Məhkəmə qərarları › İş №2(055)-301/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-301/2025

17.03.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-301/2025 17.03.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaq üzərində alqı-satqı müqaviləsinin bağlanmış hesab edilərək mülkiyyət hüququnun tanınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdeh arasında imzalanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilərək 1,96 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı iddia ərizəsinə düzəliş edərək, onunla cavabdeh arasında imzalanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilərək 2,70 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 05 saylı qərarına əsasən JN 103, KOD 90800078 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Saatlı rayon Fətəlikənd kənd sakinləri Cavabdeh, Darsidze Safiyə, X2 və X1 ümumi birgə mülkiyyətlərinə 2,70 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün torpaq sahəsi verilmişdir. 22 yanvar 2005-ci ildə Cavabdeh ümumi birgə mülkiyyətlərinə verilmiş 2,70 hektar torpaq sahəsini satmaq istədiyini ona bildirmişdir. O, da torpaq sahəsi almaq istədiyini ona bildirmiş və onunla razılaşaraq 2,70 hektar torpaq sahəsini cavabdehə ********* (üç yüz əlli milyon) manat verməklə birdəfəlik olaraq almışdır. Lakin həmin vaxt torpaq alqı-satqısı müqaviləsini rəsmiləşdirmək üçün Saatlı rayon Notariat kontoruna müraciət etsələr oradan onlara bildirilmişdir ki, torpağın alqı-satqısına onlara icazə verilmir. Həmin vaxtdan da hal-hazıra kimi həmin torpaq sahəsindən mülkiyyəti kimi istifadə edir. Hazırda torpaq mülkiyyətçilərindən Darsidze Səfiyə vəfat etmişdir. Göstərilənlərə əsasən iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan torpağa mülkiyyət hüququna dair JN 103, KOD 90800078 saylı dövlət aktından görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 05 saylı qərarına əsasən 2.70 ha torpaq sahəsi Cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan 22 yanvar 2005-ci il tarixli aktdan görünür ki, Cavabdeh Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 05 saylı qərarına əsasən JN 103, KOD 90800078 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə ümumi birgə mülkiyyətə verilmiş 2.70 hektar torpaq sahəsini ********* manat müqabilində İddiaçı satmışdır. İşdə olan Saatlı rayon İcra Hakimiyyəti başçısının Saatlı rayonu Fətəlikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 02 fevral 2025-ci il tarixli məktubundan görünür ki, Darsidze Hǝlidə Rəsul qızı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş JN 103, KOD 90800078 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 2,70 hektar torpaq sahəsi uzun müddətdirki Saatlı rayonu Fətəlikənd kənd sakini İddiaçı tərəfindən istifadə edilir (əkib-beçərilir). Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 335.1 və 335.2-ci maddələrinə görə əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd əhəmiyyətsiz sayılır. Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir (Maddə 24 iyun 2005-ci il 949- İİQD nömrəli Qanunla çıxarılanadək olan redaksiya). Həmin Məcəllənin 560.1-560.3-cü maddələrinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O, da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli Plenum qərarına görə səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir. Belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan suiistifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənlərə əsasən hesab etmişdir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun adıçəkilən qərarında, eyni zamanda, göstərilmişdir ki, mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənlərə əsasən hesab etmişdir ki, notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 12 mart 2005-ci il tarixli akt tərəflər arasında mübahisə predmeti olan torpaq sahəsinin alqı-satqı edilməsi barədə imzalanmışdır. Məhkəmə işin faktiki hallarına və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli və digər qərarlarında formalaşmış hüquqi mövqeyinə uyğun olaraq hesab edir ki, tərəflər arasında torpaq sahəsinin alqı-satqısına dair ikitərəfli razılaşma baş tutmuş, bu razılaşma yazılı sənəd tərtib edilməsi ilə sənədləşdirilmiş və torpaq mülkiyyətçisi onu imzalamışlar. Daşınmaz əşyanın dəyərini satıcı qəbul etmiş, alıcı sahəni təhvil almaqla hazırkı vaxtadək ona sahiblik etmiş və hazırda da edir. Bu hal özlüyündə tərəflər arasında torpaqla bağlı mövcud razılaşmanın (əqdin) onların iradəsi ilə əhatə edildiyini əks etdirir və tam sübut edir. Torpaq mülkiyyətçisi müəyyənləşdirilmiş pul məbləğini İddiaçı alsa da, sonradan əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırmışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Cavabdehlər mülkiyyətlərində olan torpaq sahəsini iddiaçıya 2005-ci ildə satdıqlarından məhkəmə hesab edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə 12 avqust 2005-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsi tətbiq edilərək iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 05 saylı qərarına əsasən JN 103, KOD 90800078 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə Cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 2.70 ha torpaq sahəsinə dair İddiaçı ilə Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış hesab edilməli və həmin torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ tanınmalıdır. İşə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edildiyinən 100 manat ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddia təmin edilsin. Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 05 saylı qərarına əsasən JN 103, KOD 90800078 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə Cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 2.70 ha torpaq sahəsinə dair İddiaçı ilə Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin və həmin torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ tanınsın. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdehdan alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar