktəbəqədər təhsil müəssisələrinin nümunəvi ştatı” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 may 1996-cı il tarixli 61 saylı Qərarının 2 saylı Əlavəsi rəhbər tutularaq Saatlı rayonu Qırağlı kənd körpələr evi-uşaq bağçası tərəfindən iddiaçının tərbiyəçi vəzifəsinin ixtisar olunacağı ilə bağlı bildiriş göndərilmiş və Saatlı rayonu Qırağlı kənd körpələr evi-uşaq bağçasında ilk həmkarlar ittifaqı təşkilatı komitəsinin xx.xx.2022-ci il tarixli 08 saylı iclas protokoluna əsasən əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilmiş, əmək müqaviləsinə xitam verilərkən 730,94 manat son hesab, 389.75 manat işdənçıxarma müavinəti, cəmi 1120.69 manat vəsait ödənilmişdir. Həmçinin iddiaçının müraciəti əsasında Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX İmişli regional ərazi şöbəsi tərəfindən aparılmış araşdırma zamanı da işəgötürən tərəfindən əmək müqaviləsinə Əmək Məcəlləsinin tələblərinə uyğun xitam verildiyi və əmək müqaviləsinə xitam verilərkən qanunvericilikdə nəzərdə tutulmuş zəruri ödənişlərin aparıldığı müəyyən edilmişdir.İddiaçı tərəfindən isə iddia tələbinin əsaslılığını təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.Odur ki, qeyd olunanlara əsasən məhkəmə iddia tələbini əssasız hesab edir. İddiaçı həmçinin göstərir ki, Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. İşdən çıxarılmağı barədə əmrin məzmununda əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməmişdir. Həmin maddənin 2-ci hissəsində göstərilir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Məhkəmə iddiaçının qeyd olunan dəlili ilə bağlı qeyd edir ki, iddia tələbindən iddiaçının iddianın əksər əsaslarında əmrin etibarsızlığına yönələn hallara istinad etdiyi görünsə də, yekunda məhkəmədən barəsində qəbul edilmiş əmrin ləğv edilməsini xahiş etmişdir. Belə olan halda isə məhkəmə mübahisələndirilən əmrin etibarsızlığına deyil, ləğvinə əsas verə biləcək halları yoxlamış və ləğvlə bağlı hər hansı əsas müəyyən etməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddiaçı barəsində qəbul etdiyi əmrin etibarsızlığına əsas verəcək hər hansı hal müəyyən edilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Ankerin» işində qeyd etmişdir ki, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarların qanunliyi və əsaslılığını təmin etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin tələbinə görə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanunamüvafiq baxırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Saatlı rayonu, Qırağlı kənd körpələr evi-uşaq bağçası və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Mil-Muğan Regional Təhsil idarəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddiaçı cavabdehlər Saatlı rayonu, Qırağlı kənd körpələr evi-uşaq bağçası və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Mil-Muğan Regional Təhsil idarəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Saatlı Rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirlətif Sadıqov
Məhkəmə qərarları › İş №2(055)-293/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-293/2023
20.04.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver